Ali Siddibe:"Azərbaycanın
qələbəsindən fərəh duyuruq"
ADMİU-nun Malidən
olan tələbəsi deyir ki, gələcəkdə ölkəsi
ilə Azərbaycan arasında uğurlu əlaqələr
yaradılmasına çalışacaq
Azərbaycan
Respublikasının Təhsil və Müdafiə nazirlikləri,
eləcə də Bakı şəhər Gənclər və
İdman Baş İdarəsinin təşkilatçılığı
ilə, ölkəmizdə təhsil alan 40 əcnəbi tələbə
işğaldan azad olunmuş Füzuli və Cəbrayıl
rayonlarına səfər edib.
31 ölkəni təmsil
edən tələbələrin
qatıldığı səfər
"Azərbaycan gəncliyi
2017-2021-ci illərdə Dövlət
Proqramının gənclərin
beynəlxalq əməkdaşlığı
və mübadiləsinin
genişləndirilməsi" bəndinin icrası ilə əlaqədar həyata keçirilib.
Səfərdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) iki əcnəbi
tələbəsi də
iştirak edib. Müsahibim Ali Siddibe onlardan biridir.
Mali Respublikasının vətəndaşı olan
Ali, ADMİU-nun Kulturologiya fakültəsinin
magistratura pilləsinin
I kursunda təhsil alır. Cəmi iki ildən
bəri Azərbaycanda
yaşamasına baxmayaraq,
dilimizi fikrini ifadə edə biləcək şəkildə
öyrənən müsahibimlə
ölkəmizə gəlişi,
buradakı təhsil həyatı, Qarabağ səfəri və sair kimi mövzularda
həmsöhbət olduq.
***
- Ali, necə oldu ki, Azərbaycana gəlib burada təhsil almağa qərar verdin?
- Mən burda Mədəniyyətin tarixi
ixtisasını öyrənirəm.
Ümumiyyətlə, beynəlxalq mədəni
əlaqələr mənimçün
həmişə maraqlı
olub. Ona görə də
bu sahəni seçdim. Azərbaycan gənc ölkə
olmasına baxmayaraq, kifayət qədər inkişaf etmiş, beynəlxalq arenada tanınan müasir ölkədir. Burada inkişaf
daha sürətlə
gedir. Azərbaycan eksperimentlər ölkəsidir.
Biz də bu
təcrübəni öyrənmək,
bundan istifadə etmək istəyirik.
Öz ölkəmin, cəmiyyətimin cavan ziyalısı kimi düşündüm ki, bu ölkəyə getməli, tanış
olmalıyam, sonra nə edəcəyimə isə baxarıq. Beləcə
gəldim bura və burda magistratura
oxumaq qərarını
verdim. İlk il dil kursumuz oldu, Azərbaycan dilini öyrəndim. Mən bakalavr təhsilimi
Nigerdə, birinci magistr təhsilimi isə Malidə almışdım. Bu, ikinci magistratura təhsilimdir. Ümumiyyətlə,
2018-ci ildən bəri
mədəni sənətkarlığını
çox bəyəndiyim
bir Birləşmiş
Ərəb Əmirliyinin
vətəndaşı xanımla
tanış oldum. O, burada xalçaçılıq üzrə
təhsil alıb. Onunla söhbətimizdə
Azərbaycan və İran xalçalarının
dünyanın ən yaxşıları arasında
olduğunu başa düşdüm... Beləliklə, ölkələrimiz arasında
mədəni mübadilə
üçün imkanlar
yaratmağa ümid edərək Azərbaycan millətini və onun mədəniyyətini
tanımağa qərar
verdim.
- Azərbaycan haqda müəyyən qədər
məlumatın varmış.
Bəs Azərbaycanın Qarabağ
problemi haqda nələrsə bilirdinmi,
eşitmişdinmi? Bu mövzu haqda nələr düşünürsən?
- Yox, bu haqda
elə bir bilgim yox idi.
Çünki ölkələrimiz bir-birinə çox uzaqdır. Dillərimiz də fərqlidir.
Əlaqələrimiz yox idi.
