Varlığında qürbət ağrısı daşıyan şair – Mircavad Ahıskalı

 

Hər bir milləti, xalqı, toplumu mənəvi varlıq kimi dünyaya tanıdan sadəcə onun torpaqları, sərvəti, nüfuzu, maddi zənginliyi deyil. Milləti millət edən ilk növbədə onun mənəvi dəyərləri, mədəniyyəti, elmi, ədəbiyyatı, sənətidir; bu dəyərlərə sahib imanlı, bilikli, əqidəli, adil, yurd sevdalı insanlarıdır.

 

Tarix boyu nəhəng məmləkətlər qurmuş türkləri də dünyaya tanıdan yalnız qurduqları nəhəng məmləkətlər deyil, onların insanlara ədalət, xalqlara hürriyyət, bəşərə mədəniyyət bəxş etmiş dahi şəxsiyyətləridir. Türklər belə öndər insanları ilə seçilmiş, sevilmiş və yaddaşlarda qalmışlar. Türk insanı sonuncu dənizə qədər cahan fəthində adilliyi, mərhəməti, ədaləti, ilahi eşqi ilə tarixə düşmüşdür. Türklər tarixdə, fəth olunanların sevinc və çiçəklə qarşıladığı yeganə fateh xalq olmuşlar. Basdıqlarını kəsməmiş, kiçikləri ucaltmış, didişənləri barışdırmış, bölünmüşləri bütövləşdirmiş, dağıl­mışları dövlətə çevirmişlər. Bu qüdrət türk ruhundan, türk mənəviyyatından, türk əxlaqından  qaynaqlanmış və müasir tarixin bütün acılarına baxmayaraq, bu gün də türk insanının qəlbində var olmaqdadır.

 

Bu xas türk ruhunu sovet rejimi tərəfindən 77 il əvvəl amansızlıqla yurdundan çıxarılmış, fiziki və mənəvi məhvə məhkum edilmiş, bu gün dünyanın ondan çox ölkəsinə səpələnmiş, hələ də vətənsiz qalan Ahıska türkləri ləyaqət və şərəflə, əzm və hünərlə yaşatmış və yaşatmaqdadırlar.

 

Sürgün dövründə Ahıska türklərinin bir türk toplumu, türk soyu kimi öz mənəvi varlığını və milli mənliyini yaşatmasında bayraq şəxsiyyətlərin – nurani ağsaqqal və ağbirçəklərin, siyasət, mədəniyyət sənət xadimlərinin böyük rolu olmuşdur. Ahıska türklərinin yurd davasını yönəltmiş Ənvər Odabaşov kimi siyasi liderlərlə yanaşı, xalqın mənəvi öndərləri – el sənətkarları, aşıqlar, şairlər, yazıçılar, ziyalılar, alimlər, müəllimlər, müğənnilər, musiqiçilər olmuşdur. Müasir dövrdə də davam edən vətənsizlik dərdinin, yurd həsrətinin, doğma məskənlərə dönüş təşnəliyinin acısını yaşayan və öz yaradıcılığında, fəaliyyətində əks etdirən bu vətən fədailəri xalqın milli ruhunu qoruyur və gənclərə aşılayır, onları doğma obalara səsləyir.

 

Belə öndər şəxsiyyətlərdən, vətən sevdalılarından biri – ünlü şair, nasir, ədib, mütəfəkkir Mircavad Ahıskalıdır. Təvazökar və dərvişanə sənətkar, ruh və iman adamı olan Mircavad haqqında bioqrafik məlumat azdır. Şairin özünün facebook səhifəsində kimliyi haqqında yazdığı məlumat, bu yazının başlığına çıxardığımız cəmi bir cümlədən ibarətdir: “Gurbette doğdu gurbette büyüdü...” Lakin bu qısa cümlənin psixoloji ağırlığını, məna yükünü, emosional gərginliyini Ahıska türklərini yaxşı tanıyanlar dolğun anlar. Mircavad Ahıskalı milli vətənsizlik dərdinin mənəvi-psixoloji yükünü öz varlığında daşıyan, bu qara sevdadan usanmayan, vətən eşqini yaradıcılığında yaşadan və gənclərə ötürən haqq yolçusudur, vətən mücahididir, ilhamlı şairdir. Onilliklərlə davam edən sürgün dərdi, qərib həyatı Ənvər Odabaşov, Yusif Sərvərov kimi siyasi liderlərin, Mircavad Ahıskalı kimi, Cabir Xalid kimi sənət və fikir adamlarının sayəsində Ahıska türklərini mənən, ruhən doğma Vətəndən ayıra bilməmişdir, ahıskalılar bu gün də vətən eşqi, yurd sevdası ilə yaşayır, yurda dönəcəyinə bütün varlığı ilə inanır və buna çalışırlar.

