"Mənə fəlsəfənin tarixi yox, tarixin fəlsəfəsi maraqlıdır"

 

Tarixin canlı şahidlərinin var olması insanlar, xüsusən də, gənclər üçün çox əhəmiyyətlidir. Təcrübə hər zaman öz sözünü deyir.

 

Həyatın qanunauyğunluqları, cəmiyyət, dünyada baş verən hadisələr, keçmiş və bu gün haqqında dərin mülahizələri yaşlı və intellektual nəslin şərhində dinləmək çox maraqlı və bir o qədər də lazımlıdır.

 

Bugünkü müsahibimiz jurnalist, politoloq, filosof, ictimai-siyasi xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseynağa Qəniyevdir.

 

Hüseynağa Qəniyev 26 aprel 1941-ci ildə Lənkəran rayonunun Separadi kəndində anadan olub. 1948-1958-ci illərdə orta təhsil alıb. 1964-cü ildə ADU-nun jurnalistika fakültəsini və 1973-cü ildə Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.

 

Əmək fəaliyyətinə 1964-cü ildə "Leninçi" (indiki "Lənkəran") qəzetində başlayıb. Müxtəlif illərdə bir çox yüksək vəzifələrində çalışıb.

 

"Ətirli çay", "Ömrün mənası", "Yarışan tərəvəzçilər", "Zolaqlı yollar", "Soüioloqiçeskaə slujba v Azerbaydjane", "Müstəbid", "O lji, iskuşenie, sudbe...", "Zəka və xarakter" kitablarının müəllifidir.

 

Hüseynağa müəllimlə şahid olduğu hadisələr və həyatın özü, onun mahiyyəti barədə həmsöhbət olduq.

 

***

 

- Hüseynağa müəllim, karantinin hökm sürdüyü bu günlərdə nə ilə məşğul olursunuz? Həyat necə gedir?

 

- Karantin dövründə çalışmışam ki, özümü qoruyam, insanların sıx olduğu yerlərə getməyəm. Bu müddətdə şair, jurnalist Əbülfət Mədətoğlu haqqında bir yazı yazmışam. Mütaliə edirəm, internetdə bəzi məsələləri araşdırıram. Mənim istiqamətim elmdir. Dünyanı izah eləməyin müxtəlif yolları var, ələlxüsus dövrlərə bölərək: premodern, modern və postmodern. Dünyaya hərə öz gözü ilə baxır, mən də bu bölgüyə daha çox üstünlük verirəm. Premodern müasirlikdən əvvəlki dövrdür - müqəddəs, dini dövr. Dinin hökm sürdüyü dövlətlərdə qanunlar bu meyara əsaslanırdı. Bu, XVII əsrə qədər belə davam etdi. XVI əsrdə Qaliley meydana gəldi. O, renossansın son, yeni dövrün ilk mütəfəkkiri idi. O, böyük kəşflər elədi. Qaliley deyirdi ki, göylərdə heç nə yoxdur, nə mələklər, nə cinlər var. Yerin altında da heç nə yoxdur. İnsanlar yerin üstündə gəzirlər və kainatda daim mübarizə gedir. Yəni həyat özü bir mübarizədir. Biz də indi o mübarizənin içindəyik. Bizim atomlarımız da, tükümüz də mübarizədədir. Qocalırıq da... Dünyaya qaliblərlə məğlubların mübarizəsi lazımdır və dünya qalibləri sevir.

 

- Sovet dövrü yaddaşınıza necə həkk olundu, gələcəklə bağlı gözləntiləriniz nə idi?

 

- Əsas aruzumuz o idi ki, Azərbaycan müstəqillik qazansın. Artıq vaxt idi, proses yetişmişdi. Fransız alimi Dekart deyir ki, sokral dövrün hər şeyini şübhə altına almaq lazımdır. Yerdə nə qalır - insan və onun zəkası. Üç böyük ideologiya olub: liberalizm, faşizm, kommunizm. Marksizm deyirdi ki, proletar sinifi qalib gələndən sonra bütün xalqların azadlığını verəcək. Amma verə bilmədi. Hitler də deyirdi ki, biz üstün millətik, bütün dünyanı tutacayıq və sonra onlara azadlıq verərik. Burada da, kollektivlik var. Liberallar deyirdilər ki, bizdə kollektivlik yoxdur. Biz hər kəsin azadlığını şəxsən özünə vermək istəyirik. Liberallar kommunistlərlə birləşib faşizmin belini qırdılar. Sonra da təklikdə qalmış kommunizmin də belini qırdılar. İndi də tək qalıblar. Bu məsələ uğrunda XVII əsrdən mübarizə aparıblar. Rusiya liberalizmin müəyyən qolunu mənimsədi, amma çox eybəcər şəkildə. Onlarda fərdi azadlıq yox idi. Ona görə də, liberalizm hamıya qalib gəldi. Bizə də ömür boyu lazım olmayan şeyləri öyrədiblər: Marksizm, Lelinizm fəlsəfəsi, elmi kommunizm və s. Mənim ixtisasım jurnalistika idi, amma boş-boş şeylərdən danışırdıq.

