Qaranquş yuvaları hörən adam
2021-ci il mayın 7-si idi. Günortadan bir az keçmişdi ki, köhnə dostum
İntiqam Mehdizadə İsmayıllıdan gəldi. Və özü ilə bir topa İsmayıllı gətirmişdi.
Məcazi mənada yox, elə sözün
birbaşa anlamında. Bir torbaya
yığmışdı İsmayıllı
dağlarından və öz həyətindən
topladığı qazayağı, nanə, kəkotunu...
Nədirsə o göy-göyərtini açınca,
onların ətri otağıma dolunca özümüzdən
ixtiyarsız başladıq Musa Yaqubdan danışmağa (Elə
həmişə də belə olacaq. Musa Yaqub şeirimizə
də son dərəcə təbii və təbiət kimi gəlmişdi,
daim də ürəklərdə və ədəbiyyatda saf
bir təbiət parçası kimi qalacaq!).
Bir
neçə il öncə Musa müəllim
haqda hazırladığım verilişi yada saldıq, həmin
verilişin lent yazısını tapdım, birgə qulaq
asdıq. Və ardınca da yadımıza Musa
müəllimlə görüşlərimizin çox
anları düşdü. Elə bu arada
digər dostumuz Simran Həsənov ikinci dəfə zəng
vurdu. Bir az əvvəl də telefonla
danışmışdıq, elə-belə, hal-əhval
tutmaqçun. Demişdim ki, İntiqam da
yanımdadır. İkinci dəfə zəng
vurmasının isə kədərli səbəbi
varmış. Söylədi ki, indicə
İsmayıllıdan xəbər aldım, Musa müəllim
vəfat edib.
...O dəqiqələrdə
ki İntiqamla Musa müəllim haqda verilişi dinləyirdik,
onun haqqında danışırdıq, sən demə, o əziz
insan həmin anlarda hansısa izahsız cazibənin
hökmüylə bizimlə vidalaşmağa gəlibmiş...
***
Bu filmi mən belə görmüşəm, baxmaqla
doyulmayan sevimli kinolar kimi bunu hələ çox illər boyu
da elə kadrbakadr, təkrar-təkrar yenidən seyr edəcəyəm.
...Yol
dümdüz uzanırdı, rahat idi, nə sağa burulurdu, nə
sola, ona görə də yolçu arxayın idi,
sorğu-sualı yoxdu. Uzun, heç vaxt bitməyəcək
qədər nəhayətsiz hesab etdiyi yolla getməyə
başlamışdı və hələ yolun əvvəlində
idi.
Gendən ata-anası baxırdı, bu, onu bir az da inamlı eləyirdi, asudələşdirirdi. Elə sanırdı ki, vaxt ləng hərəkət eləyir, yerişini sürətləndirirdi, dabanqırma gedirdi. Sonra qəfilcə atası gözdən itdi. İndi ona gendən gülümsəyən, əl eləyən tək anası idi və anası da elə kişiyə bərabər, təpərli qadın olduğundan ona aralıdan da olsa güc verə bilirdi. Əvvəl qətiyyətlə, tərəddüdsüz, özünə güvənərək irəliləyirdi. Və gedə-gedə gəlib yetişdi yolayrıcına. Yol haçalandı. Sağa da dönə bilərdi, sola da. Qaldı tərəddüd içində ki, neyləsin. Arxaya qanrılıb anası sarı baxdı.
Çox uzaqda idi. Lap qışqırsa belə, səsi ona çatmazdı. Bəs kimdən xəbər alsın, kiminlə məsləhətləşsin? Bu ara gözü həmin yollar kəsişməsində, bir qıraqdakı cilalanmış kimi haphamar, sifayı daşa dəydi.
Yol qoşalaşandan, seçmək məcburiyyəti yaranandan sonra ürəyinə xofa bənzər xəfif bir hissiyyat da qonmuşdu. "Bəlkə götürüm, uzun yoldur, gərəyim olar? Ya götürüb özümə yük eləməyim, yolum uzundur?"
Yenə qeyri-ixtiyari geri boylandı, anası səmtə baxdı.
Ətrafda söz soruşulası ins-cins yox idi. Bu yolun
uzunluğunda, tənhalığında,
rastlaşdığı ilk müşküldən-müşkül,
cavabı tapılmaz sualın qarşısında içərisində
nəsə dəbərən, dəyişən kimi oldu.
