Moskva həm də Nazım Hikmət
deməkdir...
"Saranın gözləri"
romanını yazarkən
bağlandıq bir-birimizə. Halbuki əvvəllər
nə o, məni çəkə bilirdi özünə, nə də mən onu görməyə can atırdım.
Ta əzəldən soyuq görünürdü gözümə
- uzaq,
quru, laqeyd, bir az da
irinli təsir bağışlayırdı... Elə bilirdim, bircə addım atsam, içindəki çirk partlayıb üstümə
dağılacaq. Yaxşı xatırlayıram,
ilk dəfə qollarını
açaraq məni qucağına çağıranda
bir xeyli tərəddüd də etmişdim. Bir neçə gün
qərarla qərarsızlıq
arasında girinc qalmışdım. Sonra zindan
kimi ağır addımlarımı yerindən
tərpədib ona doğru üz tutmağı bacarmışdım.
Moskvanı deyirəm - ilk baxışda
döyünən ürək
təsiri bağışlayan,
gecə-gündüz hərəkət
halında olan gözəllər gözəli
Moskvanı. Bu dəfə
gözümə bambaşqa
göründü. Min ilin həsrətlisi kimi qaçdım üstünə. Sanki görən kimi o da məni tanıdı.
Hava limanından çıxdığım
andaca yeli ilə üzümü, küləyi ilə saçımı sığalladı.
Yollarından keçdim, küçələrini
dolandım, sağa-sola
boylandım. Havasını ciyərlərimə çəkdim,
boya çəkilmiş
kimi görünən
mavi göyüzündə
suya qərq olmuş kimi dalıb getdim. Bəlkə, min dəfə
"İlahi, bura necə əsrarəngiz yermiş" dedim öz-özümə. Daha əvvəl
gözümə adi şəhər kimi görünən yerlər,
necə olmuşdu ki, nağıllar aləminə çevrilmişdi?
Niyə şəhəri bağrıma
basıb qucaqlamaq istəyirdim? Nə idi məni bu
qədər ram edən?
Hər daşın, hər ağacın, hər yarpağını niyə
tək-tək öpmək
keçirdi içimdən?
Artıq
bu mövsümlərdə
günortalar yandırıcı,
axşamlar dondurucu havası belə mənə anormal təsir bağışlamırdı.
Səhər yeməyində verilən
badımcan, brokoli, bibər, kartof qızartması, ət çığırtması, qaynadılmış
sosiskaya, turşuya belə əvvəlki kimi dodaq büzmürdüm.
Hətta
samovardan isti suyu çaynikə doldurub paket çayla qarışdırmağı
da artıq normal qəbul edirdim. Dəmlənmiş çayın xiffətini
çəkmirdim. Küçələrindəki uzun tıxaclar,
zorla yerindən tərpənən avtomobillər,
bir-birinin ardınca çalınan siqnallar da heç narahat
etmirdi. Günün istənilən saatında
küçələrdə şütüyən avtoxuliqanların
təkərlərdən çıxartdığı
o əcaib səslərə
də qulağımı
bağlamışdım. Sanki hər şey
elə belə də olmalı idi. Küçələrini dolanarkən, binalarını
başdan ayağa süzüb, heykəllərini
sanki ilk dəfə görürmüş kimi
heyranlıqla izləyərkən
anlayırdım bu şəhərin nə qədər əziz olduğunu.
Yaxşı xatırlayıram, yola
çıxmadan əvvəl
bir az
sisli, bir qədər dumanlı idim. Amma şəhərə daxil olduğum andaca sanki bağrımda
bir günəş doğub, bütün qara buludları yoxa çıxartdı.
Bu dəfə səhərləri tez oyanıb, gecələri gec yatıram. Yuxu ilə deyil, şəhərlə daha çox vaxt keçirmək istəyirəm.
Ona görə də, erkəndən özümü
çölə atıb,
gec saatlara qədər gəzib-dolanıram.
İlk baxışda ucsuz-bucaqsız
görünən məşhur
Qorki parkında vaxtın necə keçdiyini bilmədən
aşağı-yuxarı gəzirəm.
Qırmızı meydanda izdihama
qarışaraq, Kremlə
baxıb Rusiyanın xaoslu, qarmaqarışıq,
ən çox da maraqlı olan tarixini beynimdə
canlandırıram. Bütün bunları
böyük maraqla edirəm. Məqsəd
bu möhtəşəm
yeri iliyimə qədər hiss etməkdir.
Moskova artıq Rusiyanın paytaxtı, rusların vətəni deyil, Saranın ata yurdu, Oğuzun xatirələridir. Siyasətin oylağı,
cinayətin məskəni
yox, sevgi şəhəridir mənim
üçün - ədəbiyyatdır,
romandır, mədəniyyət,
teatr, kültürdür
başdan ayağa.
Bir dövrün tarixini başdan yazan, uğrunda ölənə qədər savaşdığı, meydanlarda öndərlik etdiyi, səsini ucaltdığı, bəlkə də, vaxtilə elə bu dəqiqə dayandığım yerdən keçən Trotskinin izlərini daşıyan möcüzədir gözümdə. Hər gəlişdə üz tutduğum açıq səma altında muzey kimi duran Novodeviçi məzarlığıdır. Artıq sadəcə Qoqol, Tolstoy, Dostoyevski, Mayakovski, Çexov, Çaykovski kimi divlər deyil, Moskva həm də Nazım Hikmət deməkdir. Məzarı başında dayanıb, məni eşitdiyinə inandığım və susduqlarımı əyilib pıçıldadığım Nazımın uyuduğu yerdir. Mavi rəngin ən gözəl çalarıdır Moskva.
Moskva
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 5 iyun.- S.19.