Məhəmməd Əmin Rəsulzadə "Qafqaz dağlıları" jurnalının səhifələrində  

 

 (Əvvəli 28 may sayımızda)

 

Nəhayət, Türkiyə ilə Azərbaycanı təhlükəli panturanizm meyllərində  günahlandıran Xondakaryan və sözçüsü olduğu Daşnak partiyasının ermənilərin əsas qüvvə kimi çıxış edəcəkləri panarmenian birliyi xülyaları da Məhəmməd Əminin diqqətindən yayınmamışdı. O, "Droşak" qəzetinin "erməni mərkəzləri", yaxud "ocaqları" ətrafında "nəcib farsları, döyüşkən kürdləri, igid belucları, çiləkləri", hətta puştunları, əfqanları, indusları və digər hind-Avropa xalqlarının nümayəndələrini birləşdirmək çağırışına münasibət bildirərək yazırdı:

 

"Bu birliyin məqsədi nədir? Məlum olur ki, adları çəkilən xalqların birliyi ari irqinin çoxəsrlik qəddar və barışmaz düşməni sayılan turanlılara qarşı yaradılır. Həm də başqa bir erməni müəllifi Eqikyanın yazdığına görə, panarmenian birliyi, yaxud panarmenian mərkəzində İranın rolu dağınıq alman torpaqlarının birləşdirilməsində Prussiyanın oynadığı rola bənzəyəcək. Daşnak nəzəriyyəçiləri çevrələrindəki ari xalqlarının birləşməsindən bəhs edərkən Rusiyanın bu "əzəmətli plana" necə yanaşacağı barədə bir söz də deməyiblər. Görəsən, Xondakaryanın nümayiş etdirdiyi susqunluq Ermənistanın Rusiyadan uzaqlaşaraq İrana birləşməsi anlamına gəlmir ki?"

 

Göründüyü kimi, M.Ə.Rəsulzadə hələ ötən əsrin 20-ci illərinin sonunda Ermənistanın dövlətçilik düşüncəsində, xarici siyasətində yer alan və indi   reallığını saxlayan mühüm bir məsələyə, yaxud istəyə toxunmuşdur. Bu da İranın öncüllüyü ilə irandilli xalqların Türkiyəyə, Azərbaycana və bütünlükdə türk dünyasına qarşı bir araya gətirilməsi niyyətidir. Gözlərimiz önündə cərəyan edən 44 günlük Vətən müharibəsi zamanı  Ermənistan ciddi uğur qazana bilməsə də,  tarixi İran-Turan qarşıdurmasından maksimum dərəcədə yararlanmağa, ölkəmizdə etnik münaqişə yaratmağa çalışdığını müşahidə edə bildik.

 

Məhəmməd Əminin "Rusiyanın köləliyində" məqaləsinin sonunda gəldiyi aşağıdakı nəticə də günümüzlə heyrətamiz dərəcədə səsləşməkdədir: "Əgər təmsil etdikləri millətdən daha çox öz maraqları, iddiaları haqda düşünən bəzi erməni xadimləri birgə yaşamağa məhkum olduqları qonşularına qarşı sensasiya xarakterli həmlələrində bir qədər ehtiyatlı davransaydılar, bu, ilk növbədə öz millətinə münasibətdə ağıllı və faydalı addım sayılardı".

 

Təəssüf ki, regionda cərəyan edən hadisələr XXI əsrdə də yüz il əvvəlki ssenarinin təkrarlanmasına göstərilən cəhddən xəbər verir. Aradan keçən onilliklər revanşist meyllərin əsiri olan erməni millətçilərin heç nə öyrədə bilməyib...

 

Məhəmməd Əminin Qafqaz birliyi ideyasından bəhs edən silsilə məqalələri  mövzunu həm tarixi aspektdə, həm  çağdaş dövrün kontekstində, həm Qafqaz regionunun hüdudları daxilində, həm də mühacirətdəki Qafqaz təmsilçiləri arasında araşdırmaq baxımından da kifayət qədər geniş və zəngin mənzərə açır.

