Əbədiyyətdəki əziz
ünvanlarımız - Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
Əfəndiyev Nurlan Mürvət oğlu 8 oktyabr 1995-ci ildə Oğuz rayon Xalxal-qışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxal-qışlaq kənd məktəbinin 1-ci sinfinə gedib. 2012-ci ildə İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. 2014-2015-ci illərdə Gəncə şəhərində "N" saylı hərbi hissədə hərbi xidmətdə olub. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alıb, yaxşı xidmət etdiyinə görə iki dəfə məzuniyyətə buraxılıb.
Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsidir. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyüyüb.
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində torpaqlarımızın işğalçılardan azad olunmasında iştirak etmək üçün cəbhəyə yollanıb. Oktyabrın 6-da Murovdağ döyüşlərində şəhid olub, oktyabrın 7-də Xalxal-qışlaq kəndində dəfn edilib.
Nurlan Əfəndiyev şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətə görə" medalları ilə təltif olunub.
***
Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda doğulub. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlayıb və orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirib. Həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak edərək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.
Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirib. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. 8 fevral 1999-cu ildən leytenant kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlayıb. Xidmətdə fərqləndiyi üçün baş leytenant rütbəsinə yüksəlib və həmin rütbə ilə 9 noyabr 2000-ci ildə ordudan tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə tələbəsi yüksək bal toplayaraq ali məktəblərə daxil olublar.
2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildən YAP İsmayıllı rayon təşkilatının Şura üzvüdür. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, bir sıra ictimai tədbirlərin təşkilatçısı olub.
Famil 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə Tərtərin Talış kəndi və Suqovuşan qəsəbəsinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 3 noyabrda əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək dəfn edilib.
Ailəli olan şəhidimizin bir oğul övladı Vətənə əmanət qalıb.
Famil Əhmədzadə şəhadətindən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
***
Paşayev Məhəbbət Vaqif oğlu 5 avqust 1999-cu ildə Şəkinin Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinfə gedib. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçüb və Məhəbbət təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2016-cı ildə məktəb-liseyi bitirib.
Məhəbbət Paşayev 26 aprel 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirib. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirərək hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülüb. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurub. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləyib. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan M.Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, sentyabrın 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.
Məhəbbət Paşayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Ağaqardaş İlham oğlu Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn olunub.
Ağaqardaş Abbasov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Fərrux Bayram oğlu Bayramlı 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təhsilini Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd orta məktəbində alıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov hələ 2016-cı il aprel döyüşləri zamanından orduya yazılmışdı. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, neçə-neçə döyüş yoldaşının həyatını xilas edib. Özü isə oktyabrın 12-də Ağdərə istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Məmmədabad kəndində torpağa tapşırılıb.
Altı illik ailəli olan şəhidimizdən Vətənə əmanət Əsmər adlı üç yaşlı qızı, Fəxri adlı 2 yaşlı oğlu qalıb.
Fərrux Bayramov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Məmmədov
Tural Arif oğlu 1 may 1995-ci ildə Oğuzun Sincan kəndində
anadan olub. 2001-2012-ci illərdə Ə.Abdulhüseynov
adına Sincan kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə hərbi xidmətə gedib. Hərbi xidmətini başa vursa da, Azərbaycan
Ordusunda xidmətini davam etdirib. Tankçı
idi. 2016-cı ildə Aprel
döyüşlərində iştirak edib.
Hərbi vəzifəsi tank komandiri olan hərbçi
2020-ci ilin sentyabrın 27-də başlanan 2-ci Qarabağ
müharibəsinin ilk günlərindən döyüşlərdə
iştirak edib. Gizir T.Məmmədov
Suqovuşanın, Talış kəndinin azad olunması
uğrundakı döyüşlərdə iki dəfə
yaralanıb, həkimdən icazəsi olmasına baxmayaraq, yenidən
döyüşlərə qatılıb və Ağdərə
istiqamətində gedən döyüşlərdə şəhid
olub. 29 oktyabr 2020-ci ildə Oğuz rayon Sincan kəndində
dəfn edilib.
Tural Məmmədov
şəhadətindən sonra "Vətən
uğrunda", "Suqovuşanın azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Rəvan
Yusif oğlu Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində
anadan olub. Quba şəhərində
yaşayıb. 2007-ci ildə Quba şəhər
3 saylı orta məktəbində təhsil almağa
başlayıb. İkinci sinifdə oxuyanda musiqi məktəbinə
qəbul olub və orada tar sinfini bitirib. Musiqi ilə
bərabər futbolla da məşğul olub. Oradan fəxri fərmanlar alıb. 2016-cı ildə Bakı İdarəetmə və
Texnologiya Kollecinə qəbul olub.
5 iyul 2019-cu ildə hərbi xidmətə
başlayıb. Yevlax şəhərində yerləşən
Dövlət Sərhəd Qoşunlarında xidmət edib.
