Naxçıvan xanları haqqında
yaddaş səhifələri
GÖRKƏMLİ
ALİM HÜSEYN TEYMURLUNUN XATİRƏLƏRİ ƏSASINDA
Taleyinə vətəndən uzaqda yaşamaq yazılan,
Moskva mühitində uzun illər elmi və pedaqoji fəaliyyətlə
məşğul olan görkəmli alim Hüseyn Heydər
oğlu Teymurlu Naxçıvan torpağının yetirməsidir.
O, 1908-ci
ilin 27 sentyabrında (10 oktyabrda) Naxçıvan şəhərində
Heydər ağa Bənəniyarskinin ailəsində anadan olub.
1995-ci ilə qədər Moskva Kartoqrafiya və
Aeroçəkiliş İnstitutunda müəllim işləyən
həmyerlimiz haqqında axtarışlar apardıq. Onun Moskva ətrafında yaşayan nəvəsi
babasının 31 mart 1951-ci ildə yazdığı geniş
tərcümeyi-halını bizə göndərdi. Hüseyn Teymurlu 1995-ci ildə vəfat edib. Biz bu yazımızda onun Naxçıvan xanları
haqqında xatirələrini çap etməyi nəzərdə
tutduğumuzdan, tərcümeyi-halından ətraflı
söhbət açmayacağıq. Bu
haqda başqa bir vaxt bəhs etmək fikrimiz var.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin Arxivində Heydər ağa Teymur ağa oğlu Bənəniyarskinin
həbs olunmasına dair vərəqə (¹249) vardır. Həmin vərəqədən
məlum oldu ki, o, 1888-ci ildə doğulub. Atası Teymur ağa öz sərvətini
Naxçıvanda dünyəvi məktəblərin
açılması və səmərəli fəaliyyəti
üçün əsirgəməyib. Tapdığımız
bir arxiv sənədi bunu təsdiqləyir. 1925-ci ilin 1 avqust tarixində yazılan həbs olunma
vərəqəsinə görə o vaxt Heydər ağanın
36 yaşı olub.
Anası Əfruz xanım Kəngərli (Əsəd ağa Kəngərlinin qızı) 60, həyat yoldaşı Əfruz xanım Əli qızı Kələntərli 35, oğlanları Həsən 18, Hüseyn 16, Şamil isə 14 yaşında imiş. Sənəddə həmin ildə Hüseynin Bakıda, digərlərinin isə Naxçıvanda yaşadığı göstərilir. Arxiv materiallarından məlum olur ki, Heydər ağa 1904-cü ildə 4 sinifi İrəvan gimnaziyasını bitirdikdən sonra Naxçıvanda polis sistemində işləyib. 1918-20-ci illərdə isə Naxçıvan şəhərində polis rəisi vəzifəsində çalışıb. Araz-Türk Respublikasının təşkilində və fəaliyyətində böyük xidmətlər göstərib.
Erməni quldurlarına, daşnaklara
qarşı mərdliklə vuruşub. 1925-ci ildə sürgün olunsa da,
sonralar Naxçıvana qayıda bilib. Qohumlarının
dediyinə görə, poçtda məxfi şöbədə
işləyirmiş. Amma 1934-cü ildə
yoxa çıxıb. Onun oğlu
Hüseyn Teymurlu da atasının 1934-cü ildə vəfat
etdiyini yazıb. Amma 1990-cı ildən
sonra məlum olub ki, sürgün və təqiblərdən
bezən Heydər ağa İrana gedib. Hüseyn
müəllim 1941-ci ildən 1944-cü ilin 15 oktyabrınadək
İranda Sovet geodeziya qoşunlarının dəstəsində
fəaliyyət göstərib. Ölümündən
əvvəl əlaqə saxladığı qohumuna deyib ki,
atası ilə həmin illərdə Təbrizdə
görüşüb. Ancaq sovet DTK-nın
qorxusundan bir çox məsələlər kimi, onu da gizlin
saxlayıb. Qeyd edək ki, Hüseyn Teymurlu
tərcümeyi-halını Sovet sisteminin tələblərinə
uyğun dəyişdirib. Çünki o,
zadəgan oğlu idi. Babaları
Naxçıvanın məşhur ziyalıları, maarifpərvərləri
və varlıları olmuşdular.