Hiss etdi
ki, deyəsən, uşaqlıq, yeniyetməlik bitir, gərək
bundan sonra hər suala daha özü cavab tapa:
Gördüm
yol ayrıcında...
Bu nə sifayı daşdır?
Yəqin,
yol gedən deyib:
"Daş yoldaşla adaşdır!"
Dünyanın
bir ucu toy,
bir ucu
da savaşdır,
İlahi,
mən bu daşı götürüm,
götürməyim?
Əli çatası kimsə yoxdu, ona görə Pərvərdigardan
kömək umurdu. O isə lap uzaqda idi... İşin tərsliyindən
getdiyi səmtdən üzü bu yana
qayıdan da yox idi ki, heç olmazsa ondan otərəflərdəki
nə var-nə yoxun sorağını ala. Yol
birtərəfliydi. Yalnız üzü o yana!
Daş isə gözəl idi, həddən ziyadə qəşəng
idi, sanki çağırırdı, "Məni burda
qoyma!" deyirdi:
Özümlə
nə döyüşüm,
özümlə nə vuruşum?
Burda
köhnə izlərin cığırı ot,
yeri şum.
Daha bu
yoldan geri dönən yox ki, soruşum,
İlahi, mən bu daşı götürüm,
götürməyim?
Cavab axtarırdı. Yadına anasının söylədiyi
bayatı düşdü:
Əzizim
harayından,
El yatmaz harayından.
Gündə
bir kərpic düşür
Ömrümün sarayından.
Fikirləşdi ki, bəlkə haçansa elə mənim
də ömrümün anam deyən həmin sarayından kərpiclər
qopub düşdü, yeri boş qaldı? Bəlkə
indidən bu göyçək daşı bərayi-ehtiyat
götürüm ki, ehtiyac yarananda həmin düşən kərpicin
yerinə qoyum, boşluq qalmasın?
Ömrümün
sarayından
gündə bir kərpic düşər,
Min belə
kərpic düşə,
torpağa nə güc düşər?
Ömrün
karxanasında
bəlkə bir az gec bişər,
İlahi,
mən bu daşı götürüm,
götürməyim?
Götürmədi,
getdi... Və çox keçmədi yol yenə
dönüşə dirəndi. Bayaqdan iki
yol ayrıcı idi, indi oldu dörd yol ayrıcı. Buralar nəsə ona doğma gəldi. Dördbir tərəfi elə İsmayıllıda,
Buynuzda olan sayaq qoz ağacları ilə dolu idi. Yenə
anasının tez-tez təkrarladığı sözləri
xatirinə gəldi:
Baxtını
qozda sına,
Oğulda, qızda sına.
Uşaq
vaxtı bu düzgünü oxuyub qozları qırardılar,
içərisi təmiz, ağappaq çıxanda sevinərdilər
ki, bəxtimiz də ağ olacaq. Bayaqkı
daşı götürməməyinə vaysındı:
"Götürmüş olsaydım, indi bu qozlardan
sındırıb taleyimi yoxlayardım".
Həndəvərdə kimsə yox idi. Ancaq ona elə
gəldi ki, səs eşitdi.
Üşənən kimi oldu. Çünki bu səs dediyini pıçıltı ilə deyirdi, amma nə deyirdisə, nəfəs çatacaq qədər yaxındaymış kimi aydınca eşidilirdi: "Sən o sifayı daşa çox baxmışdın. Ona görə də peşmançılıq çəkmə. Elə həmin daşı götürmüş kimisən. O daş sənin ürəyindədir. Nə qədər varsan, nə qədər yol gedəcəksən, o daş da səninlə olacaq. Sənin ürəyindəki o daşdan sözlər süzülüb gələcək, onlar elə duru, elə saf olacaq ki, şeirə çevriləcək. Ürəyindəki dərdləri sən o daşla sındıracaqsan, o daşı daşıdığınçün şair olacaqsan..."
Yol uzanırdı və hələ bu uzun yolda onu rastlaşacağı, götürəni də, götürməyəni də peşman qoyan çox ağlı-qaralı daşlar gözləyirdi:
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Bu yol gedən böyük Azərbaycan şairi Musa Yaqub idi.
