Qışqıran valideynlər və
ünsiyyət mədəniyyəti
Leon Gieco: "Qışqırmaq
yalnızlığın xəbərçisidir"
İspan yazıçısı, alim
Miquel de Unanmuno ünsiyyət prosesində
insanların öz fikirlərini qışqıra-qışqıra
ifadə etməsinin onların ruh halından xəbər verdiyini deyirdi.
Yazıçının qənaətincə, insanlar
başqalarının dediklərini
eşitməmək üçün
bağırırlar. Yəni bir
növ narsist və öz səhvlərini görmək
istəməyən, qəbul
etməyən insanlar ünsiyyət zamanı qarşısındakını susdura
bilmək üçün
bağıraraq danışırlar.
Əlbəttə, bu cür davranış
ünsiyyətdə problem yaratsa
da, əslində, bu, özü də bir ünsiyyət
növüdür. Xüsusilə ikili münasibətlərdə,
yaxud toplum qarşısında fikrini
bildirən tərəf
bunu bağıraraq edirsə, bu üslub həm də onun şəxsi
keyfiyyətləri haqda
informasiya verir.
Bəs ailə münasibətlərində,
qadın-kişi, valideyn-övlad
arasındakı ünsiyyətdə
qışqırmaq, yaxud
yüksək səslə
danışmaq hansı
mənfi hallara səbəb ola
bilər?
Qışqırmaq münasibətləri zədələyir
Qışqırmağın həm insanlar, həm də heyvanlar üçün müəyyən
əhəmiyyəti var:
Bu, təhlükələrə qarşı özünü
qorumaq, icmanı xəbərdar etməkdir.
Təbiətdə bir çox
canlının beyni eynən bizim kimi qorxu və
həyəcanla idarə
olunur. Bunlar beynin amiqdala
adlı hissəsini kontrol edən müdafiə mexanizmidir.
Yəni ya qaç, ya gizlən, ya da don qal,
amma həyatda qal. Zil səsi qəbul
edən beynin bu hissəsi ətrafda özünə
qarşı təhdid
ünsürü olduğunu
qəbul edir və ondan qaçmağımıza
kömək göstərən
simpatik sinir sistemini hərəkətə
gətirir.
Qışqırmağın canlılarda bioloji və instinktiv əhəmiyyətini anladıqdan
sonra deyə bilərik ki, ailə daxilində ünsiyyət prosesində
səs tonunun əhəmiyyəti insanlar
üçün çox
vacib faktordur.
Meşəlik bir ərazidə gəzintiyə çıxarkən
uzaqdan bir bağırtı eşitdiyinizi
düşünün. Bu, bir hansısa bir heyvanın səsi ola bilər.
Meşələrdə hər zaman
yüksək səs əsas ünsiyyət formasıdır. Meşə sakinləri
üçün adrenalin həmişə
yüksəkdir. Amma insan
cəmiyyətində, dinc
və keyfiyyətli həyat tərzi uğurun və sağlamlığın əsas
şərtlərindən sayılır.
Ailə daxilində qışqıraraq danışmaq
insanın ibtidai instinktlərini daim tətikləyir, beləcə,
bir şeydən qaçmaq, özünü
müdafiə instinkti
daimi, xroniki stress və qalıcı can ağrısına səbəb
ola bilir.
Məsələn, xroniki baş ağrıları, sümük
və əzələ
ağrıları davamlı
stressin xəbərçiləridir. Hətta psixoloqların
dediyinə görə,
əgər ailə fərdlərindən övladın
atayla ünsiyyət problemi varsa, bu, onda sümük
ağrılarına, anayla
olan ünsiyyət problemi isə daimi əzələ ağrılarına səbəb
olur.
Digər tərəfdən isə,
ailədə aqressiv ünsiyyət tərzinə
məruz qalan tərəf eyni formada ünsiyyət qurmaqla özünə qeyri-iradi müdafiə üsulu formalaşdırır. Bu şəkildə insanlarla
girdiyimiz hər ünsiyyət prosesində
onlarla aramızda olan ünsiyyətin keyfiyyəti azalır.
Keyfiyyətli və mədəni ünsiyyət
vərdişi isə,
həm ailədə, həm iş dünyasında bizi bir addım irəliyə aparan ən vacib fatorlardandır.
Qışqıraraq ünsiyyət qurmaq
Yüksək səs beyni gərəyindən çox
hərəkətə gətirir,
bədəni həyəcan
vəziyyətində saxlayır
və duyğularımızın
tarazlığını sarsıdır. Necə
ki, bədənimizdəki
bir vəzin lazımıdan çox, ya da az hormon ifraz etməsi bütün sinir sistemimizin alt-üst olmasına rəvac verir, eynilə yüksək səs tonuna məruz qalmaq da insanın
duyğusal tarazlığını
poza bilir. Təəssüf ki,
qışqıraraq ünsiyyət
qurmaq ailədaxili münasibətlər üçün
daha xarakterikdir. Bunun nəticəsi isə ailə fərdləri arasında, evdə narahatlıq və aqressivliyə səbəb
olur.
