"Yayılsın eldən-elə zəfər,
bizim Zəfərdi!"
Ədəbiyyata
80-ci illərin əvvəllərində gələn
Elçin İsgəndərzadə sıradan bir şair deyil,
hasilə gətirdiyi şeirləri sevilərək oxunan,
çağdaş poeziyamızda öz sözü, nəfəsi
olan qələm adamlarındandır.
Həm də
tanınmış elm adamı, fundamental ixtiralar müəllifi
olan E.İsgəndərzadənin şeirləri mücadilə
düşüncəsi, yüksək ideallıq, rəngarəng
qafiyələr, bənzərsiz məcazlardan istifadə kimi səciyyəvi
cəhətləri ilə yadda qalır. Şairin
nəzm nümunələri ruhumuzu təzələyir, qayəsi,
yüksək amalları ilə bizi özümüzə
qayıtmağa yönəldir. Onun
şeirləri ruhlandırıcı motivləri ilə ürəyində
yurd sevgisi yaşadan insanları daim ayaqda olmağa sövq
edir. Fikrimcə, bu şeirlər həm də
yaddaşımızın şeirləridir.
Onun
"Türkün qəzəbi", "Qaranlıq, zülmət,
qan və qaçqınlıq", "Qarabağa bizsiz gəlir
bu yaz da", "Qazi türküsü",
"Avtoportret" kimi şeirlərində və
çoxsaylı poemalarında Şuşa həsrəti,
Qarabağ dərdi şairin ürəyini sıxan ruhi
ağrılar kimi qələmə alınıb,
türkçülük isə şairin
yaradıcılıq kredosu tək
əks etdirilib. Xalq şairimiz Nəriman Həsənzadənin
təbirincə,
"Elçinin türkçülüyü onun
poeziyasının vətənçilik kontekstində
leytmotividir".
Dünyadan
vaxtsız köçən mərhum şairimiz, rəssam,
esseist Adil Mirseyidin fikrincə isə "Elçin İsgəndərzadə
haradan baxsan, görünən şairdir. "Görkəmli
yazıçı, böyük söz ustası Çingiz
Aytmatov da yaşadığı çağın şairinin -
təbiətən türkçü olan, əsərləri
ilə böyük Türk dünyasının, ədəbiyyatının
təbliğinə töhfələr verən qələm
adamının yardıcılığını təqdir
edib: "Elçin İsgəndərzadənin bədii
nümunələrinin son illər dünyanın onlarca ölkəsində
yerli dillərə çevrilərək çap olunması
ondan xəbər verir ki, türk poeziyası da artıq
dünya poeziya okeanına yelkən açmaqdadır". E.İsgəndərzadə söyləyir ki,
"dünya ədəbiyyatının korifeylərindən
olan Ç.Aytmatovla dostluq mənim üçün Yer
üzünü kəşf etməyim qədər dəyərlidir".
Unudulmaz Xalq şairimiz Zəlimxan Yaquba görə,
"Elçinin üzündə olduğu kimi, mənəvi
varlığında da bir nur, işıq var. Bu işıq
onun ömür yoluna, yaradıcılığına təbəssüm
gətirir".
Şairin yazdığı epik əsərlərin -
poemaların da mövzusu rəngarəngdir, dərin bədii
tutumuyla fərqlidir. Onun poema yaradıcılığında
klassik poeziya ənənələri ilə müasirliyin vəhdəti,
insanlarla təbiətin təması duyulur. "Turan
savaşçısının nəğmələri",
"Bu qala bizim qala", "Şahmar şikəstəsi",
"Oğlum Əliyə dualar", "Məmməd Araz
qayası" və digər poemaları üz-üzə
qaldığımız ictimai-siyasi hadisələr, gerçək
dünyamızın əzəli-əbədi dəyərləri
və insan talelərinə həsr olunub. Bu epik əsərlərdə
dərdlərimiz göz yaşı ilə, qüssə-kədərlə,
həm də ümidlə nəfəs alır.
Azğın, xəyanətkar qonşunun və
havadarlarının rəvac verdiyi, ucu-bucağı
görünməyən münaqişə ilə bağlı
otuz ildən bəri yaşadığımız əzablar,
iztirablar, erməni işğalına məruz qalmış əzəli
torpaqlarımızın əsirlikdən azad edilməsi
üçün mücadilə aparmaq həmin poemalarda
şairin çatdırmaq istədiyi məramlardır.