 

1933-cü ilin fevralında 1917-ci il oktyabr çevrilişindən sonra bölgənin idarəçiliyi ilə bağlı məsuliyyəti üzərinə götürən və Qafqaz xalqlarının təmsilçiliyi əsasında formalaşan ilk seçkili qanunverici qurumun - Zaqafqaziya Seyminin 15 illiyi tamam oldu. Məhəmməd Əmin çoxlarının yadına düşməyən, Sovet İttifaqında isə yerli-dibli unutdurulan mühüm ictimai-siyasi hadisə ilə bağlı "Qafqaz dağlıları" jurnalında "Bir tarixin mənası. (Zaqafqaziya Seyminin on beş illiyinə") adlı məqalə çap etdirmişdi. Yaxın tarixi keçmişə yalnız azərbaycanlı siyasi xadimin deyil, həm də ümumqafqaz hərəkatının liderlərindən birinin münasibəti şəklində təqdim olunan məqalənin hazırlanmasında tarixi qaynaqlarla yanaşı, əvvəldən sona qədər  prosesin fəal iştirakçılarından biri kimi özünün xatirə və təəssüratlarından da yetərincə istifadə edilmişdi. Müəllif Zaqafqaziya Seyminin üç ay davam edən mövcudluq tarixini hər hansı milli-məhəlli məqsəd və meyllərə uymadan obyektiv şəkildə işıqlandırmağa diqqət yetirmişdi.

 

M.Ə.Rəsulzadə çarizmin devrilməsi və inqilabi dəyişikliklərin bərqərar olması uğrunda mübarizə aparan qüvvələri şərti olaraq iki yerə ayırırdı. "Universal ideya" tərəfdarları əsas etibarı ilə rus liberal-demokrat və sosialist cəbhəsini təmsil edirdi. Onlar xalq kütlələrini sosial-siyasi sistem kimi rejim əleyhinə mübarizəyə səsləsələr də, imperiyanın mövcud sərhədlərinin dəyişməsini yolverilməz sayırdılar. Başqa sözlə desək, qeyri-rus xalqların istəklərini nəzərə almadan "vahid və bölünməz Rusiya" ideyasını dəstəkləyirdilər. Və bu mənada mütləqiyyət tərəfdarları ilə həmfikir idilər. Lakin hakim millətin təmsilçilərindən fərqli olaraq müstəmləkə asılılığındakı qeyri-rus xalqların nümayəndələri inqilaba ilk növbədə milli-azadlıq mübarizəsi kimi yanaşırdılar. Yəni köklü dəyişiklik onların nəzərində hər şeydən əvvəl milli müstəqilliyə qovuşmaq idi. Bu isə Rusiyanın vahidliyi və bölünməzliyi prinsipini yerli-dibli istisna edirdi. Əslində, başqa alternativ yox idi. Yalnız imperiyanın süqutu nəticəsində ikiqat zülm altında yaşayan milli ucqarlar öz taleyinin həqiqi sahibi ola bilərdi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə ikinci qüvvənin təmsilçilərindən və ideoloqlarından idi.

 

Ona görə də bu sözləri yazmaq üçün özünü həm siyasi və mənəvi cəhətdən tam haqlı sayırdı: "Əgər "universalistlərin" fikrincə, rus inqilabının obyektiv rolu yalnız imperiya hüdudları daxilində sosial-siyasi islahatların həyata keçirilməsi idisə, milli ideoloqların nəzərində məqsəd imperiyanın dağılması, müstəmləkə boyunduruğu altındakı xalqların azadlığa çıxması idi" .

 

Qurucuları sırasında yer aldığı Zaqafqaziya Seymi də ilk növbədə həmin məqsədə xidmət edirdi. Lakin Seym həqiqətən də səlahiyyətlərini xalqdan alan və həyati qabiliyyətə malik bir orqan idimi? Mürəkkəb şəraitdə qarşısına qoyulan son dərəcə çətin və mürəkkəb vəzifələri yerinə yetirməyə imkanları vardımı?

 

Məhəmməd Əmin 9 aprel tarixli iclasda "universalistlərin" nümayəndəsi, rus əsilli deputat Semyonovun xəbərdarlıq xarakterli sözlərini xatırlayırdı: "Bu sürüşkən yolu tutmaqla siz yalnız Zaqafqaziyanı Rusiyadan ayırmırsınız, ardınca özünüz də ayrı-ayrı dövlətlərə parçalanacaqsınız. Sonra isə ayrı-ayrı qəzalara və feodal əyalətlərə bölünəcəksiniz.   bölünə-bölünə son nəticədə tarixinizin Rusiya imperiyasının tərkibinə daxil olan dövrdəki vəziyyətinə qayıdacaqsınız". Müəllif rus həmkarının bu "uzaqgörənliyinin" həqiqətə müəyyən dərəcədə uyğun olması fikri ilə razılaşmaqla bir sırada ortaya haqlı sual da qoyurdu: "Doğrudanmı Seymin süqutu Qafqaz xalqlarının birləşmək təşəbbüsünün uğursuzluğa düçar olması kimi nəzərdən keçirilməlidir?"

