Nar çiçəkləri

 

VƏ YA HƏVƏSİN PSİXOLOGİYASI

 

Kamal Abdulla "Yarımçıq əlyazma", "Nar çiçəkləri", "Sehrbazlar dərəsi" əsərlərində müəllif sirr adlı psixopoetik obraz yaradıb və bu obraz onun yaradıcılığını motivləşdirib.

 

Sirrə vaqif olmaq eşqi, həvəsi motivləşdirərək yaradıcılığı fəallaşdırır. Nəmalumun varlığı, onu məlum halətinə gətirmək, məlumda zaman etibarı ilə ərimək və ya onu şərh etmək həvəsi obrazın hissi zənginliyindən asılı olaraq ağlın müstəvisinə çıxarılması həvəsdə toplanmış psixi enerjinin gücünə baş verir.

 

Həvəsdə toplaşmış psixi-enerji sirrin açılmasını ağlın prizmasına yönəldib. Ağ işıq prizmadan (psixikadan) keçərkən təbiətində yüklənmiş rənglərin 400-ə qədər çalarını verə bilir. Sirr ağıldan keçərkən zamana uyğun məkan müstəvisində ağılın potensialını da ehtiva etməklə verdiyi çalarlar yaradıcı düşüncəyə uyğun anlam dairəsini proqnozlaşdırır. Postmodernist düşüncə sirrə tamamlanmaq imkanı vermir, çünki düşüncə açıq olduğu üçün sirrin anlamı da açıqdır, həvəs bu qapalı görsənən sirrə yiyələnmək üçün qovrulur və o, sirlə qovuşan kimi məhdudlaşır, amma qısa zaman kəsiyində, həvəs sirrə vaqif olan kimi anlam təsviri yaradır, zaman qapanır, anlam modern və postmodern olaraq iki zamanda - keçmişdə və indidə müxtəlif məna kəsb edir.

 

Sirrin qapısı zahirən qıfıllıdır, sirri isə fikrən açıqdır və hərəkətdədir. Sirrin anlamı bir zamandan, bir məkandan çıxan kimi ağlın paradiqmasından asılı olaraq çoxalır, postmodernist şərhdə çox obrazlılıq yaradır, bir anda zamanda əriyərək yox olur və ya itir - sirrə gedən, həvəsin axtardığı itkinin linqvistik forması sirrin zahiri əlamətidir. Lakin sirrin axtarışına çıxmış həsrəti sirrin zahiri əlamətlərini yapışdırmaqla onlar arasında əqli əlaqələr yaratmır. Yeddi günün sirri, qırx günün sirrindən fərqlidir. Sirri zaman etibarı ilə qeyri-stabildir.

 

Kamal Abdullaya görə, Nar özü bir tam olan müxtəlifdir. Axı narın içərisində n sayda nar dənəciyi var və o, tamın müxtəlifliyi, kəmiyyət çoxluğu olmaqla özünün bütövlüyündən, rəng çalarından, dadından və onu tamlaşdıran düyməsindən ibarətdir. Tamda müxtəliflik və ya tamın təşkilində müxtəlifliyin harmoniyası narın düyməsində bütövləşir. İnsan da hisslərini təəssüratdan keçirərək poetik obrazlarda öz tamlığına doğru gedir. Müxtəliflikdən tama gediş özü bir sirdir.

 

Müəllif öz "Mən"ini həsrətin odu ilə yandırıb Sirri əritməyə, "Mən"ini Sirrə köçürmək üçün poetik yolu uyğun seçib. Nəsrdə Sirrə gedən linqvistik yol poeziyada koqnisiyanın hesabına daxilə yönlənə bilir. "Mən"in psixoloji azadlığı Sirri tapmaq üçün koqnitiv stil seçir.

 

Poetik koqnitiv stil sirrə vaqif olmağın Kamal Abdullaya görə ən qısa yoludur. Sirri sadələşdirməyin metodik yolu poeziyanın intonativ elementlərini özündə ehtiva edən idrak fəaliyyəti, səsin semantikasının fonetik xüsusiyyətlərini koqnisiya cəlb etməklə həll edir. O, sirrin bir qatını səsin anlam xüsusiyyətlərinə görə açmağı daha məqsədəuyğun hesab edir. Biri səsin, biri sözün, biri mənanın, biri anlamın, biri situasiyanın təzyiqi ilə yaradılmış dünyanı ikiləşdirən Sözün dekodlaşması paradoksla müşayiət olunaraq anlamağa gedən yolu metaforikləşdirir.