Bədən dili mütəxəssisləri
danımağa mövzusu
və əsaslı fikirləri olmayan insanların qışqırmağa
daha meyilli olduğunu deyirlər. Amma qəribəsi
burasındadır ki, bəzi insanlar yanlarında əyləşən
uşaqlarını danlamaq,
yaxud adi bir hərəkətiylə
bağlı ona xəbərdarlıq etmək
üçün belə,
yüksək səs tonundan istifadə edirlər. Hətta bəzi ailələrdə
fərdlər izlədikləri
filmlə bağlı
münasibət bildirərkən,
süfrə başında
duzqabını istəyərkən
belə yüksək səs tonu ilə
ünsiyyət qururlar.
Bəzi insanlar həqiqətən
də planlı və sakit bir
ünsiyyət qurmaqda
çətinlik çəkirlər.
Məşhur rok sənətçisi
Leon Gieco bağıran
insanların yalnız
olduqlarını deyir. Onun "Qışqırmaq
yalnızlığın xəbərçisidir",
fikri bu yazı üçün
lap yerinə düşür.
Ailə münasibətləri insanların
ən çox əmək, səbr və diqqət verməli olduğu məqamdır. Bu kiçik icma daxilində qurulan hər ünsiyyət cəmiyyətdə başqa
bir formada qarşımıza çıxır.
Əgər ailədə ünsiyyət
sağlam və etikdirsə, həmin ailədə böyüyən
fərdlər cəmiyyətdə
də öz yerini bu cür
tapırlar. Yox, əgər
ailə daxilində bir sıra problemlər
varsa, o ailədən çıxan fərdlərin
cəmiyyətlə və
təbiətlə münasibətlərində
də pozuntulara rast gəlmək mümkündür.
Səs tonumuzu nə müəyyənləşdirir?
Ailədə yanlış olan ünsiyyət formalarından
biri, hətta birincisi yüksək səs tonu ilə
danışmaqdır. Danışarkən səsimizin tonunu biz yox, ana və
atamızın bizə
qarşı nə qədər diqqətcil olduqları, yaxud da bizi nə
dərəcədə gözardı
etdikləri müəyyənləşdirə
bilir. Qışqıraraq ünsiyyət quran
şəxlərin içində
olduqları psixoloji hala iki formada
aydınlıq gətirə
bilərik. Birincisi,
ola bilsin
ki, bu insanlar
həddən artıq
eqoist və narsist insanlardır. Buna görə də
hər dialoqda həmsöhbətini əzmək,
üstə çıxmaq
və diqqət çəkmək istəyir,
səhvlərini qəbul
etmir və tənqid olunmağa qarşı dözümsüzdür.
İkincisi, ən miskini
isə insanın görülmək, duyulmaq
arzusudur. Bu insanlar adətən ailədə uşaqlıqdan
dinlənilməyən, sözünə
və varlığına
etimadla, qayğıyla
yanaşılmayan insanlar
olurlar. Bu cür ailələrə fikir versək, evdə televizor hər zaman açıqdır, ailə
fərdləri bir-birini
dinləmədən danışır,
uşağın fikir
və istəkləri
gözardı edilir, onun dediklərinə əhəmiyyət verilmir.
Belə ailələrdə böyüyən
fərdlərin yüksək
səs tonuyla, yaxud qışqıraraq danışması normaldır
və "məni gör" mənasına
gəlir.
Gəlin qəbul edək ki, insan nə
ana-atasını, nə
də bacı-qardaşını
dəyişdirə bilər. Əgər nəyisə
dəyişdirmək istəyiriksə,
özümüzdən başlamalıyıq.
Danışarkən sözünü eşitdirmək üçün
qışqırmağın faydasız və qeyri-etik olduğunu, bunun həm bizə, həm də ailə fərdlərinə ziyan verdiyini əvvəlcə özümüz anlamalıyıq.
Seçdiyimiz sözlərə diqqət etməli, sakit və anlayışlı
formada danışmağın
ən yaxşı və təsirli ünsiyyət tərzi olduğu fikrini mənimsəməliyik.
Keçmişi yenidən yaza bilmərik, amma bu gündən başlayaraq
gələcəkdəki ünsiyyət tərzimizi özümüz idarə edə bilərik. Bunun üçün insan əvvəlcə öz
davranışlarını şüurlu formada izləməlidir. Ailə, dostluq və ikitərəfli münasibətlərimizi
bu formada yenidən yarada bilərik. Daha yüksək səslə danışarkən,
qışqırıb-bağırarkən söylədiyimiz doğru fikirlər belə adətən
yanlış səslənir. İnsan
münasibətlərində önəmli olan
dinləməyi bacarmaq, səssiz
qalmağı, alçaq səs tonuyla danışmağı bilməkdir.
Bu, həm insanın mədəniyyətindən
xəbər verir, həm də təsirli
və sağlam ünsiyyətin sirridir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 5 iyun.- S.18.