"Nizami Gəncəvi və davamlı inkişaf" mövzusunda elmi konfrans keçirilib

 

Ədalət Muradov: "Builki konfransın coğrafiyasi daha da genişlənib, elmi məqalələrin sayı və nüfuzu daha da artib"

 

İyunun 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq elmi konfransı keçirilib.

 

525.az xəbər verir ki, Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans "Nizami Gəncəvi və davamlı inkişaf" mövzusunda olub. Konfransda dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və inkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri, alimlər iştirak ediblər.

 

Konfransın açılışından öncə tədbir iştirakçıları Ulu öndərin Gəncədə ucaldılan büstünü, Nizam Gəncəvinin məqbərəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanış olublar.

 

Konfransın açılışında iştirakçıları salamlayan UNEC rektoru, professor Ədalət Muradov, builki konfransın coğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını deyib.

 

Rektor 3-cü konfransı əvvəlkilərdən fərqləndirən məqamlara diqqət çəkib. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edildiyini və konfransın ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirildiyini xüsusi vurğulayıb. Qazanılan möhtəşəm zəfərin regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər yaratdığını deyib.

 

Konfransın Nizami Gəncəvinin 880 illiyinə həsr olunduğunu diqqətə çatdıran professor Ədalət Muradov, cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib. Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.

 

Rektor sonda iki təkliflə çıxış edib. Ağdamda yaradılacaq Qarabağ Universitetinin IV sənaye inqilabı tələblərini nəzərə alaraq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək, insan kapitalı formalaşdıracaq universitet olmasını, magistr və doktorantların növbəti IV beynəlxalq konfransının Ağdamda "Smart universitet", rəqəmsal təhsil mövzularında keçirilməsini təklif edib:

 

"Ağdamda yaradılacaq Qarabağ Universitetin özəllilikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi", XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", Şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, Ağdamda yaradılacaq Qarabağ Universiteti güclü bir universitet brendi olacaq".

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirin Gəncə şəhərində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi və dahi şairin 880 illik yubileyi münasibətilə Gəncədə silsilə tədbirlərin keçirildiyini deyib. N.Bayramov "Nizami Gəncəvi və davamlı inkişaf" mövzusuna həsr olunan beynəlxalq konfransın Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılması baxımından böyük rol oynayacağını diqqətə çatdırıb. Dinlənilən məruzələrin Gəncədə kiçik və orta biznesin inkişafına, postmüharibə dövründə əhalinin məşğulluğunun artırılmasına və yeni iş yerlərinin açılmasına təkan olacağını vurğulayıb.

 

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını salamlayaraq, innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkərək, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. M.Cabbarov bildirib ki, sosial iqtisadi inkişafda uğura imza atan bütün xarici ölkələrin təcrübəsi göstərir ki, bu uğur yolu təhsil və elmlə iqtisadi siyasətin inteqrasiyasından keçir.

 

Dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan nazir IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkədə bütün vacib infrastruktur sahələri yenidən qurulub, tikilib, müasirləşdirilib. Digər tərəfdən, sahibkarlıq mühitində köklü dəyişikliklər baş verib. Başqa sözlə, iqtisadiyyatımızın dayanıqlığını artırmaq, qeyri-neft iqtisadiyyatına əsaslanmaqla gələcək inkişafımızı təmin etmək üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb:

 

"İqtisadiyyat hər bir ölkənin qarşısında duran vəzifələrin həlli üçün bir resursdur. Həyat səviyyəsinin yaxşılaşması, əmək haqlarının artırılması, dövlətin hərbi gücünün möhkəmləndirilməsi və s. istiqamətlərdə tələb olunan resurslar iqtisadi inkişafın nəticəsi olaraq təmin edilməlidir və təmin edilir. Belə olduğu halda, tamamilə aydındır ki, dövlətin və dövlət başçısının sosialyönümlü siyasətinin həyata keçirilməsi üçün qeyri-neft sektorunun sürətli inkişafı və həmin sektorun uğuru bizim üçün çox vacib, arxalandığımız taleyüklü vəzifədir. Qeyri-neft sektoru çox geniş məfhumdur. Qarşımızda duran vəzifələr ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının mövcud imkanlarını qiymətləndirək, mövcud sənaye sahələrinin, klasterlərin potensialını müəyyənləşdirərək artıq uğur əldə etdiyimiz, ölkə iqtisadiyyatı üçün əhəmiyyət daşıyan sahələrin daha sürətli inkişafı yolunda imkanlar yaradacaq". Mikayıl Cabbarov Nizami Gəncəvi yaradıcılığının dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan tədqiqatlar sahəsində tükənməz xəzinə olduğunu da bildirib.

Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb: "Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir". E.Əmrullayevin dediyinə görə, hazırda biz texnologiyaların böyük sürətlə dəyişdiyi Dördüncü sənaye inqilabı dövrünə qədəm qoymuşuq: "Dördüncü sənaye inqilabı miqyası, mahiyyəti və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Bu baxımdan istənilən ali təhsil sisteminin qarşısında duran mühüm hədəflərdən biri də müasir inkişaf tendensiyalarını nəzərə alınmaqla elmi tədqiqatların aparılması, keyfiyyətli elmi tədqiqat məhsullarının əldə edilməsi və kommersiyalaşdırılmasına nail olmaqdır".

 

Nazir son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib:

 

"Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır".

 

“PAŞA Holdinq” Şirkətlər Qrupunun Baş icraçı direktoru Cəlal Qasımov holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb. Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirləri, təcrübə proqramlarını, əmək fəaliyyətinə cəlb olunmalarını xüsusi vurğulayıb. “PAŞA holdinq”in bundan sonra da təhsil layihələrini dəstəkləməyə davam edəcəyini deyib.

 

Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin "Nizami Gəncəvi irsi" və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin "Təhsil və iqtisadiyyat" mövzusunda videoməruzələri dinlənilib.

 

Sonda konfransın təşkilatçılarına göstərdikləri dəstəyə görə UNEC tərəfindən təşəkkür plaketləri təqdim olunub.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. İyunun 7-dək davam edəcək konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444 və 16 "Workshop"da 65 məruzələri dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək.

 

Konfransın məruzələr kitabı Harvard, Oxford, Yale, Stanford, Princeton, Columbia, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 5 iyun.- S.7.