Həmin gün təntələk bir yel
əsirdi...
Aqillər
yaşanılan ayların, illərin dəyərinə
ömür deyib, biz də ömür deyirik. Aqillər Vətənə
Ana Vətən deyib, biz də Ana Vətən deyirik. Aqillər
ömür payını Vətən üçün
yaşayanlara elin oğulu deyiblər, biz də elin oğulu
deyirik. Bunlar min illərlə yaşanılmış,
yaşanılan xalq fəlsəfəsidi.
Atası Zəngilan
rayonun Mincivan qəsəbəsində anadan olmuş Vüqar
Rzayevin oğlu Həsən elin oğluydu...
Uşaqlığından
el adına, Vətən adına söhbətləri diqqətlə
dinləyərdi. Dinləyə-dinləyə eşitdiklərini
yaddaşına köçürərdi. Hər söhbət
onun düşüncələrinin ovxarına dönərdi.
Babaları Bəhmənlə Sərdarın, nənələri
Roza ilə Gülarənin xatirələrini dinləyə-dinləyə
böyüyürdü. Böyüdükcə
olmuşları öyrənirdi, öyrəndikcə
ata-anasının böyüyüb boya-başa
çatdığı el-obanı, bu el-obanı əhatələyən
torpaqları ruhunun beşiyi bilirdi, göyləri ruhunun
göylərinin üfüqləri. Böyüyürdü,
böyüyə-böyüyə oğullaşırdı Həsən
Vüqar oğlu. Görmədən vurulmaq, görmədiyin
yerlərin pərvanəsi olmaq ruhun hökmüdü; Həsən
görmədiyi Zəngilanı ruhunun
başlanğııcı bilirdi. Bilirdi ki, bu
başlanğıcın müdafiəsi üçün
atası da, dayıları da döyüşüb, bilirdi ki,
bu başlanğıc üçün döyüşənlərdən
neçələri şəhid olub; Zəngilanın
işğalda qalması küləyə, yelə dönüb
onun da düşüncələrini, heysiyyətini ətəkləyirdi...
O illərdə
məktəblərdə idman oyunlarına böyük maraq
vardı və bütün məktəblilər bu oyunlarda
iştirak etməyə çalışırdı. "Cəsurlar",
"Şahin", "Sərhədçi" kimi hərbi-idman
oyunları həm şagirdlərin fiziki
hazlrlığını, həm də dünyaduyumunu
formalaşdırırdı. Bu oyunlar şagirdlərdə hərbi
xidmətə maraq da yaradırdı; avtomatı
söküb-yığırdılar və atırdılar, əl
qumbarasının mahiyyətini dərk edirdilər, ondan istifadə
qaydalarını mənimsəyidilər. Həsən Vüqar
oğlunda hərbi xidmətə maraq o illərdəmi
yaranmışdı.
Atası sərhəd
qoşunlarında xidmət edirdi. Dayısı Xaqaninin, Sərvərin,
Cəbrayılın davamçısı olacaqdı. Qərarında
qətiyyətliydi, qətiyyətlilərdə tərəddüd
olmur. Sənədlərini Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə verdi. Yaxşı oxuyurdu, orta məktəbdə
fənn olimpiadalarında iştirak edirdi. Müəllimləri
onun təfəkkürünü dəyərləndirirdi:
faktlar və hadisələr arasında mahiyyət
bağlılığını görə bilir,
düşüncələri gerçəkliklərə əsaslanırdi.
Həsənin həm də yaxşı fiziki
hazırlığı vardı.
Həsən
Vüqar oğlu kursant idi. Dayılarının tövsiyələri
onun hərbçi həyatının cığırına
dönmüşdü; bu cığırı zamanında
böyük yolla özü qovuşduracaqdı. Niyyətinin
davamı kimi. Oxudu, öyrəndi, zabitlərin, müəllimlərin
tələblərini məsuliyyətlə yerinə yetirdi, yəni
nümunəvi kursant oldu.
