Acı taleli qız
(Əvvəli ötən
cümə sayımızda)
Onun yaxşı xüsusiyyətlərindən biri yalan
danışmaması idi. Yalançı, aldatmanı özünə
peşə edən qadından hər cür xəyanəti
gözləmək mümkündür. Görünür,
ən ağır anlarında belə o, yalana, aldatmaya əl
atmamışdır. Hüseyn and içə
bilərdi ki, bir dəfə də olsun arvadının sifətində
hiyləgərliyin və vulqarlığın ən kiçik
ifadəsini belə görməmişdir. Bu,
şişirtmə deyildi, dəqiq elm sahəsinin adamı
olduğuna, həndəsi bilikləri tətbiq etdiyinə
görə o, ölçü hissini daim vacib sayırdı.
O, özünə etiraf edirdi ki, bu qızla o, məhəbbətin
sehrli diyarında məskən salmışdır. Onlar Yer üstündə yaşasalar da, özlərini
müsəlman Eluziumunda olan kimi hiss edirdilər. Qədim Yunan mifologiyasına görə, Eliziumda
xoşbəxtlərin, qəhrəmanların ruhu uyuyur, orada
daim bahar fəsli olur. Xəstəlik və
əzab isə o əraziyə yaddır. Bu
məkana hörmət əlaməti olaraq, fransızlar Parisin
baş küçəsini "Yelisey çölü" -
"Champs Elisees" adıadlandırmışlar.
Ruhiyyə də əri haqqında olduqca yüksək
fikirdə idi.
O, Hüseynlə söhbət etməyi sevirdi, hər dəfə
ondan nəsə öyrənirdi. Bu söhbətlərdə
ərinin yüksək intellekti, ruhunun böyüklüyü
özünü büruzə verilirdi. O, Ruhiyyəni
başa salırdı ki, indi birgə həyatımızın
başlanğıcı olmaqla, bizim üçün təmiz
və bakirə andır. Çünki biz bir-birimizlə saflıqdan
uzaq olan hansısa bir münasibətdə olmamışıq,
bu an zaman və varlığı kəskin
surətdə bölür, keçmiş arxada qalır, gələcəyin
koordinatları görünür, onları bir-birindən
ayırır. İndinin xoş xüsusiyyətinə
sevindiyimiz kimi, yaddan çıxarmamalıyıq ki, bu mövcudluq
kövrəkdir, nisbidir, ötəridir, indinin özü hiss
etmədiyimiz halda yoxa çıxaracaqdır. Yaponlar sakura çiçəkləyəndə təbiətin
gözəlliyinə sitayişin bir növü kimi ona
heyranlıqla tamaşa etməkdən yorulmurlar. Bu
çiçəklər onlar üçün əzizdir, təkcə
ona görə yox ki, sehrli qaydada ağdır, füsunkar
görünüşə malikdir, həm də ona görə
ki, çiçək bir azdan sonra töküləcək,
yoxa çıxacaqdır, bu gözəllik də nə qədər
heyifsilənilsə də, qeybə çəkiləcəkdir,
çünki az ömürlüdür, sevincin özü kimi
uzun müddətli olmağı bacarmır. Ona
görə də yaşadığımız anın yoxa
çıxacağını, faniliyini yaddan
çıxarmamalıyıq. Xoşbəxtliyimizi
biz, xüsusən Ruhiyyə əzabları ilə
qazanmışdır. Qoy heç kəs bizim nail
olduğumuzu amerikan filmlərindəki "happy end"ə -
"xoşbəxt sonluğa" bənzətməsin. Ruhiyyəyə gəldikdə, hələ yeniyetməliyində
bədbəxtlik onu öz qanadları ilə
insafsızcasına döyəcləmışdır.
Ruhiyyə
də ərinin fikrinə şərik olaraq dedi:
- Mən
sənə ərə gələndən tam başqa bir aləmdə
yaşayıram, ərimlə, oğlumla öyünürəm,
Hamnet təbiətin bizə bəxş etdiyi ən
böyük mükafat və əvəzi olmayan təsəlli
payıdır. Sənə gəldikdə, mən
yeni dünyanı kəşf etmişəm, çünki sən
mənim ürəyimin əvvəllər naməlum olan simlərinə
toxunmağı bacardın. Sən məndə
həyatla yaxşı mənada oynamaq hissini oyatdın, onun hədlərinə
baxmağı və onun qulu olmamağı öyrətdin.
