Şagirdlər şəhid Muxtar Qasımlını yad ediblər

 

 

 

Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 3B sinif şagirdləri Bakının Qala qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlının məzarını ziyarət edib, ev muzeyində olublar.

 

Sinif rəhbəri Səbinə Rəşidovanın təşkilatçılığı ilə keçirilən ziyarətdə 3-cü sinif şagirdləri qəhrəmanlıq, şəhidlik, vətən, torpaq haqqında şeirlər səsləndirib, Muxtar Qasımlı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını deyiblər.

 

Tədbirlə bağlı qəzetimizə açıqlama verən S.Rəşidova deyib ki, məktəb olaraq hər zaman şəhidlər, onların ailələri qazilərimizə diqqət göstərməyə çalışır, şagirdlərin vətənpərvər ruhda tərbiyəsinə böyük önəm verirlər: "Bizim məktəbin dörd məzunu şəhiddir. Biz həm məktəb rəhbərliyi, həm müəllimlər olaraq hər zaman onların ailələrini diqqətdə saxlayır, tez-tez ziyarət edir, onlara dəstək olmağa çalışırıq.

 

Muxtar Qasımlı mənim doğulduğum Füzuli torpağında şəhid olub. O, həm bir idmançı kimi zamanında Azərbaycanın bayrağını ucalara qaldırıb. Şəhadətiylə isə ən uca zirvəyə çatdı. Muxtar onun kimi şəhidlərimiz heç zaman unudulmayacaq. Biz müəllimlər hər zaman çalışmalıyıq ki, uşaqların vətənpərvər ruhda böyümələri, öz xalqının keçmişini şəhidlərimizin xatirələrini unutmamaları üçün bu cür tədbirləri, görüşləri daha çox keçirək. Mənim öz oğlum da hazırda Vətən müharibəsində Cəbrayılda döyüşüb. Hazırda Füzulidə xidmətini davam etdirir. Biz onların hər biriylə fəxr edirik".

 

Sonra şagirdlər Muxtar Qasımlının yaşadığı evə gedib, ailəsiylə görüşüb, ev muzeyini ziyarət ediblər. Onların bu ziyarətindən məmnunluğunu ifadə edən şəhidin atası Əli Qasımlı bunun onlar üçün ən böyük təsəlli olduğunu bildirdi: "Biz valideynləri olaraq hər zaman Muxtarla fəxr eləmişik. İndi fəxr edirik ki, oğlumuz ən uca zirvədədir. Sağ olsunlar, dövlət nümyəndələrimiz, idmançılarımız tez-tez gəlir, Muxtarın məzarını, ev muzeyini ziyarət edirlər. Ancaq bu gün bu körpə balaların oğlumu yad etməsi bizimçün ən böyük təsəlli oldu. İstərdim ki, bütün məktəblər şagirdlərin şəhidlərimizi daha yaxından tanımaları üçün bu cür ənənəni davam etdirsinlər. Uşaqlarımızın milli ruhda böyümələri üçün bu, çox vacibdir".

 

 

 

Qeyd edək ki, Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakıda doğulub. Əslən Qərbi Azərbaycandan, Amasiya-Balıqlı kəndindəndir. 1999-2009-cu illərdə 318 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında təhsil alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib mükafatlara layiq görülüb. 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu olub.

 

O, 2013-cü ildə Gədəbəydə müddətli həqiqi hərbi xidmət keçib. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb. "AzərGold" QSC-nin əməkdaşı idi.

 

Baş leytenant M.Qasımlı II Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşlərində şəhadətə ucalıb. Bakıda Qala qəbiristanlığında dəfn olunub.

 

Şəhadətindən 2 gün qabaq bir yaxınına "mənimçün bayraq hazırlayarsan? Gələndə məni qarşılayarsan" - yazıb. Həmin bayraq hazırlanan gün isə şəhidlik xəbəri gəlib.

 

Muxtar Qasımlı şəhadətindən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 2 iyun.-S.21.