Şəhid həkim leytenant

 

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tariyel Salmanovun şərəfli həyat yolu

 

Artıq 8 aydır Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı böyük qələbəmizlə nəticələnən Vətən müharibəmiz yekunlaşıb. Lakin müharibə bitsə , onun izləri hamımızın həyatında qalmaqdadır. Xüsusən, müharibə zamanı həyatını bu torpaqlar uğrunda fəda edən qəhrəman şəhidlərimizin ailələri, sevənləri üçün Vətən müharibəsi böyük qələbənin sevincindən əlavə, əzizlərinin itkisiylə unudulmayacaq, həmişə qəlblərinin bir yerini göynədəcək.

 

Ağcabədi rayonundan olan qəhrəman həkim şəhidimiz Tariyel Salmanovun ailəsi kimi. Qəhrəman vicdanlı həkimimizi tanıyan hər kəs hələ onun yoxluğuyla barışmır, bu itkiyə inanmır. Amma eyni zamanda, belə vətənpərvər, igid insanın da məhz şəhidlik kimi ən ali yüksəkliyə layiq olduğunu deyirlər.

 

Şəfalı əlləriylə neçə-neçə xəstənin dərdinə dərman olan Tariyel həkimin dərdinə dərman olduğu son xəstəsi yaralı Vətəni oldu. O, torpaq həsrəti çəkən xalqın qəlbini, əsirlikdə qalan Vətən torpağının yaralı köksünü öz əlləriylə, öz qanıyla "müalicə etdi", sağaltdı.

 

Tariyel Allahverdi oğlu Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi rayonunun Kəhrizli kəndində ziyalı ailəsində evin kiçik oğlu kimi dünyaya gəlib. Hələ uşaq yaşlarında anasını itirən Tariyel üç qardaşı atasıyla birgə yaşayıb. O, 1994-2005-ci illərdə Kəhrizli kənd orta məktəbində oxuyub. Hələ uşaq yaşlarından təhsilə, idmana xüsusi maraq göstərən Tariyelin bu marağı sonrakı həyatını da şəkilləndirməsinə səbəb olub. O, həmçinin, vətən sevgisi, Qarbağ nisgiliylə bir gənc kimi yaşıdlarından seçilib. Qarabağın işğaldan azad edilməsi onun ən böyük arzusuna çevrilib.

 

Tariyel orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. 2011-ci ildə universiteti müvəffəqiyyətlə bitirib. Tələbəlik illərində daima idmanla məşğul olub, müxtəlif idman növləriylə maraqlanıb.

 

Tariyel Salmanov 2011-ci ildə universiteti bitirdikdən sonra həmin ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. Tərxis olunduqdan sonra 2014-cü ilin fevral ayında Həkimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanından hər iki mərhələni uğurla keçərək, Ağcabədi rayonu Mərkəzi xəstəxanasında həkim-stomatoloq kimi əmək fəaliyyətinə başlayıb. İşə başladıqdan az müddət ərzində bütün xəstəxana heyətinin, həkimlərin hörmətini, sevgisini qazanan Tariyel həkim özünün mehriban, ünsiyyətcil xarakteriylə seçilirdi. Dostlarının, tanışlarının sözlərinə görə, düşdüyü hər mühitə asanlıqla adaptasiya olur, tez zamanda özünə dostlar qazanarmış. Bu xasiyyəti sayəsində, onun nəinki Ağcabədidə, eləcə , ölkənin hər yerindən dostları, tanışları vardı ki, hər biri Tariyelin hörmətini ayrıca tutar, onu sevərdilər. O, mümkün qədər hər kəsin köməyinə çatmağa çalışan bir insan olub. Onun qəbuluna gələn xəstələr hər zaman həm işindən, həm xəstələrlə davranışından razılıqlarını bildirərmişlər.

 

T.Salmanovun işinə qarşı sonsuz sevgisi vardı o, hər zaman öz üzərində çalışan, biliklərini artıran bir həkim olub. O, müxtəlif illərdə Türkiyənin ayrı-ayrı universitetlərində, Birləşmiş Ərəb Əmirliyində seminarlarda iştirak edib, ixtisasartırma kurslarına qatılıb.

 

2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel həkim könüllü olaraq ordu sıralarına yazılır cəbhəyə getməyə tələsir. Xüsusən, qəhrəman generalımız Polad Həşimovun şəhidliyiylə heç zaman barışmayaraq, düşməndən generalın, eləcə , bu torpaqlar uğrunda şəhid olan bütün oğulların qanını almaq eşqiylə qəlbi coşub-daşır. Lakin həmin ərəfədə döyüşlər tez dayandığından onu cəbhəyə aparmırlar.

