Ölməyən sevgilər

 Esse

 

Araz çayının suları gündüzlər qıpqırmızı olur. Adama elə gəlir ki,  atılan mərmilərin axıtdığı qan onu bu kökə salıb. Amma ay çıxandan sonra su gümüşü rəngə çalır. Müharibənin ən qızğın çağında da gənclik duyğuları səni tərk etmir. Bəlkə , ağır döyüşlərdə sənə güc verən elə həmin duyğulardır. Vüsal sulara baxır, sevgilisini xatırlayırdı.

 

O, "Dəmir yumruğ"un gözəl nitqinə qulaq asandan sonra qəti qərara gəlmişdi ki, döyüşən orduya gedəcək. Nişanlısı bunu eşidən kimi kədərli-kədərli demişdi:

 

- Sən əsgərliyini təzəcə qurtarmısan. Biz toya hazırlaşmırıqmı?

 

- Hazırlaşırıq. Qarabağın alınmasında iştirak etməsəm, toy edə bilərəmmi? Bəs mən sənin, dostlarımın, anamın üzünə necə baxa bilərəm?

 

- 27 ildir Qarabağı ala bilmirlər, indi alacaqlar? - qız kədərli-kədərli dilləndi.

 

- - indi alacağıq!

 

- bilirsən?

 

- Sən İlham Əliyevin Dəmir yumruğunu görmədinmi? Ona varlığım qədər inanıram. Sən inanmırsan?

 

Qız astadan dilləndi:

 

- İnanıram! Həm çox inanıram! Amma istəyirəm ki, toyumuz olsun!

 

- Yaşıdlarımın hamısı cəbhədə, mən isə arxada özümə toy etdirirəm!

 

Bu sözləri deyəndən sonra ayağa durub "dumbadurum, dumpadurum" deyə-deyə rəqs etmişdi. Onun bu şuxluğu nişanlısının həyəcanını bir anda yox etmişdi:

 

- Onda ehtiyatlı ol, özünü qoru!

 

- Mən özümü qorumağa yox, vətəni qorumağa gedirəm.

 

- Yaxşı, özündən çıxma! Ehtiyatlı olmalısan. Erməni hiyləgərdir.

 

- Baş üstə, general, tapşırığınızı yerinə yetirərəm!

 

Qız çiyninə atdığı şarfın ucunu didişdirə-didişdirə demişdi:

 

- Bax, belə! Ağıllı ol.

 

Vüsal xatirədən ayrılıb suları seyr edirdi. Araza baxan hər kəsin ürəyindən bir cənub niskili keçir. İndi belə oldu. Azərbaycanı iki yerə bölən çaya baxa-baxa  qoca şairin hələ cavanlıq illərində yazdığı  bir şeiri xatırladı:

 

Təbrizdən dünyaya yollar uzanır,

Yollar çox tufana gəribdir sinə.

Təbriz göylərində ulduzlar yanır,

Sönən oğulların xatirəsinə.

 

Ay ana Təbrizim, ağır yolların

Gəncəyə, Şəkiyə, Şirvana keçmir.

Mənə uzatdığın cığır qolların

Axı, heç Arazdan bu yana keçmir.

 

Qoşun dayanmışdı. Hər tərəfdə sakitlik idi. Cəbhədə belə anlar daha vahiməli olur. Sanki nəhəng bir əjdaha nəfəsini içinə çəkib ovunun yaxınlaşmağını gözləyir. O, qəfildən nərə çəkəcək, ovunun üstünə tullanıb onu parçalayacaqdı. Birdən bu səssizliyin içindən pəsdən oxunan bir nəğmə eşidildi. Müğənni lap astadan oxusa da, sakitlikdə əməlli-başlı eşidilirdi. Vüsal bu mahnını dəfələrlə eşitmişdi. Oxuyan Xudayar idi. Vüsal Xudunun sifətini gözünün qabağına gətirdi öz-özünə dedi:

 

- Nədən desələr mərc gələrəm, bu saat onun üzünün düz ortasında balaca bir batıq yaranıb, yumru yanaqları qızarıb. Kimsə onun böyrünü dümsükləyir ki, oxumasın, düşmən eşidər, yerimizi bilər. Başımıza od yağdırar. Vüsal dostunu yaxşı tanıyırdı. Onu da bilirdi ki, Vətəni tərənnüm edən bu mahnını qurtarmayınca Xudayar susmayacaq.

