Yaradılışa dair dini-mistik təsəvvürlər poeziyada - Araşdırma

 

 

 

HƏRF KONFİQURASİYASI HAQQINDA QEYDLƏR

 

 

 

Maddi varlıq aləminin indiki halından qabaq Allahın düşüncəsində ideya - yazılı informasiya şəklində yaranması, sonra Allahın onu səsləndirməsi, yəni söz halında təcəssüm etdirməsi və bundan sonra dünyanın yaranması dini və təsəvvüfi fəlsəfədə ilahi yazı formasında simvollaşır. Burada yazı-ilahi tale, proqramlaşdırılmış informasiya deməkdir. Yazı - səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.

 

Sufizmdə hərflər Allahın maddi aləmdə təcəllasının qrafik simvolları sayılırdı. Sufi şairlər bu simvollardan irfani ideyaların təcəssümündə istifadə edirdilər. "Qurani-Kərim"in vəhylə (sözlərlə) nazil olduğunu, "Yasin" surəsinin 82-ci ayəsindəki "kun fə yəkun" ("ol" dedik oldu) kəlamına əsasən dünyanın yaranmasının sözlə bərqərar olması, müqəddəs kitabımızdakı fikirləri əsas tutaraq sözü müqəddəs hesab etmişlər. Bütün bu aləmin "kon" (ol!) kəlməsindən yaranması hamıya məlumdur. "Əl-Bəqərə" surəsinin 31-ci ayəsində, insanın üstünlüyü Allahın ona bütün adları (sözləri) öyrətməsi ilə əlaqələndirilir. Bu baxımdan söz müqəddəsdir. Söz hərflərdən təşkil olunduğuna görə hərflər də müqəddəsdir. Qurani Kərimdə belə bir ifadə keçir "hərfül-mükətta" (hərflər müqəddəsdir). Buna görə də söz və ruhun da bir-birindən var olması, bir-biri ilə bağlı olması haqqındakı fikirlər hələ çox-çox qədim zamanlardan məlumdur. Bildiyimiz kimi, insan bədəni ruhla candığı kimi, varlıq aləminin də sözlə nəşət tapması onun insan ruhu ilə bağlılığından xəbər verir.

 

Söz insanın ruhu ilə təfəkkürü arasında əlaqənin vəhdətidir. Söz ruhun ifadəsinin dildə təzahürüdür. Bu haqda dahi Azərbaycan şairi Nizami Gəncəvi yazır:

 

Açılanda varlığın sirli pərdəsi əzəl,

Söz oldu bu cahanda cilvələnən ilk gözəl.

 

Orta əsrlər poeziyasında bəzən sözü hətta insan bədəni ilə müqayisə edən dahi Nizami Gəncəvi "biz sözük, bu bədənsə eyvanımızdır" deyir. Sözün ilahi hikmətlə əlaqəsi və Allah kəlamı olması haqqında XIII əsrdə Yunus Əmrə deyir:

 

Mənim deyil bu kəlləçi,

Qüdrət sənsən Yunus nəçi (qədim türk dilində "kəlləçi" - söz deməkdir).

 

ya

 

Söz qaradan-ağdan degil,

yazıb oxumaqdan deyil,

Bu yürüyən xalqdan deyil,

xaliq avazından gəlir.

 

Orta əsr şairləri hərflərdən ustalıqla istifadə edərək, gözəl və incə mətləbləri sözlə ifadə ediblər. Hərflərə böyük önəm verən alimlər göstərirdilər ki, insan maddə baxımından tərkib aləminə gəlməzdən əvvəl ilahi aləmdə dağınıq halda olub. Bununla bağlı A.Gölpınarlı yazır: "Onlar bu aləmə gəlməzdən əvvəl nəşir halında idi. Onların hissələri yəni cüzləri heyvan, bitki və cansız varlıqlarda təzahür idi. Bu hal hərflərə bənzəyir. Ana və baba yeyib işdikləri şeylərdən onun mayasını toplamış, sonra ana rəhmində tərkibə düşərək, həşr edilərək bu aləmə gəlmişdir ki, bu da hərflərin birləşərək kəlmə, kəlmələrin birləşərək söz oluşuna bənzəyir".

 

 

 

Təsəvvüf ideyasına görə, bütün varlıq aləmi səsdən var olduğu üçün kainatın da yaranması sözlə öz əksini tapır. Bədii ifadə üsullarını daha da zənginləşdirmək və qüvvətləndirmək baxımından klassik Şərq ədəbiyyatında ərəb əlifbası hərfləri öz adları və forması (şəkli) ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilmişdir. Məsələn, əlif hərfi boy, qamət, ayn - göz, kaf  - qaş, mim - ağız, sin - diş, dal - qəddi-qamətin bükülməsini, nun isə nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki, həyatın bütün gizlin sirləri hərflərdən yaranan sözlərlə aşkar olur.

 

Qazi Bürhanəddin qəzəllərinin birində deyir:

 

Şol əlif qəddin üçün qəddimi

eylədim düta (ikiqat)

Yəni ki eşqinə bu halət anun

dal olısar.

 

Göstərilən nümunədə şair məşuqənin qədd-qamətinin əlif hərfi kimi düz olduğunun vurğulayır. Aşiq isə məşuqənin  cəfasından qəddinin əyilib ikiqat dal (düta) olduğunu, dal şəklini alması onun sevgi əzablarının çox olmasından xəbər verir.

