Çağdaş Azərbaycan
jurnalistikasına konseptual baxış
Media və hakimiyyət münasibətləri
jurnalistikanın cəmiyyət həyatına ictimai
baxış institutu kimi meydana gəldiyi ilk vaxtlardan tandem
yaratmaq baxımından tərəflərin hər biri
üçün müstəsna önəm kəsb edib.
Çağdaş jurnalistikanın tarixi-professional
bazası olan mətbuatın tarixən normal fəaliyyəti
onun xalqın maraqlarını necə ifadə etməsi ilə
yanaşı, həm də hakimiyyətin yaratdığı
qanuni əsasların məram və mahiyyətindən,
yaratdığı imkandan asılı olub. Tanınmış jurnalist və
media qurucusu, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi
Komitəsi İctimai Birliyinin sədri
Mədət Məmmədovun bu yaxınlarda çapdan
çıxmış "Dövlət və
dördüncü hakimiyyət" adlı kitabı dünya
media tarixinin qeyd edilən aparıcı inkişaf yolunu
müasir Azərbaycan gerçəkliyində dərindən və
əhatəli surətdə izləməyə imkan verir.
Bəri başdan deyək ki, Mədət Məmmədov
Azərbaycan milli jurnalistika məktəbinin ən istedadlı
yetirmələrindən biri, uzun illər sənədli-bədii
yaradıcılıq sahəsində yüksək peşəkarlıq
qazanmış tanınmış qələm sahibidir. Üstəlik,
onun dövlət müstəqilliyinin ilk onilliyində o
vaxtkı Mətbuat və İnformasiya Nazirliyinin Kütləvi
İnformasiya Vasitələri Baş İdarəsinə
bacarıqla rəhbərlik etməsi soydaşımızın
media sahəsində yetərli nəzəri-təcrübi
hazırlığı ilə qovuşub yetkinlik amilinə
çevrilib. Bütün bunlar müəllifin
demokratik cəmiyyətdə media anlayışının
mahiyyətini dərindən mənimsəməsinə zəmin
olub və bu araşdırmanın
konseptuallığını təmin edib.
Akademik
Nizami Cəfərovun kitaba yazdığı geniş və sanballı
ön sözdə mövzunun elmi-nəzəri və
ictimai-siyasi səciyyəsinə, müəllifin
çağdaş media prosesləri barədə söylədiyi
mülahizələrin əsaslılığına
və bu nəşrin milli jurnalistikamız üçün kəsb
etdiyi dəyərə xüsusi diqqət yetirilib. Kitabın məsləhətçisi,
BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin,
rəyçilərdən Milli Məclisin deputatı, Azərbaycan
Mətbuat Şurası İdarə Heyətinin üzvü
Cavanşir Feyziyevin və bu sətirlərin müəllifinin
yaradıcı prosesə qoşularaq müəllifə
söylədikləri qeyd və təkliflərin tam nəzərə
alınmıası tədqiqatın mükəmməlliyinə
əlavə çalarlar gətirib. Müəllifin
kitabı təcrübəli media eksperti, Əməkdar
jurnalist Tahir Rüstəmovun redaktəsinə verməsi isə
onun fundamental nəşr tələbləri ilə
cilalanmasına, struktur tərtibatına, dil-üslub və
korrektura baxımından qüsursuz işıq üzü
görməsinə xidmət edib.
"Dövlət və
dördüncü hakimiyyət" kitabı ilə
tanışlıq, ilkin olaraq, belə bir qənaət
yaradır ki, Mədət Məmmədov kitabın adında
ifadə olunmuş fundamental anlayışın Azərbaycan cəmiyyətində
gerçəkləşməsi, dövlət və media
münasibətlərinin sivil əsaslar üzərində
qurulması prosesini əks etdirən
sanballı və dəyərli bir nəşr ərsəyə
gətirməyə yüksək səviyyədə nail olub. Akademik Nizami Cəfərov topluya yazdığı
ön sözdə, haqlı olaraq, "Dövlət və
dördüncü hakimiyyət" kitabını müstəqil
Azərbaycan dövlətinin media quruculuğunun bələdçisi
adlandırıb.