O
dövrdə Bənəniyarskilər nəsli də repressiya
burulğanına məruz qalıb. Bu
müdhiş burulğan Heydər ağanın da ailə
üzvlərindən yan keçməyib. Onlar
da kütləvi sürgünlə üzləşiblər.
Bütün bunlara görə Hüseyn də vətəndən
uzaq düşüb Rusiyaya üz tutmuş, bir müddət
Moskvaətrafı kənd və qəsəbələrdə
gizli şəraitdə yaşamış və məcburiyyət
qarşısında soyadını dəyişib Teymurlu
familiyasını qəbul etmişdi. Lakin
vətəndən uzaqda yaşasa da, qəlbi hər zaman Azərbaycanla
döyünmüş, ömrünün axırına kimi
Naxçıvanla əlaqəni kəsməmişdi. Onun yazdığı məktubdan da aydın olur ki,
Azərbaycanın sevincinə sevinib, kədərinə qəmlənən
bu naxçıvanlı alim Azərbaycanın Qarabağ dərdini
böyük ürək ağrısı ilə
yaşamışdı.
Naxçıvan xanlarının varislərinin əksəriyyəti
və qohumları ilə daim əlaqə saxlayan Hüseyn
Teymurlu Naxçıvanla bağlı xatirələrini qələmə
alıb. Onun məktubu və xatirələri bu yaxınlarda
qohumları tərəfindən bizə təqdim edilib. H.Teymurlunun məktubundan məlum olur ki, bu xatirələri
yazmağı ondan qohumu, mərhum Qadir Həsənəliyev
xahiş etmişdi. Unudulmaz alimin xatirələrinin
tariximizin öyrənilməsi baxımından tədqiqatçılar
üçün də maraqlı olacağını
düşünürük. Onu da qeyd edək ki, hələ
arxiv fondları açılmadığı illərdə
Naxçıvan xanları və o nəsildən olan hərbçilər
haqqında məlumatlar az idi. Bu səbəbdən onun yazdığı xatirələr
maraq doğurur. Hüseyn Teymurlunun yaddaşına əsaslanaraq
qələmə aldığı xatirələrdə
cüzi yanlışlar da var. Onların düzəlişini
mötərizə içərisində verməklə alimin
üslubuna, necə deyərlər, nöqtəsinə,
vergülünə toxunmadan xatirələri oxuculara təqdim
edirik:
"1. Naxçıvan xanları Şuşa xanları
ilə qohum idilər. Natəvana Bakıda abidə (heykəl)
qoyanda Əkbər xan konsultant (məsələhətçi)
olub. Natəvan Əkbər xanın
xalası və yaxud nənəsi imiş (Xurşidbanu Natəvan
Əkbər xanın ana nənəsidir - M.R.)
2. Məncə,
Kalbalı xanın gözlərini Fətəli şah
çıxartdırıbdı (Onun gözlərini dünya
işığına həsrət qoyan Ağa Məhəmməd
şah Qacardır - M.R.).
Fikrət Kəngərlinin nənəsi İrbabə
xanımın anası Hacı Tacxanım 100 ildən çox
yaşayıb.
Mən uşaq vaxtı onu görmüşəm.
Fətəli şahın zamanında Tacxanım
12-13 yaşında qız imiş, İrbabə xanım öz
anasının və atasının söhbətlərini bizə
nağıl kimi danışardı. Kalbalı
xan Fətəli şahın vəziri imiş. Vəzir çox ağıllı və hünərli
bir komandir idi. Özü də çox
böyük tayfadanmış. Ola bilər
ki, Qacar nəslindən (Kalbalı xan Kəngərli
tayfasından olub - M.R.) Şah ondan
çox qorxurmuş. Odur ki, onu kor edib
Naxçıvana (İrəvana - M.R.) sürgün eyləyib.
Bir neçə vaxtdan sonra şahın əmri
ilə Kalbalı xan hamamdan çıxanda ona zəhərlənmiş
şərbət verib öldürüblər.
Yəqin Kalbalı xanın Naxçıvanda hörməti
və nüfuzu çox yüksək imiş ki, şah ondan
doğrudan da qorxurmuş.
3. Cəfərqulu
xan, Rəhim xan və Hüseyn xan qardaşdırlar. Cəfərqulu xanın 5 oğlu və 1 qızı
var idi. Kalbalı xan, Ehsan xan, Cəmşid
xan (Şamo xan onun ləqəbi idi), Davud xan və Teymur xan.