 

Məhəmməd Əminin fikrincə, Seym Qafqaz xalqlarının iradəsinin məhsulu kimi, kütlələrin tələbi ilə "aşağıdan" yaranmamışdı. Sadəcə regionda anarxiya və xaosun qarşısını almaq, Fevral inqilabının uğurlarını qoruyub saxlamaq, idarəçilik mexanizminin tamam sıradan çıxmasına yol verməmək üçün "yuxarıdan" - siyasi dairələrin istəyi ilə təşkil olunmuşdu. Bu mənada lideri olduğu "Müsavat" partiyası Seymi sadəcə müəssislər məclisi tipli müvəqqəti orqan hesab edirdi. Bu orqan Qafqaz xalqlarının qarşılıqlı münasibətlərini, idarəçilik və birgəyaşayış prinsiplərini  müəyyən etməli idi. Lakin məhz xalq iradəsinə əsaslana bilmədiyinə, gündəlik işində ayrı-seçkiliyə yol verdiyinə, tərəfsiz hakim kimi çıxış etmək vəzifəsinin öhdəsindən gəlmədiyinə görə fəaliyyəti uğurlu olmadı.

 

 

 

Seym iflasa uğrasa da, Məhəmməd Əmin onu tamamilə uğursuz tarixi təcrübə hesab etmirdi. Əksinə, keçilməsi faydalı, hətta zəruri bir mərhələ sayırdı: Müəllif Qafqazda birgə idarəçilik ideyasının lehinə və əleyhinə olan fikirləri nəzərdən keçirərək yazırdı: "Seymin süqutu əvvəldən də güman edildiyi kimi, ümumqafqaz ideologiyasının məğlubiyyətə uğraması sayıla bilməz. Milli respublikaların yaranması ilə bu ideya yenidən yaşamaq hüququ qazandı. Seymin iclaslarında tez-tez Rusiya ilə federasiya haqda təkliflər eşidilirdi. Milli Qafqaz respublikaları isə bu bədnam çağırışların qarşısını alaraq onların düşüncələrdən həmişəlik silinməsinə zəmin yaratdı və Qafqaz Konfederasiyası ideyasını ön plana çıxardı. Bu istiqamətdə ilk addım kimi Azərbaycan və Gürcüstan respublikaları arasında müdafiə ittifaqı barəsində saziş imzalandı".

 

Onu da qeyd edək ki, Məhəmməd Əminin Zaqafqaziya Seyminə, Qafqaz Konfedrasiyası ideyasına, bütünlükdə Qafqaz xalqlarının birliyi məsələsinə münasibətində müəyyən siyasi romantika meylləri, bəzi hallarda prosesləri reallıqda olduğu kimi deyil, arzularında yaşatdığı kimi göstərmək istəyi də gözə çarpır. Məqalənin mühacirətdə yazıldığını, mühacir nəşrində işıq üzü gördüyünü nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Təbii ki, Seymin Azərbaycan türklərinə ögey münasibəti, Bakıda daşnak-bolşevik işğalı ilə bağlı heç bir əməli addım atmaması, gürcü və ermənilərin (ən çox da sonuncuların!) müzakirələr zamanı, necə deyərlər, közü öz qabaqlarına çəkməsi Məhəmməd Əmin bəyin diqqətindən yayına bilməzdi. Zamanında bu hallara kəskin münasibətini bildirmiş, prinsipial mövqedən geri çəkilməmişdi. Lakin siyasi mühacir kimi yaşadığı Türkiyə, yaxud Polşada yenidən keçmişi qurdalamaq əslində, odun üstünə benzin tökmək kimi bir iş olardı. Mühacir həyatı vətənlə bağlı proseslərdəki pozitiv meylləri, ümidverici və ruhlandırıcı amilləri ön plana çəkməyi, gələcəyə istiqamətlənən səy və istəkləri qabartmağı zərurətə çevirirdi. Bu mənada Məhəmməd Əmin də partiya mətbuatının, partiya təbliğatının tələblərinə əməl edərək hazır klişelərdən yararlanmaq məcburiyyətində qalırdı.

