Peşənin, vəzifənin, ölümün gözəlini seçən şəhid  

 

 

Mayor Kamran Fərəcov həmişə gözəlliyi sevib, gözəllik axtarıb, olduğu hər yerdə gözəllik yaradıb.

 

1978-ci il yanvarın 14-də Astaranın Səncərədə kəndində dünyaya gəlib. 1984-1995-ci illərdə Astaradakı 2 nömrəli məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri kimi xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət edib.

 

Hərbçi həyatıdır bu. Peşənin , vəzifənin gözəlini seçmişdi...

 

Polkovnik Rəşad Kazımov tələbəlik dostundan qürurla, fəxarətlə danışır: "Onu tələbəlik illərindən tanıyıram. Mən 1998-ci ildə, Kamran 1999-cu ildə təhsilini başa vurub. Eyni hissədə Pereküşküldə leytenant kimi hərbi xidmət etmişik. Hərbçiyik, əmrə tabeyik. Sonra başqa-başqa hissələrdə qulluq etmişik. Ailəvi dostluğumuz olub. Çox doğmaydı Kamran. Çox savadlı, peşəkar idi. Cəsur idi. Əsgərlərinə dost, qardaş, ata kimi davranırdı. Səhhətiylə bağlı ehtiyata buraxılmışdı. Döyüşə könüllü qatıldı. Kamran kimi vətənpərvər oğul, zabit üçün, hər namuslu vətəndaş üçün vətən yolunda şəhid olmaq şərəfdir". İkinci Vətən savaşının şəhididir mayor Kamran Fərəcov. Oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Bacarıqlı hərbçilərimizdən olub. Bütün döyüşçülər, tanıyan hərbçilər onun ən savadlı hərbçilərdən olduğunu xüsusi vurğulayır.

 

Şəhidlər haqqında məlumatları oxuyanda bir cümlə həmişə diqqətimi çəkib: "Vəzifə borcunu yerinə yetirərkən". Hər birimiz üçün Vətənin azadlığı borc olsa da, hərbçilər üçün bir başqadır. Ömrünü hərbə bağlayanlar təkcə hərbçi adını daşımır, onlar həm Vətən uğrunda şəhid olmaq vəzifəsini daşıyırlar.

 

O da belə idi: Azərbaycan Ordusunun mayoru Kamran Qılman oğlu Fərəcov.

 

 

 

2018-ci ildə aldığı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına qürurla baxar, "Hələ nələr edəcəyik" - deyərmiş. Etdi . "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə ", "Qubadlının azad olunmasına görə" medallarına layiq görüldü. Kapitan kimi savaşa qatıldı, igidliyinə görə mayor rütbəsi aldı, qərargah rəisi təyin edildi.

 

Şəhidlərlə bağlı yazılar yazanda qazilərlə, şəhidlərin döyüş yoldaşları ilə söhbətləşməli oluram. Bəziləri sakit danışa bilmir, bəziləri o günlərin ağırlığından qurtula bilmir, bəziləri susur hələ . Bir şey aydındır: döyüşlər ağır olub. 44 gün əslində, müharibəyə alışmaq, onun ağrılarını yaşaya bilmək üçün böyük zaman deyil. Xüsusən həqiqi xidmətdə olan gənclər üçün. komandir məsuliyyəti, bacarığı qələbəyə aparan başlıca amildir.

 

Mayor Kamran Fərəcov bunu bacarırdı.

 

Əsgərləri deyir ki, qorxmazlığı heyranediciydi. Özü canavar kimi idi, amma hər an döyüşlərdə bizə: "Canavarlarım, bütün torpaqlarımızı azad edəcəyik. Qarabağı azad edəcəyik!" - deyirdi.

 

Sentyabrın 20-dən könüllü təlimlərə qatılıb, gəncləri döyüşə hazırlayıb.

 

 

 

Kəşfiyyatçı zabit, kapitan Məmmədov Camaləddin həm Birinci Qarabağ savaşının iştirakçısıdır. 1992-ci ildən 2001-ci ilə qədər hərbi xidmətdə olub. Döyüş təcrübəsi olan zabitlərdəndir: "Onunla birlikdə olmuşam bütün təlim hazırlıqlarında. Şəxsi heyəti hazırlamalıydıq döyüşlərə. Çox peşəkar zabit idi. Döyüşlərə birlikdə başladıq. Səhhətində problem olduğunu da gizlədirdi. O şəraitdə əziyyət çəkirdi, amma əsgərləri bu haqda heç bilmədi. İlk günlər cavan əsgərlər üçün bir az çətin olur. "Canavarlarım, igidlərim" - deyə önlərində gedirdi, onlarda inam yaradırdı. Bu, olduqca vacib keyfiyyətdir, çünki əsgərlər bizə baxır. Səsimizdə azca həyəcan hiss etsələr, onlar lap çox həyəcanlanar, qorxarlar. O günlərdə onu qərərgah rəisi vəzifəsinə dəvət etdilər. Başqa tabora keçdi. Əlaqə saxlayırdıq. Qarış-qarış azad edirdik torpaqları. Qubadlı uğrunda savaşımız da asan olmadı. Kamran da o döyüşlərdə şəhid oldu. Hədsiz sarsıldım. Amma hər birimiz buna hazır idik. Qələbə qazandıq. Torpaqlarımızı azad etdik. Xalq, Ordu Ali Baş Komandanın ətrafında elə birləşmişdi ki!" Hazırda Masallı şəhər 6 nömrəli tam orta məktəbdə "Çağırışaqədərki hazırlıq" fənnini tədris edən kəşfiyyatçı zabitimizin səsində bir əzmkarlıq vardı.