Amma bura gələndən sonra ətraflı məlumatlar əldə etdim. Xüsusən, müharibə dövrü
məsələni bizə
daha çox anlatdı. Əlbəttə, heç bir
insan öz ölkəsinin, torpağının
işğal olunmasını
istəmir. Bu, vətənini, xalqını
sevən hər bir insan üçün
çox ağır bir hadisədir. Təəssüf ki, həm Ermənistan, həm də bu gün
onlara dəstək verən Fransa hər zaman işğalçı, imperialist ölkə olublar və işğalçını,
terroristi dəstəkləyiblər.
Ona görə biz də onlara qarşıyıq.
Bizim də tariximizdə fransızların torpaqlarımızı
işğal faktları
var. Bu, təkcə bizə,
sizə qarşı yönəlmiş deyil, onlar hər zaman hər yerdə işğal siyasətini dəstəkləyirlər.
Düşünürəm ki, bunu bütün dünyada dəyişməliyik. Əgər birlik-bərabərliyimiz
olarsa, dəyişə
bilərik.
- 44 günlük müharibə
nəticəsində Azərbaycan
öz torpaqlarını
geri qaytardı. Sən həmin müharibəni necə dəyərləndirirsən
və Azərbaycanda yaşayan əcnəbi olaraq, öz mövqeyini necə sərgiləyirdin?
- Bu, çox mühüm və maraqlı strategiya idi. Mən müharibə dövründə
burda idim, bütün prosesləri izləyirdim. Onda da düşünürdüm ki,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
çox uğurlu və tarixi əhəmiyyət daşıyan
strateji addımlar atılır. Bu müharibə təkcə
Azərbaycan üçün
deyil, bütün İslam dünyası və Qoşulmama hərəkatında birləşən
ölkələr üçün
də mühüm hadisə idi. Bildiyiniz kimi, Qoşulmama hərəkatında birləşən
ölkələrin riayət
etməli olduqları əsas qanunlar var. Onlardan biri də
budur ki, işğalçı ölkələri
dəstəkləmək olmaz.
Biz də müstəqil
ölkə kimi heç zaman işğalçıları dəstəkləmərik.
İkinci Qarabağ müharibəsi
zamanında, ondan sonra da bu
müharibə haqqında
mən mütəmadi
olaraq məqalələr
yazırdım. Ərəb, fransız
dillərində məqalələrim
yayımlanıb. İngilis dilində
isə mütəmadi
olaraq bu mövzuda paylaşımlar
edirəm. Mənim
müxtəlif ölkələrdən
dostlarım var. Xüsusən,
Afrika ölkələrinin,
demək olar ki, hamısında dostlarım, tanışlarım
var. Mən onların hamısıyla bu məqalələrimi paylaşır,
onlara həqiqətləri
anladırdım, Azərbaycanın
haqq səsini bacardığım qədər
oradakı insanlara çatdırırdım ki,
onlar da doğru-düzgün məlumatlansınlar.
Onlar hamısı Azərbaycanın
yanındadılar və
həmişə də
müharibədə Azərbaycanın
qələbə çalması,
ədalətin bərpası
üçün dualar
edirdilər. Çox çətin
zamanlar idi. Amma şükür ki, qələbə qazanıldı.
Bu, çox böyük
tarixdir. Düşünürəm ki, Azərbaycan həm hərbdə, həm də siyasi arenada önəmli zəfər qazandı. Bu, həm siyasətin, həm də xalqın birgə qələbəsi idi.
Mən və əcnəbi dostlarım Azərbaycanın
qələbəsindən fərəh
duyuruq.
Bir şeyi də demək istəyirəm ki, gücün, iradənin və davamlı fədakarlığın
nəticəsində indiki
nəsil uğur qazandı və gənc nəsillər unutmamalıdır ki, düşmən həmişə
intiqam almaq üçün fürsət
gözləyir... Allah şəhidlərə rəhmət
etsin, ölkəni düşmənlərin hiylələrindən
qurtarsın.
- Hələlik vətəndaşlarımız
işğaldan azad olunmuş torpaqlara tam rahatlıqla gedə bilmirlər. Amma sən bir əcnəbi tələbə
olaraq, o torpaqlara ilk səfər edənlərdən
oldun. Təəssüratların necədir?