Görünür, bu günümüzün
kökləri bizə məxsus olan qarşılıqlı
köhnə istəklərimizdə mövcud olmuşdur.
Könüllərimiz də bu nəcib kökləri
lazımınca qidalandırmağı bacarmışdı.
İndinin özü, mövcud zaman da onları çox
razı saldığına, fasiləsiz xoş əhval-ruhiyyə
bəxş etdiyinə görə, bu mehriban ər-arvad gələcəyə
də böyük ümidlər bəsləyirdi.
EPİLOQ
Hüseyn
arvadına dedi ki, Südabənin yazdığı, lakin
başa çatdıra bilmədiyi kitaba onun özünün
mübarizəsini və ölümündən sonra baş verən
hadisələri də əlavə etməklə, bu işi
başa çatdırmaq üzrəyəm. Baş
qəhrəmanın prototipi sənsən, ona görə də
onu ixtisar edə, mətnə əlavələr edə bilərsən,
ciddi etirazın olsa, kitabı çapa verməmək də
olar. Çünki mən ilk müəllifin
dəsti-xəttinə xələl gətirmək istəmirəm,
kitabı çapa hazırlayıram.
Ruhiyyə Hüseynin ona əsər haqqında təklifini
söyləməsini minnətdarlıqla qəbul etdi, bilirdi
ki, yarımçıq qalmış romanın böyük
hissəsini Südabə xanım özü yazmış,
vaxtsız ölüm ona işini yekunlaşdırmağa imkan
verməmişdi. Mərhum arvadının işini sonralar əri
davam etdirmişdi. Hər iki müəllif əsərin
qəhrəmanını real olaraq sevdiklərini yazıda gizlətmirdilər
və bu, Ruhiyyəyə heç də xoş gəlməyə
bilməzdi. O, bir qədər çəkinə-çəkinə
ərinə dedi:
- Hər
ikiniz xeyli əziyyət çəkmisiniz, keçmişimi də
olduğu kimi, ört-basdıra yol vermədən təsvir
etmisiniz. Bu günüm keçmişimin
qaranlıqlarını məhv etmiş, mənə tam bəraət
vermişdir. Bu dünyamın
arxitektorlarına da mən minnədaram. Hansısa
bir rəngin tutqunlaşdırılması və ya zəiflədilməsi,
kölgə kimi təsvir edilməsi, portretimin retuşa məruz
qalması əsərin qayəsinə yalnız zərər gətirə
bilər. Gələcəkdə bəlkə
də hər ikimiz yeni bir kitabın müəllifi olduq, onda
Yeni Trianon kimi idilliya çalarları yəqin ki,
üstünlük təşkil edəcəkdir. Mövcud kitabın isə heç bir ixtisara, ya
düzəlişə ehtiyacı yoxdur.
Hüseyn
arvadının mövqeyindən çox razı qaldı,
çünki o, Leonardo da Vinçinin işləyib
hazırladığı sfumato prinsipindən, bu, italyanca hərfi
mənada "tüstü kimi yoxa çıxan" deməkdir,
rəngkarlıqda əşyaların təsvirinin
yumşaldılması qaydasından istifadə edilməsinə
razı olmamışdı. Əlyazmanı həm
də Südabənin də biliyinə hörmətlə
yanaşdığı tənqidçi alimə göstərməyi
vacib saydı. Həmin ədib bir həftədən
sonra yazılı qaydada rəyini bildirdi. Əsəri
maraqla oxuduğunu qeyd etməklə yanaşı, bədii dəyəri
barədə müsbət fikirlər irəli
sürmüşdü. Hüseyn bunu
Südabənin yetim uşağına mərhəmətli
münasibətin əlaməti kimi qəbul etdi. Lakin alim yekun barədə bəzi mülahizələrini
də irəli sürmüşdü. O yazırdı ki,
hər bir insanın taleyində öz xalqının və
bütövlükdə bəşəriyyətin tarixinə
aid olan hansısa bir uyğun cəhəti tapmaq olar. Axı xalqımız, ya dünya indiki inkişaf səviyyəsinə
asan yolla gəlib çıxmamışdır, nə qədər
dərəni, aşırımı keçməli
olmuşdur. Ona görə də, mənim
zənnimcə, dünya tarixinə qısaca nəzər salmaq
əsərin başlıca ideyasına xələl gətirməzdi.
