"Xoşbəxtəm ki,
torpaqların azad olunmasını görmək
qismətim oldu"
ŞAİR
ƏNVƏR ƏHMƏD: "ƏSƏRLƏRİMİ
HƏYATDA QAZANDIĞIM BÜTÜN
NAİLİYYƏTLƏRİMDƏN ÜSTÜN SAYIRAM"
Azərbaycann Yazıçılar Birliyi
Qarabağ bölməsinin
sədri, tanınmış
şair Ənvər Əhməd ötən əsrin 60-cı illərinə
mənsub ədəbi
nəslin istedadlı nümayəndələrindəndir.
Öz yaradıcılıq
dəsti-xətti, üslubu
ilə seçilən
qələm sahibinin milli ruhlu, orijinal,
səmimi şeirləri
həmişə oxucuların
diqqətini çəkib.
Təsadüfi deyil ki, 1968-ci ildə işıq üzü görmüş
"Nəslimiz" adlı
ilk şeirlər kitabı
ədəbi aləmdə
maraqla qarşılanıb,
müsbət dəyəndirilib.
Sonrakı illərdə mühüm
ədəbi uğurlara
imza atan şair cağdaş ədəbiyyatımızda özünəməxsus
yer tutub. Onun qələmə
aldığı poeziya
nümunələri bu
gün də sevilə-sevilə oxunur, gündəmdən düşmür.
Zəngin həyat və
yaradıcılıq yolu
keçən 78 yaşlı
sənətkar bu gün də böyük həyat eşqi, həvəsi ilə yazıb, yaradır.
Şairin Ağcabədidəki evində
olduğunu eşidəndə
yolumuzu oradan salıb, görüşüb-söhbətləşmək
qərarına gəldik. Ənvər müəllim
bizi mehribanlıqla qarşıladı. Çay
süfrəsi arxasında
əyləşib, hal-əhval
tutduq, xeyli vaxtdan bəri, görünməməyinin səbəbini
soruşduq:
***
- Sizinlə görüşməkdən
şad oldum. Sağ olun ki,
gəldiniz. Səhhətimlə əlaqədar bir
müddət dostlardan
aralı düşmüşdüm.
Ancaq yaradıcılıqdan uzaqlaşmamışam.
Xəstə olmağıma
baxmayaraq, son bir il ərzində
300-dən çox şeir
yazmışam.
Allaha çox şükür,
indi babatam. Doğulduğum, boya-başa çatdığım
Qarabağın havası
məlhəm kimi məni sağaldıb.
Sağ olsunlar ağcabədililər, qohum-qonşular,
dostlar tez-tez baş çəkirlər.
Allah onlardan razı
olsun. Gördüyünüz
bu ev
Birinci Qarabağ müharibəsi dövründə
inşa olunub. Onun üstünü ermənilər
Ağcabədinin kəndlərini
atəşə tutduqları
vaxt vurdurmuşam.
Adamlar bunu görüb çox ruhlandılar.
Evlərini qoyub, getmədilər. Deyirdilər ki, şair ev tikdirir, biz hara gedirik? Təsadüfə
bax ki, Vətən
müharibəsi günlərində
də yurd yerində
qalası oldum. Bu dəfə şəhərin
mərkəzi erməni
silahlı qüvvələrinin
artilleriya və raket mərmilərinə tuş gəldi. Ancaq evimi, nəvələrimi tərk etmədim. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında
şanlı Ordumuz düşmənə qalib
gəldi. Çox xoşbəxtəm
ki, Qarabağ torpaqlarının işğaldan
azad olunmasını görmək mənə də qismət oldu.
- Ənvər müəllim,
Xankəndidə, Dövlət
Pedaqoji İnstitutunda işləmisiniz. O illəri necə xatırlayırsınız?
- Əvvəllər bir
müddət Ağcabədidə
çıxan "Sürət"
qəzeti ilə əməkdaşlıq etmişəm. Tale elə gətirdi ki, 1974-cü ildən Xankəndi Pedaqoji İnstitutunda çalışmalı
oldum. Məlum hadisələr başlanana
qədər orada müəllim işləmişəm.
Düzünü deyim
ki, o zaman uğurlarım da oldu, ağrılı-acılı
günləri də az yaşamadım. Həmin illərdə erməni
kin-küdurətinin, paxıllığının,
nankorluğunun şahidi
oldum. Onlar o vaxtlar da bizimlə
açıq-aşkar düşmənçilik
edirdilər, amma layiqli dərslərini də alırdılar. Yəqin ermənilər bunu
yaxşı xatırlayırlar.
Süfrəmizdə çörəyimizi yeyənlər harınladılar,
qudurdular. Xəyanətkarlar xəlvəti söz davasını top, raket davasına döndərdilər.
Dağlıq Qarabağ münaqişəsi
başlayanda Xankəndi
Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı
müəllim və tələbələri nələri
görmədilər?! Nəticədə kollektivin didərgin həyatı başlandı. İnstitutun Azərbaycan bölməsi
bir müddət Gəncədə fəaliyyət
göstərməyə məcbur
oldu. Daha sonra ADPU-nun filialı kimi Şuşada qərarlaşdı. Bir
müddət sonra Şuşa düşmən
hücumlarına məruz
qaldığına üçün
Ağcabədiyə pənah
gətirdi. Uzun illər ADPU Şuşa
filialının direktoru
oldum. O dövrdə başı bəlalar çəkmiş təhsil
ocağı bir qədər dirçəldi,
elmi-pedaqoji kadrlarla möhkəmləndirildi, respublikanın
qabaqcıl ali
təhsil müəssisələrindən
birinə çevrildi.