Leytenant Həsən
Rzazadə öyrəndiklərini əsgərlərinə
böyük maraqla, böyük sevgilərlə
aşılayırdı. "Əsgərini sevməyən zabit
Vətəni sevmir, əsgəri sevməyən zabiti Vətəni
sevmir" - kursant olanda eşitdiyi bu kəlamı zabit olaraq
başladığı hərbi xidmətin nizamnamələri
tamamlayan dədə sözü bildi; belə xidmət etməkdə
qərarlı idi...
Zabit kimi də
verilən tapşırıqları, əmrləri məsuliyyətlə
yerinə yetirirdi. Belə xidmətə nümunəvi xidmət
deyirlər; nümunəvi şagird nümunəvi kursant idi,
nümunəvi kursant nümunəvi zabit. Xidmətin ilk
günlərindən "Əsgər komandirini sevmirsə,
günah komandirindədi" kəlamını eşitdiyi
vaxtlardan illər keçmişdi, bu kəlamı
unutmamışdı...
Vəzifə
borcunu böyük məsuliyyətlə yerinə yetirdiyinə,
tabeliyindəki əsgərlərin döyüş və mənəvi-psixoloji
hazırlığının yüksək səviyyədə
saxlanıldığına görə leytenant Həsən
Rzazadə komandalığın təşəkkürlərinə
layiq görülürdü...
2019-cu ilin yanvar
ayından etibarən Əfqanıstanda beynəlxalq sülhməramlı
taborda xidmət göstərdi. Tabor Kabulda beynəlxalq aeroportu
mühafizə edirdi.
Leytenant Həsən
Rzazadə beynəlxalq qurumun tərkibində daha məsuliyyətlə
xidmət etməklə həm hərbi borcunu (zabit idi), həm
də vətəndaşlıq borcunu (Azərbaycanı təmsil
edirdi, özü də, əsgərləri də) yerinə
yetirirdi. İstəyirdi ki, tabeliyində olan əsgərlər
xidmətiylə də, davranışıyla da,
düşüncələriylə də, digər dövlətlərin
hərbçiləriylə ünsiyyətiylə də
xalqımızın milli-mənəvi dəyərlərinin
daşıyıcısı kimi əhatədəkilərin
ehtiramını qazana bilsinlər...
Nümunəvi
xidmətini nəzərə alaraq ona baş leytenant hərbi
rütbəsi verildi.
Xahişinə əməl
etdilər, baş leytenant Həsən Rzazadə də Vətən
müharibəsinə, döyüşməyə,
torpaqlarımızı işğaldan azad etməyə göndərildi...
Döyüşə
Cəbrayıl istiqamətindən, strateji əhəmiyyətli
Gorbaba yüksəkliyindən (görəsən, yüksəkliyin
adındakı müqəddəslik çaları
döyüşçülərin döyüş əzminə,
qələbə ruhuna necə təsir göstərib?)
başlayacaqdılar.
Yüksəkliyin
azad edilməsi baş leytenant Həsən Rzazadənin
bölüyünə tapşırılmışdı. Bu, həm
də etimad idi. İki qrupa bölünmüş
döyüşçülər düşmənin xəbəri
olmadan yuxarı qalxırdılar. Qruplardan birinə baş
leytenant Həsən Rzazadə rəhbərlik edirdi.
Düşmən bu daşlı-kəsəkli, çətin
relyefli ərazidən geri çəkilmək istəmir, ciddi
müqavimət göstərirdi, bütün gücü ilə
müdafiə olunurdu.
Ehtiyatla irəliləyirdilər.
düşmən onların qarşısında atəş
zolağı yaradırdı.
Onda
döyüşü idarəetmə məntəqəsindən
bildirdilər ki, atışa-atışa geri çəkilsinlər,
atışa-atışa atəşi dayandırsınlar. Ora
artilleriyadan atəş açılacaq. Hücumu artilleriya
atışından sonra davam etdirərsiniz. Yüksəklikdə
güclü mövqe tutmuş düşmənə toplardan
ağır artilleriya zərbələri endirildikdən sonra Həsəngilin
qrupu atışa-atışa yüksəkliyin zirvəsinə
tərəf irəlilədilər, böyük strateji əhəmiyyətə
malik olan Gorbaba yüksəkliyini işğldan azad etdilər.
