Qələmsiz yazılanlar
status-esseləri
Ermənilər həmişə öz namərdliklərinin cəzasını
çəkiblər.
***
Kimsə
nədənsə, niyəsə
incik ola
bilər. Amma buna görə
böyük Qələbəmizə,
haqlı savaşımıza
kölgə salmaq naqislikdir.
***
Pandemiyanın hesabına paytaxt, böyük şəhərlər
öz əvvəlki mahiyyətini xeyli itirib. İndi bölgədə, ucqar kənddə də bir telefonun
sayəsində özünü
mərkəzdəki kimi
hiss edə bilirsən.
***
Hərdən ağlamaq da lazımdır, vacibdir, xeyirlidir.
***
Bu yeni mediadakı
təzə "jurnalistlərə"
başa salmaq lazımdır ki, vəfat edən adamın yaxınlarını
göz yaşı içində, hıçqıra-hıçqıra
çəkilişə məcbur
etmək nə operativlikdir, nə peşəkarlıq, olsa-olsa
sırtıqlıq və
həyasızlıqdır. Robotdur bunlar,
insan hisslərinə biganə, peşə etikasından xəbərsiz.
Bəd xəbəri
tez çatdırmaqdan
ötrü ölən
bədnöyüslər jurnalistikanın
da zayını çıxartdılar. Jurnalist əzmkar,
inadkar olmalıdır.
Amma həyasızlardan jurnalist
düzəltməyin.
***
Dövlət qurumları öz fəaliyyətləri barədə
xəbərlər, video-çarxlar
hazırlayıb sosial
şəbəkədə paylaşır,
öz əməkdaşları
da elliklə yığışıb bəyənirlər. Bu da olur yüksək reytinqli, kreativ piar...
***
Məmurlar kabinetlərində nə
vaxt həbs olunacaqlarını, təqaüdçülər
evlərində COVİD-ə haçan yaxalanacaqlarını
gözləyirlər...
***
Bütün yeni dublyaj olunmuş filmlərdəki
əsas kişi
obrazlarını eyni aktyor səsləndirir, deyəsən.
Elə bilirsən
bir-birinin davamıdır.
***
Fikrət
müəllimin - Fikrət Qocanın ürəyi bir teldən asılı idi. Deyəsən, onu bu bərk
külək apardı...
***
Ömründə bir kitab oxumayıb, jurnalist adına iddia
edir...
***
Narahat olanlara gözaydınlığı:
Əlavə məhdudiyyət
olmayacaq...
Amma peyvənd etdirin...
***
Qapandın, qapanmadın, bu virus hələ uzun çəkəcək.
***
Şairi
şeiriylə yad etmək savabdır...
***
Ürəkbulandıran insanlar həmişə olacaq. Lap ən sevincli günlərdə də.
***
Hər fürsətdə içinin
kinini tökən adamlardan uzaq durun...
***
Özünəgüvən hər şeyə təsir edir, hətta kəkələməyi
də yoxa çıxarır.
***
Yer üzünün
iki ən insani fəsli sıradan çıxır
- yaz və payız. Qışdan birbaşa yaya,
yaydan qışa keçirik. İqlim dəyişir,
insan duyğularına
qanad verən iki ecazkar fəsil
yox olur.
İnsanlar da dəyişilir,
iqlimə uyğunlaşır
- isti və soyuq insanlar...
***
Sadə, sıravi ermənilərin
bizimlə birgə yaşamaq istəməməsi
uydurmadır. Əgər faşist hakimiyyətləri,
qisascıl diasporaları
təzyiq etməsə,
quzu kimi yaşayarlar Azərbaycan dövlətinin tabeçiliyində...
***
İndi informasiya ovuc içindədir. Bütün məlumatları telefondan almaq olur. Bəs görəsən, əhalinin
savadı azalıb, ya artıb?..
***
Xaos ictimai rəyi öldürür,
idarəçilərə bəhanə
verir. Onsuz da hər ağızdan bir hava gəlir, hərə istədiyini deyir. Min yol həqiqəti desən də, çevrilib baxan olmayacaq...
***
Gec gələnlər həvəsli
olur...
***
İsrailə 2 səs verdim -
2-ci yerə çıxdı...
***
Zəvzək kimə deyirlər?
***
Sürücülük vəsiqəni
20 dəqiqəyə dəyişə
bilirsənsə, ASAN ideyasına
minnətdarlıq düşür...
***
Həmrəng və həmxasiyyət
barədə məsəl
təsdiqini tez-tez tapır...
***
Tez-tez zarafatla deyirəm ki, 5 il
tar dərsinə getdim,
"Cücələrim"dən başqa heç nə yadımda qalmadı...
İndi Ağcabədidə evdə
Ağdam Musiqi Məktəbinin müdavimlərinin
şəklini tapdım. Diplomdakı qiymətlər
isə heç üzə çıxarılası
deyil. Musiqi istedadı və
duyumu hər insana nəsib olmur.
Bu gün təməli
qoyulan Ağdam şəhər 1 nömrəli
məktəbdə isə
daha yaxşı oxumuşam.
***
Futbolçu Səmədağa Şıxlarov
bizim gənclik illərimizdə çox məşhur idi. Dopdolu stadionun
onun adını səsləndirdiyi vaxtlar var idi. Çoxdan xatırlamırdım. İndi faciəli
şəkildə vəfat
etdiyini eşitdim.
Pis oldum. O stadiondakı
həyəcan, onun sürətli qaçışları,
qırx il
öncənin xiffət
və hüzn dolu aurası bürüdü məni.
Allah rəhmət eləsin.
***
Çox pis, sarsıdıcı xəbərdir. Heyif!..
