Biz geosiyasətin yeni çalarlarının formalaşmasına təsir göstəririk"

 

Millət vəkili Ramin Məmmədov: "Fəaliyyətimizin mərkəzində vətəndaş dayanırsa, demək ki, fəaliyyətimiz də vətəndaşın maraqlarına və dəyişən şərtlərinə uyğunlaşmalıdır"

 

Dövlət məmurları ilə, rəsmi adamlarla səmimi söhbət eləmək maraqlıdır. Bu söhbətlər sezmədiyimiz cəhətləri kəşf etməyə kömək edir.

 

Xüsusən, müsahibələr zamanı onlar öz fikirlərini daha ətraflı şəkildə ifadə edə bilirlər cəmiyyətlə daha yaxından tanışlıq fürsəti qazanırlar. Bugünkü müsahibim isə Milli Məclisin deputatı Ramin Məmmədovdur. 

 

***

 

- Ramin müəllim, millət vəkili kimi əhalinin müəyyən bir hissəsinin gözləntilərinə cavabdeh olmaq yəqin ki, çox böyük məsuliyyət tələb edir. İnsanların ümidlərini doğrultmaq üçün deputat-vətəndaş münasibətləri hansı meyarlara əsaslanmalıdır?

 

- Millət vəkili olmaq ilk növbədə böyük bir məsuliyyətdir. Siyasətin mərkəzlərindən sayılan Milli Məclisin divarları arasında aparılan işlərlə məsələ bitmir. Seçildiyimiz dairələr üzrə hər millət vəkilinin qırx mindən çox seçicisi var. İnsanlar yaş kateqoriyaları, fəaliyyət sahələri üzrə müxtəliflik təşkil edirlər. Onların qarşılaşdığı problemlər fərqlidir. Seçicilərin hər biri ilə ünsiyyət qurmaq, gözləntilərini qarşılamaq ağır şərəfli vəzifədir. Əminliklə deyirəm ki, bu işin ağırlığı qədər zövq məsələsi var. Mənim seçildiyim dairədə 44 kənd mövcuddur. Kəndlər çox fərqlidir. Təkcə insanların maraq dairələrinə görə demirəm, çətinliklərinə görə fərqlənirlər. Amma hamısı Vətəninə çox bağlıdır. Mənim seçicilərim öz verdikləri səsə qarşı daha da məsuliyyətlidirlər. Elə ona görə daha çox şey tələb edirlər. Bu da onların haqlarıdır. Əgər bizə Milli Məclisdə təmsil olunma hüququ veriblərsə, öz tələblərini irəli sürə bilərlər. Biz çalışırıq ki, bütün vəziyyətlərdə öz köməyimizi əsirgəməyək. Çünki yekunda vətəndaş məmnuniyyəti vacibdir. Mənim dairəmdə formalaşmış problemlərin həlli istiqamətində dövlət strukturlarının çox çevik fəaliyyəti var. Hamıya bəllidir ki, millət vəkilinin büdcəsi, hansısa problemi birbaşa həll etmək imkanı var. Fürsətdən istifadə edərək bizlə əməkdaşlıq edən bütün dövlət strukturlarına minnətdarlığımı bildirirəm.

 

- Bəzən məmurlar, rəsmi adamlar əlçatan olmurlar. Amma həm media nümayəndələri, həm seçiciləriniz sizinlə rahat əlaqə saxlaya bilirlər. Bunun əksi olanda xalqda qıcıq yaranır. Ümumiyyətlə, rəğbət qazanmaq üçün, sizcə, nələrə önəm vermək lazımdır?

 

