Dərman üçün bir fincan su...
Hilal Baydarovun
"Səpələnmiş ölümlər arasında"
filminin qəhrəmanı
Davud hamıdan, hər şeydən qaçır.
Özündən, başına gələn fəlakətlərdən, qorxularından
- hər şeydən. Amma bu qaçış həm də axtarmaqdır. Özünü və ailəsini
axtarmaq. Və əlbəttə,
həqiqəti. Daxilən oyanmaq
istəyən, kamilliyə
çatmaq istəyən
insan əzabdan keçməli, iztirab çəkməlidir. Necə ki,
Baydarovun qəhrəmanı
bu ağır sınaqlardan keçir.
Bəs ölümlər səpələnən
bu səyahətin başlanğıc nöqtəsinə
çata bilirmi?
Rejissorun
dediyinə görə,
çatır. Buddanın hekayəsindən
fərqli olaraq, o, öz başlanığıcına
qayıdır və gözəlliyi, həqiqəti
tapır.
Hilal Baydarovun
filmi kütlə üçün deyil,
festival filmidir, rejissor
nə çəkdiyini
özü yaxşı
bilir. Budda əhvalatlarından təsirlənib, əsas istinad yeri Buddizmin
həyat qaydalarıdır.
Ağrı, iztirab, bədbəxtlikdən
keçib həyatın
əsas mənasına
yetişmək. Və xilaskar
missiyası onun boyuna biçilib, tale yazısıdır. Hə, Davud
nədən qaçsa
da, adamları hər cür əzablardan xilas edib əbədi rahatlığa - ölümə
qovuşdurmaq öhdəliyindən
qaça bilməyəcək.
***
Film xoşbəxt olmaq
istəyib, bunu bacara bilməyənlərin
taleyi üzərində
qurulub. Olmalı olan, olacaq.
Bir də Şərq qaramatı, Şərq insanının
bədbəxtliyi, buxovlar,
iradə azadlığının
olmaması... Heç şəksiz,
bu, məqsədlidir.
Kann və "Oskar" üçün
hesablanıb. Düz
edib, amma olmadı! Hər halda 77-ci Venesiya
Film Festivalında nümayiş
etdirilən, "Qızıl
Şir"ə namizəd
olan ilk Azərbaycan filmi kimi tarixə
düşdü. Tokio Filmex
festivalında "Ən
yaxşı film" nominasiyasının
qalibi oldu.
Ümumiyyətlə, bu kimi filmləri
hər cür mənalandırmaq olur. Xüsusən dini mətnlərə, qədim əhvalatlara ölçü-biçili (yaxud,
kor-koranə) göndərmələr
varsa, deməli, meydan genişdir. Bəs rejissor özü nə düşünür,
nə demək istəyib?
- Onun düşünməyə
vaxtı yoxdur. Qaçmalıdır. Ancaq hər qaçışla
müəyyən bir nöqtəyə sürükləndiyini,
həyatını sorğu-suala
başladığını hiss edir. Qarşılaşdığı hər ölümlə
yavaş-yavaş dəyişir
və özünə
daha da yaxınlaşır.
Ölümdən qurtulmaq bir növ özünə qayıtmaq deməkdir.
***
Film dərindirmi? Deyil! Niyə?
Məncə, bunu belə cavablandıra bilərik: intellektuallıq
və bütün dini mətnlərə, qədim əhvalatlara göndərmələr məqsəddir,
vasitə yox. Qadının iradə azadlığı
probleminə yanaşma
da üzdəndir, heyrətləndirmir; "fantaziya
diapazonu"nda xaric səslər var, əhvalat texnarlığının
kasadlığı görünür.
Film danışır, göstərmir. Bu danışmaq
və göstərmək
məsələsi sənətin
ən vacib tərəflərindəndir. Adətən, belə olur: ədəbiyyatda, teatrda, elə kinonun özündə altına girdiyi yükü qaldıra bilməyən, baş vurduğu dərinliklərdə
"boğulan"lar danışmaq yolunu seçir. Buna izahetmə
də deyə bilərik. Necə ki, "Səpələnmiş
ölümlər arasında"
filmində hər əhvalatın sonunda bu poetik ricətləri
görürük.
Bəlkə elə məhz bu lirik haşiyələrə
görədir ki, hər dərdə mübtəla olan adamları xilas edən Davud filmi axıra qədər xilas edə bilmir.
Bəs ssenari? Epizodik əhvalatların yarımçıqlığı... deyə bilərik, amma demirik. Ədalət tərəzisinin bir gözü əyilər onda. Filmdəki ayrı-ayrı xətlər birləşir, bütünləşir. Bu kamilləşməyə mane olan istisnalar isə, həmişə və hər yerdə var. Necə ki, bilinmir: Doktor kimdir, Davudu axtaran adamlar kimdir? Bəlkə mən pis tamaşaçı kimi mənalandıra bilmədim. Mümkündür! Yalnız bunu demək olar ki, Davud dəyişdikcə, onlar da dəyişir. Mənən, ruhən təmizlənirlər, arınırlar. Davud adının seçilməsinin isə simvolik mənalandırmasını axtarmaq lazım deyil. Yəni Zəbur əta olunan Davud deyil. Bəs kimdir? Qəhrəman aktyorun adı Orxandır. Baydarovun dostu.
Rejissor özü deyir ki:
- Orta məktəbdə oxuduğum müddətdə "Davud" ləqəbi ilə şeirlər yazmışam və bu da Orxanın anasının əvvəlcə ona vermək istədiyi addır.
Vəssalam!
***
Aktyorların hiss-hərəkətləri hadisənin başvermə dinamikası ilə üst-üstə düşmür. Bu, məqsədli deyil, sıravi adamları filmə çəkən rejissorun, yüngül desək, acizliyidir. Yəni aktyorla işləyə bilməmək. Burda filmin ruhu ilə həmahənglik axtarmaq doğru olmaz.
Film uğursuzdurmu, deyil! Ədalət tərəzisinin yenə xatırlayaq. Məsələn, Kor qızın anasının qəbir səhnəsi gözəldir. Yaxud başqa səhnə. Qonşuların qapısı bağlıdır. Hamı ya köçüb gedib, ya mərhəmət hissini itirib. Ki, Davud xəstə anasının dərman içməsi üçün bir fincan su almaqdan ötrü açıq qapı tapa bilmir.
Və son...
Nə gözəl ki, müstəqil kinomuzun belə faktları yaranır. Baxırıq, düşünürük, ümidlənirik, böyüyürük, öyrənirik. Proses yaranır, çək-çevir, tənqid-tərif meydana çıxır. Mədəniyyət faktı doğulur.
Gözəldir, deyilmi?!
Məncə, hə!
Cavid
ZEYNALLI
525-ci qəzet.- 2021.- 8 iyun.- S.9.