 

Amma istənilən halda aşağıdakı sözlərin ürəyin dərinliyindən gəldiyinə və səmimiliyinə şübhə ola bilməzdi: "Yaşadığımız dövrdə Qafqaz Konfederasiyası şüarı sadəcə mühacir fikrinin bəhrəsi deyil. Yox, oradan, vətəndən gələn xəbərlər də qəti şəkildə sübut edir ki, Qafqaz xalqlarının mübarizəyə qalxan oğulları tam şəkildə bu ideyanın təsiri altındadır.

 

Şübhə yoxdur ki, rus imperializminin müstəmləkə boyunduruğundan xilas olub milli respublikalarını yaradan Qafqaz xalqları qırmızı imperializmin süqutu ərəfəsində də üsyan bayrağı qaldıraraq bu dəfə müttəfiq respublikalar kimi Qafqaz Konfederasiyası çərçivəsində birləşəcəklər".

 

Bu tarixi nikbinliyin və gələcəyə inamın təsiri altında müəllif Zaqafqaziya Seyminin 15 illiyinə həsr olunmuş məqaləsini geniş yayılmış məlum ifadənin təkrarından ibarət aşağıdakı şüarla yekunlaşdırmışdı: "Əgər Zaqafqaziya Seymi ölübsə, elə isə qoy yaşasın Qafqaz Konfederasiyası!"

 

Məhəmməd Əminin "Qafqaz dağlıları" jurnalında çap olunan "Qafqazın birliyi şüarı altında", "Diqqətəlayiq hadisə" kimi məqalələri əsas etibarı ilə Sovet mətbuatının materiallarına istinadən yazılmışdı. Təbii ki, bu materiallar geniş oxucu kütləsi üçün açıq idi və özündə heç bir dövlət sirri ehtiva etmirdi. Amma o da gizli deyildi ki, bir tərəfdən Sovet rejiminin mahiyyətinə və təbliğat metodlarına, digər tərəfdən isə yerlərdəki situasiyaya yaxşı bələd olan siyasi mühacirət nümayəndələri sətirlər arası həqiqətləri oxumağı bacarırdılar. Hətta qələbə raportlarının arxasında da problem və ziddiyyətləri, insan faciələrini görə bilirdilər. Digər tərəfdən 1930-cu illərin əvvəllərinə qədər "dəmir pərdə" rejimi tam bərqərar olmadığından ölkə daxilindən bəzən "Ezop dili" ilə yazılmış xəbərlər və korrespondensiyalar da almaq imkanı da mövcud idi. Aşağıdakı sətirlər də ilk növbədə həmin məlumatların təsiri altında yazılmışdı: "Qoy Moskva radiosu bütün dünyanı aldatsın. Qoy hər gün xəbər yaysın ki, bolşeviklər azadlıq gətirib, xalqları sərbəst və müstəqil ittifaqda birləşdirib. Lakin baş verən hadisələr bu riyakar xəbərləri təkzib edirlər. Bolşevik yalanları hər gün faş olunur".

 

"Zorla Sovet İttifaqının tərkibinə qatılan Azərbaycan" (M.Ə.Rəsulzadə) və digər Cənubi Qafqaz ölkələrinin yalan üzərində qurulmuş fərəhsiz həyatından, tarixi vətəndə milli ruhun əzilməsindən, şərəf və heysiyyətin tapdamasından, ölkənin bütün sərvətlərin Moskvaya daşınmasından, bolşevik şüarları altında yeni müstəmləkəçilik siyasətinin həyata keçirilməsindən bəhs edən müəllif "Bəs çıxış yolu haradadır? İnsanlar tarixdə indiyə qədər bu görünməmiş bu əsarətdən necə xilas ola bilərlər? " - deyə soruşur və kütlələrə ünvanlandığı suala özü cavab verirdi: "Yalnız bir çıxış yolu var: Milli müstəqillik uğrunda qırmızı imperializmə qarşı mübarizə bayrağı qaldırmaq!"