***
Azərbaycanın ən üstün ziyalılarının, parlaq qələm sahiblərinin bir ucdan azadlıqdan və həyatdan məhrum edildiyi məşum 1937-ci ildə gələcəyin ən seçkin aydınlarından, ən bənzərsiz şairlərindən olan Musa Yaqub azadlıq və həyat qazandı - dünyaya gəldi.
Dövr elə dövr idi ki, o vaxt bilsəydilər bu körpə böyüyüb sözü Azərbaycan boyda olan şairə çevriləcək, onu beşikdəcə yox edərdilər. Hələ üstəlik, ona hansı ad qoyulduğundan o vaxt Bakıda hökumət adamlarından xəbər tutan olsaydı, balacanı sadədil valideynləri ilə birgə elə gedər-gəlməzə yollayardılar ki, bir daha soraqlarını eşidən olmazdı.
O havası, suyu kimi, adamları da saf, xılsız kəndə hələ məkrli siyasətlər gəlib çıxmamışdı. Vur-tut 19 evi vardı o kəndin. Qartallara bir az yaxın Buynuz kəndinin yolu-rizi də elə çətin keçilən, elə həndir-hamar idi ki, qışda qar əlindən, payızda yağışlar başlayandan sonra saqqız kimi lilin, palçığın ucbatından oralara gedib çıxmaq da asan iş deyildi.
Bu ucqar kənddə gülün-çiçəyin dilini bilirdilər. Otun-yarpağın dilini bilirdilər. Quşların, dağların, suların dilini bilirdilər. Amma dünyanın həlləm-qəlləm işlərinin qəliz dillərindən bixəbər idilər. Yoxsa Bakıda "müsavat" deyənin dilinin kəsildiyi vaxtlarda heç dünyaya təzə göz açan uşağa "Müsavat" adı verərdilərmi?!
Və kənd camaatı da bəh-bəhlə gözaydınlığına gələrdimi? Amma bu uşaq gündə bir arpa boyu böyüyə-böyüyə yaşa dolurdu. Şura hökuməti də il-il güclənir, əli-qolu uzanır, sözü, siyasəti ən ucqar kəndlərdə də oturuşurdu.
Və hələ məktəbli ikən bu uşaq özü də, ata-anası da, həmkəndliləri də başa düşdülər ki, onu bu adla çağırmaq olmaz. Çünki bu sözü hündürdən dilə gətirməyin özü xata idi.
Beləcə balaca Müsavat dönüb oldu Musa.
O xudmani, hamısı bir-biri ilə qohum, hamısı bir-biri ilə mehriban olan Buynuzda insanı heyrətləndirən çox şey vardı. Qapqaranlıq gecələrdə sayrışan ulduzların iriliyinə heyrətlənərdilər, səhərlər dan yeri qızaranda quşların heç yerdə olmayan kimi əsrarəngiz oxusuna heyrətlənərdilər, az qala hər gün səmada açılan havaya, ilğım kimi gah görünüb, gah itən göy qurşağına heyrətlənərdilər.
Dünya ilə, həyatla ilk ixtilafı sözlə başlamış, adı dəyişdirilmiş bu keçmiş Müsavat, təzə Musa isə nə sirr idisə, o iri-iri ulduzlardan, bu doğma dağların min bir gözəllik yağan köksündən, dünən oxuduqları bugünkünə bənzəməyən quşların cəh-cəhindən daha əvvəl sözə heyrətlənirdi. Təəccüblənirdi ki, görəsən, hamının bildiyi adi sözlər birləşib şeir olanda insanın ürəyini niyə həyəcana gətirir?! Onu duyğulandıra, qəmləndirə, sevindirə, mat qoya bilir?!
O vaxt bu suallara cavab axtarırdı, tapa bilmirdi.
Böyüdü,
cild-cild kitablar
yazdı. Sözün bu üzündən
girib o üzündən çıxdı. Şairlər cərgəsində barmaqla göstərilənlərdən
oldu.
Ağsaqqallaşdı, müdrikləşdi, dərinləşdi. Yenə cavab
tapa bilmədi ki, bu sirr nə sirr, bu tilsim nə tilsim imiş?
Bu min qanadlı suallara cavab
tapmadığından özü də zərrə-zərrə
əriyib sözə qarışdı.