 

Misgər Məmmədov: “ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü  doğruldub

 

149 səhifədən ibarət poetik düşüncəsində, insana humanistik meyllərlə dolu olan "Nar çiçəkləri" kiçik şeir parçalarından ibarət olsa da, əslində, o mətnə xarakterik olan psixoloji xüsusiyyətləri özündə ehtiva edən insanın ətrafının şüurlu qavranılmasından, aksentuasiyaya uğramış psixi hisslərin zaman daxilində şərhindən, anadangəlmə potensialın yenidən təkmilləşməsinə olan həvəsin şəxsiyyətin subyektiv dünyasının koqnitiv təcrübəsidir.

 

Qayıtmışam sağ - mənəm,

Əvvəlki heç mən deyildim.

 

Müəllifin subyektiv, tamamilə şəxsi təcrübəsi onun poetik fəallığına təsir edərək xatirələrini mirvari tək düzüb, lakin bu subyektiv təcrübə obyektləşə bilir və bu xatirə də kimlik qismində eyniləşərək anlaşılır. Xatirəni insana çevirmək cəhdi onun anlanılmasından irəli gələn cəhdidir... "Yenə qallam təkcə özüm-özümlə" deyən müəllifin daxili dünyası onun davranışına əməlli təsir edərək "Bir az da yaxşı baxsanız, görərsiniz məni üzünüzdə" deyir. Müəllif təklik, tənhalıq subyektiv etalonları içərisində insanın poetik gerçəkləşməsi üçün xüsusi psixoloji mövqe sərgiləyir. Müəllif təkliyin yaratmış olduğu emosional zərbənin nəticəsini dərdi bölüşməyə insan tapa bilmədiyini əbəs axtardığını, itirmədikləri qənaətinə gəlib.

 

Mənə deyən gərək nə olub axı,

Nə çabalayırsan, söylə, nə xəbər,

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.

 

Kamal Abdulla "Dədə Qorqud poetikasının xüsusiyyətləri haqqında" əsərində təkrarın poetik tipologiyasını verib. "Əvvəlki heç mən deyiləm" ideyası bu həvəsdən sonra yaranan təkrar deyil. Bu yeni zamanda öz ölçüləri ilə təkrardan kənar mövcudluq forması - postmodernist mövcudluğun anlamıdır.

 

Həvəsdən doğan təkrarsız təkrarın məqsədini zaman dəyişir, o, köhnə formanın yeni poetik mənzərəsidir və zamana görə yeni mahiyyətin daşıyıcısıdır. Leksik formaların saxlanmasında poetik fəallıq dilin sərt prinsiplərinin təzyiqinə dözsə də, poetik mətndə resipasiya davranışı poetik reallığı təfəkkür dilinin (ladının) üzərinə qoyur və postmodernist fəlsəfənin predmeti olaraq hadisələr ağlın ixtiyarına verilir və ya

 

Ölərik -

Ayılıb görərik ki, varıq.

 

Poetik təkrar vasitəsi ilə həvəsin yeni yaranışa, dəyişmələrə olan cəhdi bəzən əkslik kimi, canlının inkar təbiəti ilə ifadə olunur.

 

Soldu nar çiçəkləri

İndi nar yetişəcək!

 

Təfəkkürü yeni fəallığa stimullaşdıran həvəs, özünün çoxobrazlılığı ilə həyata olan eşqi artırır. Həyata olan eşq daxilən yaşamağa olan cəhdin nizaminin pozulmasının qarşısını alaraq var olmağının səbəbini Allahdan arzulayır.

 

Sən məni görməzsən,

yüksəkliyindən

yer üstə yeriyib kiçilmişəm mən.

Elə qaçarsan ki, gərəkliyindən

Hamı şübhə edər varlıqsanmı sən?

Allahım, sən mənim

Ürəyimdəsən!..