 

Vüsal Xudayarla döyüş başlayan gündən dostlaşmışdılar. İkisi bərdəli idi. Ordan-burdan söhbətdən sonra ortaq tanışları çıxdı, bu da onları daha da yaxınlaşdırdı. Söhbət zamanı məlum oldu ki, Xudayar Yusifzadə cəbhəyə könüllü gəlib. Onların dostluğu bir ona  görə yaxşı tuturdu  ki, Vüsal şeir, Xudayar isə musiqi həvəskarı idi. Bir dəfə Vüsal Xudayara qəzetdən kəsilmiş bir kaçız parçası göstərib dedi:

 

- Bax, qoca şair yazır?

 

Xudayar da qəzet parçasını alıb hündürdən oxumuşdu. Həmin şeir belə idi:

 

Bir quş var tütək çalır,

Tütəyi qəşəng çalır.

O, gəzir baxçamızın

Hər üzünü oxuyur.

Heç kəsi yamsılamır,

Öz sözünü oxuyur...

 

Balabanla səsləyir

İtirdiyi yarını.

Lənətləyir naməlum

Bir ovçunun torunu.

 

O quşun hər kəlməsi

Qığılcımı andırır.

Yarına həsrət qalan

Ürəkləri yandırır.

 

(Bir var, o bilmir

Hər dərddə bir xeyir var.

Hər kədərin içində

Bir nəğmə var, şeir var.)

 

Sevgilisi  ölməyib,

Çönüb nəğmə olubdu.

Gizlincə quşcuğazın

Ürəyinə dolubdu.

Ona görə nəğməsi

Həmişə təzə tərdi.

Bu dünyanı yaşadan

Ölməyən sevgilərdi.

 

Xudayar şeiri oxuyub qurtarandan sonra bir qədər susmuş demişdi:

 

- Əgər, qoca bir adam sevgidən yazmaqdan doymursa, mən niyə mahnımı oxumaqdan doymalıyam?

 

Sonra sevimli mahnısını oxumağa başlamışdı. Vüsal deyirdi ki, Xudayarın onsuz da zərif olan siması mahnı oxuyanda daha da gözəlləşirdi.

 

Bu gənclərin bir xarakteri vardı. Onların hamısı eyni bir fikirdə idi: Ya Qarabağ alınmalıdır, ya da bizim canımız! Geriyə yol yoxdu!

 

Bax, buna  əqidə deyirlər.

 

Xudayar  9-cu sinifdə oxuyanda ərizə yazmışdı ki, onu cəbhəyə aparsınlar. Qarabağın digər yeniyetmələri kimi, o da ermənilərin azğınlığına dözmürdü. İki günün biri qrad atır, camaatı səksəkədə saxlayırdılar. Buna görə cavan könüllülərin sayı həddindən artıq çox idi. Amma hərbi komissarlıqda onları geri qaytarıb dedilər:

 

- Hələ ağzınızdan süd iyi gəlir. Gedin dərsinizi oxuyun, lazım gələndə çağıracağıq.

 

Onun musiqiyə xüsusi həvəsi vardı. Yəqin ki, bu həvəs  atası Müslüm kişidən keçmişdi. Müslüm Yusif oğlu gözəl qarmon ifaçısı idi. Xudayar Bərdə Şəhər Uşaq İncəsənət məktəbini bitirmişdi. Profesional idmanla da ciddi məşğul olurdu. "Orean" idman klubunun üzvü idi. Kikboksinq üzrə 70 kiloqramlıq  idmançılar arasında ən güclü sayılırdı.

 

Boş vaxtlarında hündürdən oxumağı sevirdi. Gecə yarısına kimi sevimli nəğməsini oxuyurdu.