 

M.Ə.Rəsulzadə Azərbaycanın və digər Qafqaz respublikalarının Sovet rejimi şəraitində üzləşdiyi siyasi, tarixi, mədəni, mənəvi, hətta iqtisadi problemləri bolşevik idarəçilərdən yaxşı bilirdi. Ona görə də rus həyat tərzi, mənəviyyatı, əxlaqı, idarəçilik və təsərrüfat fəaliyyəti ilə bağlı şablonların mexaniki şəkildə milli ucqarlara köçürülməsinin yaxşı nəticə verməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq edirdi. Xüsusən 1930-cu il Nuxa (Şəki) üsyanının təsiri altında yazılan "Qafqazın birliyi şüarı altında" məqaləsində qəzəb və hiddətini gizlətmirdi. "Qafqazda heç zaman icma əkinçiliyi olmayıb. Bu, rus həyatı üçün səciyyəvi xüsusiyyətdir. Digər tərəfdən, icma əkinçiliyi ilə bağlı eksperiment 70 faizdən çoxu qeyri-azərbaycanlılardan ibarət Sovet məmurlarının əli ilə aparılır. İnqilabın məcburedici gücü isə Rusiyanın işğalçı Qırmızı ordusudur".

 

Azərbaycanın Sovet İttifaqı üçün xammal bazasına çevrilməsi, ölkənin neft və kənd təsərrüfatı məhsullarının cüzi qiymətə, əksər hallarda isə müftə Rusiyaya daşınması bir vətənpərvər kimi Məhəmməd Əmini hiddətləndirirdi. O, respublika miqyasında siyasi rəhbərliyin və idarəçiliyin yad əllərə tapşırılması, Azərbaycan türkünün vətənində hüquqsuz vəziyyətə salınması, qısa ömürlü Cümhuriyyət dövrünün məqsədyönlü şəkildə "müsavatçılıq" kimi damğalanması hallarını Stalinin milli məsələ ilə bağlı vədlərinin puçluğu ilə əlaqələndirirdi. Məhəmməd Əmin Moskvanın atdığı sərt addımların Sovet imperiyasının labüd məhvini sürətləndirən amillər sayırdı: "Baş katibinin zəfərlərdən sərməst olmasına baxmayaraq, kommunist diktaturasının süqutu, şübhəsiz, əvvəlki sürətlə davam etməkdədir. Sovet dövlətinin vücudunu daxildən parçalayıb dağıdan ziddiyyətlər günü-gündən güclənməkdədir". Müəllifin qənaətinə görə, ifrat mərkəzləşdirmə ilə milli hərəkatın qüvvətlənməsi bu ziddiyyətlərin iki barışmaz qütbü idi və onların qarşılaşması mütləq rejimin kollapsı ilə nəticələnəcəkdi.

 

Təbii ki, Məhəmməd Əminin "Qafqazın birliyi şüarı altında" məqaləsində gəldiyi bu qənaət ilk baxışdan inandırıcı görünmürdü və tarixin gedişi ilə də inkar olundu. Onun, habelə bir sıra digər tanınmış siyasi mühacirət liderlərinin anonsunu verdikləri kollaps həqiqətə çevrilmədi. Lakin 1930-cu illərin başlanğıcından, xüsusən də S.M.Kirovun qətlindən sonra Sovet İttifaqının böyük bir həbs düşərgəsi halına gəldiyini yada saldıqda, M.Ə.Rəsulzadənin öz proqnozlarını ucsuz-bucaqsız QULAQ üçün deyil, az-çox normal siyasi və iqtisadi qanunlara əsaslanan quruluş üçün verdiyi verdiyi və bu mənada mülahizələrində tarixi obyektivliyə əsaslandığı fikri ilə razılaşmaq lazımdır.

 

1933-cü ildə Parisdə Cümhuriyyət Parlamentindən yaxşı tanıdığı həmkarı, Versal Sülh konfransında Azərbaycan nümayəndə heyətinin üzvü Miryaqub Mehdiyevin (Mir Yaqub) "Le Probleme de Caucase" ("Qafqaz problemi") kitabı çapdan çıxanda M.Ə.Rəsulzadə mövzu baxımından öz publisist yaradıcılığı üçün də səciyyəvi olan əsərə laqeyd qalmamışdı. Tezliklə "Qafqaz dağlıları" jurnalında geniş resenziya ilə çıxış etmişdi. Bundan əvvəl isə həmkarının "Beynəlxalq siyasətdə petrol" kitabına ətraflı müqəddimə yazmışdı.