 

Təkliyi və tənhalığı ilə özü-özündə qalmağı müəllif düşüncəsində ona, buna dönüb itməyinə elə də heyfislənmir, çünki özü-özü ilə qalan həyat yorucusu başqasına dönərək ağlayan gözlərdə, sevən ürəklərdə yox olan, çoxalan hər şeyi əzəli olan, bir ovuc torpaqdır. Həyat yorucusu düşüncəsində tək və tənha deyil, "Mən"i onun can sirdaşıdır.

 

Nar çiçəkləri by Kamal Abdulla

 

Müəllif asanlıqla özündən "Mən"ə, oradan da "qeyri-Mənə" çox asan keçidlər tapır, yaşamağa həvəs, həyati orientirləri bəşəri olanın qorunub saxlanmasında, insanın kədəri, sevinci "Sən sev deyir, Sən yaşa deyir".

 

Psixopoetik obrazların zənginliyi insanın iç dünyasının axtarışına çıxmış, beyinlərini "Ürəklərdə" tapır.

Lakin xatirələrin kölgəsi yaddaşına dəymədiyinə görə Ulu tanrı onun tənhalığına göylərin qapısını açmağa məcbur olur. Çünki tənhalıq xatirələri üfürüb gah yanan, gah sönən közə döndərə bilir.

 

Onun poetik obrazları yaradıb anladığı poetik dünyasında əriyərək sanki yox olur, qəflətən var olaraq çoxalır, başqa ağılla digərinə çevrilir. Poetik dünyasında yaratdığı yaşam dəyərləri ümiddən, diləkdən keçir, dünya boyda ələkdən keçir. Daxili poetik yaradıcılığının çoxrəngli prizması onun dünya dərkini buz dağlarına çevirərək isti dənizlərdən keçirir, isidir, əridir, şirini duzluya qarışdırır, anlam dünyasını ölümün şərikliyi ilə olumda qapayır. Buludlardan enib gələn ölümü şeytan özü doğma mələk kimi göydən yerə endirir.

 

Yır-yığış etmək vaxtıdı,

Dur ayağa, getmək vaxtıdı,

Dünyadan itmək vaxtıdı,

Bu vaxt bir də ələ gəlməz.

 

Psixoanalitik mövqedə olum və ölümə olan həvəs eyni instiktiv davranışlardır. Lakin yaşamağa olan həvəs deyir ki, "Bu dünya hər şeyin sonu deyil".

 

Kiçik həcmli şeirlər toplusunda kontekstə görə poetik obrazlar dinamik və tamdır. Yaradıcılığın həvəs dolu fəallığı şairin sözdən obraza olan idraki istiqamətini hissin instiktiv deyil, əqli təəssüratların zənginliyi ilə doldurmuşdur. Babil qülləsini tikib, yüksəlməyə çatmaq arzusunu qabıqaltı şüurda sıxışdırılmış istəklərdən ayıraraq "Yağışla göyə iməklərik biz" deyə arzunu təzələyir. Əqli istəyin fiziki istiqamətin üzü yuxarı "dərgaha" ismarlanmış yağış tamamlayır. Həvəs, istək, dərgaha sarı düzülmüş arzular və ondan doğan həzz keçmiş və gələcək arasındakı indidə ağlın gücünə aktuallaşır, həyatın fəlsəfi dərki şəxsiyyətin subyektiv anlamında indidə özünü gerçəkləşdirir.

 

Həvəsdən alınmış həzz yaradıcı məqama malikdir. Həvəsin gətirdiyi həzz təkrarın həzzi deyil, cansızlıqdan yeni doğulan canlının yeni zamanda müvazinəti yarada biləcək şüurun yaranmasına cəhddir.