Oxşar sözləri xalqımız, ölkəmiz
haqqında da demək olar. Axı bizim xalq
da çox sayda sınaqları dəf etməli olmuşdur.
Hüseyn tənqidçi alimin sözlərində ifadə
olunanlara diqqət verməyin vacib olduğu qənaətinə
gəldi. Bəşəriyyətin
beş min ilə yaxın tarixi uğurun və
uğursuzluqların bir-birinin ardınca davam edən dəyişmələri
ilə müşayiət olunsa da, tarix əsaslı reqressə
yol verməyib, irəliyə doğru inkişafını davam
etdirmişdir. Öz tariximizə gəldikdə, son
yüzillikləri ölkəmiz iki imperiyanın tərkibində
olduqdan sonra, qazandığı ilk müstəqilliyin
ömrü iki ildən də az olmuşdu.
Nəhayət, XX əsrin sonunda yenidən
müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın
təcavüzünə məruz qalmış, ölkədəki
siyasi xaos müdafəni xeyli zəlflətmiş, ölkə ərazisinin
itkisi baş vermişdi.
Nəhayət, 2020-ci ilin payızında erməni
qoşunlarının yeni provakasiyasına cavab olaraq, Azərbaycan
ordusu hücuma keçərək düşmənə
ağır zərbələr vurmuş, itirilmiş ərazilərin
əksər hissəsini azad etmişdir. Bu, xalqın qəti
qələbənin qazanılacağına inamını daha
da möhkəmləndirmişdir.
1990-cı illərin əvvəllərində ölkəmizdə
baş verən siyasi böhran böyük sosial-iqtisadi geriliyə
və digər sarsıntılara səbəb oldu. Dağlıq
Qarabağda meydana gələn ermənilərin seperatizmi əlavə
bəla mənbəyinə çevrildi. 1988-ci
ildə Xankəndidə dinc mitinqlər şəklində
başlanan hərəkat SSRİ rəhbərliyinin, xüsusən
M.S.Qorbaçovun muxtar vilayətdə genişmiqyaslı
qanunsuzluqlara göz yumması nəticəsində bir qədər
sonra silahlı münaqişəyə çevrildi. Ermənistan hərbi qüvvələri Azərbaycan
ərazisinə təcavüz etdi, qonşu ölkədə
yaşayan yüz minlərlə azərbaycanlı tarixi
yurd-yuvalarından qovuldular. Ermənistan silahlı
quldurları 1992-ci ilin əvvəllərində Xocalı
soyqırımını törətdikdən sonra, həmin
ilin mayında Şuşanı zəbt etdilər, sonra
Laçın və Kəlbəcər rayonlarını,
1993-cü ilin ikinci yarısında isə əlavə beş rayonu işğal etdilər. Ölkənizdə 1 milyona yaxın qaçqın və
məcburi köçkün ordusu meydana gəldi.
Son otuz ilə yaxın müddətdə torpaqların
azad edilməsi barədəki Azərbaycanın haqlı tələblərinə
məhəl qoyulmurdu. Ermənistan hərbi xadimləri daha da həyasızlaşıb,
yeni müharibə başlandığı təqdirdə yeni əraziləri
işğal edəcəkləri ilə hədələyirdilər.