 

 

 

İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılır elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulur. Tariyel həkim bütün işlərində həyatında olduğu kimi, müharibədə vicdanla xidmət edir, neçə-neçə yaralarımıza elə yerindəcə tibbi xidmət göstərərək onları ölümdən qurtarır. Onun döyüş yoldaşları bu gün qəhrəman həkimin qorxmazlığı, şücaəti, mərdliyindən fəxarətlə danışır, onun dəfələrlə ən qaynar nöqtələrə, ən çətin mövqelərə getdiyini vurğulayırlar.

 

Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəliyə atılır, xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin atdığı minamyot atəşi nəticəsində özü qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.

 

Tariyel Salmanov şəhadətindən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Sonsuz arzuları, xəyalları vardı Tariyel həkimin. Bu arzuları həm sənətiylə bağlı idi, həm ailəsiylə, şəxsi həyatıyla. O, sənətini ən yaxşı şəkildə icra edəcək, hələ bu sənətdə nələr-nələr öyrənəcək, daha neçə insanın dərdinə dərman, ağrısına məlhəm olacaqdı. O, ailəsiylə, sevdikləriylə hələ neçə bayramlar keçirəcək, neçə xoş günlərdə qol-boyun olacaqdı.

 

Ailəli olan həkim leytenantın Ləman adlı bir qız övladı da var. Onun qızıyla bağlı arzuları, diləkləri, xəyalları sonsuz idi. O, "Ləman həkim" deyə çağırdığı qızını gələcəkdə öz assistenti kimi görmək istəyirdi. Təəssüf ki, bu xəyal gerçəkləşmədi. Əvəzində Tariyel həkim öz qızına ən böyük, ən qürurlu adı qoyub getdi bu həyatdan.

 

Atası, qardaşları, sevənləri və döyüş yoldaşları bu gün Tariyel həkim haqqında böyük qürurla, fəxrarətlə danışırlar. Əlbəttə, onun kimi hər kəsin qayğısına qalan, xəstələrinin ən yaxın dostuna çevrilən, insanlara şəfa verən bir gəncin vaxtsız itkisi hər kəsi incidir. Amma Tariyel həkim öz qanıyla, canıyla tarix yazan, Azərbaycan xalqının 30 illik həsrətinə öz qəhrəmanlığıyla son qoyan igid şəhidlərimizdən biridir. O, özündən sonra ailəsinə, qızına ən şərəfli adı-şəhidlik adını miras qoyub getdi.

 

Atası Tariyelin uşaqlığını tez-tez xatırlayır və deyir ki, onun bu vətən uğrunda bu cür qəhrəmanlıq etməsi heç də təsadüfi deyil. Çünki heç zaman Qarabağın işğalıyla barışmayan Tariyel hələ uşaq yaşlarıdan Vətən üçün ölməyin, öldürməyin şərəfindən danışar, şəhidlik zirvəsinin ucalığından bəhs edər, müharibə olarsa, şübhəsiz, ən öndə döyüşlərə qatılacağını deyərmiş. Dediklərini ən yaxşı şəkildə icra etdi Tariyel həkim.

 

Stomatoloq olan Tariyel həkimin peşə vəzifələrindən biriinsanlara sağlam və gözəl gülüş bəxş etmək idi. Neçə insan onun sayəsində bu içdən gülüşə qovuşmuş, özündəki kompleksi dəf etmişdi. Tariyel həkim həyatının son anında da bu missiyasına sadiq qaldı. O, sadəcə peşə bacarıqlarını deyil, öz qanını, canını da xalqının üzündə sağlam və gözəl gülüş, içdən təbəssüm yaratmağa həsr etdi, təkcə insanların deyil, vətəninin də yarasına məlhəm olmağı seçdi.

 

Bu gün Ağcabədi sakinləri Tariyel də içində olmaqla, öz qəhrəman şəhidləri haqda qürurla bəhs edir, onların xatirəsini əbədi qəlblərində yaşadırlar. Eyni zamanda, bu torpaqlar uğrunda canını düşünmədən fəda edən, körpələrin yaşaması üçün öz körpələrini atasız qoyan şəhidlərimizi bütün xalqın, eləcə də, bütün dünyanın tanıması, bu qərhəmanlıqların gələcək nəsillərə də ötürülməsi üçün hər kəs öz sahəsində əlindən gələn hər şeyi edir.

 

İndi Azərbaycan xalqı Tariyel həkim və onun kimi igid, vətənpərvər, mərd oğullarımızın sayəsində ciyərdolusu nəfəs alır. O torpaqlar məhz onların sayəsində çiçəklənir. Əlbəttə, şəhidlərimizin xatirəsi, itkilərimizin ağrısı qəlbimizin ən sağalmaz yarasıdır. Və bu yaranı heç bir həkim müalicə edə bilməz.

 

MEHRİ

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.23.