 

Yeni yaranmış şüurlu anlamın, kollektiv şüurdan informasiya dayaqları var və onun yeni yaranışda zaman etibarı ilə subyektiv ömrü qısadır. Anlamın, şüurun yaranması cəhdində rolu keçəridir, o, kontekstdən asılı olaraq itəcək, çoxalacaq, tapılacaq, yox olacaq, amma əqli fəaliyyətin nəticəsi olaraq izi qalacaq ki, növbəti fəallıq üçün rabitə rolu oynasın. Qərbi Avropa fəlsəfəsinə görə, müasir fəlsəfənin predmetini ağıl, idrak təşkil edir. Bu fenomen davranışda dəyərlərlər kimi yenidən yaradıla bilir, xarici təyinedici səbəblər (şəxsiyyətin azadlığının determinantları) zaman kontekstinin təsiri altında dəyişdiyindən o, daha cəlbedici, təəccüb doğuran və anlama üçün çətin olan düşüncə tərzidir. Oxucuya elə gəlir ki, bu həvəs ona tanışdır, leksik stimullar müvafiq refleksiv davranışlar verir, az qala, keçidi dərk etmədən stereotipləşən düşüncənin təsirinə düşə bilirsən. Fikir səni boğur. Axı burada hər şey əvvəlki kimidir. Amma yox, "Mən də Sizin biriniz. Bir az fərqli, bir az çox".

 

Poetik təfəkkürdə stereotiplik postmodernist davranışa yaddır, hisslərin konservativliyi fəlsəfənin predmetinə yeni baxışı zəiflədir. Dərketmə və ağılın məhsulları həmişə zamanın və məkanın təsiri ilə şərh olunanda anlaşıqlı olur. XXI əsr rəqəmsal və ağıl əsəridir. Səbəb nəticə əlaqələri XVI-XX əsrə xas düşüncə tərzi idi. İndi yandırılmış körpüləri kommunikasiya ilə tikmək olur. "Nar çiçəkləri"ndə saysız-hesabsız "Mən"ə istiqamətlənmiş bu məzmunlu suallar var. Bu, sualdan çox cavabdır və "Mən" sualda əritmək həvəsdir, indiki postmodernist fəlsəfənin nəzəri əsasını kommunikativ anlama təşkil edir, çünki Sözün hakimiyyəti hələ güclüdür.

 

Bu həvəs postmodernist olaraq ağlın, düşüncənin nəzarətçisinə çevrilir, onu əvvəlki yoldan sapdırır. Paradoksla müşayiət olunan düşüncə, həm də həvəsin enerjisinin mexanizmidir.

 

Yeni nizami dərk etmək həvəsi onu sirrə olan marağını artırır "min bir gecə kimi" sonsuzluğa çəkir. "Axı mən niyə bu qədər sirr dəlisiyəm". Əgər poetik düşüncənin intizamını izləyə bilsək, dərkin istiqamətinin həvəs, həsrət, hərislik və ləzzətdən ibarət yaradıcı fəallığın motivlərində görərik.

 

"Nar çiçəkləri" əsəri Freydin dili ilə desək, təkcə Erosun məskəni deyil, həm də Tanatos üçün bir poetik yoldur. Hər iki dünyaya yol açan həvəsin idraki istiqaməti Erosun (Həyatın) saxlanılmasına və onda sevincin, kədərin təəssüratdan keçirilməsinə yönəlib. Həyat yolçusu "Nar çiçəkləri" əsərində "İşıq məni səsləyirdi ana tək" deməklə yaşamaqdan aldığı həzzin insanın psixi həyatını istiqamətləndirdiyi fikrinə gəlir. Ananın isti qucağında işığın həyatda yaşamağı motivləşdirməsi ruhi fəallığın prinsiplərindən birinə çevrilir. Ruhən rahatlıq anlamadan keçir, o isə ana qucağındadır.

 

Allaha sevgi, Mən və Qeyri-Mən arasında rabitənin poetik bərpası hesabına ruhi fəaliyyəti prinsipə çevirmək, həyatı problemlərə məsuliyyətli yanaşma, bəşəri dəyərlərin poetik obraz vasitəsi ilə fərdiləşdirmək, sosial toplumun təzyiqi ilə davranışın poetik həlli və kollektiv şüursuzluqdan irəli gələn davranışlar "Nar çiçəklərində" insan taleyi kimi rəngli ilmələrdən toxunub. "Nar çiçəkləri" psixopoetik davranışın məhsulu olmaqla şəxsiyyətin strukturunu bütün elementlərini zaman daxilində dərkin predmetinə çevirib.

 

Misgər MƏMMƏDOV

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dillər Universiteti HİK-nın sədri

 

525-ci qəzet.- 2021.- 11 iyun.- S.12;15.