Kalbalı xan 1930-cu illərdə kürdlərin
üsyanı vaxtı həlak olub (Kalbalı xan 1918-1919-cu illərdə
Araz-Türk Respublikasına rəhbərlik edənlərdən
biri idi. 1918-20-ci illərdə Azərbaycan ordusunun polkovniki və
generalı olub, 1934-cü ildə İranda kürdlərlə
döyüş vaxtı arxadan vurulub. Teymur xan 1915-1918-ci illərdə
İrəvanda oxuyanda özünü vurub öldürüb.
Son tədqiqatlardan aydın olub ki, onu ermənilər
öldürüb, özü də İrəvanda - M.R.).
Qızı Nazxanım Maku sərdarının oğlu
Qulam xana ərə getmişdi (Cəfərqulu xanın
qızının adı Nazlıbəyim, ərinin adı isə
Qulu xandır - M.R.).
Cəfərqulu xanın arvadının adı Fəxrəntac
xanım idi. Ucaboy, kök qadın idi.
Cəmşid xan haqqında hamısını bilirsiniz. Mən Ehsan
xanın necə olduğunu bilirdim, ancaq yazmaq istəmirdim.
1929-cu illərdə Muğanda işləyirdim. Bizim dəstədə
ortayaşlı bir salyanlı kuryer var idi. O, mənim
naxçıvanlı olduğumu bildiyindən bir gün mənə
Ehsan xan barəsində belə bir söhbət eylədi:
"Mən 1918-20-ci illərdə Qızıl orduda əsgərlik
edirdim. Bizim komandirimiz Ehsan xan Naxçıvanski
idi. Eskadron hücuma gedəndə həmişə
eskadronun qarşısında olardı. Çox igid adam idi. Ehsan xan çox hirsli idi,
əsgərləri döyərdi. Bir dəfə
məni də çox bərk döydü. Odur ki, komissarın onunla arası pis idi. Bir gün onu çağırdılar ştaba (qərargaha).
Bir neçə gündən sonra biz eşitdik
ki, onu güllələyiblər. Onu yerinə
başqa komandir gəldi. Mən o kişidən
soruşmadım: bu hadisə hansı rayonda, hansı cəbhədə
olub.
Ehsan xan cavan vaxtı, müharibədən əvvəl,
süvarilərin təlim vaxtı at çapanda atdan
yıxılıb, daldan qaçan süvarilərin bir
neçəsi onun üstündən keçiblər. Ona görə
də onun başı (kəlləsi)
qırılmışdı. Ehsan xanın
başından qırılan sümükləri həkimlər
çıxarıb, yerinə gümüş plastinkalar
qoyublar. Odur ki, o, çox əsəbi idi
(Haqqında söhbət gedən Ehsan xan Cəfərqulu
xanın oğludur. Cəfərqulu
xanın oğlu Ehsan xanı da Şuşada daşnaklar
güllələyiblər - M.R.).
4. Cəfərqulu
xanın qardaşı Rəhim xanın bir oğlu və bir
qızı var idi. Oğlu Əhməd xan, ləqəbi
Xanlar xan 1941-ci ildə İranın hərbi naziri idi. 1944-cü ildə Məhəmməd Rza şah ona
marşal rütbəsi vermişdi (Sənədlərdə Rəhim
xanın oğlunun adı İskəndər xan,
qızının adı isə Xurşid xanımdır.
Kəngərli ailələrində əksər
hallarda uşaqları iki adla çağırıblar, yəqin
ki, Əhməd xan şəcərədə olan İskəndər
xandır. Bu məsələ ilə
bağlı axtarışlarımız var. Məsələni
dəqiqləşdirmək istəyirik. Çünki
şəcərəşünas Ənvər Fərəcoğlunun
tapdığı sənədlərdə Əhməd
xanın atasının adı Əli xan yazılıb. Hüseyn Teymurlu 1944-cü ildə Sovet
qoşunlarının tərkibində İrana gedib. Bəlkə də görüşüb onunla. Bu məlumatı dəqiqləşdirmək
üçün xeyli axtarışlar apardıq. Amma qəti fikir söyləmək mümkün
deyil. Çünki rəsmi məktublarımıza
da məlum tərəf cavab vermədi. Əhməd
xan Naxçıvaninin atası Əli xan Kalbalı xanın
oğlu Fərəc ağanın varislərindəndir.
