İçməli su təchizatı layihələri
Azərbaycan dövlətinin
həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsi
5
iyun su təsərrüfatı və meliorasiya işçilərinin
peşə bayramı günüdür
Tarix boyu
insanların suya tələbatının ödənilməsinə
yönəlmiş hər bir iş savab əməl
sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət
gətirdiyini xatırladan böyük dövlət xadimi,
xalqımızın Ümummilli lideri Heydər Əliyevin,
"Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə
xalqın, millətin, insanların məhəbbətini
qazanır", fikirləri su təsərrüfatı
işçilərinin əməyinə verilən ən
böyük qiymətdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, "Su
sağlamlıq deməkdir. Təmiz içməli su
insanın sağlamlığına verilən ən
böyük töhfədir", sözləri də insan
amilinə verilən önəmin təcəssümüdür.
Sudan səmərəli
istifadə şirin su ehtiyatlarının məhdud olduğu Azərbaycanda
bütün dövrlərdə aktual olub. Orta əsrlərə
aid mənbələrdə Azərbaycanın bəzi
yaşayış məntəqələrində su təchizatı
sistemlərinin yaradılması barədə faktlar
mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf
dövrü isə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə
təsadüf edir. Xaçmaz rayonu ərazisindən Abşeron
yarımadasına 187,5 km uzunluğunda Şollar-Bakı su kəməri
çəkilib və 1917-ci ildə istismara verilib. Bakı şəhərində
ilk dəfə mərkəzləşdirilmiş içməli
su şəbəkəsi yaradılıb.
Azərbaycanın
içməli su və kanalizasiya sektorunun sürətli
inkişafı böyük dövlət xadimi Heydər Əliyevin
adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü
və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci
illərində Kür Sutəmizləyici Qurğular Kompleksi
yaradılıb, burada emal olunan suyun Abşeron
yarımadasına nəqli üçün magistral kəmərlər
çəkilib. Bu layihələr sürətlə
böyüyən və inkişaf edən Bakının
içməli su ilə təchizatında həyati əhəmiyyət
kəsb edib.
1970-80-ci
illərdə Ulu öndərin birbaşa nəzarəti
altında Bakı şəhərinin tullantı su
infrastrukturunun inkişafını nəzərdə tutan
"Böyük kanalizasiya" layihəsi
reallaşdırılıb. Həmin dövrdə Hövsan
Aerasiya Stansiyası, eləcə də "Sənaye
zonası", "Şəhərkənarı" və "Sahil"
kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa
edilib.
Müstəqilliyin
ilk illərindən əhalinin içməli su təminatının
yaxşılaşdırılması diqqətdə
saxlanılıb. Ölkədə siyasi sabitlik bərqərar
olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və
İnkişaf Bankı "Böyük Bakının su təchizatı
sisteminin yenidən qurulması layihəsi"nə 88,7 milyon
dollar güzəştli kredit ayırıb. Bu vəsait
hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici
qurğularında, 250-dən artıq məhəllədaxili
nasos stansiyasında əsaslı yenidənqurma işləri
aparılıb, su təsərrüfatının maddi-texniki
bazası gücləndirilib.
Ulu
öndərin memarı olduğu sosial-iqtisadi inkişaf
strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev
insan sağlamlığının qorunmasını dövlətin
sosial siyasətinin prioriteti kimi müəyyənləşdirib.
Əhalinin içməli su təminatının və
kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılması məqsədilə bu
sektorda struktur islahatlarına başlanıb. Dövlət
başçısının "Su təchizatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi
haqqında" 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
yaradılıb.
Vaxtilə
"Bakıya bol-bol su gətirəcəyik" deyən
Ümummilli lider Heydər Əliyev 2002-ci ilin dekabrında
keçirilən müşavirədə paytaxta yüksək
keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının
çatdığını bildirib və bu məqsədlə
Oğuz-Qəbələ zonasının yeraltı
sularının öyrənilməsi barədə
tapşırıq verib. Ulu öndərin ideya müəllifi
olduğu həmin layihə Prezident İlham Əliyev tərəfindən
uğurla reallaşdırıb. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı
su kəmərinin təməli atılıb. Layihə çərçivəsində
Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə
yaradılıb və Abşeron yarımadasına 262,5 km
özüaxımlı magistral su kəməri çəkilib.
Bununla belə,
sürətlə böyüyən və inkişaf edən
paytaxtı fasiləsiz su ilə təchiz etmək
üçün əlavə su həcmlərinə ehtiyac var
idi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin
iştirakı ilə Ceyranbatan gölünün
yaxınlığında yeni kompleksin təməli qoyulub. Ən
son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin
oktyabrında istifadəyə verilib. Açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev deyib
ki: "Bu kompleksdə ən müasir texnologiyalar tətbiq
edilir, dünyanın ən böyük sutəmizləyici
kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun
sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki
mənzərə onu göstərir ki, uzun illər içməli
sudan korluq çəkən Bakı qəsəbələri
bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm
ki, bu, Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən
içməli sudur".
Ənənəvi
təmizləmə qurğularından fərqli olaraq, yeni
kompleksdə su ultrasüzgəc
texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə
aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir.
Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil
edən qurğu Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin
ən önəmli layihələrindən biri seçilib.
2020-ci
ilin martın 3-də Prezident İlham Əliyevin
iştirakı ilə regionlarda tikilmiş ən böyük
içməli sutəmizləyici qurğu - Şəmkirçay
təmizləyici qurğusu istismara verilib. Məhsuldarlığı
sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan
qurğu, 450 mindən artıq
insanın dayanıqlı və təhlükəsiz içməli
su təminatına hesablanıb. Bu yaşayış məntəqələrini
içməli su ilə təchiz etmək məqsədilə
qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir
şəhərinə 16,5 km uzunluğunda magistral su kəmərləri
çəkilərək şəhərlərə suyun verilməsi
təmin edilib.