Həmkarlarımız erməni terrorunun qurbanı oldular, şəhadətə yüksəldilər. Təsəlliyə söz tapmaq çətindir. Yerləri
behişt, məkanları
cənnət olsun!..
***
Medianın İnkişafı Agentliyi
son aylarda gərgin çalışır və
mediaya daha geniş dəstək barədə düşünür. Burada əsas
məqsədlərdən biri
kritik vəziyyətdə
olan çap mediasının qorunub saxlanmasıdır. Eyni zamanda,
yeni saytların, audiovizual mətbuatın inkişafına dəstək
proqramı da nəzərdə tutulur.
Düşünürəm ki, elan olunan şərtlər bu istiqamətdə bir addımdır. Getdikcə medianın klassik formaları öz yerini yeni mediaya
verməkdədir. Bu mənada, elan edilən şərtləri
keçid dövrü
üçün məqbul
saymaq olar.
***
Siz bir-birinizi qırın, arada Mark qazansın...
Bir-birinə savaş açan media qurumları bu enerjini və maliyyəni şəhid həmkarlarımızla bağlı
məlumatların yayılmasına
sərf etsəydilər,
bu, Vətənə və mətbuatımıza
daha çox xidmət olardı.
***
Qeyri-peşəkarların idarə etdiyi media təhlükəlidir. Öz yanlışını ört-basdır etmək üçün trola çevrilib, hurreylə bir saytın üzərinə gedən
bir dəstə media qurumunu necə müstəqil adlandırmaq,
hadisələrə münasibətini
özlərinin müəyyənləşdirdiyini
necə iddia etmək olar? Bunun adı sifarişçiyə
mütəşəkkil, can-başla xidmətçilik,
qurama həmrəylikdir.
Əgər yeni media siyasəti budursa, yanlışdır. Peşəkarları sıradan çıxarıb,
formalaşmamış, təcrübəsiz,
ruhən mediadan uzaq gənclərə ciddi məsələlər
həvalə etmək
və buna görə külli miqdarda pul ayırmaq
havayı əziyyət,
havaya sovrulan vəsait deməkdir.
İki jurnalistimizi
şəhid verdiyimiz ağrılı və həssas məqamda mübahisəli, şübhəli
mövzunu yersiz qabartmaq, sonra da öz yanlışını
ört-basdır etmək
üçün bu tipli yazıları elliklə reklama qoyub qarşı tərəfi susdurmağa çalışmaq həm
də mənəvi iflasın göstəricisi
idi. Bu günlərdə şəhid jurnalistlərimizlə
bağlı hadisəsinin
mahiyyətini hamılıqla
dünyaya çatrdırmalı
olduğumuz bir məqamda müəmmalı
keçmişə malik
hansısa "müharibə
əlili" barədə
lazımsız diskussiyaya
bu qədər enerji sərf edildi.
Aşağı audutoriyanın diqqətinə
hesablanmış, heç
bir ictimai yük daşımayan xəbərlər yazmaq, primitiv cümlələrlə
şou yaratmağa çalışmaq, sonra da o xəbərləri böyük vəsaitlər
hesabına reklama qoyub oxucu yığmaqla
media olmaq olmaz. Bu, müvəqqəti gözqamaşdırmadır.
Son onilliklərdə əldəqayırma,
külli miqdarda investisiya yatırılan və hay-küylə fəaliyyətə başlayan
media orqanlarının sonda
iflasa uğradığını,
pul kəsilən kimi sıradan çıxdığını çox görmüşük. Təcrübə göstərir ki, peşəkar jurnalistlərin
könüllü birləşməsi
sayəsində, peşə
maraqlarını üstün
tutaraq yaratdıqları
media orqanları daha etibarlı və uzunömürlü olurlar.
Ancaq pul-para naminə bir yerə toplaşan, jurnalist adına
iddia edən şəxsləri heç
bir mənəvi dəyər, sənətə
sevgi birləşdirməyəndə
iflas labüdləşir.
Amma unutmayaq: Belə qeyri-peşəkarlar bir gün elə ciddi məsələlərdə
elə böyük xoruz buraxarlar ki, sonra o xoruzun
çığırtısını kəsmək, yaratdığı
yanlışın tozanağını
yatırtmaq heç kimə müyəssər
olmaz.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ətraf mühitin mühafizəsi günündə Altıağac Milli Parkında olduq. Qafqazda ilk olan Heyvanların reabilitasiya mərkəzi barədə canlı təsəvvürümüz yarandı. Nazir və nazirliyin əməkdaşlarının meşədə, piknik üçün ayrılmış məkanda jurnalistlərlə səmimi söhbətləri, ətirli samovar çayı, isti qarğıdalı, dürməklə xalça-palaz ətrafında mükalimələr unudulmaz anlar yaşatdı. Ətraf mühitin qorunmasıyla bağlı ictimai şüurda baş verən dəyişikliklər, təbiəti qorumağın hamımızın vətəndaşlıq borcu olmasının zəruriliyi, bu məsələdə ictimai qınağın əvəzedilməz rolu barədə rəsmilərlə fikir polemikası əhəmiyyətli idi.
Yüngül media üçün də maraqlı başlıqlar tapmaq olardı. Məsələn, "Nazir jurnalistlərlə isti qarğıdalı yedi".
Yaddaqalan və səmərəli günə, bir də o cür dadlı qarğıdalıya görə təşəkkürlər!..
***
Bakıda incə zövqlə qurulmuş Qızılgül parkı varmış. İçində də incə belli cam bardaqda - armudu stəkanda çay içməyə məkan...
Güllərin ətrinə bürünüş yığcam bağdır. Yerini demərəm...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2021.- 9 iyun.- S.17.