Əli xan özü İranın kazak
süvari qoşun dəstəsində xidmət edib. Axtarışlar zamanı məlum oldu ki,
İranın axırıncı şahının həyat
yoldaşı Fərəhbanunun ata tərəfi
Naxçıvan kəngərlilərindəndir. Kalbalı xanın, yaxud onun qaynı və əmisi
oğlu Maqsud xanın varislərindəndir. Maqsud xan Heydərqulu xanın qardaşı Vəliqulu
xanın oğludur. Fərəh
xanımın ata babası Mehdi xanın Sirab kəndində
mülkü də varmış. İndi də
xarabalıqları durur. Fərəc
xanın oğlu Əsədulla xanın varisləri əsasən
Naxçıvan şəhərində və atalarının
mirası olan Sirab kəndində yaşayıblar. Həmin
nəsildən olan Əli Hidayət oğlu bizə bu haqda məlumat
verdi. Hətta dedi ki, babamızın
mandatı olan rəsmi sənədi Mehdi xan aparıb. Onun bu məlumatını dəqiqləşdirmək
üçün məşhur yazıçı və tərcüməçi
Nəriman Əbdülrəhmanlı ilə əlaqə
saxladıq. O, Fərəh Pəhləvinin "Xatirələri"ni azərbaycancaya çevirib. Yazıçı
onun ata tərəfinin Naxçıvandan olduğunu təsdiqlədi.
Fərəh xanım xatirələrini Sovet illərində
qələmə aldığından Naxçıvandakı
qohumlarını təhlükədə qoymamaq
üçün ata tərəfi haqqında ətraflı məlumat
verməyib. Onun ata babası Mehdi xan diplomat
və arxeoloq olub. Mehdi xan oğlanlarından ikisini
Söhrabı və Bəhramı Sankt-Peterburqdakı
Aleksandrovski kadetdə-hərbi məktəbdə oxudub... Naxçıvanlı hərbçilərin şah
sarayında vəzifə tutmasında yəqin ki, Fərəh
xanımın köməkliyi olub. Axtarışlarımız
davam edir. Ümidliyik ki, oxucuları sevindirə
biləcəyik - M.R.).
İranda bunun adı Əhməd xan Naxçıvani
idi. Qızı Xurşud xanım Qacar (bu onun ər
familiyasıdır - M.R.). Bakının
Opera Teatrında solist idi. 1926-cı ildə
Bakı operası ilə Naxçıvana gəlmişdi.
Bilqeyis xanımgilə də gedib. Mən o vaxt Bakıda oxuyurdum. Xurşud
xanıma "Şah İsmayıl" operasında qulaq
asmışam. Xanlar xan - Əhməd xan
1918-ci ildə bizdə qonaq olub, mən onu tanıyırdım.
Erməni-müsəlman müharibəsində
Naxçıvan xanlarının hamısı bizim məhəllədə
yaşayırdılar.
Cəfərqulu xangil 5-10 gün bizdə qaldılar, sonra
Əliqulu xanın evinə (Əliqulu xan Naxçıvanskinin
- M.R.) getdilər.
Rəhim xanın evinə mən qardaşım Həsənlə
və atamla 1918-ci ildə getmişəm. Bir
böyük tənəkli aynabənd otaq var idi. Divarların hamısı cürbəcür aynalarla
bəzənmişdi. Həyətdə
çoxlu meyvə ağacları var idi. Həyətin
ortasında su hovuzu var idi (bu evi Rəhim xan Ehsan xanın
sarayının önündə tikdirmişdi. 1970-ci ildən
sonra sökdülər - M.R.). 1920-ci ildə o ev kazarma oldu. Aynabənd
otağın aynalarını divardan
çıxarmışdılar. Otaq lap xarabaya
oxşayırdı.
1922-ci ildə Naxçıvanda müəllimlər
seminariyası açıldı. Seminariya bir il
qız məktəbinin binasında, sonra isə Rəhim
xanın və Kamran xanın evlərində yerləşdirildi.