 

"Övladı haqqında keçmiş zamanda danışmaq ana üçün çox çətindir. General olmaq arzusundaydı Kamranım. Babası Əshab Fərəcov Böyük Vətən müharibəsinin iştirakçısı idi. Ömrü boyu ürəyində güllə gəzdirdi. Onun əsgər yoldaşlarıyla bağlı xatirələrlə dolu nağıllarıyla böyüdü Kamranım. Vətən sevdası ilə böyüdü. Uşaqlıqdan hərbini seçdi. Mərd idi, hamının hörmətini qazanmışdı" - həzin-həzin danışdı oğlu haqda anası Rəviyyə xanım...

 

 

 

Ruslan Əliyev onunla bir sinifdə oxuyub, dost olublar. Yoxluğuna alışa bilmir. Arada onunla söhbətləşir: "Deyirdin yığışaq, alınmırdı. Neçə gündür yığışırıq, sən bizi yığırsan bir yerə. Hamı xoşbəxtlik axtarır ömrü boyu. Bilirsən oldu? Anladıq. Səninlə bir yerdə oxumağıımız, vaxtsa yan-yana dayanmağımızdır xoşbəxtlik - bunu anladıq Şəhidim".

 

Şəhid mayor Kamran Fərəcovun xanımı Nuranə müəlliməyə qulaq asdıqca düşünürəm ki, gör necə qadınlarımız var - sadiq, sevgi dolu, mərd, vətənini sevən: "2004-cü ildə ailə qurduq. Bütün hərbi həyatını günəgün yaşamışam. Ağdamda, Gəncədə, Goranboyda... Elə bil, mən hərbçi idim. Qızlarımız olanda evliliyimizdən 10 ildən çox keçmişdi. O qədər gözəl ata idi ki. Ataların da ən gözəli idi Kamran. Hərbçi dostları ilə əlaqəsi vardı həmişə. Müharibə gözlənilirdi. Kamran da "Gedəcəyəm" dedi. "İki qızın var, bronxların da xəstədir, ikinci qrup əlilliyin var, getməyə bilərsən" - dedim. Çox həyəcanlandı: "Bunu bir demə. Məni sındırarsan. Hərbçi dostlarım ordadır, gənclər... İşğalda torpaqlarımız var. Vətən müharibəsidir bu. Özümü bağışlamaram heç vaxt, bu yüklə yaşaya bilmərəm. Heç deyə bilmədim daha. İndi deyirəm sizə, şəhid olsam da, eybi yox, şəhidlik gözəldir" - dedi. Ləyaqətlə, kişi kimi yaşadı. Gözəl yaşadı, gözəl öldü... Vətən üçün - özü istədiyi kimi... Ölümün gözəlini seçdi".

 

Nuranə xanım arada kövrəlib ağlasa da, qırıq-qırıq danışsa da, Kamran kimi bir igidin, şəxsiyyətin xanımı olduğu üçün qürur duyduğunu anlayıram. Ağlamaq əlində deyil, bilirəm. Ağlayıb-sızlayan qadın deyil, əminəm. Əkiz qızları Dəniz Şəmsi şəxsiyyət kimi, Kamranın adına layiq böyüdəcək anadır, inanıram. Özü Vətən yolunda canından keçməyə hazır olan xanımın - vətəndaşın məğrurca duruşunu görürəm.

 

Hər birimiz qürur duyuruq Kamranla, bütün şəhidlərimizlə - Vətən olanlarla, məğrur duruşumuzu bizlərə qaytaranlarla...

 

Şəhid mayor tez-tez həyat yoldaşı Nuranə xanımın yuxularına girir, "Ağlamayın, mən ölməmişəm, mən sağam axı" - deyir.

 

Doğrudan da, şəhidlər ölməz ki...

 

 

Kamalə ABİYEVA

 

525-ci qəzet   2021.- 4 iyun.- S.11.