 

 

 

Yunus Əmrə şeirlərində isə bəzən bu hərflər batini məna daşıyır. Hər hərfin informatlv yükü daxili bir anlam kəsb edir. O, şeirlərinin birində əlif və cim oxumadığın deməklə, zahiri elmlərə önəm vermədiyini söyləyir. Əlif, mim, dal olacağını bildirməklə isə ölümdən sonra bir də tərkibə düşəcəyini söyləyərək tənəzüxün, yəni ruhun seyri ilə bir də bu aləmə gəlib-gediləcəyi haqqındakı qənaətin batil olduğunu bildirir. Ruhun müxtəlif varlıqlarda təzahür etməsinə S.Ə.Şirvani yaradıcılığında da rast gəlirik. Şairin "Yenə gəldim"rədifli qəzəli bunun bariz nümunəsidir.

 

Hərf konfiqurasiyasının (zahiri görüntü) poeziyada təzahürünə yazılı ədəbiyyatda ilk dəfə Nizami Gəncəvinin "Leyli və Məcnun" məsnəvisində rast gəlirik. Məcnunun səhradakı halını təsvir edən şair aşiqin zahiri görünüşünü hərflərin dili ilə oxucuya belə bəyan edir:

 

Qatlandı dizlərim qoşa "lam" kimi,

"Yey" kimi bükmüşəm öz əllərimi.

Ah, adın məni də adıntək edir,

O da, bax, iki "lam", iki də "yey"dir.

(bu hərflər birlikdə

Leyli sözünü əmələ gətirir)

 

Mübariz Əlizadə bu misraları şərh edərək yazır ki, ərəb əlifbasında (lam) çəngəl şəklində yazılır, "yey" hərfi isə qarmaq şəklində. Məcnun deyir ki, “mən dərd əlindən dizlərimi iki "lam" kimi qatlamışam, qollarımı isə iki "yey" kimi bükmüşəm və bunların birləşməsindən sevgilimin adı, yəni "Leyli" əmələ gəlmişdir".

 

 

 

Hərflərin konfirurasiyasının poeziyda təzahürü obrazların əhval-ruhiyyəsini zahiri formada özündə əks etdirir. Beləliklə, Məcnun öz bədəni ilə "Leyli" sözünü yazmışdır. Bu, ilk baxışda Məcnunun Leyliyə olan məhəbbətinin yüksək səviyyəsi, özünü onun yerinə qoyması, sanki Leylinin düşüncə aləminə, qəlbinə daxil olması, onunla qiyabi görüşməsi kimi izah oluna bilər. Təbii ki, bədii planda bütün bunların hamısı təsəvvüf dünyagörüşündəki "vəhdəti-vücud" fəlsəfəsi ilə birbaşa bağlılığı məntiqi görünür.  Belə ki, Məcnunun öz bədəni ilə Leylinin adını yazması ilahi yaradılışı simvollaşdırır.

 

Uca Allah maddi varlıq aləmini ilk növbədə sözlə və söz şəklində yaratmışdır. Yəni Allah "ol" demiş, dünya olmuşdur. Özünü artıq maddi dünyada ölmüş hesab etdiyi üçün pal-paltarlarını cıran Məcnun indi bir ruh vəziyyətindədir. Öz bədənini Leyli formasına salan Məcnun bu halda sanki Leyliyə qovuşmaqdadır. M.Rəsulzadə yazır: "Bir kağıza Leyli ilə Məcnun rəsmlərinin bərabər cızıldığını görüncə, Məcnun həmən Leylini silir. Səbəbini sorurlar. Biz iki deyilik, birik, deyir. O halda nədən özünü deyil də, onu silirsən?.. Çünki o - ruhdur, mən - qəlb, ruh qəlbdə örtülü olur". S.Hacı yazır: "...İinsan varlığının (ölkəsinin) baş şəhəri, Kəbəsi qəlbdir, insanın vəzifəsi qəlbin nəfsin əsarətindən azad etmək, təmizləməkdir, ruhu onun soltanı seçməkdir, bədənini idarəçikliyini düşünən qəlbə təslin etməkdir. İnsanın öz varlığına hakim, ağlına ağa, bədəninə məlik, aləmə sultan olmasının şərti arınmış qəlbə qul olmaqdır".

 

Təsəvvüfdə bu, "sən" və "mən" anlayışlarının itməsi, varlığın bütün təzahürlərinin onların maddi obraz və təbii keyfiyyətlərindən asılı olmayaraq, Vahiddə qovuşması, təcəssüm olunması, yəni "bir ilə bir olması" ideyası deməkdir. Yunus Əmrə "bir ilə bir olma" fikri belə ifadə olunur.

 

Eynül-yəqin görübdür,

Yunus Məcnun olubdur,

Bir ilə bir olubdur, həqqəl-yəqin içində

 

Beləliklə, Məcnun öz bədəni ilə "Leyli" adını yazmaqla yaradılışın ilahi sxemini simvollaşdırır. Bu, ilahi vüsaldır. Çünki yaradılışın başlanğıcında sonradan bir-birindən şəkil və təbiətcə ayrılmış ünsürlər hələ bir yerdə, vahid halda, yəni qovuşmuş şəkildə idilər. Məcnun "Leyli" simvolu ilə həmin ilkin başlanğıca qayıdır.

 

Hər iki şairin yaradıcılığındakı təsəvvüf yönlü beytlərdə hərf və sözlərin daşıdığı irfani məna, poetik tutum və şəkli dəyişməsinə aydınlıq gətirildi. Yaşadıqları dövrün bütün fəlsəfi görüşlərinə bələd olan bu sənətkarlar onları mexaniki şəkildə qəbul etmir, öz düşüncələrindən keçirərək oxuculara yeni poetik-fəlsəfi dünyagörüşü fonunda təqdim edirlər.

 

Xuraman HÜMMƏTOVA

(Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsi)

 

 525-ci qəzet.- 2021.-  3 iyun.- S.10.