- Vətəndaşla birbaşa təmasda olan hər bir məmurun qarşısında duran ilk vəzifə odur ki, rəhbərlik etdiyi sahənin bütün detallarını yaxşı bilsin. Bu kamil bilik sistemi vətəndaşla münasibətin formasına da təsir edəcək. Əgər cənab Prezident insanların xidmətində olmağı özünə şərəfli bir missiya kimi qəbul edirsə, ondan 10 dəfə artıq çalışmalıyıq ki, xalqın bizə verdiyi məsuliyyətli işin öhdəsindən şərəflə gəlməyi bacaraq. Azərbaycanda məmur-vətəndaş münasibətlərində ciddi şəkildə dəyişiklik var. Burada sosial şəbəkələrin rolu böyükdür. Əvvəl yalnız telefon vasitəsilə əlaqə yaratmaq mümkün olurdusa, indi sosial şəbəkələrdən müraciət edə bilirlər. Sistemi şəffaf quranda həmin insan üçün maraqlı əlverişli vəziyyət yaranır. Biz dairəmizdə bir çox layihələri vətəndaşlarla müzakirə edərək həyata keçiririk. Bəzən elə olur ki, yerlərdə tənqidi səslənən fikirlərdə çox böyük rasional tərkib var. Elə həmin rasional tərkibdən istifadə edərək müəyyən fəaliyyətimizə düzəlişlər edirik. Bir dəfə "Sosial şəbəkə dostları" əvəzinə "Sosial şəbəkə tənqidçiləri" klubunun yaradılması fikrini irəli sürmüşdüm. Tənqidçilərin fikirləri çox dəyərlidir. Çünki o tənqidin nəticəsində maraqlı, bilmədiyimiz sahələrə diqqətimizi yönəltmək imkanı əldə edirik. Fəaliyyətimizin mərkəzində vətəndaş dayanırsa, demək ki, fəaliyyətimiz vətəndaşın maraqlarına dəyişən şərtlərinə uyğunlaşmalıdır. Bir tərəfdə vətəndaş, bir tərəfdə məmurdursa, onların ortaq fikirləri sayəsində dövlət siyasətinin yerində icrasına nail olunur. Yerli icra strukturları ilə münasibətlərimiz yaxşıdı, qaldırdığımız məsələlərə adekvat reaksiya verirlər. Ümumilikdə, modelin dəyişməyinin şahidi oluruq. Bu isə hamı üçün faydalıdır.

 

- Sizin seçki dairənizə daxil olan kəndlərdə yolların vəziyyəti heç ürəkaçan deyil. Bu barədə məlumatlar mətbuatda da işıqlandırıldı. Bunun həlli üçün hansı addımlar atmısınız?

 

- Sabirabadın yoldan əlavə bir neçə kompleks problemləri var. Həmin yolun uzunluğu 46 kilometrdir. Yolun Şirvan ərazisinə aid olan hissəsi vaxtilə təmir olunub, qalan yol isə çox pis vəziyyətdədir. Ona görə AAYDA ilə bir neçə dəfə görüşdük, müzakirələr apardıq. Bilirik ki, Qarabağda yenidənqurma işlərinə start verilir, ölkənin əksər inşaat sektorlarının diqqəti Qarabağa yönəlib. Amma digər bölgələrdə yaşayan vətəndaşların da məmnunluğu prioritet istiqamətlərdəndir. Belə qərara gəldik ki, bugünkü vəziyyəti nəzərə alaraq hələ ki, cari təmirin aparılması üçün razılıq əldə edək, hazırda təmir işləri yekunlaşır. Həmin yolun vəziyyəti ən azı 2 dəfə yaxşılaşıb. Təbii ki, bu, bizi arxayınlaşdırmır. Bu, bizim məqsədə çatmağımızın ortaq nöqtəsidir. Düşünürəm ki, həmin yol yaxın illərdə investisiya layihəsinə salınaraq əsaslı təmir olunub xalqın istifadəsinə veriləcək. Digər yolumuz Nizami kəndindən Moranlı kəndinə uzanan yoldur. Vaxtilə əsaslı təmir olunub, amma bir sıra səbəblərdən indi qənaətbəxş deyil. Bu problemin həll olunması istiqamətində çalışırıq. Digər kompleks problemimiz həmin yolun üzərində olan 12 kəndin qazlaşdırılması məsələsidir. "Azəriqaz"la görüşlər keçirmişik, razılıq almışıq. Düşünürəm ki, 2022-ci ilin sonuna qədər həmin kəndlərin qazlaşdırılması başa çatacaq. Digər problem orta məktəblərin təmiri yenidən inşası məsələsidir. 85 məktəbdən 64-ü yararsız vəziyyətdə idi. Həmin məktəblərdən biri 1935-ci ildə inşa olunmuş Qaragüney kənd 1 saylı orta məktəbi idi. Həmin kəndin yeni korpusunun inşasına start verilib, bu yaxınlarda istifadəyə veriləcək. Eyni zamanda, Nizami kənd məktəbi əsaslı təmir olunur. Buna görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Təhsil Nazirliyinə  minnətdarıq.  

 

No description available.

 

- Çıxışlarınızdan məlumdur ki, Şuşa sizin üçün xüsusi əhəmiyyət daşıyır. Çünki uşaqlığınız həmin yerlərdə keçib. Şuşanın azadlığı sizə böyük xoşbəxtlik bəxş edib...