Mərkəzi
Aran bölgəsinin sudan əziyyət çəkən
yaşayış məntəqələrinin su təchizatı
məqsədilə Girdmançayın yatağında məhsuldarlığı
saniyədə 450 litr olan Külüllü su mənbəyi
yaradılıb və anbar kompleksi tikilib.
Bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə
Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında
imzaladığı Sərəncama əsasən xüsusi
Komissiya yaradılıb. Dövlət başçısının
rəhbərliyi ilə Azərbaycanda su təsərrüfatının
vəziyyətinə həsr olunmuş geniş müşavirədə
keçirilib, su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsinə dair 2020-2022-ci illər
üçün Tədbirlər Planı təsdiqlənib.
Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
müzəffər ordumuz 44 günlük Vətən
müharibəsində torpaqlarımızı işğaldan
azad etdikdən sonra həyati əhəmiyyət daşıyan
su təchizatının bərpasına başlanıb.
Şuşa şəhəri işğaldan azad olunduqdan bir
neçə gün sonra "Azərsu" ASC-nin mütəxəssisləri
şəhərin su təchizatı sistemlərinin
araşdırılmasına başlanıb. Mürəkkəb relyef və sərt
iqlim şəraitində Kiçik Kirs-Şuşa magistral su kəmərinin
qəzalı hissələri qısa müddətdə bərpa
edildi və noyabrın 25-də Şuşaya suyun verilişi bərpa
edilib.
Prezidentin
tapşırıqlarına uyğun olaraq bir mənbədən
asılılığı aradan qaldırmaq üçün
Zarıslı sugötürücü qurğusu, 11 km
uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin
qəzalı hissələri bərpa edilərək
dekabrın 20-dən alternativ mənbə olaraq
Zarıslıdan suyun verilişi təmin edilib. Həmçinin,
relyef baxımından yüksəklikdə yerləşən ərazilərin
su təminatının aparılması məqsədilə
şəhərin əsas su anbarında generator, nasos, eləcə
də hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici
qurğu quraşıdırılıb.
Şuşa
şəhərini dayanıqlı içməli su ilə təmin
etmək üçün Təxirəsalınmaz Tədbirlər Proqramı hazırlanıb və
icrasına başlanılıb.
Tədbirlər Planına əsasən, Şuşa şəhərini
içməli su ilə təmin edən Kiçik Kirs və
Zarıslı suqəbuledici qurğularında yenidənqurma
işləri aparılacaq. Kiçik Kirs mənbəyindən
Şuşaya yeni magistral su kəməri çəkiləcək,
şəhər ərazisində 6 km paylayıcı su xətti,
hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı
inşa olunacaq. İlkin olaraq tikintisi davam edən
Füzuli-Şuşa avtomagistralının, eləcə də
elektrik stansiyasının ərazisindən keçən və
uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi
işlərinə başlanılıb.
Şuşa
şəhəri ilə yanaşı, işğaldan azad
edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd,
Qubadlı və Zəngilan rayonlarında xidmət aparan heyətin
yerləşdiyi bina və tikililərin, sərhəd
zastavalarının su təminatı ilə bağlı təxirəsalınmaz
tədbirlər görülüb.
Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində
Kürdəxanı qəsəbəsində yeni su təchizatı
sistemləri yaradılıb və 14 mindən artıq sakin
fasiləsiz rejimdə içməli su ilə təmin olunub.
Abşeron yarımadasında icra olunan "Təmiz Şəhər"
layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı
sistemlərinin yaradılmasına imkan verib.
Səudiyyə
İnkişaf Fondu ilə birgə maliyyələşdirilən
layihə çərçivəsində Xırdalan şəhərinin
su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
birinci mərhələsi üzrə işlər
yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı
su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr
olan +118 "Abşeron" və +82 "Masazır" su
anbarları tikilib.
Ötən
dövrdə həyata keçirilən layihələr çərçivəsində
məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici
qurğu, 260-dan çox su anbarı və anbar kompleksi, 22 min
km-dək magistral və
paylayıcı su, 6000 km-dən artıq kanalizasiya xətləri,
21 tullantı sutəmizləyici qurğu, 120-dən çox su
və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və
subartezian quyusu qazılıb. Görülmüş işlər
nəticəsində abonentlərin sayı 700 min artaraq 1 milyon
630 minə çatıb.
Vətəndaşlara
göstərilən xidmətlərin daha əlçatan
olması, müraciətlərin asanlaşdırılması,
göstərilən xidmətlərdə operativliyin
artırılması və şəffaflığın təmin
edilməsi məqsədilə yeni Elektron Su Portalı (e-su.az)
yaradılıb.
44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında "Azərsu" ASC-nin kollektivinin də payı olub. Müharibənin ilk günlərindən kollektivin 200 nəfərdən çox əməkdaşı könüllü olaraq cəbhəyə yollanıb və onlardan 3 nəfəri qəhrəmancasına şəhid olub, 20 nəfər yaralanıb. Eyni zamanda, kollektivin 20 nəfər əməkdaşının ailə üzvü şəhidlik zirvəsinə ucalıb.
Qarşıda işğaldan azad olunmuş ərazilərimizdə
su təchizatı sistemlərinin bərpası kimi müqəddəs
missiya dayanır. "Azərsu" ASC-nin çoxminli
kollektivi su təchizatı və kanalizasiya layihələrinin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin
etmək üçün bundan sonra da əzmlə
çalışacaq.
525-ci qəzet.- 2021.- 5 iyun.- S.6.