Ağdam şəhər 1 nömrəli
məktəbin şərəfli dünəni və aydın
sabahı
Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı
məktəbin yeni binasının təməlini
qoydu.
Bu məktəbin əvvəlki
ikimərtəbəli binası
1993-cü ildə rayonun
ermənilər tərəfindən
işğalından sonra
tamamilə dağıdılıb. Yeni layihəyə
əsasən, məktəbin
üçmərtəbəli binada yerləşməsi nəzərdə tutulur.
Plana uyğun şəkildə bina, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zonadan ibarət olacaq. 960 yerlik məktəbdə şagirdlərin təhsil
alması üçün
müasir sinif otaqları, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları, bir sözlə, standartlara cavab verən və bütün texniki imkanlara malik təhsil müəssisəsi yaradılacaq.
Ağdam şəhər 1 saylı
məktəb Qarabağ
bölgəsinin peşəkar
baxımdan ən qədim məktəbi hesab olunur. Məktəbin əsası Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə
qoyulub. Məktəb ilk olaraq Muradbəylidə
Əbdül Zamanovun mənzilində açılıb. Qori şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan
şöbəsini bitirən
Əsgər bəy Eyvazovun açdığı
və cəmi 5 nəfər şagird olan bu məktəbdə
dərslər rus dilində keçirilib.
Bu addımın atılması
çarizm üçün
vacib sayılırdı. Belə ki,
qərarın verilməsinin
əsas məqsədi
həm idarəçiliyə
yerli kadrların cəlb edilməsi, çarizm ideologiyasının
təbliği, həmçinin,
XIX əsrin 60-70-ci illərindəki
məktəb islahatı
və dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Əbdül Zamanovun mənzilindəki
qısa müddətli
fəaliyyətdən sonra
bu məktəb Lenin küçəsindəki (sonralar
Eldar Bağırovun adını daşıyırdı)
rayon xalq maarif şöbəsinin yerləşdiyi
binanın arxa tərəfindəki evə
köçürülüb. Məktəb
həmin binada yerləşərkən onun
direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olub. Şagirdlərin sayı artdığından
sonralar məktəb mənzilin kiçik otaqlarına sığışmayıb.
1904-cü ildə həmin
məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi
binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən
olan Abbas İsmayılov olub. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi.
Onun vaxtında məktəb ikisinifli, təhsil müddəti isə 4 il
olub. Tədris planında Azərbaycan
dili, A.O.Çernyayevskinin
"Vətən dili",
rus dili, hesab, şəriət, hüsnxətt fənləri
var idi. Rus dili fənni K.D.Uşinskinin "Rodnaya
reç" kitabı
üzrə tədris edilib.
Abbas bəy Ağalar oğlu İsmayılov 1885-ci ildə
Ağdamın Abdal kəndində anadan olub. O, 1905-ci ildə Qori
seminariyasını bitirir
və təyinatla Bərdənin Ləmbəran
kəndinə göndərilir.
İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə
Qərvənd məktəbinə,
1909-10-cu dərs ilində
"Bir nömrəli"yə
direktor təyin edilir. A.İsmayılov bütün şüurlu
həyatını Qarabağda
maarifin çiçəklənməsinə,
əhalinin savadlanmasına,
təlim-tərbiyə işinə
sərf edir. Abbas bəy 20 il (1909-1929) 1 nömrəli məktəbin
direktoru olub. Həmin illərdə ibtidai məktəbi ikisinifli mütərəqqi
məktəbə çevirərək
təhsil müddətini
beş il
etdirib. Sonradan məktəbi genişləndirərək,
onu əvvəlcə yeddiillik, daha sonra isə orta məktəb səviyyəsinə çatdırıb.
Abbas bəy məktəbinin yetirmələrindən və
təhsili uğurla başa vuran Məmməd Abdullayev, Yaqub Tağıyev, Behbud Mustafayev, Yusif Əhmədov, Vəliyəddin Əfəndiyev,
Hacı Hacızadənin
adlarını çəkmək
olar.
Abbas bəyin səyi, maarifpərvərliyi, böyük
qayğıkeşliyi və
humanizmi nəticəsində
az müddətdə
rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli,
Qiyaslı, Muradbəyli
və başqa kəndlərindən də
məktəbə təhsil
almağa gələn
uşaqlar şagird kontingentini xeyli artırıb. Məktəbin ozamankı müəllimlərindən
Mirzə Davud Ağamirzəyev ana dilini (Vətən dili), Mirzə Məhəmməd şəriət
dərslərini, Sonya xanım
adlı rus qadını isə rus dilini tədris
edib. Həmin dövrdə məktəbə
yerli əhali "Abbas bəyin məktəbi" də deyərmiş. 1916-17-ci illərdə Rusiyadakı
inqilab ab-havası Azərbaycana da təsirsiz ötüşmür.
Ölkədə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər
sui-istifadə edərək
Qarabağın ilk mütərəqqi
məktəbini müvəqqəti
olsa da, bağlatdırmağa nail olurlar.
Nəticədə şagirdlər öz
sənədlərini belə
ala bilmirlər. Onlardan bir
neçəsi, o cümlədən,
maarifpərvər Əli
İbrahimov Qori seminariyasına oxumağa gedir. 1918-ci ildə
tanınmış maarifçi
və publisist F.B.Köçərlinin təşəbbüsü
ilə Qori seminariyasının Azərbaycan
bölməsi Qazaxa gətirilir. Qarabağ əhalisinin
maariflənməsində bu
nəcib təşəbbüsün
böyük faydası
olub. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov, Vəli və Nəriman Axundovlar və bir çoxları həmin seminariyanın yetirmələridir.