Vətən
müharibəsində ilk döyüşün qələbə
ovqatı gözəl könül xoşluğu
yaratmışdı. Baş leytenant Həsən Rzazadə minnətdarlıqla
əsgərlərinə baxırdı, əsgərləri
ona. Bu qarşılıqlı sevgi qələbənin
davamlılığının zəmanəti kimi
yaşanılırdı. Həsən qaliblərin əhatəsində
ürəyinin başında gəzdirdiyi üçrəngli
bayrağımızı öpüb gözlərinin
üstünə qoydu, bağrına basdı, sonra yüksəklikdə
ucalığa dikəltdi. Belə bayraq dikəltməni
alqışladılar. Bu alqış haralaracan yayılıb
görəsən? Görəsən, düşmən bu
alqışı eşidəndə neyləyib?
İlk qələbənin
ovqatını yaşadığı anlarda atasını,
anasını, Zəngilanı, Mincivan qəsəbəsini,
Cahangirbəyli kəndini xatırlamışdı Həsən.
Həmin gün bir qədər kövrəkliklə, bir qədər
narahatlıqla, üzünü görmədiyi Zəngilana
sarı tutub pıçıldamışdı: Səni də
azad edəcəyik! Həm də yaxın vaxtlarda! Sonra
atasına, anasına xitabən demişdi: Sizi intizardan
qurtaracağıq! Həm də yaxın vaxtlarda!
Belə sevgi,
torpağa, Vətənə bu müqəddəslikdə məhəbbət
mənəvi zənginlikdi; Həsən Vüqar oğlu, yəni
Azərbaycan ordusunun zabiti, baş leytenant Həsən Rzazadə
belə oğul idi. Müəllimləri də belə
xatırlayır Həsəni, kursant yoldaşları da, zabit
yoldaşları da, əsgərləri də. Belə
xatırlanma yaşanılmış duru, gərəkli, dəyərli
ömürə görədi. Belə ömürlər
heç zaman unudulmur. Əslində, ömür kəlməsinin
fəlsəfəsi də elə budur!..
Kəndlər,
strateji yüksəkliklər azad edildikcə
döyüşçülərin qələbə ruhu daha da
yüksəlirdi. Hər biri Qələbənin tezləşməsi
üçün daha qətiyyətlə, daha böyük istəklərlə
döyüşürdülər. Vətən müharibəsinin
sonuncu gülləsinin daha tez atılması, düşmənlərin
torpaqlarımızdan daha tez təmizlənməsi
üçün...
Cəbrayıl
rayonunun mühüm yüksəkliklərinin, kəndlərinin,
qəsəbələrinin işğaldan azad olunması
uğrunda döyüşlərdə də mövqe qələbələri
qazanılırdı. Baş leytenant Həsən Rzazadə də,
əsgərləri də qətiyyətlə, mərdliklə
döyüşürdü. Bir neçə kəndin erməni
işğalçılarından azad olunmasında iştirak
etmişdilər, düşmənin onlarca canlı qüvvəsini,
döyüş texnikasını sıradan
çıxartmışdılar...
Hərbi hissə
döyüşü Qubadlı istiqamətində davam etdirəcəkdi.
Bir
video-görüntüyə baxmışam: Həkəri
çayı, çaya yıxılı ağac.