Gecəyə qovuşub gecə, səhərə
qarışıb səhər, çiçəklə,
ağacla, çayla, dağla oturub dura-dura çiçək,
ağac, çay, göl, dağ, çöl, bahar,
qış oldu. Və bəxtəvər oldu. Sadəcə
bəxtəvər yox, bəxtəvərlərin bəxtəvəri
oldu:
Bir yaz gecəsində
çöl-bayır oyaq,
Bu gecə baharla könlüm şərikdi.
Bu gecə
bir ağac, bir yamac olmaq,
Bu gecə çöl olmaq bəxtəvərlikdi.
Bu gecə göl olmaq bəxtəvərlikdi.
Bu gecə
baharla qol-boyun olub
Sabaha yol açmaq bəxtəvərlikdi.
O şeir
ki indi qarşımdadır, o misraları ki indi oxuyuram,
onları təbiət balası, təbiət kimi təbii Musa
Yaqub yazıb.
Və bu
şeiri başqa heç kim yaza bilməz.
Yəni bu biçimdə oxşadaraq, əlbəttə,
kimsə nəsə yaza bilər. Amma o şeirdə Musa
Yaqubdakı səmimiyyət çatmaz. Lap
ustacasına yazılsa belə, o səmimiyyətin o şeirin
içərisində olması üçün gərək
uşaqlıqdan Buynuzda böyüyəsən, fitrətdən
şair olasan. Sözünü
çiçəklərin sığalı ilə
oxşaya-oxşaya yazasan. Bu şeir (və əslində
elə onun hər şeiri) bir qaranquş yuvası kimidir,
yazılmayıb, hörülüb:
Burda hər
meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər
tac üstə sarmaşıq
saçı,
Hər saçın küləkdən darağı
vardır.
Burda hər
budağın şeyda bülbülü,
Burda hər
bülbülün qönçə bir gülü,
Burda hər
qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı
vardır.
Burda hər
yamacın çiçəkdir daşı,
Burda
çiçəklərin şehdir göz yaşı,
Burda
şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı
vardır.
Burda sərər
düzə lalələr xalı,
Burda hər
xalının qara bir xalı...
Hər
xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.
Yox, bu şeir hələ bitmədi, bir bəndi də
var. Dağa qalxan, yoxuş yuxarı dikələn insan hərdən
ayaq saxlayıb nəfəsini dərən kimi, mən də bu
sal-qaya şeirin misralarına söykənib
düşünürəm.
Bu şeir İsmayıllının Buynuz kəndində
yazılıb - Musa Yaqubun ata-baba ocağı Buynuzda. Bütöv
Buynuz da deyil, onun kiçicik bir guşəsi haqqındadır
bu şeir. Amma elə o kiçicik guşədə
gördüyü gözəlliklər oranı Musa Yaqubun
gözündə eləyib Vətən boyda - Azərbaycan
irilikdə.
Hərə bu əziz Vətəni - Azərbaycanı bir
cür sevir.
Musa Yaqubun da məhəbbəti bu cürdü:
Burda
qayaların daşdır suvağı,
Burda hər
daş üstə qartal caynağı,
Caynağı
hər daşın bir buz bulağı,
Burda hər
bulağın qonağı vardır,
Harda bu
saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.
Və
ustadın məhəbbət dolu bu şeirinin son misralarına
mən də elə həmin ahəngdə iki sətir əlavə
edirəm:
...Harda bu
saydığın gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.
Orda Musa Yaqub sevdası vardır.
Orda Musa Yaqub ocağı vardır.
***
Və
2021-ci ilin növbəti xoş may günündə o, yenə
əziz Buynuzunda idi, yenə həmişəki kimi yoldaydı.
Yox, olsun ki, həmin saatda, həmin anda ki
uçub gedəcəkdi, heç addımlamırmış,
həyətində ağacın altındamı, evində
masanın arxasındamı əyləşibmiş, ya mütəkkəyə
söykənərək fikrə gedibmiş. Ancaq nə fərqi!
İçərisində ki yenə həmin
yolunu gedirmiş. O yolu ki, ömrü boyu gecəli-gündüzlü
həmin yolda idi.
Və o yol da elə yoldur ki, ömrün bitməsiylə heç vəchlə tamamlanan deyil!
Son görünmür, yolçu yenə yolundadır.