 

Ahıska türkləri üçün tarix iki yerə bölünüb: Vətəndə və Qürbətdə keçən illərə, ömrə, taleyə... Mircavad da öz həmyaşıdlarının qürbət taleyini yaşayıb – 1960-cı ildə vətəndən uzaqlarda, Özbəkistanın Gülüstan şəhərində doğulub, burada yaşlıların yurd xatirələri ilə boya-başa çatıb, orta məktəbi bitirib, 1979-1981-ci illərdə sovet ordusunda əsgərliyini çəkib. 1982-1985-ci illərdə Gülüstan Texnik Universitetində Doğalqaz fakültəsində oxuyub. Məktəb dövründən ədəbi yaradıcılığa başlayan Mircavad 1981-ci ildən uzun müddət Gizliddin təxəllüsü ilə  şeir yazıb. 1989-cu il Fərqanə hadisələrindən sonra ailəliklə Azərbaycana köçüb, burada 1991-1997-ci illərdə Ahıskalı təxəllüsü ilə “Oğuz eli” və “Yeni Azərbaycan” qəzetlərində şeirlərini dərc etdirib.

 

1997-ci ildə Türkiyəyə köçüb, Türkiyəyə gəldiyi ilk günlərdə yüzlərlə şeir əlyazmasını itirib və bu hadisənin təsiri ilə uzun müddət yaradıcılıqdan uzaqlaşıb. Yaradıcılığını 2002-ci ildə bərpa edib. Bir müddət “Ahıska” qəzeti və eyni adlı dərgidə şeirlərlə çıxış edib. Əlində qalan əvvəlki və yeni yazdığı şeirləri kitablar şəklində dərc etdirib, eyni zamanda Ahıska masal və hekayələrindən, nəsr əsərlərindən ibarət kitabları çap olunub. Mircavada qədər Şahismayıl Adıgünlü və Nurəddin Sasıyevlə təmsil olunan Ahıska-türk nəsrini orijinal və yüksək keyfiyyətli roman və hekayələrlə zənginləşdirmiş, yeni səviyyəyə qaldırmışdır. Eyni zamanda klassik yazılı və şifahi, eləcə də modern poeziya üslubunda dəyərli şeir məcmuələrinin müəllifidir.

 

Mircavad Ahıskalının Türkiyədə nəşr olunmuş “Ahıska Masalları ve Hikayeler”, “Ahıska'da Söylenen Hikaye ve Masallar”, “Ahıskalı'dan Hikayeler”, “Bir Beyittir Bin Cevher”, Bursa'dan Ahıska Esintileri”, “Fani Nakışlar”, “Rubailer”", “Qürbetten İniltler”, “Qürbetten İniltler - 2” “Gönül ile Qaragül”, “Nale”, “Hakkın Yolu”, “Figan” kimi kitabları oxucular və mütəxəssislərin sıx diqqətini cəlb etməkdədir. Bu əsərlər öz səviyyəsinə görə Ahıska mühiti ilə məhdudlaşmır, ümumən türk dünyası və bütövlükdə sənət baxımından dəyər kəsb edir.

 

Mircavadı bir qələm əhli kimi mən belə səciyyələndirərdim: ədibin yaradıcılığında vətən mövzusu üstünlük təşkil edir, lakin vətənə patetik münasibət, şüarçı pafos izlənmir. Müəllif müxtəlif nəsr və nəzm əsərlərində vətəndən, soydaşlarının sürgün həyatından yazır, təsvir etdiyi hadisələrin həm milli, həm sosial-əxlaqi məzmununu, mənəvi dəyərini və bəşəri mahiyyətini önə çəkir.  Nəzm və nəsr əsərlərində bəzən süjet hadisələri keçmişdə, doğma yurdda baş verir, vətən təsvir olunur, lakin əsərin məna-məzmunu aktual didaktik-tərbiyəvi məsələlərə, bu günə yönəlir, oxucunu yurd mücadiləsinə səsləyir:

 

Kutsaldır anayurdun her çakıl, her yaprağı,

Tek yaprak taviz versen, verirsin tüm toprağı

 

***

 

Milleti sev, sırtını ancak vatana yasla,

Yurt için canlar feda, yurt feda olmaz asla,

Gerekirse korunur çomak, çubuk, kalasla,

İnsan asil olamaz, yüreğindeki pasla,

Geçmişinde olmamış korkak, hain, yurt satan,

İnsanı insan yapan, ancak vatandır, vatan!

 

Bir çox əsərlərdə keçmiş dövr xatırlanır, ancaq tarix özünə qapanmır, bu günümüzlə keçmiş arasında mətnaltı müqayisələr aparılır, şair oxucularını, soydaşlarını sətiraltı tərzdə müasirliyə və gələcəyə yönəldir, onlarda milli qürur oyadır:

 

Bir zamanlar dünya destan, elin yurdun, tuğun vardı,

Kaftan kafa hüküm eden, şöhretli başbuğun vardı,

Mavi nehrin, ayna gölün, göllerinde kuğun vardı.

Hani nerde o şan şöhret, nerde coşkun kanın hani?

Zaman bir olma zamanı, birleştiren hanın hani?

 

Mircavad Ahıskalının yaradıcılığı dil baxımından da diqqəti cəlb edir.  Ahıska ləhcəsində və Azərbaycan ədəbi dilində yazan şair və nasirlərdən fərqli olaraq, o əsərlərini Türkiyə türkcəsində yazır. Mətn poetikasına gəldikdə isə, deməliyik ki, Mircavad Ahıskalı öz yaradıcılığında sürgün dövründə müəyyən bəraəti olan həvəskarlıqdan, vətən mövzusunun aktuallığına arxalanaraq, əsərin bədii keyfiyyətinə etinasızlıqdan tamamilə uzaqdır. Onun şeir və nəsr mətnləri, təbii istedadı və savadı olan peşəkar qələm sahibinin yaradıcılığının məhsuludur. Bu cəhət, fikrimizcə, Mircavadın nəsr yaradıcılığında xüsusilə əhəmiyyətlidir. Ümumən türk xalqlarında, poeziya qədər qədim ənənəsi olmayan nəsr yaradıcılığında Mircavadın yalnız etnik-məhəlli deyil, bütövlükdə müasir türk ədəbi prosesi baxımından dəyərli olan müasir ruhlu və üslublu nəsr nümunələri ortaya qoyması diqqətəlayiq haldır.

 

 

 

Bütün modern keyfiyyətləri ilə bərabər, Mircavad Ahıskalı klassik poeziyamızın, yazılı ənənənin, divan ədəbiyyatı və irfan gələnəyinin davamçısı olan mütəfəkkir şairdir. Onun şeirlərinin böyük qismi klassik türk-islam fəlsəfəsindən qaynaqlanır, əsərlərində həyat və tale, ölüm və yaşam, zaman və məkan, insan və toplum, azadlıq və zərurət, batin və zahir, ərzani və rəbbani, ilahi eşq kimi anlayışlar çözələnir:

 

İçimdeki bu duygu, nedir sırrın özü mü?

Kalbimde yanan nâr mı, yoksa parça közü mü?

Âşıkların pirinden istedim derde derman,

Dedi bunun adı aşk, bulunmamış çözümü!

 

Şair insanın cahanda yerini, dünyanı, kainatı, zərrə və küllü qavramağa, gizlinləri aşkarlamağa çalışır:

 

Ben kürede zerreyim, büyük olan küredir,

Küre de kâinatta, benden ufak zerredir.

 

Nəhayət, bütün bu deyilənlər Mircavad Ahıskalının vətənpərvərlik, vətəndaşlıq, türkçülük amalı ilə tamamlanır. Vətənsizlik şairin ruhunda sönməyən atəşdir, nadanların və yadların anlamayacağı qara sevdadır:

 

Gurbeti ben yaşadım, yad elleri bana sor,

Garibin eksik olmaz, yüreğinde ateş, kor,

Öğrenmek istiyorsan, gurbette biraz can yor.