2020-ci ilin 27 sentyabrında erməni silahlı qüvvələrinin atəşkəsi pozmasına cavab olaraq Azərbaycan ordusu bir neçə istiqmətdə hücuma keçib, düşmənə ağır zərbələr vurdu. İlk bir ay ərzində gedən döyüşlər nəticəsində Ermənistan ordusunun 2 milyard dollar dəyərində hərbi texnikası və silahı məhv edilmiş, qismən qənimət kimi götürülmüşdü. Ermənistan rəhbərliyi Azərbaycan silahlı qüvvələrinin hücumu davam etdikcə, erməni qoşunlarının bütünlüklə qovulacağından və məhv ediləcəyindən qorxuya düşərək, nüfuz sahibi olan dövlətlərdən atəşkəs razılaşmasının bağlanmasına təcili kömək göstərilməsi üçün yalvarmağa başladı, lakin onların ordusu müharibə cinayətlərinə yol verməklə, mülki əhalini hədəf götürərək, raket atəşi ilə həm də dinc şəhərləri dağıtmaqda davam edirdi. Erməni qoşunlarının vəhşiliyi davam etsə də, onların əsgərləri döyüş mövqelərini tərk edib, çox bahalı hərbi texnikanı qoyub arxaya qaçırdılar. Azərbaycan ordusu isə torpaqlamızı düşməndən uğurla azad edir, hücumlarına fasilə vermirdi. 8 noyabr 2020-ci ildə Prezident İlham Əliyev birbaşa Bakının Şəhidlər meydanından Şuşanın işğaldan azad olunmasını təntənəli qaydada xalqa çatdırdı, Şuşada yenidən Azərbaycan bayrağının dalğalandığını bildirdi. Prezident elan etdi ki, Ermənistan ordusu qısa müddətdə Azərbaycan torpaqlarından bütünlüklə qovulacaqdır. Bir gün sonra Ermənistan rəhbərliyi öz ordusunun təslim olduğunu bildirdi. Bütün işğal olunmuş ərazilər, həmçinin, Dağlıq Qarabağ Ermənistan ordusunun qeyd-şərtsiz təslim olması nəticəsində azad olundu. Azərbaycan ordusu 44 gün davam edən qanlı döyüşlərdə tam və qəti qələbə çaldı, müharibə Azərbaycanın hərbi və siyasi zəfəri ilə başa çatdı. Dağlıq Qarabağın təkcə müstəqillik qazanması barədəki erməni millətçilərinin sərsəm ideyası deyil, keçmiş muxtar vilayət statusu da buxarlanıb, qeybə çəkildi. 10 noyabr 2020-ci il Qələbə günü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaqdır.
Qazanılan qələbələr xalqla hakimiyyətin sıx birliyinin yaranmasına şərait yaratdı. Ölkə Prezidenti İlham Əliyevin möhkəm iradəsi və yenilməz cəsarəti cəbhədə uğurların qazanılmasında, qəti qələbənin çalınmasında müstəsna rol oynadı. Mahir sərkərdəlik qabiliyyəti üzə çıxan Prezident, Ali Baş Komandan vəzifəsinin də öhdəsindən ləyaqətlə gəldi. Xalqın dövlət başçısına etimadı öz zirvəsinə çatdı.
Son iki onillikdə Azərbaycanda gedən müsbət dəyişiklilər, iqtisadi qüdrətin görünməmiş şəkildə böyüməsi döyüş meydanındakı qələbələrin rəhni oldu. Torpaqların qısa müddət ərzində işğaldan azad olunması əvvəlki məğlubiyyətlərin ağrısını unutmağa kömək etmiş, xalqın böyük sevincinə, ruh yüksəkliyinə səbəb olmuşdur. Yeni əsrin iki onilliyində yüksək döyüş qabiliyyətinə malik olan və əslində, tam yeni ordu yaradılmış, silahlı qüvvələr ən müasir hərbi texnika və silahlarla təchiz edilmişdir. Qardaş Türkiyənin hərbi yardımı, xüsusən "Bayraktar TB2" dronları qələbənin əldə edilməsində əhəmiyyətli rol oynamışdır. Ölkə rəhbərliyinin diplomatik fəallığı da olduqca müsbət nəticələr vermiş, Azərbaycanın beynəlxalq nüfuzu xeyli böyümüş, Ermənistan siyasi rəhbərliyinin iç üzü ifşa edilmişdir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 5 iyun.- S.22.