 

- Bilirəm ki, dil mövzusunda çox həssassınız. Dilin insan üçün vacibliyi hansı amillə bağlıdır?

 

- Alimlər deyir ki, çoxlu insan növləri olub. Neandertal fiziki cəhətdən çox güclü olub, amma onun qırtlağı inkişaf etməyib. Ona görə də Homo Sapienslər onlara qalib gəliblər. İnsanları əmək yox, dil yaradıb. Dil insanları təmasa, birgə mübarizəyə gətirir. Min nəfərin yüzünü ümumiləşdirib bir qüvvəyə çevirə bilər. Amma vacibdir ki, ana dilindən başqa dilləri də mənimsəyəsən.

 

- Siz vaxtilə Azərbaycan dilinin statusunun müəyyənləşdirilməsinə dair keçirilən müşavirədə iştirak etmisiniz, həmin çıxışınız indi də yaddaşlardadır.

 

- Bu haqda çox yazılıb, internetdə video da var. Buludxan Xəlilov bu barədə yazı da yazıb. Tarixilik baxımından bizim dilimiz türk dilidir. Müasirlik baxımında bizim dilimiz elə Azərbaycan dilidir. Əvvəllər bir elm var idi: Fəlsəfə. Fəlsəfə tarixlə, astronomiya və s. ilə məşğul olurdu. Daha sonra qollara ayrıldı. Əvvəllər aşıq özü yazırdı, özü ifa edirdi. Sonralar sənətin digər sahələri yarandı. Millətlər də belədir. Dini baxımdan götürsək, Adəmlə Həvvadan törəmişik. Amma sonralar dil ailələri yaranıb, müstəqil dillər yaranıb. Ural-Altay qrupu da türk dilinin babasıdır. Bu nəhəng və möhtəşəm xalqlara məxsusdur. Özbək öz dilinə özbək dili deyir, amma dili türk dillərinə aiddir. Bizim də kökümüz, babamız oğuzdur, amma sonra genişlənmişik, böyümüşük. Əgər doğrudan da, o vaxt Azərbaycan dilinə türk dili desəydik, dünya tədqiqat institutlarında Azərbaycan dilinin tədqiqatı kənara atılardı. Hər bir adamın azadlığı olduğu kimi, hər bir xalqın da müstəqilliyi olmalıdır. Bizim dilimiz ləhcə deyil, müstəqil, sərbəst dildir. Məsələn, ad sözü, bizim öz sözümüzdür. Sonra Türkiyədən "isim" sözünü eşidiblər, hansı ki, ərəb mənşəlidir. Soruşanda deyirlər ki, "ismin nədir?" Elə deyin ki, "adın nədir?" Biz dilimizə ögəy münasibət bəsləmişik. "Hə" deyəndə deyirlər tərbiyəsizsən, "bəli" de. Mən öz dilimdə danışanda tərbiyəsiz oluram?! Filankəs "öldü", "keçindi" deyirik. Deyirlər "yox, rəhmətə getdi". Heç kim bilmir ki, o rəhmət haradır. Bizim təhtəlşüurumuzu korlayıblar.

 

- Mir Cəfər Bağırovu nə vaxtsa görmüsünüz?

 

- Mən məktəbdə oxuyanda Mir Cəfər Bağırovu görmüşəm. Güclü diktator olub, amma xəyənatkar olmayıb. O dövrdəki satqınlığı xəyanət hesab etmirəm. Çünki insanı o günə qoyurdular ki, adam özü özünə iftira atırdı. Elə cəza tətbiq edirdilər ki, öz üzünə dururdun. Bizim adamların hamısı müti olmayıb, rejim çox ağır olub. O, bacardığı qədər insanları qoruyub, amma səhvləri də olub.

 

- Ümummilli lider Heydər Əliyev xatirənizdə necə qalıb?