Yaşamadan mümkün mü, hissetmek ayazını?..

...Kızgın güneş altında, dondurucu yazını?

 

Lakin milli sürgün, bitməyən qürbət Mircavad Ahıskalı üçün mücərrəd anlayış deyil, ümumi tarixi olay deyil. Sürgün, qəriblik şairin özünün və soydaşlarının, hər bir ahıskalının şəxsi qədəridir, acı taleyidir, içini saran xiffətdir, durmayan sızıltıdır, başa gələn kötülüklərdir, “namərd dünyası”nın xəyanəti, riyası, çarəsizliyidir:

 

Dünya namert dünyası, garip baş neler gördü,

Yapılan kötülüğün sayılmaz biri dördü.

Seçemez oldum artık, seçemem ak karayı,

Dost diye güvendiğim, başa ne çorap ördü.

 

Köhne dünya kime güldün, yar oldun,

Kime geniş, kime tersi dar oldun.

Kime sultanlığı verdin, azdırdın,

Kimi gurbetlerde yaktın, nar oldun.

 

Belə məqamlarda Mircavadın yaradıcılığında xalq ruhu, folklor çaları, ağı-deyim ovqatı önə çıxır. Şair şifahi ənənədən, aşıq şeirindən, bayatı, qoşma, gəraylı ruhundan qaynaqlanır, bədbin tonlara varır:

 

Ağlaya ağlaya geldim bu hana,

Şimdi han haline gülüp giderim.

Fani nakışlarmış, renkli bir ayna,

Arayıp kendimi, bulup giderim.

 

Bu kədər bir çox məqamda çulğaşıq məna kəsb edir, mətndə ictimai və fəlsəfi notlar qovuşur, milli və şəxsi anlamlar birləşir, tarix fərdi insanların içindən, ömründən keçir:

 

Yine dalgalanır ah, gam deryası,

Coştukça dalgalar derde dert katar.

Bulunmaz çaresi, yokmuş devası,

Düşen bu deryaya muhakkak batar.

Şeker beklemişim hasır kamıştan,

Yormuşum kendimi fuzuli işten,

Dost diye ayrıldım tırnaktan, dişten,

Düşman pazarında dost bizi satar.

 

Şair özünə müraciət edərək, daxilndəki bu çıxılmazlığın, ağrı-acının səbəbini anlamağa, mahiyyətini dərk etməyə çalışır, özünü sorğulayır:

 

EY şair! Derya-yi derde dalmışsın,

Söyle nedir sana gamı yar eden?

Dert dağının enkazında kalmışsın,

Nedir anlatmayı zordan zor eden?

Zamansız ağarmış saçın, sakalın,

Çatılmış kaşların, buruşmuş alın,

Oynuna geldin hangi çakalın?

Yoksa hasret odu mudur har eden?

Yoksa namerd sabrını mı sınadı?

Suçlu iken, suçsuzu mu kınadı?

Eski derdin azdı, yaran kanadı?

Söyle kimdir hayatını nar eden?

 

Şairin düşüncələri son nəticədə bu fərdi kədərin, şəxsi acıların ictimai, milli mahiyyətini aşkarlayır: heç bir suçu olmayan, yurda, vətənə, yurddaş xalqlara vəfalı olan soydaşlarının çəkdiyi çillə və əzabın, “boğulduğu duyğu seli”nin səbəbi qürbət dərdi, vətənsizlik acısıdır, hələ də davam edən haqsızlıqdır:

 

Cismin yurtda, ruhun gurbet elinde,

Neden kıvranırsın keder çölünde?..

...Ahıskalı gözden yaş yok, kan döker,

Haksızlık dağ gibi üstüne çöker,

Ben hayat paylaştım, o ömür söker...

 

***

 

Gurbet esarettir, gurbet cehalet,

Gurbet zulüm, zulmet, gurbet sefalet,

Bu sözler yaşanmış, değil kehanet,

Haksızlığa susmak, Hakka ihanet.

 

Belə məqamlarda şair həyatın mənası, “mənzilə yaxınlaşan ömür karvanı”, əcəl kəməndi haqqında düşünür:  

 

Menzile yaklaştı ömür kervanım,

Ecel borazanı öter ha öter.

Beklenti içinde geçer her anım,

Ne gelir ulaşır ne günüm biter.