Elçin İsgəndərzadənin qələmə
aldığı düşündürən şeirlərin
möcüzəsi heyrət doğurur. Bu şeirlər uzun illər
intizarında olduğumuz qaçılmaz savaş, mücadiləmiz
üçün gənclərə, elə hər birimizə daim vətənpərvərlik
ruhu aşılayıb, bu mənada həmin bədii nümunələr
mənəvi silahdır. Şairin "Tüfəng
qundağına yazılmış şeir"i qəhrəmanlıqla
dolu tarixi keçmişimizi unutmamağa səsləyir,
doğma yurdu göz bəbəyi tək qorumağın namus,
qeyrət məsələsi olduğunu yada salır. Axı, "keçmişinə güllə
atanı gələcək topa tutar (Rəsul Həmzətov)".
Şəcərəsini daim yad edən, ulularının nəsihətini
eşidənlər isə nəslini, el-obasını sevənlərdir:
Aynalı tüfəng görmüşəm mən.
Aynalı
tüfəng vardı
Qarabağdakı
evimizdə,
aynalı
tüfəng namusdu bizdə...
Bəzən
tüfəng elə bil
səsləyib
çağırırdı məni...
aynalı
tüfəngin qundağındakı yazıdan
öyrəndim nəslimin şəcərəsini...
"Qürbət"
adlı şeirdə isə müəllifin xeyli müddət
yaddaşında, hafizəsində yaşatdığı yurd
nisgili, Vətən həsrəti ilə bağlı hiss və
duyğuları poetik dillə izhar edilir:
...
Sevdiyin yuvalar yoxdusa,
bir
ömür qürbət eləyir:
Ana vətən,
dədə yurdu,
ata
ocağı, baba eli,
nənə yaylası
adında
nə varsa?
hamısı qürbət eləyir.
Qarabağ həsrəti, yurd sevgisi ilə dünyadan
köçən unudulmaz şairimiz Şahmar Əkbərzadəyə
ithaf olunmuş "Qarabağa bizsiz gəlir bu yaz da"
adlı şeiri də həyəcansız oxumaq olmur. "Bu nə bəxtdi,
düşüb bir nəhs ələ ki, taleyimiz
ömrümüzə tələ ki" deyən şair bu
düyünün açılacağı günün əsirlikdə
olan yurd yerlərimizin azadlıq günü
olacağını, məhz onda Qarabağımıza,
Topxanaya, Cıdır düzünə bahar gələcəyini
dilə gətirir:
Bülbül
cəh-cəh vurmur, torağay ötmür,
Burdan
Tanrıya da ünümüz yetmir,
Çadır
şəhərcikdə bənövşə bitmir,
Qarabağa
bizsiz gəlir bu yaz da...
Ürəyimdə
hələ dərddir gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül,
qovuşarıq bəs haçan,
Qarabağa
bizsiz gəlir bu yaz da...
525-ci Qəzet
- Elçin İsgəndərzadənin şeirləri
Şuşada
dünyaya göz açan, orta təhsilini Ağdamda alan,
yeniyetməlik və gənclik çağlarından
Qarabağın sehrli-möcüzəli, göz
qamaşdıran təbiət gözəlliklərini
yaddaşına həkk edən Elçin İsgəndərzadə
düşmən əsarətində qalan bu yurd yerlərinin
xiffətini, acı nisgilini ürəyindən çıxara
bilmir. "Məni Şuşa, Cıdır
düzü şair elədi" deyir şair. "Könlü qərib
odası" olan müəllif duman, çən
bürümüş Şuşanın başı üzərində
aydın səmanın, şəfəq saçan günəşin
görünəcəyi günün, vədənin
intizarındadır:
Bakıda
Ay doğmadı,
Ay
doğmadı Şuşasız.
Könlüm
qərib odasıdı,
Pəncərəsi şüşəsiz.
Yaxud:
Duman
içindədir yurd yerin, Şuşa,
Haqqın var taledən incimək üçün.
Bir
gün hüzuruna gedərik qoşa
İsa bulağından su içmək
üçün.
Söz, sənət,
mədəniyyət beşiyimiz Şuşanı daim xəyallarında
yaşadan şair üzünü bu inci şəhərə
tutub "orda sənin yuvan vardı, sazın, sözün,
havan vardı, bu dünyayla davan vardı" deyir:
Xarıbülbüllər səni yuxuda görür bəlkə?
Bəlkə
səhər şehiylə ağlayır
Qarabağda bizim güllər, çiçəklər.
Hələ
qan qoxuyur, barıt qoxuyur
Qarabağdan
əsən yellər, küləklər...
Elçin İsgəndərzadənin bədii nümunələri
itkilərimizdən doğan dərin təəssüflə
yanaşı, həm də xoş günlərimizə
inamın himnidir, nikbinlik və ümid notları üzərində
köklənib. "Bütün yollarım bağlı" deyən
şair bədbin fikirlərdən, qüssə-kədərdən
silkinib çıxır:
Bir yarpaq nisgil.