İkinci Qarabağ müharibəsi başlayanda
Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə
döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər
döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və
altı əsgər müharibəyə könüllü
qoşulub.
Zəngilan uğrunda gedən döyüşlərdə
yeddi könüllü əsgərin hamısı şəhid
olub. Sərhəd Qoşunlarının ilk şəhidləri
onlar olublar. Rəvan da oktyabrın 23-də
şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər
Xiyabanında dəfn olunub.
Rəvan
Əliyev şəhadətindən sonra "İgidliyə
görə", "Vətən uğrunda" və "Zəngilanın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Zaməddinov
Fərid İmran oğlu 1986-cı il
mayın 11-də Oğuz şəhərində doğulub.
1992-2003-cü illərdə Oğuz şəhəri
E.Abdullayev adına 2 nömrəli orta məktəbdə təhsil alıb. Həmin il ordu sıralarına
çağırılıb. 2003-2005-ci illərdə
həqiqi hərbi xidmətdə olub. Ordu
sıralarından qayıtdıqdan sonra müxtəlif sahələrdə
işləyib. 2012-ci ilin aprel ayından Azərbaycan
Ordusunda hərbi xidmətini gizir kimi davam etdirib.
2016-cı ilin Aprel
döyüşlərinin
iştirakçısı olub.
Gizir Fərid
Zaməddinov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Murovdağ döyüşlərində,
həmçinin, Talış qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə
şücaət göstərib. Noyabrın 10-da
Talış istiqamətindəki döyüşlərdə
şəhid olub. Noyabrın 16-da Oğuz şəhərindəki Şəhidlər Xiyabanında dəfn
edilib.
Şəhidimizin üç övlad yadigarı
qalıb.
Hərbi
xidmət dövründə 2018-ci il iyunun 26-da "Azərbaycan Ordusunun 100
illiyi", 2020-ci il iyunun 26-da "Qüsursuz xidmətə
görə" 3-cü dərəcəli medallarına layiq
görülən gizir Fərid Zaməddinov şəhadətindən
sonra "Vətən uğrunda" medalı ilə təltif
olunub.
***
Bilal
Xanlar oğlu Qənbərov 1993-cü il
sentyabrın 29-da Bakı şəhərində anadan olub.
2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində
təhsil alıb. 2018-2020-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən
"N" saylı hərbi hissəsində müddətli həqiqi
hərbi xidmətdə olub.
Azərbaycan
Ordusunun əsgəri olan Bilal Qənbərov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və
Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb, noyabrın 3-də
Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn
edilib.
Şəhidimizdən yadigar bir qız övladı
qalıb.
Bilal Qənbərov şəhadətindən sonra "Vətən
uğrunda" və "Şuşanın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Cavanşir
Əhmədov Elxan oğlu 2001-ci il
mayın 6-sı Xırdalan şəhərində doğulub. 2007-ci ildə Xırdalan şəhərində yerləşən
1 nömrəli tam orta məktəbində təhsil almağa
başlayıb. Hələ uşaq yaşlarından
idmana böyük maraq göstərib: ağır atletika ilə
məşğul olub və uğurlar qazanıb. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra,
Bakı şəhərində yerləşən "Odlar
Yurdu" Kollecinə daxil olub.
Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini
donduraraq, müddətli hərbi xidmətə yollanıb. Xidmətin
bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020-ci ildə II
Qarabağ müharibəsi başlayır və Cavanşir cəbhənin
müxtəlif istiqamətlərində döyüşlərə
qatılıb. Qubadlı, Zəngilan və
Laçın rayonları istiqamətində gedən
döyüşlərdə iştirak edib. 2020-ci ilin 4 noyabr tarixində Laçının Səfiyan
kəndində vuruşub, hətta qolundan yaralansa belə,
yarasını sarıyıb, yenidən döyüşə
davam edib. Yaralı olduğu halda,
döyüş yoldaşına kömək etmək istəyərkən,
güllə böyrək nahiyyəsinə tuş gəlib və
Cavanşir Əhmədov şəhid olub. Onun nəşi
26 noyabr 2020-ci il tarixində ailəsinə
təhvil verilib və Bərdənin Alpoud kəndində dəfn
edilib.
Cavanşir Əhmədov şəhadətindən sonra
"Vətən uğrunda" və "Laçının
azad olunmasına görə" medalları ilə təltif
olunub.
***
Dmitri
Aleksandr oğlu Solnsev 1995-ci il aprelin 15-də
Bakıda anadan olub. Milliyyətcə rus idi.
Uşaq yaşlarında həm anasını, həm
də atasını itirib. Bir bacısı
var. 2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli
tam orta məktəbdə təhsil alıb.
2012-2016-cı illərdə isə Azərbaycan Dövlət
Neft və Sənaye Universitetində (ADNSU) ali
təhsil alıb.