Ömür buz dağıysa, zaman güneşmiş,

Bir asırlık ömre bir günüm eşmiş,

Bu dünya ne üç gün nedeki beşmiş,

İki nefes arasında can biter.

 

Lakin şairin fəlsəfi-irfani şüuru, sufi duyumu bədbinliyə və çarəsizliyə üstün gəlir, o, son mənzildə onu gözləyən haqq dünyasını, eşq diyarını, Kərəmin can atdığı sevda gülbaxçasını göydə azad uçan göyərçindən sorur və bununla da həm fərdi, həm milli anlamda həyat eşqini, haqqa, gələcəyə, ədalətə, azadlığa və Ana yurda – aşk diyarına qayıdacaqlarına olan inamını aşkarlayır: 

 

Gökyüzünde özgür uçan güvercin,

Söyle aşkın diyarına erdin mi?

Karasevda çekenleri överdin,

Sevda bahçesinden güller derdin mi?

 

Mircavad Ahıskalının yaradıcılığında tərbiyəvi-əxlaqi, didaktik anlayışlar və motivlər olduqca mühüm yer tutur. Həyata bağlılıq, cəmiyyətə xidmət, dürüstlük, ləyaqət, mərdlik, sədaqət, vəfa, ədəb və mərifət Mircavad Ahıskalının nəzərində türkü türk edən mütləq dəyərlərdir və bütün bunlar sürgün dövrünün heç bir çətinliyinə, sıxıntısına baxmadan, yeni nəslə  ötürülməli, gənclər bu ruhda tərbiyə olunmalıdır:

 

Çok gördüm arsızı, geçmedim ardan,

İnsan olan arsız olmaz ey oğul.

Çok içtim zehrini, dönmedim yardan,

Yiğit olan yarsız olmaz ey oğul.

 

Dağlar parçaladım, çöle su çektim,

Namerdi tanımam, merde diz çöktüm,

Söğüt değil elma, armut, nar ektim,

Çünkü bahçe barsız olmaz ey oğul.

 

Allah’ımdan başkasına tapmadım,

Hak söyledim, Hak yolundan sapmadım,

Kem bakana bir kötülük yapmadım,

Cennet varsa, nârsız olmaz ey oğul...

 

Mütəfəkkir şairimizin bu nikbin inamı onun bədii yaradıcılığından başqa, ictimai fəaliyyətində də izlənilir.  Mircavad Ahıskalı  Bursada zəngin bir Ahıska Evi – arxivi, kitabxanası, mərkəzi yaratmış və vətənlə bağlı mədəni-maarifçilik işi aparır. Bütün varlığı, mənəvi aləmi, yaradıcılığı ilə yurda dönüş mücadiləsinə qatılmış Mircavadın yaradıcılığının mənası, fəaliyyətinin mahiyyəti – doğma yurdu Ahıska, eləcə də, ana yurdu kimi sevdiyi, könül verdiyi və yaradıcılığının, şəxsiyyətinin tam formalaşdığı Azərbaycan və Türkiyə, böyük türk dünyasıdır. Azərbaycanın ağrı və acıları bütün ahıskalılar kimi, Mircavad Ahıskalı üçün də doğma vətən dərdi qədər yaxındır, içdən yaşanandır.

 

Şairin Azərbaycan mövzulu əsərlərində, o cümlədən “Xocalı” şeirində xalqımızın qan yaddaşına yazılmış, Azərbaycan türkləri ilə bərabər, 53 Ahıska türkünün şəhid olduğu Xocalı soyqırımına münasibət bildirilir:

 

Bazı günler vardır ki hafızaya kazılır,

Mürekkep ile değil, kalbe kanla yazılır,

Ey insansı mahlûklar, bu kadar mı azılır?

Viran oldu Hocalı, taş üste taş kalmadı,

Yıkıldı ne çınarlar, baş üste baş kalmadı.

 

Şubatın son günleri, ayın yirmi altısı,

Dondurucu soğukta kış faslı arttı ısı,

Sizde insanlık yokmuş, budur dünya kaygısı.

Öyle suç işlendi ki tarif edilmez vahşet,

Bırak işlenen suçu, anısı bile dehşet!

