Xarkovda Nizami Gəncəvinin abidəsinə dair memarandum imzalanıb
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
abidəsi ucaldılacaq.
AZƏRTAC xəbər verir ki, bununla
əlaqədar Azərbaycanın
Ukraynadakı səfirliyi
ilə Xarkov Şəhər Şurası
arasında qarşılıqlı
Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın
Ukraynadakı fövqəladə
və səlahiyyətli
səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini
icra edən İqor Terexov imzalayıblar.
Anlaşma Memorandumunun
imzalanma mərasimindən
əvvəl çıxış
edən İqor Terexov bildirib ki, azərbaycanlı soydaşlarımız Xarkovun
inkişafında, bu şəhərdə həyata
keçirilən bir çox sosial əhəmiyyətli layihələrdə
fəal iştirak edirlər. Belə layihələrdən biri də Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş
Katib Məmmədovun müəllifi olduğu Nizami Gəncəvinin abidəsinin ucaldılmasıdır.
“Adları dünya
tarixinə qızıl
hərflərlə yazılmış
insanlar var. Belə şəxsiyyətlər
arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin
açılışı təkcə şəhər
üçün deyil,
həm də Ukrayna üçün əlamətdar bir hadisə olacaq”, - deyə İqor Terexov əlavə edib.
Onun sözlərinə
görə, abidə demək olar ki, hazırdır və sentyabrın 1-dək
heykəlin açılışı
gözlənilir.
Səfir Elmira Axundova
çıxışında qeyd edib ki,
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamından irəli
gələrək, Ukraynanın
Xarkov şəhərində
mütəfəkkirin heykəli
ucaldılacaq.
“Xarkov şəhərində
dahi şair və mütəfəkkir
Nizami Gəncəvinin
abidəsinin ucaldılması
Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın
bariz nümunəsidir.
Bu dəstəyə görə Xarkov Şəhər Şurasına
təşəkkürümü bildirirəm. Nizami Gəncəvinin abidəsinin
Xarkovda ucaldılması
tarixi hadisədir”, - deyə Elmira Axundova əlavə edib.
Səfir vurğulayıb
ki, Ukrayna atdığı addımlarla
Azərbaycanın yanında
olduğunu sübut edib. “Biz bunu
Azərbaycanın 44 günlük
Vətən müharibəsində
də şahidi olduq. Ukrayna dövləti Azərbaycanın
haqlı mübarizəsini
dəstəklədi, Ukrayna
mətbuatı müharibə
haqqında obyektiv məlumatlar yaydı”, - deyə diplomat söyləyib.
Elmira Axundova,
həmçinin qeyd edib ki, Xarkov
və Gəncə şəhərlərinin qardaşlaşması
üçün müzakirələr
aparılır. Yaxın
gələcəkdə bununla
bağlı sazişin
imzalanması gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə
Ukraynanın paytaxtı
Kiyev şəhərinin
mərkəzi hissəsində,
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami
Gəncəvinin abidəsinin
ucaldılmasına dair
Anlaşma Memorandumu imzalanıb.
525-ci qəzet.- 2021.-
3 iyun.- S.9.