Akademik
qeyd edib ki, belə bir fundamental
mövzulu kitabın müəllifi olmaq səlahiyyətini təcrübəli
media xadimi Mədət Məmmədov ictimai-siyasi həyatın
"dövlət və dördüncü hakimiyyət"
kimi ciddi və həssas sferasına dərindən bələdliyi,
peşəkar və nüfuzlu jurnalist kimi çoxillik fəaliyyəti
ilə qazanıb: "Mədət müəllim ölkədə
demokratik cəmiyyət quruculuğunun ilk onilliyində dövlətin
mükəmməl media siyasətinin gerçəkləşdirilməsində
təcrübəli mütəxəssis və bacarıqlı
rəhbər kadr olduğunu sübuta yetirmişdir". Bu dəyərli xatırlatmaya onu da əlavə edək
ki, Azərbaycan dövləti Avropa Şurasına qəbul edilərkən
ölkəmizdə media azadlığı ilə bağlı
beynəlxalq tələbə əməl edilməsini əks
etdirən və yeganə müzakirəsiz qəbul edilən rəsmi
sənədi o zaman Mətbuat və İnformasiya Nazirliyində
bu işə rəhbərlik etmiş Mədət Məmmədov
hazırlamışdı.
Müstəqil
Azərbaycan dövlətinin media quruculuğu salnaməsi-
AZADAZ.COM
Azərbaycan
mediasının müstəqillik illərində keçdiyi
ağrılı-acılı, ümidli-sevincli inkişaf dinamikasını konseptual
yanaşma mövqeyindən tədqiq edən müəllif bu dəyərli
nəşrin "Demokratik cəmiyyət
və söz azadlığı" adlı birinci fəslində
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə obyektiv ictimai rəy
formalaşdırılmasında, cəmiyyətin ümummilli hədəflərə
səfərbər edilməsində kütləvi informasiya
vasitələrinin imkanlarından və gücündən
maksimum bacarıqla istifadə edilməsini sonrakı azad media
quruculuğu dövründə ənənəyə
çevrilən qiymətli tarixi təcrübə kimi nəzərdən
keçirib: "Heydər Əliyevin mətbuata daim diqqət və qayğısı nəticəsində
bu sahə cəmiyyətin baş vermiş proseslərə
baxışını əks etdirən güzgü rolunu
oynadı. Milli jurnalistikamız hətta Sovet rejiminin məlum
ideoloji buxovları və sərt senzurasının hökm
sürməsinə baxmayaraq, özünün əsas
missiyasını yerinə yetirərək maarifçi
düşüncənin genişlənməsinə,
xalqımızın milli-mədəni inkişafına öz töhfəsini verdi.
Ən başlıcası isə müdrik şəxsiyyətin
gələcəyə hesablanan KİV siyasəti Azərbaycan
milli jurnalistika məktəbinin formalaşmasını,
müasir medianın yeni mərhələyə daxil
olmasını şərtləndirdi".
"Heydər
Əliyev və Azərbaycanda demokratik medianın
formalaşması" məqaləsində Mədət Məmmədov
Azərbaycan mediasının son yarım əsrlik inkişaf
yoluna Ulu öndərin məşhur "Demokratiyanın, siyasi
plüralizmin və vətəndaş cəmiyyətinin əsas
atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya vasitələridir"
tezisinin işığında nəzər salıb. Prezident
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik
etdiyi 10 ildə söz azadlığının ardıcıl
bərqərar olması üçün Ulu öndərin
gerçəkləşdirdiyi davamlı tədbirlərin
mahiyyətini və ümumi mənzərəsini Mədət
Məmmədov bu məqalədə əhatəli tədqiqata
cəlb etməyə nail olub.
Araşdırmada Prezident Heydər Əliyevin 1998-ci ildə
imzaladığı "Azərbaycan Respublikasında söz,
fikir və məlumat azadlığının təmin edilməsi
sahəsində əlavə tədbirlər haqqında" fərman
ölkə mətbuatının inkişaf tarixində,
haqlı olaraq, mühüm tarixi hadisə kimi qiymətləndirilib. Doğrudan da,
məhz bu sənədlə Mətbuatda və digər Kütləvi
İnformasiya Vasitələrində Dövlət Sirlərini
Mühafizə edən Baş İdarə - milli
jurnalistikamızı yarandığı gündən izləmiş
kabus ləğv edildi, ölkəmizin azad mediasının
inkişafında yeni mərhələ başlandı.
Müəllif göstərir ki, bu fərmanın meydan
açdığı yeni şəraitdə - 1999-cu ilin
sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri
haqqında" qanun isə milli jurnalistikamızda demokratik
prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət
etdi: "Bu sənəd Azərbaycanda mediasının
inkişafına mane olan bir sıra bürokratik əngəllərin
aradan qaldırılmasına yol açdı. Dövlət
qeydiyyatı ləğv olundu və yeni KİV
qurumlarının təsis olunması proseduru
asanlaşdırıldı".