Rəhim xanın evini bir qədər təmir
etmişdilər. Mən bilmirəm Rəhim xanın evini
kim tikib. Ola bilər ki, Rəhim
xan öz babası Ehsan xanın evində yaşayıb.
Bazar hamamını (o hamam Cümə məscidinin
qabağında olan dərədə idi - M.R.) Rəhim xan
tikdirib. (O hamamı Rəhim xanın atası general-mayor
Kalbalı xan Naxçıvanski tikdirib, son illərə qədər
həmin hamama "saldat hamamı" deyirdilər - M.R.).
5. Əkbər
xan, Bəhram xan, Kamran xan general İsmayıl xanın nəvələri,
Aman xanın oğlanları idilər. Kamran xan
çox zarafatcıl idi. Payız və
yazda Naxçıvanın faytonlarının
hamısını kirayə elətdirib şəhərdə
gəzərdi, özü də zurna-balaban
çaldırardı. Onu Əlixan İrəvanskinin
nökəri İrəvanda tapança ilə vurub
öldürüb. Kamran xanın 3 oğlu
var idi. İsmayıl xan (Xanzadə xan),
Xosrov xan və Tələt xan. 1918-ci ildə Tələt
lap balaca idi. Xanzadənin 8-9 yaşı
olardı.
Bəhram xanın 2 qızı var idi.
Əkbər
xanın 3 oğlu: Seymur, İzzət və Qulu (əsl adı
Həbibdir, Oğuzda yaşayıb) və 6 qızı var idi.
(Əkbər xanın 14 övladı olub - M.R.).
İkinci
qızı usta Qənbərin oğlu Şirzada ərə
getmişdi. Arvadı Aqiyə xanım Yunis
xanın bacısı idi. Yunis xanın bir
dul bacısı da mənim babamın bacısı oğlu və
nənəmin qardaşı oğlu Sultan ağanın
arvadı Bilqeyis xanım idi. Sultan ağa
Fikrət Kəngərlinin dayısıdır.
6.
Böyük xan, Sərvər xan, Məhəmmədəli xan.
Böyük xanın iki oğlu var idi. Qulam xan və Cəlil xan. Qulam
1920-ci ildə bizimlə məktəbdə oxuyurdu.
Böyük xan Naxçıvanda qorodniçi olub. Çox zaman
Naxçıvan teatrına rejissorluq edib. Ucaboylu kişi idi. Böyük xan
Əkbər xanla qohum idi.
Sərvər xanın bir qızı var idi. Xəlil bəyə
ərə vermişdi. Sonralar Xəlil bəylə
Türkiyəyə getdi (Xəlil bəylə ailə quran Məhəmmədəli
xanın qızı olub - M.R.).
7. Yunis xan, Murad xan, Fətəli xan 1920-ci ildə
Naxçıvanda yaşayırdılar. Yunis xan milis idi. Murad xan isə
orduda batalyon komandiri vəzifəsinə idi. Fətəli xan İrana getdi.
8. Xaqan
xanın bir də balaca oğlu var idi. İki
qızı 15-16 yaşında, Xaqan xan Aman xanın oğlu, Bəhmən
Mirzə Qacarın kürəkəni idi (o da 1920-ci ildə
İrana köçüb - M.R.).
9. Şərurda
Nəsrulla xan Səfiyev yaşayırdı. Onun üç
oğlu var idi: Bəhlul, Rəşid və Behdulla xan. Onun da, həmçinin, iki qızı var idi. Ruqiyyə və Məstan xanım.
Ruqiyyə öz qohumu Hüseynqulu bəyin oğluna ərə getmişdi. İrana qaçdılar.
1920-ci ildən sonra Naxçıvan
xanlarının hamısı İrana köçdülər.
Əkbər xan, Yunis xan və Murad xan ailələri ilə
Naxçıvanda qaldılar. Məstan xanım vəfat etdi.
Zivər xanımı oğlanları ilə birlikdə
1940-cı ildə Qazaxıstana sürgün etdilər.
1954-cü ildə Bakıya döndülər. İndi həmin
ailədən iki oğlan və iki qız Bakıda
yaşayır. Tariximizdə hünərli səhifələr
yazmış Naxçıvan xanlarının bəziləri və
onların varisləri haqqında yaddaşımda qalanlar
bunlardır".
Musa
QULİYEV (RƏHİMOĞLU)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 11 iyun.- S.14;15.