 

Gece kâbusa döndü, kaçtı halkın uykusu,

Düşmanlar kurmuş pusu, vardı zulüm korkusu,

Gökten ölüm yağarken, yerden geldi kokusu.

Kızıl kana boyandı Hocalı’nın toprağı,

O günden açmaz oldu gül çiçeği yaprağı.

 

Ne bebek tanıdılar, ne kadın ne ihtiyar,

Masum kanı içtikçe, kan içtikçe bahtiyar,

Namert düşmanda yokmuş, yokmuş namus, yokmuş ar.

Haddini aşan düşman, kan döktükçe kudurdu,

Dünyayı tanımadan nice yürekler durdu.

 

Kundakta körpeleri al kana boyadınız,

Bebek katili oldu adınız, soyadınız,

Gün geçer devran döner, kaçar elbet tadınız.

Şimdilik yüreklere ekersiniz keder, gam,

Korkun o günden korkun, demeyelim intikam!

 

İşlenen bu zulümden tüm kâinat inledi,

Atılan çığlıkları dünya sessiz dinledi,

Arşa ulaştı nale ama vahşet dinmedi!

Sözde soykırım diye dünyaya yaydı yalan,

Soykırım yapıyordu sinsice kar ayılan!

 

Nasıl kıydınız nasıl, bunca masum insana?

Hayrı şerri bilmeyen minicik körpe cana,

Sizleri yetiştirdi, doğurdu hangi ana?

İşlenen zulmü görse gözden döker mi yaşı?

Yoksa gurur mu duyar, göğe mi erer başı?

 

O geceden beridir sökmez şafak, atmaz tan,

Düşman çizmeleriyle inliyor anavatan,

Uyansın birlik olsun artık gaflette yatan.

Bunca derdi yüklesen, ezilirdi yüce dağ,

Kurtulmayı bekliyor, ah çekerek Karabağ!

 

Yeter ey millet yeter, yıllardır tuttun yası,

Haksızlığa isyan et, haksızlığa ol asi,

Yoksa tepmez mi yürek, çek Köroğlu narası!

Gurur duysun sevenler, gurur duysun desin can,

Yine bir olsun vatan, bir olsun Azerbaycan!

 

Ahıskalı şair Mircavad Ahıska türklərinin qəhrəmanlıqla iştirak etdiyi, ümumilikdə yüzə qədər şəhid verdiyi Qarabağ duyğularını, 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən doğan sevinc, fərəh və qürur  hisslərini əsərlərində böyük coşqu və yüksək bədiiliklə ifadə edir:

 

Çırpınma ey düşman, çırpınma boşa,

Gelmiştir ordumuz, gelmiştir cuşa.

Vatan millet aşkı oldukça bizde,

Esarette kalmaz, bu güzel Şuşa!

 

Şair Mircavad Ahıskalının yaradıcılığında, bu şanlı Vətən müharibəsi dövründə tarixin sınağından şərəflə çıxmış Azərbaycan və Türkiyə qardaşlığı xüsusi yer tutur:

 

Araştır kan bağımız, geliyor çok derinden,

Milletimiz birlikte, dağ oynatır yerinden,

Meydanlarda geçilmez yiğidinden, erinden.

Can dedim can işittim, can katıyor cana can,

İki devlet bir millet, Türkiye Azerbaycan!

 

Birdir sohbet sözümüz, aynıdır öz dilimiz,

Kardeşiz kardeş olmuş şehir, oba, ilimiz,

Birlikten güç alıyor yüreğimiz, elimiz.

Kimse bizi bölemez, damarda var aynı kan,

İki devlet bir millet, Türkiye Azerbaycan!

 

Mircavad Ahıskalı bu gün yaradıcılığının çiçəklənən və parlaq dövrünü yaşayır. Əsərlərində soydaşlarının istək və arzularını, vətən və həyat eşqini, türk birliyi və tərəqqisi ideallarını tərənnüm edir. Xəlqi, milli, bəşəri amallar üzərində düşüncələrini qələmə alır, bu yolda usanmadan addımlayır. Haqq yolunun yolçusu olan Ahıskalı Şair Miircavad Ahıskalıya bu idrak yolunda nur arzulayır, soydaşları ilə birlikdə Ana yurda qovuşmalarını diləyirəm. 

 

 

Asif HACILI

 

525-ci qəzet.- 2021.- 3 iyun.- S.12.