Dmitri Solnsev 2016-2017-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz
döyüşləri zamanı general-mayor Polad Həşimovun
şəhid olmasından sonra öz istəyi ilə Nəsimi
Rayon Hərbi Komissarlığına müraciət edib və
Azərbaycan Ordusu sıralarına yazılıb.
Azərbaycan
Ordusunun əsgəri olan Dmitri 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin,
Füzulinin, Zəngilanın və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb, oktyabrın 25-də Qubadlı döyüşləri
zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn
olunub.
Dmitri Solnsev şəhadətindən sonra "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elgin
Ağayar oğlu Abbaslı 16 may 1991-ci ildə
Laçının Dəyhan kəndində doğulub. 1992-ci ildə Laçın işğal olunduğu
üçün ailəsi ilə birgə Sumqayıta
köçüb, Sarıqaya qəsəbəsində məskunlaşıblar.
Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə
yollanıb. Uşaq yaşlarından hərbçiliyə
marağı olduğundan hərbi xidmət müddəti
bitdikdən sonra, 2014-cü ildə müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini
davam etdirib. Pirəkəşküldə
yerləşən hərbi hissədə tibb
bölüyündə xidmət edib.
MAHHXHQ əsgər Elgin Abbaslı 27 sentyabr 2020-ci ildən
başlayan Vətən Müharibəsində iştirak edərək
Cəbrayılın, Füzulinin, Zəngilanın,
Qubadlının və Laçının azad edilməsi
uğrunda gedən döyüşlərdə vuruşub,
yaralıları döyüş meydanından
çıxarıb. Noyabr aylarının əvvəllərindən
başlayan Şuşa döyüşlərində
də iştirak edən Elgin 10 noyabr 2020-ci ildə Şuşa
istiqamətində döyüş
tapşırığını yerinə yetirərkən
şəhid olub. Sumqayıt Şəhidlər
Xiyabanında dəfn edilib.
Elgin Abbaslı şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Elnur Yaqub
oğlu Hacıyev 1979-cu il iyunun 12-də
Ucar şəhərində anadan olub. 1986-1996-cı
illərdə Ucar şəhərində 5 nömrəli tam
orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə
isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində
ali hərbi təhsil alıb.
Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə
Qobustan rayonunda yerləşən "N" saylı hərbi
hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən
"N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə
Ağdam rayonunda yerləşən "N" saylı hərbi
hissədə, 2015-2019-cu illərdə Gədəbəy
rayonunda yerləşən "N" saylı hərbi hissədə,
2019-cu ildən isə Ağstafa rayonunda yerləşən
"N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan
Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb və oktyabrın
17-də Füzuli döyüşləri zamanı şəhid
olub. Ucar Şəhidlər Xiyabanında dəfn
olunub.
Ailəli olan şəhidimizin bir qızı yadigar
qaldı.
Elnur Hacıyev şəhadətindən sonra "Vətən
uğrunda" medalı və 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif edilib.
***
Elməddin
Məhəmməd oğlu Mustafayev 1 may 2001-ci ildə Qəbələ
rayonunda doğulub. 2007-ci ildə Qəbələ
şəhər 4 saylı tam orta məktəbə daxil olub.
Orta təhsilini bu məktəbdə bitirdikdən
sonra 2017-ci ildə Qəbələ rayonunda yerləşən
Peşə Məktəbinə qəbul olub. Peşə məktəbini aşpazlıq ixtisası
üzrə bitirərək 5 iyul 2019-cu ildə hərbi xidmətə
yollanıb. Xidmətini Füzuli rayonunda
davam etdirib.
Azərbaycan
Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən
müharibəsində iştirak edib. Füzulinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
vuruşub və 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində
gedən döyüşlərdə şəhid olub. Qəbələ şəhər qəbiristanlığında
torpağa tapşırılıb.
Elməddin
Mustafayev şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Zabil Azər
oğlu Ağayev 1994-cü il martın 1-də
Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta
təhsilini Saatlı rayon Azad Bayramov adına
Məmmədabad kənd orta məktəbində alıb.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Zabil Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin, Qubadlının və
Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb və noyabrın 7-də
Şuşa döyüşləri zamanı şəhid olub.
O, Saatlı rayonu Məmmədabad kəndində dəfn edilib.
Zabil Ağayev şəhadətindən sonra "Vətən
uğrunda" və "Qubadlının azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Zaur Vaqif oğlu Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Ailəli olan şəhidimizin bir qız övladı vətənə əmanət qalıb.
Zaur Hüseynov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Xaspolad Fikrət oğlu Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanıb. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.
Ailəli olan şəhidimizin bir oğul övladı yadigar qalıb.
Xaspolad Qasımov şəhadətindən sonra
"Vətən uğrunda", "Cəbrayılın azad
olunmasına görə" və "Hərbi xidmətlərə
görə" medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 10 iyun.- S.14-15.