 

- Heydər Əliyevlə şəxsən görüşmüşəm, onda mənim 32 yaşım var idi. Bizim Lənkəran partiya təşkilatı çox nümunəvi idi. Birinci katiblərin seminarının yekunu Lənkəranda təşkil edilmişdi. Biz orada öz işimizi onlara göstərirdik. Mən onda təbliğat və təşviqat şöbəsinin müdiri idim. Orada şüarların mövzusunu dəyişmişdim. Nizamidən çox sitatlar gətirmişdim. Düşünürdüm ki, birdən xoşlarına gəlməz. Amma Heydər Əliyev bunu çox yaxşı qəbul elədi. Mən Lənkəranda ideoloji mərkəz yaratmışdım. Bununla bağlı Heydər Əliyevə 1 saat məruzə eləmişəm. Bu, gələcəkdə mənə çox kömək oldu. Heydər Əliyev çox böyük şəxsiyyət idi. İnsanları çox yaxşı tanıya bilirdi. Heydər Əliyev qətiyyəti və əzmi sayəsində hamıya qalib gəldi.

 

- Gəncliklə qocalıq sanki mübarizədədir. Gənclərlə bağlı fikirləriniz nədir?

 

- Mən sonuncu kitabımda bütün yaş hədlərinin xüsusiyyətlərini izah etmişəm. Gənclik gücdür, enerjidir. Qocalıq isə, müdriklikdir, təcrübədir. Bunlar ikisi bir-biri ilə birləşməsə, heç nə etmək olmaz. Folklora nəzər salsaq, görərik ki, fəlakətləri dəf etmək üçün gəncləri göndərirlər. Lakin həmin gənclər ağsaqqalların məsləhətləri ilə qalib gəlir. Ona görə də bu iki nəsil həmişə təmasda olmalıdır. Məncə, bu, bizdə kifayət qədər formalaşmayıb. Mütləq bu barədə düşünmək lazımdır. Təkcə ədəbiyyatı öyrənməklə yaxşı ədəbiyyatçı olmaq olmaz. Gənclik fəlsəfə ilə tanış olmalıdır. Yaşlı nəsil öz gələcəyini yaxşı hazırlamalıdır.

 

- Daha çox hansı istiqamətdə yazmağı sevirsiniz? Sevimli janrınız hansıdır?

 

- Mənə fəlsəfənin tarixi yox, tarixin fəlsəfəsi maraqlıdır. Esselərimi də bu istiqamətdə yazıram. Mən esse yazmağı sevirəm. Çünki sərbəst janrdır. Sovet dövründə buna çox da əhəmiyyət vermirdilər. Çünki esselər azad düşüncə məhsuludur. Bu janrda yazmaq mənim üçün rahatdır.

 

- Həqiqəti dərk eləmək üçün nə lazımdır?

 

- İnsan o vaxt təyinatı üzrə fəaliyyətdə olur ki, həqiqəti dərk edir. Əgər sən həqiqəti dərk eləməsən, onun nəticəsi də yalan olar. Azadlıq həqiqəti dərk eləmək üçündür.

 

- Bəs azadlıq nədir?

 

- Azadlıq bir məsuliyyətdir, bütün hamiliklərdən imtina etməkdir. Fərdlərin hər birinin dairəsi digəri üçün sərhəd olmalıdır. Başqasının haqqına girmək olmaz, Azadlıq dərk olunmuş gerçəklikdir, həqiqətdir, məsuliyyətdir.

 

- Bunları dərk etmək üçün nə lazımdır?

 

- İnsanın əsas düşüncə tərzi məntiqlə bağlıdır. Həqiqəti tapmağın metodu məntiqdir. Qədim yunanlar həqiqətə çatmağın metodologiyası barədə düşünüblər. Ona görə də onlar sillogizm yaradıblar. İnsan həqiqəti bilməsə, azad ola bilməz.

 

- Məsuliyyət olmasa, digər sadalanan məqamlar əhəmiyətini itirir?

 

- Bəli. Məsuliyyət odur ki, sən yetişirsən, kamilləşirsən, yeniyetmə qalmırsan, hami axtarmırsan, öz hərəkətlərinin məsuliyyətini öz üzərinə götürürsən. Məsuliyyətsizlik ancaq kölədə olar. Çünki o, ancaq tapşırıq yerinə yetirir.

 

- Hüseynağa Qəniyev üçün ən qiymətli şey nədir?

 

- Həyatda ən dəyərli şey enerjidir. Onu geri qaytarmaq mümkün deyil. Əbədi xoşbəxtlik yoxdur, insan özü enerjiyə çevirilir. Kosmosu enerji idarə edir. Ona görə də enerjinin qədrini bilmək lazımdır.

 

Nadir RZALI

 

525-ci qəzet.-2021.-4 iyun.-S.10