- Bəli, əcnəbi tələbələr olaraq
Qarabağın Cəbrayıl,
Füzuli rayonlarına
səfər elədik,
müxtəlif kəndlərdə
olduq, Xudafərin körpüsünü gördük.
Xudafərin körpüsü Azərbaycanın ən mühüm mədəni irslərindən biridir.
Orada çox maraqlı vaxt keçirdik, ermənilərin
özlərindən sonra
buraxdığı acınacaqlı
izlərlə tanış olduq. Çox təəssüf ki, hər iki rayonda
binalar, infrastruktur yerləri işğalçı
düşmən tərəfindən
dağıdılıb, məhv
edilib, bir dənə də salamat bina, yer
qalmayıb. Bunları görmək
bizə çox pis təsir elədi. Həqiqətən ağır mənzərə
idi. Ümid edirəm ki,
yaxın zamanlarda hər şey yenidən qurulacaq, mədəni abidələr
bərpa olunacaq.
- Bildiyimə görə, orda namaz da
qılmısan...
- Bəli, elə torpağın üstündə,
açıq ərazidə
namaz qıldım. O namazda tezliklə bu torpaqlarda həyatın bərpa olunmasını, gələn
dəfə binaları,
abidələri, məscidləriylə
göz oxşayan rayonlara gəlməyi arzuladım. Həmçinin, orda bir məscid və Mədəniyyət İnstitutunun
tikilməsini arzuladım.
- Daha hansı ölkələrdən tələbələrlə ünsiyyətin oldu bu səfərdə? Onlarla nə haqda danışırdınız?
- Tələbələr arasında Niger, Qana, Nigeriya, Özbəkistan, İran, Kolumbiya, Rusiya, Monqolustan, Misir, Kamerun və başqa ölkələrin vətəndaşları var idi. Düşünürəm ki, bizim ora səfərimiz də Azərbaycan dövləti tərəfindən atılmış çox uğurlu strateji addımlardan biridir. Biz hara gedəcəyimizi və hansı mənzərəylə qarşılaşacağımızı bilmirdik. Ona görə də bu xarabalıqlar hamımıza çox pis təsir edirdi.
- Qarabağ həm də təbiətiylə məşhurdur. Gedib gördüyün yerlərin təbiəti sənə necə təsir etdi?
- Qarabağın həqiqətən də çox gözəl təbiəti var imiş. Dağların arasından çay axırdı. Çox möhtəşəm mənzərə yaratmışdı. Hər tərəfdə dağlar, meşələr vardı. Yaşıllıq insanın zövqünü oxşayırdı. Biz ağacları çox sevirik. Öz ölkəmizdə də buna önəm veririk. Bu səyahət mənə bir az da uşaq vaxtımı xatırlatdı. Çünki uşaqlığımda hər il məktəb bitəndə atam bizi tətil üçün kəndə əmimgilə göndərirdi. Ordakı kənd həyatı, təbiət mənim çox xoşuma gəlirdi. Qarabağ məni həm də o illərə apardı. Səfərdən qayıtdıqdan sonra ailəmlə də bunu danışdım, gördüklərimi onlarla da bölüşdüm, şəkilləri göndərdim.
- Gələcəkdə Azərbaycan sənin həyatında, fəaliyyətində nə kimi yer tuta bilər?
- Təhsilimi tamamladıqdan sonra öz ölkəmə gedəcəm. Amma arzum var ki, inşallah, ölkələrimiz arasında əlaqələrin yaradılmasında mühüm işlər görüm. Bir ay öncə Malidə idim. Orda nazirlikdə oldum, bu fikirlərimi onlarla da bölüşdüm və Azərbaycan da daxil olmaqla müasir ölkələrlə əlaqələrin yaradılması haqqında müzakirələr etdik. Bizdə bu ölkələr haqda məlumat yox idi. Bəlkə də mən Azərbaycana gəlib çıxan, burda təhsil alan ilk Mali vətəndaşıyam. Gələcəkdə Azərbaycan və Mali arasında uğurlu əlaqələr yaradılmasına çalışacağam. Bu arzumun həyata keçəcəyinə inanıram.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 9 iyun.- S.12.