Yıxıblarmı, yıxılıbmı, kəsilibmi,
bilinmir. Ağac torpaqdan üzülsə də, torpaqdan "əlini
üzmür". Son nəfəsində Həkəriyə nəsə
demək istəyir elə bil. Elə bil bu anlar ağacla
çayın son kəlmələşməsidi. Ağacın
bu məhrəmliyi mənə Səməd Vurğunun bir
misrasını xatırladır: Biz gəldi-gedərik sən
yaşa, dünya (yəni bu məqamda torpağa xitabən
"Biz gəldi-gedərik, sən yaşa, torpaq" deyildiyini
gümanlayaq). Ağac çaya döşəlidi. Kimsə
onun üzərindən ovuclayıb su içir, əl-üzünü
yuyur. Sonra üzü göylərə baxır. Bu, sevgidi, bu,
həsrəti suya çəkməkdi, bu, qarşı tərəfə
aparacaq yolda nəfəsdərmədi, Vətən müharibəsində
qətiyyətlə, mərdliklə, dönməz qələbə
ruhuyla döyüşən baş leytenant Həsən Rzazadədi.
Bu kadr onun mənəvi dünyasının üfüqlərini
də şərtləndirir...
Oktyabr
ayının 29-u idi.
Laçın
rayonun Süfyan kəndi uğrunda çətin
döyüşlər gedirdi. El deyimlərinə bələd
olanlar bilir ki, insan ölüm ayağında nisbətən
dirçəlir. Ermənilər belə bir dirçəlişlə
müqavimət göstərirdi. Hələ ki, düşmənin
müqavimətini qıra bilməmişdilər. Zabitlər
döyüşçülərin döyüş əzmini,
qələbə ruhunu kükrədirdi. Əsgərlər bu
kükrəyişin qələbə ilə nəticələnəcəyinə
əmin idilər...
Hücum əmri
verildi.
Düşmən
həm də minaatanların gücündən istifadə
edirdi. Ermənilər ara-sıra döyüşçülərimizin
mövqeyinə atəş açırdı. Belə atəşlərin
həm nəzəri baxımdan, həm də təcrübi
baxımdan nəyə xidmət etdiyini bilirdilər. Onu da
bilirdilər ki, belə döyüşlərdə belə
müdafiə həm də gücü komplektləşdirməyə,
cəmlənməyə, daha mobil müdafiə olunmağa da
xidmət edə bilər; gümanlardan gerçəkliyə
aparacaq döyüşə az qalırdı.
Düşmənin
qüvvəsi haqqında kəşfiyyat məlumatları da
vardı, döyüşün gedişini təhlil etməklə
düşmənin faktiki silah-sursat ehtiyatını müəyyənləşdirmişdilər.
Komandanlığın razılığıyla düşmənin
taktiki yanıltmacına ciddi cavab vermirdilər, hücuma
hazırlaşırdılar.
Hücum
başladı.
Düşmən
döyüşçülərimizi daha çox minaatanlardan
atəşə tutsa da, döyüşçülərimizin
yolunu kəsə bilmədi; düşmənin müqaviməti
qırıldı. Döyüşçülərimiz sürətli
hücumla irəlilədikləri anlarda baş leytenant
komandanlığa döyüşlə bağlı təcili
məlumat vermək üçün rabitəçinin
yanına tələsirdi. Bu anlarda yaxınlıqlarına mərmi
düşdü. Qəlpələr igid baş leytenantı
ağır yaraladı; bu yaralar şəhidlik
yaralarıymış...
Belə
ağır yaralardan sonra baş leytenant Həsən Rzazadə
tarazlığını saxlaya bilməzdi. Torpağa
yıxıldığı anlarda təntələk yel əsməyə
başladı. Döyüşçülər bu anlarda Həkəriyə
yıxılan ağacı xatırlamışdılarmı
görəsən? Görəsən, baş leytenant Həsən
Rzazadə son nəfəsində sevdiyi torpağa nə deyib?..
Vətən
müharibəsi Zəfərlə başa çatdı...
Torpaqlarımız
işğaldan azad edildi...
Baş leytenant Həsən
Rzazadə ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları
ilə "Qarabağ" ordeni, "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə",
"Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib...
Zəngilanın
Mincivan qəsəbəsinə dönüşündə
qardaşları Bəhmən, Nicat, Nuran hərəyə bir
ağac əkəcək. Bu da şəhid ömrünə
ehtiram olacaq...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar
müəllim
525-ci qəzet.-2021.-4 iyun.-S.12.