Ağahüseyn Cavadovu xatırlamaq...
GÖRKƏMLİ SƏNƏTKARIMIZI
BİR VAXT ONUNLA BƏRABƏR ÇALIŞMIŞ XALQ
ARTİSTİ RAFİQ ƏZİMOV İLƏ
SÖHBƏTDƏ YADA SALDIQ
Xalq artisti
Ağahüseyn Cavadovun Azərbaycan aktyorluq sənətinin,
teatr və kinosunun tarixində müstəsna yeri var. A.Cavadov
1894-cü il aprelin 22-də Xırdalanda anadan olub. Musiqili
Komediya Teatrında və Akademik Dram Teatrında yüzlərlə
tamaşada irili-xırdalı çox sayda rol ifa edib. Çəkildiyi
filmlərdə yaratdığı obrazlarla
tamaşaçıların yaddaşında qalıb. "Bəxtiyar"da
Rza, "Görüş"də Əbülfəz,
"Qızmar günəş altında" Piri oğlu,
"Əhməd haradadır"da usta Əhməd, "Bir
qalanın sirri"ndə Falçı, "Sehirli xalat"da
baş vəzir, "Qərib cinlər diyarı"nda
Qaraşad, "Şərikli çörək"də
İsmayıl baba və sair filmlərdə maraqlı obrazlar
yaradıb. Ağahüseyn Cavadov 1981-ci ildə vəfat edib.
Lakin təqaüdə çıxdığına və son
vaxtlar iflic olduğuna görə bundan bir müddət əvvəl
teatrdan ayrılıb.
Sevimli aktyorumuzu 127-ci
ildönümü ərəfəsində oxuculara bir daha
xatırlatmaq üçün onu yaxından tanıyan
aktyorlarımıza müraciət etmək istədim.
A.Cavadovla illərlə teatrda çiyin-çiyinə
çalışmış görkəmli aktyorumuz - Xalq
artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü,
83 yaşlı Rafiq Əzimovla görüşüb söhbətləşdim.
Tamaşaçılar
onu "Yeddi oğul istərəm", "Ad
günü", "Arxadan vurulan zərbə",
"Göz həkimi", "Ordan burdan", həmçinin,
daha bir sıra bədii film və televiziya tamaşalarından
tanıyıb sevirlər. Rafiq müəllim 20 ilə yaxın
Ağahüseyn Cavadovla Akademik Milli
Dram Teatrında birgə işləyib. Olduqca maraqlı həmsöhbətdir.
- Rafiq müəllim,
ilk dəfə Ağahüseyn Cavadovla necə
qarşılaşdınız?
- Tələbə
idim. Moskvada Mədəniyyət Ongünlüyü
keçirilirdi. Rus Dram Teatrında Məhərrəm
Haşımov Lermontovun "Maskarad"ını,
"İliç buxtası" tamaşasnı
hazırlamışdı. Biz də 10-15 tələbə bu
tamaşalarda iştirak edirdik. Moskvaya yola
düşmüşdük. Qatarda xeyli aktyor var idi. Biz Akademik
Dram Teatrının aktyorları ilə maraqlanırdıq.
Ağahüseyn Cavadovu, Əliağa Ağayevi, Mövsüm Sənanini
görmək üçün onlar olan vaqona gedirdik.
Moskvadan
qayıdanda Həsən Məmmədovla "Azdrama"ya
getdik. Ədil İskəndərov bizi teatrın
yardımçı heyətinə qəbul etdi.
1962-ci ildə isə
üç nəfər təyinatla burada işə düzəldik.
Mən, Həsən Məmmədov və Eldəniz Zeynalov. Eldəniz
bizdən əvvəl oxuyurdu, lakin bir az şuluq olduğu
üçün bizimlə birgə bitirdi. Onların hər
biri başqa-başqa teatrlarda işlədi. Yeganə aktyoram
ki, 59 ildir eyni teatrda çalışıram. Mən orada
görkəmli aktyorlarla birgə işlədim. Onların
sırasında Ağahüseyn Cavadov da vardı və bizim
unudulmaz sənətkarlarımızdan biri idi.
- Bir aktyor kimi
biz onu tamaşalarda, filmlərdə yaratdığı
obrazlardan tanıyırıq. Bir insan kimi necə idi?
Azərbaycan
kinosunun güldürən obrazı
- Çox
gözəl, mülayim təbiətli insan idi. İşində
dəqiq, səliqəli, həm də özünə qulluq edən
adam kimi yadımda qalıb. İndiki Türkiyə Səfirliyi
ilə üzbəüz binada yaşayırdı. Hər
gün saatlarla piyada gəzirdi. Addımlarını sayar, gələndə
teatra çatana qədər neçə addım
atdığını deyərdi. Tamaşadan sonra bulvarda gəzməyi
xoşlayardı. Ona görə də çox şux və
qıvraq idi. Bilmirəm nəyə görəydi, amma Teatrda
hamı ona "əmioğlu" deyirdi.
- Onunla eyni səhnəni
paylaşmısınızmı? Tərəf-müqabili
olmusunuzmu?
- Bəli. Birgə
dəfələrlə tərəf-müqabili olmuşuq.