1948-49-cu dərs ilinə
qədər 1 nömrəli
orta məktəb şəhər tədris istehsalat kombinatının
binasında qalır. Sonralar məktəb
sonuncu fəaliyyət
göstərdiyi binaya
köçürülərək Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərib.
Məktəbin məzunları arasında
200-dən çox elmlər
namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev,
geologiya-mineralogiya elmləri
doktoru Xudu Məmmədov, akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri
doktoru Cahid Quliyev, akademik Dilqəm Tağıyev və onlarca başqa elm xadimi məhz bu məktəbin
məzunlarıdır.
Ağdamın erməni işğalına
qədər məktəbdə
100 nəfərə yaxın
müəllim, 1300 nəfər
şagirdin təlim-tərbiyəsi
ilə məşğul
olub. Məktəbdəki müəllimlərin hamısı alitəhsilli
idi.
Əslən Ağdam rayonundan olan Natella Əmirova-Qaradağlı
1976-cı ildən 1989-cu ilədək
Ağdam şəhər
1 saylı məktəbdə
müəllimi kimi fəaliyyət göstərib. Müəllim
ailəsində böyüyən
Natella xanım deyir ki, onun
atası Kamal Qaradağlı və bacısı Almaz Qaradağlı da uzun illər Ağdam şəhər 1
saylı məktəbdə
çalışıblar. Ulu
babası Həsənəli
Xan Qaradağski Qarabağın ürəyi
olan Şuşa
şəhərində ilk əlifba
kitabının müəllifi
olub: "Atam Ağdam şəhər 1
saylı məktəbdə
fizika fənnini tədris edib, bacım isə rus dili müəllimi
işləyib. Hər ikisi
məktəbin aparıcı
və peşəkar müəllimlərdən olublar.
Atam Kamal müəllim sayılıb-seçilən, hörmətli
müəllimlərindən idi. Bu peşəyə
sevgi mənə ailəmdən keçib.
Onların öz peşələrinə bağlılığı,
sevgisi mənim də bu sahəni
seçməyimə təkan
verdi. Müəllim
olmaq arzusu ilə M.F.Axundov adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda təhsil aldıqdan sonra müəllimlik fəaliyyətinə
başladım. 14 il Ağdam şəhər 1 saylı
məktəbdə müəllimi
kimi çalışmışam.
Məktəbimiz doğrudan da
Agdamın aparıcı
təhsil ocaqlarından
idi. Məktəbin
həmin dövr üçün müasir
cihazlarla təmin olunmuş laboratoriyaları,
fənn kabinetləri,
zəngin kitabxanası,
idman zalı və hətta hər il
15 min rubl gəlir verən geniş məktəbyanı sahəsi
var idi. Dərslər müəllimlər tərəfindən yüksək
səviyyədə keçilirdi.
Bütün müəllimlərin
bir amalı var idi: savadlı,
bilikli şagird yetişdirmək. Ağdam şəhər
1 saylı məktəbin
müəllim adını
şərəflə daşıyan
peşəkar müəllim
kollektivi olub. Onlar öz peşələrinə
dərindən yiyələnmiş,
savadlı, təcrübəli
müəllimlər olublar.
Həmin dövrdə
müəllimlərimiz nəinki
məktəbin, eləcə
də rayonun tanınmış
pedaqoqlarından sayılırdılar.
Məktəbin məzunlarının
çoxu yüksək
nəticə ilə ali məktəblərə
daxil olurdular".
Natella xanım bildirib ki, hazırda Nizami rayon 229 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir: "İndi mənim 65 yaşım var. Çox arzulayıram ki, yarım qalmış Ağdam xatirələrimi yeni inşa olunacaq məktəbdə yenidən yaşayım. Müəllim kimi sinif otağında şagirdlərimlə keçmiş xatirələrimi bölüşüm".
Ağdam şəhər 1 saylı məktəbin məzunu Nərgiz Məmmədova deyir ki, 1977-ci ildə sözügedən məktəbi bitirib. 1981-1985-ci illərdə Stepanakert (Xankəndi) Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra 1986-cı ildən həmin məktəbdə tarix müəllimi işləyib. 1987-ci ildən isə müəllimliklə yanaşı, Ağdam şəhər 1 saylı məktəbdə azad komsomol təşkilat katibi vəzifəsində çalışıb: "Oxuduğum məktəbdə müəllim kimi işləmək, həm də 1 nömrəli məktəbdə mənim üçün qürurverici idi. Ağdam şəhər 1 saylı məktəb hər zaman mənim üçün çox əziz, ata oğagı kimi bir yer olub. Məktəblə bağlı çox xatirələrim, təşkil etdiyim tədbirlərdən şəkillərim var. Vətənpərvərlik tərbiyəsi ilə, milli bayramlar və s əlaqəlı olan tədbirlər, orada iştirak edən şagirdlərin çoxu bugünkü kimi yaddaşımdadır. Onların bir neçəsi ilə bu gün də əlaqəm var. 1 nömrəli məktəb öz elmli, bilikli məzunları ilə hər zaman seçilib. Məzunlarımız dünyanın çox yerinə yayılıb və həm məktəbimizin, həm də Ağdamımızın adını ucaltmaqdadırlar. Məktəbin şəhid və qazi məzunları da var. Hazırda Nizami rayon 229 saylı tam orta məktəbdə müəllim işləyirəm. Bir neçə şeirlər kitabının müəllifiyəm. Uğurlarım, nailiyyətlərim üçün valideynlərimlə bərabər, 1 nömrəli məktəbdə mənə dərs deyən müəllimlərimə borcluyam".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 9 iyun.- S.10.