 

- Şuşa haqqında emosiyasız danışmaq qeyri-mümkündür. Həm şəxsi həyatımda baş verən hadisələr nöqteyi-nəzərindən, həm də dövlətimiz, xalqımız üçün Şuşanın mahiyyəti çox böyükdür. Cənab Prezidentin Şəhidlər xiyabanında Şuşanın işğaldan azad olunması ilə bağlı verdiyi mesajda "Əziz Şuşa, sən azadsan!" ifadəsini eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Sadəcə olaraq şuşalılar deyil, bütün xalqımız eyni vəziyyətdə idi. Şuşa hər birimiz üçün müqəddəsdir. Şuşanın hər qarışı bizim üçün məbəddir. "Xarıbülbül" festivalında, gözəl Cıdır düzündə, uşaqlığımın keçdiyi o məkanda yenidən Qarabağ şikəstəsinin, "Bayatı-Şiraz"ın səsləndirilməsini eşidəndə həqiqətən özümü çox xoşbəxt hiss edirdim. Çünki o şəhər, nəhayət, musiqi ilə, gözəl enerji ilə dolmağa başlayıb. Ümid edirəm ki, yaxın zamanlarda hamımız Şuşaya tez-tez gedəcəyik. Mən Şuşa şəhərində musiqi məktəbinə tar sinfinə gedirdim. Valideynlərim mənim üçün tar sifariş vermişdilər, üzərinə adımı da yazdırmışdılar. Şuşadan köçəndən sonra musiqi məktəbinə marağım olmadı, amma təhsilimi başa vurdum. Köç vaxtı tarımın çanağı sındı. Uzun illərdir ki, tar həmin vəziyyətdə idi. Adamın ruhu da tələb etmirdi ki, tarı yenidən bərpa etsin. 40 yaşım tamam olanda valideynlərim mənə sürpiz hazırladılar, həmin tarı bərpa olunmuş vəziyyətdə mənə hədiyyə etdilər. Mən Şuşa musiqi məktəbinin 1-ci sinfini bitirəndə ən çox "Bayatı-Şiraz" muğamını ifa etməyi sevirdim. Valideynlərim arzuladılar ki, gün o gün olsun Şuşa azad olunsun, həmin musiqi məktəbi yenidən fəaliyyətə başlasın, sənin övladın həmin məktəbdə tar sinfinə getsin və "Bayatı-Şiraz"ı ifa etsin. Üstündən 2 il keçdi, "Xarıbülbül" festivalını izləyərkən ağlıma ilk gələn o oldu ki, şükürlər olsun, valideynlərimin həmin diləyi həyata keçib. Şuşa dirçələcək, gözəlləşəcək, biz ora qayıdacağıq, bizim övladlarımız orada "Bayatı-Şiraz" muğamını ifa etməyi öyrənəcək.

 

- İkinci Qarabağ savaşında qazandığımız qələbə bizə gələcək üçün nələr vəd edir?

 

- İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfərin mahiyyətini bir müsahibəyə sığışdırmaq qeyri-mümkündür. Zaman keçdikcə bunun gələcəyimiz üçün əhəmiyyətini daha dərin dərk edəcəyik. Birinci növbədə, torpaqlarımız işğaldan azad olunub. Bundan daha sevincli bir faktor ola bilməz. Kimliyimiz tam yetkinləşib, Azərbaycan öz suverenliyini bərpa edib, sərhədlərimizi öz əsgərlərimiz qoruyub. Yüzlərlə layihəyə start verilib. Bunların hamısı məni də qürurlandırır. Bunlar gələcəyimizi təmin edəcək proseslərin tərkib hissəsidir. Başqa bir tərəfdən, əgər ölkə müstəvisindən kənara çıxsaq, Cənubi Qafqazın yeni formalaşmış təhlükəsizliyinin təmin olunmasında Qarabağın yeri müstəsnadır. Qarabağın işğaldan azad olunması ölkəmizin inkişafı üçün yeni prespektivlər yaradır. İstər yeni logistik nəqliyyat imkanlarının inkişafı, istərsə də, genişləndirilmiş qonşuluq, böyük regionları birləşdirən çatışmayan zəncirlərin birləşməsi baxımından əhəmiyyətli planlar meydana çıxır. Təkcə Zəngəzur dəhlizinə nəzər salsaq, görərik ki, Azərbaycan bu gün öz ərazisindən qat-qat geniş müstəvidə böyük siyasətin tərkib hissəsidir. Biz geosiyasətin yeni çalarlarının formalaşmasına təsir edirik. Regionalsubregional səviyyədə qlobal siyasətin formalaşmasının aktiv iştirakçısıyıq. Ölkə rəhbərliyi dünyada gedən məsələrə təsir edən qüvvələrdən biridir. Bəzən bizə elə gəlir ki, Zəngəzur dəhlizi 40 kilometrdir, bunun qlobal siyasətə təsiri nə ola bilər? Bunu anlamaq üçün xəritəyə bir az uzaqdan baxmaq lazımdır. O 40 kilometrlik dəhliz beynəlxalq gücləri birləşdirir. Ölkə rəhbərinin apardığı siyasət nəticəsində tam fərqli Azərbaycan görürük.

 

Nadir RZALI

 

525-ci qəzet.- 2021.- 9 iyun.- S.11.