Şuşanın bazarları
İrandan Avropaya, Avropadan isə əks istiqamətdə karvan və ticarət yolları Şuşadan keçdiyi üçün
burada bir neçə növ bazar formalaşmışdı. Xalça, ayaqqabı,
müxtəlif peşələrə
aid bazarlardan ibarət
böyük ticarət
mərkəzi və sair. Şəhərin hər bir məhəlləsində də
kiçik bazarlar fəaliyyət göstərirdi
və onlara "bazarçı", yəni
"kiçik bazar"
deyilirdi. XIX və XX əsrlərdə
Şuşada bir sıra bazarlar var idi.
Qarabağın tarixi, eləcə
də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox
kitabın müəllifi,
tədqiqatçı-jurnalist Vasif Quliyev həmin
yerlər barədə
AZƏRTAC-ın müxbirinə
məlumat verərək
deyib: "Rastabazar"
şəhərin baş
ticarət küçəsi
idi. Mərkəzdən keçən və
qalanın eni boyunca uzanan bu düz küçə
ən böyük ticarət obyektlərindən
sayılırdı. Şuşanın
ən məşhur tacirlərinin arşın
malı, ayaqqabı, paltar, dərzi, çəkməçi,
qəssab, tərəvəz,
bəzzaz, nüsxəbənd,
papaqçı, əttar
dükanları burda yerləşirdi. Küçənin həm başlanğıcında,
həm də qurtaracağında kiçik
meydança vardı.
"Rastabazar"ın başlanğıcından sahə
"bazar başı",
yəni bazarın başlanğıcı, qurtaracağındakı
ərazi isə "meydan" adlanırdı.
"Şeytanbazar" şəhər meydanındakı
karvansaranın qarşısından
başlayaraq "Cıdır
düzü" istiqamətində
uzanan ikinci düz küçə idi. Burada əsasən dəmirçi
və nalbənd dükanları yerləşirdi.
"Həftə bazarı"
şəhərdə yalnız
bazar günləri fəaliyyət göstərən
yarmarka tipli bazar olub. Həftəbazarları arasında ticarət işlərini, əsasən
çarvadarlar və xırdavatçılar yerinə
yetirirdilər.
"Qapandibi" Şuşanın
ilk böyük ticarət
komplekslərindən biri
idi, "Böyük bazar", "Böyük
tərəzi" demək
idi. Bəzən onu "Aşağı
bazar" və ya "Aşağı meydan" adlandırırdılar.
"Yuxarı meydan"la "Aşağı
meydan"ı ("Torpaq
meydanı") birləşdirən
maili relyefli küçə yerləşirdi.
Şəhərin şərq hissəsində
geniş dairə şəklidə olan bu meydanın ortasında 4 kərpic sütunun üstündən
böyük bir tərəzi asılmışdı.
Burda yüzdən çox ikipudluq (32 kiloqramlıq) çəki daşları
vardı. Həmin çəki
daşlarını axşamlar
zəncirlə bağlayıb
açarlayırdılar. Meydanın bir tərəfində faytonçular, digər tərəfində isə
arabaçılar dayanırdı.
Bura Qarabağın kəndlərindən yemiş,
qovun, qarpız, boranı, soğan, kələm və sair bostan bitkiləri,
Daşaltıdan un məmulatları,
Naxçıvandan duz,
Təbrizdən xurma, şərq və Avropa ölkələrindən,
Rusiyadan, Qafqazın müxtəlif şəhərlərindən
növbənöv çeşidli
mallar gətirilir, qapanda çəkiləndən
sonra alıcılara və satıcılara paylanılırdı. Həmin
qapanlarda qoyun, keçi, inək, camış, öküz və digər ev heyvanları,
bir tondan artıq çəkisi olan taxta məhsulları
çəkilirdi. Qapanın ətrafı,
demək olar ki, həmişə yerli və xarici
mallarda dolu olardı.
"Qapandibi"ndən "Bazar
başı"na gedən
dar küçənin
sağ tərəfində
cərgə ilə əsasən, dərzixanalar,
başmaqçı, çay,
parça, sol tərəfində
qəssabxana, çayxana,
cız-bızxana, pitixana,
yağ, bəzzaz, əllaf, əttar, düyü, ləbləbi,
qənnadı, şirniyyat
və cuhudların xırdavat dükanları
vardı. Bu azad
və sərbəst məkanda şəhərin,
əsasən işsiz-gücsüz
adamları toplaşır,
xoruzbazlar xoruzlarını
və bildirçinlərini,
qoçbazlar qoçlarını
və keçilərini
döyüşdürür, itbazlar itlərini boğuşdururdular. Döyüşə buraxılmazdan əvvəl
sahibləri xoruzlarına
istiotli kişmiş yedizdirib onları qızışdıraraq otun
üstünə buraxardılar.
Xoruzlar da bir-birinin üstünə atılıb
döyüşür, biri
o birinin başını
vurub dəlməyincə,
ya da heç
olmasa, gözlərini
vurub çıxarmayınca
əl çəkmirdi.
Xüsusi bəslənmiş qoçların isə başlarına həna yaxır, buynuzlarını
yağlayır və göz dəyməməsi
üçün boyunlarına
gözmuncuğu asır,
lentlə bəzəyib
meydana buraxırdılar.
Onlar da kəllə-kəlləyə
gələrək yorulub
əldən düşənə
qədər bir-birini
al qana qərq etməyincə aralanmazdılar.
Xırda sənətkarların və
tacirlərin məclislərində,
küçələrdə, bazarlarda, iri ticarət meydanlarında çalıb-oxuyan gəzəyən
musiqiçilərin əksəriyyəti
vaxtaşırı "Qapandibi"nə
gəlir, gündəlik
ruzilərini qazanırdılar. Bura İrandan,
əsasən, yaz-yay aylarında dərvişlər
gələr, meydan açıb qəribə
əhvalatlar uydurub danışar, bəzən
də üz-üzə
durub bir-biri ilə deyişərdilər.
Meymun, ilan oynadıb min cür hoqqadan çıxardılar. Bəzən
də kim
istəsə ilanla onu ovsunlayırdılar ki, sonralar həmin
adamı daha başqa ilan sancmasın.
Əllərində mal satan dəllallar bazarı o baş-bu başa gəzib-dolaşır, sıra
ilə düzülüb
müştəri gözləyən
iranlı hamballar işsizlikdən bir-biri ilə dərdləşir,
bəziləri isə
belində palan bir küncdə oturub mürgü vururdular.
Şəhərin bir dəstə işsiz-gücsüz adamı
"Aşağı bazar"da
günlərini belə
keçirirdi. Bura yığışanlara dəyib-toxunan olmurdu.
Yalnız dükanlardan vergi
yığmaq üçün
hərdənbir bazara vergi məmurları gəlirdi.
Bazarla üzbəüz Uğurlu bəy Cavanşirin
karvansarası və yanında dəlləkxanası olan hamamı, 2 baqqal və
2 əttar dükanı şəhərin qonaqlarına mədəni
xidmət göstərirdi. Hər cür ticarət və oyunlar
gedən bu bazar
meydanında həmişə qələbəlik olurdu. Ötən əsrin XX illərinə qədər
fəaliyyət göstərən "Qapandibi
bazarı" uzun illər
Şuşanın satış bazası funksiyasını yerinə
yetirib və şəhər
iqtisadiyyatının inkişafında mühüm
rol oynayıb.
525-ci qəzet.- 2021.- 5 iyun.- S.23.