 

Amma Xudayarın xəbəri yox idi ki, aynabəndli eyvandan ona bir qız baxır.  Mavi paltarlı, uzun hörüklü, ürkək baxışlı bu qız onun hər hərəkətini izləyir, oxuduğu mahnının sözlərini urəyində təkrar edirdi. O,  mahnının ahəngini, səsin harda enib, harda yüksələcəyini Xudayarın özü qədər bilirdi. Hər axşam  bu iki gənc eyni mahnını bir-birindən xəbərsiz, amma bir yerdə oxuyurdular.

 

Xudayarın qəfildən əsgər getməsi bu dueti yarımçıq qoydu. Nəğmə  iki yerə bölündü. Xudayar nəğmə payını özü ilə müharibəyə apardı. Amma onun ağlına da gəlmirdi ki, nəğmənin yarısı arxa cəbhədə - gözəl bir qızın dilində qaldı.

 

Kimsə astadan dilləndi:

 

- Xudayar, yaram göynəyir. O mahnını bir oxu!

 

Xudayar qarnından yaralanmışdı. Amma onun fikrincə, belə xırda-xuruş yaraları camaata deyib qan qaraltmağına dəyməzdi. Zəngilanın Ağbənd kəndi uğrunda döyüşlərdə böyük igidlik göstərdi. Döyüş yoldaşları onun qədər cəsur bir igid olduğunu gördülər. Kəndi alandan sonra  məşqçisinə zəng eləyib dedi:

 

- Müşfiq müəllim, gözün aydın, Zəngilanı aldıq. Məndən arxayın olun, kefim kokdür.

 

Sonra yenə sevimli mahnısını oxudu.

 

Amma təəssüf...

 

2020-ci ilin oktyabrın 22-də Zəngilan cəbhəsində açılan bir atəş Xudayarın nəğməsini yarımçıq kəsdi. Həmin güllə evlərinin aynabəndindən Xudayarla birlikdə o mahnını oxuyan qızın sevgisinə də dəydi, onu yerlə-yeksan etdi. Mahnını  oxuduqları vaxtlarda qız hər gün bağçadan bir dəstə gül yığır, amma oğlana verməyə ürək eləmirdi. Budur indi sevgini izah etməli olan güllər gözlərini yumdu, əvəzində güllələr açıldı.

 

Xudayarın igidliyi yüksək qiymətləndirildi. O, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  15 dekabr 2020-ci il tarixli   sərəncamı ilə  ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda"  medalı ilə, 25 dekabr 2020-ci il sərəncamı ilə isə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olundu.

 

Hamı, elə Vüsalın özü də,  güman etdi ki, dostunun nəğməsi özü ilə birlikdə şəhid oldu. Amma belə deyilmiş. Müharibə qurtarandan sonra dostları onun videosunu televiziyalara gətirdilər. Qələbəni bayram etdiyimiz günlərdə şəhid Xudayar Yusifzadənin mahnısı demək olar ki, hər gün yayıldı. Yoldaşları ondan şəhid kimi yox, yaşayan qəhrəman kimi danışırdılar..

 

Bax beləcə Xudayar da yaşadı, mahnısı da...

 

Nəğmənin sözləri böyük qəzəlxanımız Əliağa Vahidindir. O, Gürcüstanın Terek cayında üzərkən öyrənir ki, bu çay başlanğıcını Zilqaxox dağlarından götürür, uzun bir yol qət edir, ona çoxlu bulaqlar qoşulur və axırda gəlib Xəzər dənizinə tökülür. Xəzər adını eşidən kimi ilhama gələn şair bu şeiri yazır. Mahnının taleyi də müəyyən mənada Xudayarın taleyinə oxşayır.

 

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum.

 

Xudayar demək olar ki, hər gün Vahidin sualını təkrar edir:

 

- Vahid, sorma vətən, nədən yaxşıdır?

 

Bu sualın cavabı isə onun  özündədir.

 

Axı, Vətəndən yaxşı ola bilər?

 

Vətəni yaşadan onun övladlarının ölməyən sevgiləridir.

 

 

Zahid XƏLİL

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2021.- 9 iyun.- S.21.