 

Qafqaz problemini "tarixin çox mühüm məsələlərindən biri" adlandıran resenzent mövzunun dörd Qafqaz dövlətinin milli münasibətlərinin tənzimlənməsi və müxtəlif sivilizasiyalar - Şərqlə Qərb arasında əlaqə yaratmaq, bununla da dünyaya unikal dəyərlər təqdim etmək baxımından əhəmiyyətini xüsusi vurğulayırdı: "Mir Yaqubun kitabının dəyəri bir də ondadır ki, Qafqaz probleminin qeyd etdiyim həmin cəhətlərini işıqlandırmaqla Avropa oxucusuna bilməsi zəruri olan son dərəcə gərəkli məlumatlar çatdırır". Özünün də ardıcıl tərəfdarlarından olduğu Qafqaz Konfederasiyası ideyasını inadırıcı şəkildə təbliğ etməsi də Məhəmməd Əminin nəzərində soydaşının əsərinə siyasi aktuallıq və sanbal qazandıran keyfiyyətlərdən idi.

 

Mir Yaqubun yeni kitabı ilə bağlı fikirlərini bölüşərkən Məhəmməd Əmin Türkiyədə bəzən özünün də iştirakçısı olduğu mübahisəli məqama da toxunmuşdu. Qardaş ölkədə bəzi hallarda azərbaycanlı siyasi mühacirləri qınayırdılar ki, onlar Qafqaz birliyi ideyasına böyük önəm verməklə əslində, türkçülükdən uzaqlaşırlar. Bu iradlara çağdaş türk siyasəti ilə bağlı müqayisəli təhlillərlə cavab verən Məhəmməd Əmin yazırdı: "Cümhuriyyət Türkiyəsinin siyasi və dövlət xadimlərinin fəaliyyətini nəzərdən keçirərkən bir daha inandıq ki, bu məsələdə (Qafqaz Konfederasiyası nəzərdə tutulur - V.Q.) Türkiyə bizim konsepsiyaya rəğbət bəsləyir. Əgər Türkiyə milli-azadlıq mübarizəsi illərində barışmaz düşməni olan Yunanıstanla dostluq paktı imzalayırsa, əgər Türkiyədə Balkan federasiyası haqda həyati əhəmiyyətə malik vacib  layihə kimi danışılırsa, o zaman Azərbaycan nə üçün aralarında heç vaxt kəskin ziddiyyətlər olmayan Gürcüstanla anlaşmasın, nə üçün ölkənin Qafqaz Konfederasiyasına qoşulmaq niyyətinə mənfi qiymət verilsin? Əgər Türkiyə gündəlikdə dayanan Balkan federasiyasına daxil olmaqla "türklük ideyasına qarşı cinayət işləyirsə", eybi yox, qoy o zaman Azərbaycan da belə bir "cinayətdə" yer alsın".

 

Məhəmməd Əmin "türkçülüyün həqiqi dostlarını" əmin edirdi ki, Azərbaycan milli hərəkatı heç zaman ümumtürk dəyərlərinə arxa çevirməyəcək. İlk baxışdan sanki türkçülükdən uzaqlaşma təəssüratı yaradan Qafqaz Konfederasiyası ideyası isə hər vasitə ilə bölgənin Türkiyəyə yaxınlaşmasını əngəlləyən qırmızı rus imperializminin regiona təsir gücünü zəiflətmək üçün əl atılan vasitələrdən biridir. Eyni zamanda, onun da fərqində idi ki, "Rusiyaya meyldən xilas olmaq istəməyənlər, yaxud bacarmayanlar hələ də bu fikirlə barışa bilmir və özlərini Qafqaz birliyi ideyasından kənarda qoyurlar".

 

Şübhəsiz, Məhəmməd Əminin nəzəri-polemik xarakterli qeydləri həmkarı Mir Yaqubun "Qafqaz problemi" kitabının Qafqaz siyasi mühacirət dairələrində və qafqazşünaslar arasında geniş yayılmasına müəyyən təkan vermişdi.

 

Azərbaycanlı müəllifin "Qafqaz dağlıları" jurnalında çap etdirdiyi məqalələr arasında mövzusunun fərqliliyi, qeyri-ənənəviliyi ilə seçilən bir maraqlı yazı da var. Söhbət "Türkiyə və Avropa" adlı məqalədən gedir.