"Prezident
İlham Əliyevin dövlət media siyasəti" məqaləsində
isə Azərbaycan jurnalistikasının Ümummilli lider Heydər
Əliyevin yaratdığı tarixi əsaslar üzərində
daha üstün mərhələyə daxil olaraq, demokratik cəmiyyətin
dördüncü hakimiyyəti statusunu davamlı gerçəkləşdirməsindən
söz açan araşdırmaçı öz qənaətlərini
belə təqdim edir: "Dövlətimizin
başçısı İlham Əliyev Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu ənənələri
uğurla davam etdirməklə, KİV-in maddi-texniki
bazasının gücləndirilməsi, jurnalist əməyinin
qiymətləndirilməsi istiqamətində atdığı
addımlarla ölkəmizdə azad sözün hamisi, himayədarı
olduğunu təsdiqləyib".
Müstəqil
Azərbaycan dövlətinin media quruculuğu salnaməsi-
AZADAZ.COM
Müəllif
dövlətin media siyasətində bu alternativsiz siyasi xəttin
modern davamçısı İlham Əliyevin milli
jurnalistikamızın cəmiyyətin hərtərəfli tərəqqisi
dövrünün tələblərinə uyğun
inkişafına yönəlik məqsədyönlü tədbirlər
silsiləsində hər bir addımın rolunu və önəmini
dəqiq və aydın müəyyən etməyə
çalışıb və belə bir nəticəyə gəlib
ki, yeni şərait KİV üçün peşəkar
mütəxəssislərin hazırlanması, yeni
informasiya-kommunikasiya texnologiyalarının və
innovasiyaların tətbiqinin stimullaşdırılması,
xüsusilə informasiya məkanının təhlükəsizliyinin
təmin edilməsi zərurətini meydana gətirdi.
Bütün bunlar isə Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də
"Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında"
xüsusi fərman imzalaması ilə nəticələndi. Bu
fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
bazasında "Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi" publik hüquqi şəxs
yaradılması kitabda ölkədə medianın
inkişafının dəstəklənməsi və bu sahədə
həyata keçirilən institusional quruculuq prosesinin davam
etdirilməsi siyasətinin tərkib hissəsi kimi dəyərləndirilib.
Toplunun "Media azadlığı və sosial məsuliyyət" adlandırılan II fəslində Mədət Məmmədov əvvəlki hissədə şərh etdiyi hadisə və proseslərlə bağlı söylədiyi müddəa və qənaətlərin Azərbaycan mediasının son 30 illik fəaliyyətində necə əksini tapmasına ayna tutub. Bu məqsədlə müəllifin ayrı-ayrı dövrlərdə KİV-ə verdiyi açıqlamalarında, müsahibə-söhbətlərində ifadə etdiyi mülahizələr milli jurnalistikamızın çağdaş durumuna nəzəri-konseptual baxışa sübutluluq və konkretlik gətirib.
Görkəmli azərbaycanşünas Nizami Cəfərovun da vurğuladığı kimi, topluda təqdirolunası bir məqam da ondan ibarətdir ki, Mədət Məmmədov elmi-nəzəri səciyyəli məqalələrində olduğu kimi, müxtəlif illərdə KİV-ə verdiyi açıqlama və müsahibələrində də Azərbaycan media quruculuğunun normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət aktlarına və buna bərabər tutulan sənədlərə sıx-sıx istinad edib. Tədqiqatçı həmin materiallardan dövlətin media siyasəti konsepsiyasının özəyini təşkil edənləri həmkarlarının, jurnalistika tarixi və nəzəriyyəsi mütəxəssislərinin, eləcə də jurnalist tələbələrin istifadəsi üçün kitaba daxil edib.
Sonda qeyd etmək istəyirəm ki, ötən əsrin 80-ci illərində BDU jurnalistika fakültəsində ən sevimli tələbələrimdən olmuş Mədət Məmmədov istər müxtəlif nüfuzlu dövri nəşrlərdəki təşəbbüskar fəaliyyəti, istərsə də rəhbər media qurumlarında demokratik jurnalistikanın inkişafına göstərdiyi sanballı köməklə həmişə müəllimlərinin etimadını ən yüksək səviyyədə doğruldub. Onun 40 illik jurnalistik fəaliyyətinin yetkinlik bəhrəsi kimi jurnalistika ictimaiyyətinə təqdim etdiyi "Dövlət və dördüncü hakimiyyət" toplusu çağdaş Azərbaycan mediasının inkişaf yoluna konseptual baxış olmaqla bərabər, ölkəmizdə ali jurnalistika təhsilinin nəzəri-hüquqi mövzularının tədrisində də gərəkli dərs vəsaiti sayıla bilər.
Tədqiqatçı-jurnalist
ampluasında Mədət Məmmədovun Azərbaycanda azad
media quruculuğu barədə bu sanballı nəşrdə
yer almış nəzəri və praktik mülahizələri,
ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni
zamanda, jurnalistika ilə sıx bağlı digər mütəxəssislər
və oxucular üçün də yeni mötəbər
qaynaqdır.
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2021.- 8 iyun.- S.12.