Filial bütövlükdə
Qarabağ bölgəsinin
ictimai-siyasi həyatında
mühüm rol oynadı, sabitliyin, əmin-amanlığın, sabaha
inamın bir növ qarantı hesab olundu. Sevindirici haldır ki, bu gün
ADPU Ağcabədi filialı
layiqli varis kimi keçmiş Şuşa filialının
ənənələrini uğurla
davam etdirir.
- Zaman dəyişib. Torpaqlarımız işğaldan azad
olunub. Yəqin ki, Xankəndiyə
yenidən qayıtmaq istərdiniz?
- Əlbəttə, istəyirəm. Mənim orada
evim var. Azərbaycanımızın,
Qarabağımızın bir
parçası olan o torpaqda gənclik illərimi yaşamışam,
dissertasiya müdafiə
etmişəm, alimlik dərəcəsi almışam,
övladlarımı böyütmüşəm.
Xankəndi tör-töküntülərdən
birdəfəlik təmizləndikdən
sonra gedib oradakı evimdə yaşayacam. Dığalar barışmağa üz qoymayıblar. O vaxt Şuşa mühasirəyə
alınanda gedib vuruşmağa icazə verməsələr də,
oraya silah-sursat aparmağıma bir söz demirdilər. Bir dəfə şəhərin
müdafiəçilərinə yardım aparanda yolda ermənilərin hücumuna məruz qaldım. Bu zaman ayağımdan ağır zədə aldım. İndiyə kimi onun ağrısı canımdan
çıxmayıb.
- Bir az da ədəbiyyatdan danışaq. Çağdaş
ədəbi proses sizi qane edirmi?
- Əslində, ədəbiyyatın
yaxşı günləri
az olur.
Söz sənəti hər dövrdə çətinliklərlə
üzləşib. Müstəqillik
dönəmində də
ədəbi proses çox problemlərdən
keçib, adamlar ağrı-acılarla qarşılaşıb. Zaman keçdikcə çətinliklər
aradan qalxıb, söz
sənəti ayaq üstə durmağı bacarıb. Ədəbiyyatda sağlam qüvvələr
görünməyə başlayıb.
Lakin ədəbi yaradıcılıq
prosesi həddən artıq yüklənib.
Yetən
özünü şair,
yazıçı adlandırır.
Hər bir dövrdə ədəbi prosesə çox adamlar qoşulub, amma daha indiki kimi
yox də. Nalbənd də şeir yazır, qəssab da. Kimi dindirirsən, deyir
kitabım çıxıb. Bizim vaxtımızda kiçik
bir şeir kitabı çap etdirəndə böyük
qəhrəmanlıq sayılırdı.
İndiklər qalın-qalın kitablar nəşr etdirirlər, amma içərisində bir şey yoxdur. Kim nə bilir,
onu da edir.
Senzura yox, qadağa yox, ictimai qınaq
yox. Ədəbi tənqiddən də narazıyam. Həqiqətdə,
biz yazarlarda da günah az
deyil. Yaradıcılıqda çox işlərə
göz yumuruq. Meydanda at oynadanlara "gözün
üstə qaşın
var" deyən tapılmır.
Belələri Mikayıl Müşfiqin
qarşısında heç
şeir yaza bilərdi, kitab çap etdirməyə cəsarət edərdi?
Etiraf edək
ki, bölgələrdə
ədəbi mühit ürəkaçan deyil. Bölgə yazarlarına
qayğı və diqqət artırılmalıdır.
Onların çap olunmaq
imkanı paytaxtla müqayisədə çox
məhduddur. Azərbaycan Yazıçılar
Birliyinin bölmələri
üçün geniş
şərait yaradılmalıdır.
Gənc istedadların üzə çıxarılması diqqət
mərkəzində saxlanılmalıdır.
- Hazırda yaradıcılığınız nə yerdədir? Hansı əsərlər üzərində işləyirsiniz?
- Qarabağ mənim əzəli və əbədi ilham mənbəyimdir. Çox şeirlər yazmışam, çox kitablarım çap olunub. Onların içərisində ən yaxşılarını Qarabağa həsr olunmuş şeirləri, kitabları hesab edirəm. Bu mövzuda indiyə qədər 9 poema qələmə alınıb, işıq üzü görüb. Ancaq hələ də usanmamışam...
Qarabağ torpaqları ilk öncə sözlə, şeirlə xilas olunub. Bu gün sözün zəfər yürüşü anıdır. Hazırda Qarabağ mövzusunda "Torpağın işığı" adlı yeni bir poema üzərində işləyirəm. Torpaqlarımızın, ərazilərimizin dirçəldilməsini, bərpasını əks etdirəcək bu poemanı yaxın vaxtlara nəşr etdirmək fikrindəyəm. "Tərəkəmə" adlı başqa bir poemam da tamamlanmaq üzrədir. Əlbəttə, yeni kitab çap etdirməyi də unutmamışam.
- Fəxri ad, mükafat barədə nə düşünürsünüz?
- Zənnimcə, hər bir yaradıcı şəxs, qələm sahibi nələri etməsi barədə həmişə öz vicadnı qarşısında hesabat verməlidir. Hər şeydən əvvəl yazar əxlaqı, şəxsiyyəti ilə nümunəvi olmalıdır. Şəxsiyyəti olmayan, ruhu yaxşılıqdan yoğrulmayan şairin, yazıçının əsərləri kimə lazımdır? Mən heç vaxt ad-san üçün yazmamışam, yaşamamışam. Mükafatlarım çox olub, "Tərəqqi" medalına layiq görülmüşəm. Ancaq mənim üçün ən yüksək mükafat, fəxri ad halal yaradıcılığımdır. Öz əsərlərimi həyatda qazandığım bütün nailiyyətlərimdən üstün sayıram. Övladlarım da bu ruhda tərbiyə etmişəm.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2021.- 12 iyun.- S.19.