 

1931-ci ildə Sovet rəhbərliyinin təkidli xahişləri nəticəsində siyasi fəaliyyəti üçün hər baxımdan münasib sayılan Türkiyədən çıxarılmasına baxmayaraq, Məhəmməd Əmin proseslərin pərdə arxasına yaxşı bələd olduğundan heç zaman nə Türkiyə rəhbərliyindən, nə də türk xalqından incimişdi. Əksinə, siyasi mühacir kimi yaşadığı Polşa, Almaniya və Rumıniyada qardaş ölkənin qeyri-rəsmi təmsilçisi, onun maraq və mənafelərinin ardıcıl müdafiəçisi kimi çıxış etmişdi. Türkiyənin ölkə daxilində və beynəlxalq aləmdə uğurlarına hamıdan çox sevinmiş, problem və çətinliklərinə həqiqi türk vətənpərvərlərindən az kədərlənməmişdi. Türk dünyası üçün əvəzsiz itki ilə səciyyələnən 1938-ci ildə isə "Şimali Kafkasya" jurnalında "Kamal Atatürkün ölümü münasibəti ilə" adlı məqalə dərc etdirib türk dahisini böyük siyasi  şəxsiyyət və öndəri olduğu Qurtuluş savaşı ilə dünya xəritəsini dəyişən əzmkar lider kimi dəyərləndirmişdi.               

 

"Tarixin qəribə hadisəsi sayıla bilər: - deyə Atatürkün düşüncə tərzinin və siyasi iradəsinin qeyri-adi gedişlərindən söz açan M.Ə.Rəsulzadə yazırdı: - Siyasi mövcudluq haqqını Avropaya qarşı mübarizədə əldə edən bu Şərq cümhuriyyəti öz sosial və mədəni-mənəvi həyatının əsaslarını qurarkən ənənəvi surətdə "Avropa mədəniyyəti" kimi tanınan müasir ideyaların tətbiqi yolunu tutdu.

 

Kamalizm çoxlarının qabaqcadan güman etdikləri kimi, özünü Qərbə nifrət bəsləyən "fanatik Şərq" deyil, əksinə, Şərqin köklü şəkildə avropalaşdırılması məqsədi güdən inqilabi hərəkat şəklində ortaya qoydu" .

 

1932-ci il iyulun 18-də Türkiyə Cümhuriyyəti dünya miqyaslı beynəlxalq qurumun - BMT-nin sələfi rolunu oynayan Millətlər Liqasının tamhüquqlu üzvü olmuşdu. Çağdaş Türkiyənin xarici siyasətindəki bu mühüm addım Məhəmməd Əminin diqqətini ilk növbədə Ankaranın tədricən Rusiyanın nüfuz dairəsindən uzaqlaşması və Qərbə yaxınlaşması baxımından çəkmişdi. Onun fikrincə, Türkiyə-Avropa münasibətlərinin intensiv xarakter alması Qafqaz respublikalarının siyasi gələcəyinə, hətta Qafqaz Konfederasiyasının reallıq kimi gündəmə gəlməsinə də müsbət təsir göstərə bilərdi. Dünya birliyinə, ilk növbədə demokratik təsisatların və qabaqcıl texnologiyanın cəmiyyət həyatında önəmli yer tutduğu Avropa ilə yaxınlaşma M.Ə.Rəsulzadənin fikrincə, Türkiyə kimi ənənəvi Şərq ölkəsinin çağdaş dəyərlər əsasında yenidən qurulmasına və müsbət mənada dəyişməsinə zəmin yarada bilərdi. Türkiyə tarixinin sonrakı mərhələləri Məhəmməd Əminin qardaş ölkənin gələcək inkişaf yolunu və strateji seçimini uzaqgörənliklə proqnozlaşdırdığını söyləməyə əsas verir.

 

"Qafqaz dağlıları" və "Şimali Kafkasya" jurnallarındakı məqalələri M.Ə.Rəsulzadənin günümüzün reallıqları ilə səsləşən, tarixi əhəmiyyətini itirməyən yetkin siyasi publisistika nümunələri kimi diqqəti cəlb edir. Bu yazıların ana dilinə tərcüməsi, müəllifin əsərləri külliyyatına daxil edilməsi və dövrün kontekstində daha təfərrüatlı şəkildə araşdırılıb öyrənilməsi tarixçi və politoloqlarımızın qarşısında duran vəzifədir.

 

 

Vilayət QULİYEV

 

 

525-ci qəzet.- 2021.- 5 iyun.- S.16-17.