Tanıdın?
Yazıb göndərmədiyim məktubları
oxudun?
Göründümü gözünə gözə
görünməyənlər?
Mən deyilən sözləri dinləmirəm, bilirsən,
Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər.
Yalanı
yalan olsun, yalan çıxandan bəri
Doğrular qəlbimizin bir küncünə sıxıldı.
Qazıdı ayağının altını
yalan sular,
Arxa dayadığımız
uca dağlar yıxıldı.
Ah, necə sevinclərin oyununa qoşulum,
Qaldı ürəkdə həsrət,
ovuldu gözlərdə
kam.
Bütün başqa arzular pərvazlandı, nə olsun,
Yay-qış boş yuvasında inləyir sevgi nakam.
Ayrılıq haqdı, billəm,
yox tutarlı bir səbəb
Bu qəlbimi zəbt
edən həsrəti
daşlamağa.
Yaz ömrü
həsrətinin səhrasında
bitirdim.
Azacıq yer olarmı qəlbində qışlamağa?
Yazıb göndərmədiyim məktubları
oxudun?
Göründümü gözünə gözə
görünməyənlər?
Mən deyilən sözləri dinləmirəm, bilirsən,
Mənə Haqdan agahdır
heç vaxt deyilməyənlər...
***
Sonuncu şeirdi yazıram sənə,
Adın bundan belə çıxar yadımdan.
Səni
bundan belə unutmamağım,
Məndən sənə çatan
ən böyük cəza!
Düşün, səndən ötrü
kim böyütmüşdü,
Bağrının başında bu
boyda həsrət!
Cəhənnəm uçrumu açar
qarşında,
Qəfildən kəsilən bu qurd sədaqət.
Mənim
xəyalımın saraylarında
Gözəl Yusif idin, ölməz
Cakonda.
Sonuncu şeirdi yazıram sənə,
Əlvida!.. Gözündən
öpürəm sonda!
***
İndi
uyuyursan... yuxularında
yoxamsa... yoxam.
Hicranın əlində olan
tək mənim
yaxamsa... yoxam.
Günəşsən, bu səhra qəlbi odlayan,
Buludsan, yağmadan
ötən, adlayan.
Heç
vaxt ünvanına gedib çatmayan
ahamsa...yoxam
Gördünmü yetməkçün yarına belə,
Yüyürə, yıxıla, sürünə
belə...
Qəlbinin boş qalan yerinə belə
çoxamsa... yoxam...
***
Atdığınız daşla, bilirsinizmi,
Ayağım altına daş qoymusunuz?
Sınmış etibarın qəbri
üstə gül,
Bulaq gözlərimə yaş
qoymusunuz...
Daş-daş ucalıram, daş-daş
susuram,
Sizə danmı gəlir daşa dönməyim?
Dağ çayı kimiyəm, axıb getmişəm,
Ta Allaha qalıb
başa dönməyim.
Yüngüllər özünü dartar
önümdə,
Mənim gücüm çatmaz özümü çəkim.
Özünüz gözümü qırdınız
ki, mən
Daha üstünüzdən gözümü
çəkim...
Yaralı
ürəyim dağ-dağ
olunca
Bərkiyib beləcə dağ oluram, dağ.
Soyuyur ürəyim, soyuyur üzüm,
Nədir? Daş adama
olmur sığınmaq?
Daş-qalaq etdikcə duyğularımı
Ayağım altına bir dağ qalandı...
İndi
ağı deyin, bayatı çəkin:
Mən aşiq dağda yandı,
Şamama tağda yandı.
Dalımı dağa söykədim,
Alışdı dağ da yandı.
Nədir? Dağ adama
olmur sığınmaq?
Tanıdın?
Yenə
səksəndirib qəm
dəryasını,
Dərindən səslənən mənəm,
tanıdın?
Gözün gözlərinə, eşqin
qəlbinə
Əbədi göz dağı sənəm, tanıdın?
"Çoxdan unutmuşam!" - deyib ha çığır,
Qəmli gözlərindən mənsizlik yağır!
Ha ucal, ha yüksəl, vüqarlan, axır
Başına dolanan çənəm, tanıdın?
Sevgi dastanında xaric xalların,
Yəhərsiz, yüyənsiz xam xəyalların
Bağrinin başını döyən nalları
Tellərinə yağan dənəm, tanıdın?
Denən xoşbəxtinə gülsün həmişə,
İncimək, ağrımaq mənədi peşə. -
Sevilib atılan küskün bənövşə,
Qibləlikdən düşən yönəm, tanıdın?
Ömrün dünəninə atdığın arzun,
Qədirsiz istəyin, ögey murazın.
Hərdən gözlərinə o gözəl qızın
Gözündən boylanan qəməm, tanıdın?
***
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan
ey,salam.
Yığval tərsə düşüb
yol düz gəlməyib
Ürəyi həsrətdə solan
ey, salam.
Gəzir
aralıqda qatı duman çən,
Eh, nə bu mən
mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin
verən
Allah salamını... Salam ey, salam!
Hər açılan sabah
sabah olmur ki,
Quruca bir salam
günah olmur ki...
Hər qəlbin salamı, Segah olmur ki,
Ürəyim inlədi: "Balam
ey...", salam.
Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi
eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... salam.
Xatirə RƏHİMBƏYLİ
525-ci qəzet.- 2021.- 9 iyun.- S.20.