"Vaqif" tamaşasında mən Vidadini oynayırdım,
o isə İlyas rolunda idi. N.Hikmətin "Şöhrət
və unudulan adam"ında Ağahüseyn Cavadov Qoca, mən
isə Lakey idim. "Hind gözəli"ndə o, May Treya, mən
Daxıldar, "Nazirin xanımı"nda o, nazir Sima
Popoviç, mən Doktor Minkoviç idim, Sabit Rəhmanın
"Xoşbəxtlər" tamaşasında da səhnəni
paylaşmışıq. O, tamaşada Bərbərzadə
rolunu ifa edirdi. "Müfəttiş" komediyasında da hər
ikimizin rolu vardı. Çox olub. Saymaqla bitməz. Bir dəfə
"Müfəttiş" tamaşasından sonra bizim
otağa gəldi. Dəftərçəsindən xeyli
qızıl "zayom" çıxartdı. Uduşu
yoxlamağa başladı. Dedim ki, verin mən də
yoxlayım. Dedi: "Yox, bunları yoxlamaq mənə xoş gəlir,
çünki hər dəfə uduram". Hər şeydə
bir gözəllik axtarırdı.
"Əmioğlu"muz
çox şirin, duzlu-məzəli rolları ilə
tamaşaçının yaddaşına həkk olunub. Onun
kinodakı rollarına da mən heyranlıqla baxıram. "Bəxtiyar",
"Görüş" filmlərində çox yaddaqalan
obrazlar yaradıb. Nə yaxşı ki, onunla bir səhnədə
olmuşam.
- Adətən
aktyorlar arasında rola görə bəzən narazılıq
olur. Bir-birindən küsüb-inciyirlər. Ağahüseyn
Cavadovun aktyorlarla münasibəti necə idi?
Epizodik
rolların baş qəhrəmanı - FOTOLAR |
"Nuhçıxan" İnformasiya Agentliyi
- Aktyor aləmi
elədir ki, eyni janrda olan aktyorların bəzən bir-birini
gözü götürmür. O vaxt da belə idi.
"Əmioğlu" ilə Əliağa Ağayev komediya
aktyoru idilər. Odur ki, onların arasında da bəzən
narazılıqlar olurdu. Tez-tez bir-birinə sataşardılar.
Aralarında ciddi söz-söhbət olmazdı. Çox sakitcə
bir-birinə söz atardılar, hər şey keçib gedərdi.
Ağahüseyn müəllim çox intizamlı adam idi. Mən
o vaxt bir ara Teatrda partiya təşkilatının sədri
oldum. "Əmioğlu" təqaüddə olmağına
baxmayaraq, vaxtlı-vaxtında üzvlük haqqını gətirib
verərdi. İclaslarda iştirak edərdi. Bir dəfə
gördüm səhnənin arxasında oturub. Dedim, necəsiz?
Danışa bilmədi. İflic olduqdan sonra dili tutulmuşdu.
Səs və əl hərəkəti ilə üzvlük
haqqını verməyə gəldiyini bildirdi. Bir dəfə
Ağahüseyn Cavadov Mehdi Məmmədovun quruluşunda
"Alov" tamaşasında oynayırdı. Tənəffüsdə
yemək vaxtı Mustafa Mərdanovun "bığı"
qopmuşdu. Lakin özünün bundan xəbəri
olmamışdı. Tamaşaya bir dəqiqə qalmış
"Əmioğlu" birdən Mustafa Mərdanova baxıb
gülərək dedi: "Nə olub, bığın
yadından çıxıb?" Bu vaxt Mustafa müəllim cəldliklə
onun bığını qopardıb, ağzında isladıb
öz bığ yerinə yapışdırdı və səhnəyə
çıxdı. Onun arxasınca səhnəyə
çıxan əmioğlu əli ilə bığ yerini
tutub çıxdı.Tamaşa boyunca da əli bığ
yerində qaldı. Səhnə arxasında hamımız onun
bu vəziyyətdən necə çıxa biləcəyi ilə
maraqlanırdıq. O, tamaşaçıya heç nə hiss
etdirmədən rolunu məharətlə ifa etdi.
-
Darıxırsınızmı o günlər, o aktyorlar
üçün?
- Çox
darıxıram. Hamısı gəlib gözlərimin
önündən keçir sanki. Kimlər olub o dövrdə...
Teatrımızın ən qiymətli aktyorları. Onların
zarafatı da, sözləri də başqa idi. Bir yerdə
nümayişə çıxırdıq. Hər biri
makentojda, şlyapada qürurla keçirdilər. Biz də fəxr
edirdik ki, belə aktyorlarla birgə çıxırıq.
Son vaxtlar
koronavirusa görə teatrdan uzaq düşmüşəm.
Çıxış etmək üçün
darıxıram, tələsirəm. Nə qədər
ömrüm qalıb ki... Ömür vəfa etsə, gələn
il teatra gəlişimin 60 illiyi olacaq. Biz ömrü boyu sənətə,
səhnəyə sadiq qalmağı da özümüzdən
əvvəlki korifeylər nəslindən, Ağahüseyn
Cavadov kimi sənətkarlarımızdan öyrənmişik.
Allah onlara rəhmət eləsin!
Şəhla AĞBULUD
525-ci qəzet.-2021.-4 iyun.-S.16.