Xəyalımda
Xarıbülbül,
İlk sevdamdı elə bil.
Ömür
qaralı-ağlı,
Bütün
yollarım bağlı...
Ağaca
calaq vuran bağban kimi
Calaq
vurdum ürəyimə
Tumurcuq
umudlardan...
Böyük rus ədibi F.Dostoyevski yazırdı ki,
"yetkinləşmək heç nəyə
şaşırmamaq deməkdir". Vətəni qorumaq
üçün də yetkin olmaq lazımdır. Birinci Qarabağ savaşından sonra acı məğlubiyyətin
üzüntülü yaşantıları
soydaşlarımızda bir ruh düşkünlüyü,
küskünlük yaratmışdı. O illərdə
qaynar təbi ayazımış bəzi şairlərin
şeirlərindəki ağlaşma, ölgün ruh, bəlkə
də zamanına uyğun olsa da, əslində, pessimist əhval-ruhiyyə
doğururdu. Artıq bu dərdəcərlik bəlasından
qurtarmağın zamanı çatmışdı. Şairə görə, qaçılmaz, zəruri
olan savaş həm də bizim taleyimiz idi. Torpağımıza
dəlicəsinə sevgimizin, vurğunluğumuzun göstəricisi,
el-obanı qorumağın, sülhə nail olmağın
ümdə yollarından biriydi bu savaş.
Zəfərlə bitən 44 günlük Vətən
müharibəmiz tarixə yazıldı. Hamı
görürdü ki, Azərbaycan yeni dünya nizamında
Şərə qarşı haqq savaşı aparır.
Fitnə-fəsadlarla dolu olan Şər məğlub
edilmiş, ağ məğlubiyyət bayraqlarına bürünmüş
xəbislik, rəzalət, nəhayət ki, yerlə-yeksan
edilmişdi.
Əsrə bərabər şanlı 44 gün haqqında hələ çox yazılacaq. Gözləri od püskürən, qolları bükülməyən oğullarımız düşmən tapdağında qalan torpaqlarımızı azad etmək naminə mübarizəyə qalxmışdı. Elə bil 30 ilin hər anı onları bu şərəfli Qələbəni yaxınlaşdırmaq üçün yetişdirmişdi. Bu oğullar babalarımızın bizə əmanət etdiyi ocağı, yurd yerlərimizi canları-qanları bahasına bizə qaytardılar. Yer üzündə baş vermiş savaşların bəlkə heç biri bu müharibəyə bənzəmir. Çünki bu müharibə bir yumruqtək birləşməkdən doğmuşdu:
Oyanır türküm, oyanır,
Hər şəhid məzarından
Boylanır bir Boz qurdum...
Atlarımın nalları
Çapır daşlı yolları.
Bu, xalqımızın hünəri ilə hərb tarixinə yazılan Vətən savaşı idi, döyüşən oğulların igidliyi qəhrəman Atillaların cəsurluğuna bənzəyirdi.
Ölümləri ilə torpağı Vətənə çevirirdi şəhidlər. Axı, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Şəhadəti ilə xoşbəxtliyi fəth edənlər qəlbləri də fəth etməyi bacardılar. Ömrün son mənzilinə tələssələr də, yüyürüb çox tez çatsalar da, "Vətən mənsiz də Vətəndir, mən Vətənsiz heç kiməm" söylədilər. Şair şəhid qanları ilə suvarılan Şuşanın, digər yurd yerlərimizin azad-asudə günlərini bizə bəxş edən igid oğullarımızın ruhlarının artıq şad olacağına inanır:
Şəhid
məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib
ayağa qalxmasalar da,
rahat
uyuyacaqlar,
qan
qardaşlarım, rahat.
Yurdumuzun bütövlüyü uğrunda həlak
olanlar, igidliyi ilə qəhrəmanlıq dastanına dönənlər
sübut etdilər ki, Vətən candan belə əzizdir. Bizim
üçün Qələbə, iynə ucu boyda
işığa həsrət qalan gözün arzusu kimiydi.
Elçin İsgəndərzadənin "Zəfər bizim Zəfərdi"
şeirində deyildiyi kimi:
Qaranlığı
qaçılan,
işıq kimi saçılan,
ağ
günlərə açılan,
səhər, bizim səhərdi.
İgid
oğullar ilə,
neçə uğurlar ilə,
Yayılsın
eldən-elə
Zəfər, bizim Zəfərdi!
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
525-ci qəzet.- 2021.- 8 iyun.- S.14.