Dünyanın
sıradan olan hər bəndəsi üçün bu yol
gec-tez mütləq sona çatırsa da, dünyanın adi
daşı ilə də adam balası kimi,
insan dilində danışmağı bacarmış belə
işıq daşıyıcılarından ötrü
heç vaxt o yolun bitəcəyi yetişmir.
Yorğun
yolçu bitməz səfərindədir...
Azərbaycan
da, İsmayıllı da, ana qucağı kimi
sığındığı Buynuz da onunla daha gözəldir!
Musa Yaqubun bu Yurda, bu torpağa bağışlaya biləcəyi
ən son töhfəsi canı idi, varlığı idi. Onu da etdi.
Zərrə-zərrə
əriyib itmək, ayrılmaz bir parçası
olmaqçün qovuşdu İsmayıllı torpağına,
Buynuz məzarlığına...
O,
dünyagörmüş adam idi. Dünya onunçün yalnız özünün
gördüyü dünya deyildi, həm də haqqında
kitablardan oxuyub öyrəndiyi dünya idi. Onun dünya haqqında bildikləri əslində,
öz ömründən daha qoca idi.
Ona görə də o, ahıl çağlarında
deyil, hələ lap çox illər əvvəldən də
yeri düşəndə dünya ilə tay-tuşu kimi
danışa bilmişdi.
Ona görə də o, ömrün ixtiyar, yorğun
çağında da, doğma kəndindəki evində təmtək
oturub xəyala dalanda da qətiyyən tənha deyildi -
özünün görmüş olduğu və
özünün görmüş olduğundan da daha yaxşı
tanıdığı köhnə dünyayla birgə idi.
Bir
sarı budaqdır il ağacında
Görən, bu payızın yaşı neçədir?
...Mizrab xəzəlləri
qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər
aramsız yağışlarıyla,
Görəsən,
bu payız kimə ağlayır?..
Dumanlar
yeriyir dərələr boyu,
Dağlar, elə bil ki, qoşun aparır.
Deyəsən,
bu payız vaxt sahibidi,
Məni də özünə qoşub aparır.
Görən,
bu payızın yaşı neçədi?..
Lap çoxdan onun dünyanın içində olması
şərti bir məsələ idi. Çünki
şeirin gücü onu adi adamlar cərgəsindən
çıxarandan bəri dünya özü bu kişinin
içində idi. Məni nə bədbin sayın, nə
ümidsiz, nə də yetərincə bilməyən - daha Azərbaycanda
bu cür şeirlər yazan ikinci adam
yoxdur.
Bəlkə
gələcəkdə oldu, təbiəti nə bilmək olar,
doğdu! Çünki bu cür şairləri
yalnız kitab-dəftər, oxuyub-öyrənmək
yaratmır, özünə gərək olduğu
üçün, öz hisslərini yazdırmaqçün
lazım bildiyi məqamda belələrini təbiət
özü yaradır, özü doğur.
Təbiət lazım bilsəydi, elə hər yetənə
quş dili öyrədərdi, yarpaqları, otları,
ağacları, torpağı, suları necə duymağı,
onların söylədiklərini, yaşadıqlarını
insan dilinə necə tərcümə etməyi anladardı,
onlarla necə həmsöhbət olmağın gizlinclərini
başa salardı. Bu, bizlik söhbət deyil. Məsləhətinə
şükür! Özü seçir,
Özü agah edir, Özü yönəldir.
Musa Yaqub həmin seçilmişlərdəndi. Sanki tale ona yalnız gözəl şeirlər yazmağı deyil, həm də təbiətimizi kəc baxışlardan, bəd nəfslərdən, əyri əllərdən qorumaq cavabdehliyini həvalə etmişdi:
Poladbədən palıdları qırdılar,
Gümüş sinə göyrüşləri vurdular,
Maralları gədiklərdə yordular,
Kol saçını yolub gedir, nə deyim.
Şahpalıddan, cökələrdən soraq yox,
Özümüzü biz yıxırıq, qıraq yox.
Həqiqəti eşidən bir qulaq yox,
Söz də oyun olub gedir, nə deyim.
Günahları bağışlamaq cəhdimi?
Yer
üzünə təzə körpə gəldimi, -
Allah hələ
qəbul edir əhdimi,
Dünya bizə qalıb gedir, nə deyim.
İndinin, az əvvəlin bir sıra tanınmış şairlərinin qoşduqlarına bənzədərək elə onlar kimi yazmaq olur. Musa Yaqub kimisə yox! Çünki o, sadəcə şeir yazmırdı. O, şeirin özü idi. Onun şeirlərini təbiət yazırdı. Musa Yaqub sadəcə ötürücü, naqil idi. O, hər təzə şeiri ilə təzədən bitən çiçək, yenidən puçurlayan tumurcuq kimi idi. Ürəyimdən keçir ki, ömrün axır parçasının sıxıntılı, xəstə anlarının ona yaşatdıqlarını şeirə döndərmiş olaydı. Oxuyaydıq və görəydik ki, kitabdan, bilikdən, başqalarından eşitdiklərindən deyil, insanın öz içərisindən süzülüb gələn əsl AĞRI ŞEİRLƏRİ necə olarmış...
Mənim dan ulduzum batdı qəfildən,
Batdı - batmağına inanmadığım.
Birdən bəxtimin də yuxusu gəldi,
Yatdı - yatmağına inanmadığım.
Üzümdə zəlzələ, ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam,
Dartdı - dartmağına inanmadığım.
Axır hesabımı verdi əlimə,
Tanrı atdı məni ruh aləminə,
Atdı - atmağına inanmadığım.
Nə fərqi - tez oldu, gec oldu, getdi,
Əvvəli, axırı heç oldu getdi,
Getdi - getməyinə inanmadığım.
Dünya fani imiş, ömrümüz ani,
Bitdi - bitməyinə inanmadığım.
...Ömrü uzunu qapısı həmişə açıq olub.
Evindən-eşiyindən heç vaxt qonaq-qarası əskik olmadı. Hələ kənd müəllimi işlədiyi, kasıbyana güzəran keçirdiyi əyyamlarda da nə qədər gələni olsa belə, yola verdi, bir müddət sonra köhnə qonaqlıqların altını çəkməli, borc qaytarmalı olubsa da, şakərindən əl götürmədi, yenə süfrə açdı, yenə qonaq qarşıladı, yenə təzə gələnə sevindi və Allah da o səbəbdən heç vaxt ruzisini kəsmədi.
...Ömrün bitəcəyində yenə ara-sıra qonaqları gəlirdi. Daha əvvəlki xoşbəxt, qayğısız günlərdəki kimi onunla deyib-gülməyə, şad-xürrəm yeyib-içməyə yox, yoluxmağa gəlirdilər. Düşmüşdü. Amma Musa Yaqub mənə lap ən yorğun halında belə yanındakı ən sağlam adamdan da şux gəlirdi. Çünki işıq, güc, parlaqlıq onun mahiyyətində, cövhərində idi. Palıd palıddır. Cavanının bir gözəlliyi var, ən qocamanının bir ayrı cazibəsi. Orda - İsmayıllıda, Buynuzda, mənə və mənim kimi lap çoxlarına tanış olan mehriban həyətdə, köhnə ocaqda, simsar evdə Musa Yaqub ömrün son parçasında dəniz içərisində olan kimi idi.
Xatirələr, yaddaşlar, duyğular dənizinin qoynunda olan tənha qayıq kimi.
Hərdən ürəyimdən keçirdi ki, görən, o böyük duyğu adamı indi nə düşünür, hansı xatirələrlə baş-başadır? Bəlkə yorulub xatirələrdən? Bəlkə əksinə - məhz indi köhnə və tanış dünyanı hər zaman olduğundan daha aydın, daha dəqiq görür?..
...Və bir vaxtlar, yolunu təzə başladığı çağlarda günlərin birində atası, anası həmin uzun yolda qəfilcə qaraltıya çevrildiyi, yox olduğu kimi, Musa Yaqub da dumanda qeyb olan sayaq gözdən itdi...
Bundan belə haçan Musa Yaqubu lap yaxından, nəfəsini duyacaq qədər yovuqdan görmək, söhbətləşmək istəsəniz, kitablarını açın. Görəcəksiniz ki, elə həmin Musadır.
Həyatda necə idisə o cür!
Bəlkə elə ona əmanət edilən ömrü o cür sürübmüş ki, sonra yaşamağı da məhz bu təhər davam etdirə bilsin?!.
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.-
2021.- 9 iyun.- S.14-15.