"Azərbaycan rəssamlarını hamıdan üstün bilirəm"  

 

Müsahibimiz - Röya Həsənova müasir rəssamlar içərisində kifayət qədər tanınır, uğurlu və məhsuldar yaradıcılığı ilə Azərbaycan mədəniyyətini ölkə xaricində də layiqincə təmsil etməyə çalışır.

 

O, əvvəllər Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirsə də, sonradan uşaqlıq arzusu olan rəssamlıq sənətinin arxasınca gedib.

 

Rəssamlıq Akademiyasının bakalavr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura məzunudur.

 

O, həmçinin, özünün yaradıcılığında önəmli yer verdiyi Qarabağ mövzusuyla da seçilir. Bu günlərdə işğaldan azad olunmuş torpaqlardakı yaradıcılıq fəaliyyəti də məhz bunun nəticəsidir. Bu və digər mövzular haqda özündən daha ətraflı şəkildə maraqlandıq, suallarımızı ünvanladıq.

 

***

 

- Rəssamlıqla sırf 8-9 ildir ki, məşğul oluram. Uşaqlıqdan həvəsim olsa da, professional fəaliyyətim Rəssamlıq Akademiyasına qəbul olunandan sonra başladı. Beynəlxalq sərgilərdə, festivallarda, simpoziumlarda iştirak etmiş, özüm də bir sıra fərdi sərgilər keçirmişəm. Leyla xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgidə birinci yerə layiq görülmüşəm.

 

Əslində, əvvəldən arzum xaricdə rəssamlıq məktəbi oxumaq idi. Lakin o zamanlar çətin dövr idi, sovetlər yeni dağılmışdı, müharibə vaxtı idi. Ona görə də valideynlərim dedilər ki, xaricə getməkdənsə, öz ölkəmizdə oxu. Onlar rəssamlıq yox, iqtisadiyyata yönəlməyimi istəyirdilər. Düzü, elə də həvəsim olmasa belə, savadım yaxşı idi, imtahan verdim və qəbul olundum. Orda oxuyarkən qiyabiyə keçdim ki, işləyə bilim. Dedim rəssamlığı seçə bilmədimsə, onda işləyəcəm (gülür). Həmin ərəfədə Dövlət Gömrük Komitəsində işləməyə başladım. Çox gənc olmağıma baxmayaraq, aktiv idim, bütün yeniliklərdə məni önə çəkirdilər, çoxlu kurslara, xarici məktəblərə göndərirdilər. Uzun illər işlədim orda, fəallığım sayəsində pillə-pillə qalxdım, rütbə də aldım. Ailə qurduqdan sonra çıxdım, bu dəfə bank sektorunda işlədim. İşləyərkən növbəti universitetə qəbul olundum, magistr pilləsi və sair. Beləcə, həyatım oxumaq-işləmək tempində hələ də davam edir. Oxumaq mənimçün çox önəmlidir. Ömrümün sonuna kimi oxuya bilərəm.

 

- Bəs peşəkar rəssamlığa necə yönəldiniz?

 

- Bu, çox maraqlı və qəribə proses idi. İllər öncə avtoqəzaya düşdüm, nəticədə sağ qolum bir neçə yerdən sındı. 2 ilə yaxın müalicəm davam elədi. Həmin arada hər şeydən uzaqlaşmışdım deyə, rəssamlığa getməməyimin peşmanlığını çəkirdim. Sağ qolumun işləməməsi də təsir edirdi və deyirdim ki, kaş əlim düzələydi, mən arzumun dalınca gedərdim. Məktəb dövründə də bu sahədə uğurlarım vardı. Həmin zamanlarda rəssam dostlarımın emalatxanalarına getdim, bu sənətlə daha yaxından maraqlanmağa başladım. Həm də psixologiya biliklərim də kömək elədi ki, öz həyatımı yenidən qurmağa, arzumun dalıyca getməyə özümdə güc tapım. Rəssamların mühitinə girdikcə, sərgilərə getdikcə arzum daha da böyüdü və qərar verdim ki, qolum düzələn kimi bu sənətə başlayacam. Sağalan kimi özümə emalatxana götürdüm və işə başladım. Sərgilərə qatılır, Rəssamlar İttifaqına gedib-gəlirdim. Hətta ölkədə nə sərgi keçirilirdisə, mütləq iştirak edirdim. Qısa zamanda xeyli sertifikatım vardı və 5 il sonra Rəssamlar İttifaqına üzv qəbul olundum.

 

- Bəs sonra necə oldu ki, ailəniz razılaşdı?

 

- Bəxtim onda gətirdi ki, ailəm, valideynlərim seçdiyim yolu dəstəklədilər. Ən böyük dəstəkçim anam oldu. O, mənə çox inanırdı. Ümumiyyətlə, ətrafımdakı insanların hamısı mənə inanır. İşləyərkən, adətən, heç kimə göstərmirəm işimi. Amma ailəmə mütləq göstərirəm. Bu sahədə professional bilikləri olmasa da, məni tanıdıqları, hisslərimə bələd olduqları üçün duya bilirlər və hansısa məsləhətləri də olur. Ailə çox böyük faktordur. İnsan öz işini o qədər sevməlidir ki, ətrafındakı da bunu görüb dəstəkləsin, o da inansın.

 

- Əsas mövzunuz nədir?

 

- Əsas mövzum vətəndir. Dəfələrlə xarici ölkədə yaşamaq, işləmək şansım olub, yaşamışam da, amma vətən sevgisi ayrı qalmağa imkan verməyib, geri dönmüşəm. Ölkəmi, onun insanlarını, mədəniyyətini çox sevirəm. Azərbaycan rəssamlarını hamıdan üstün bilirəm. Ona görə də fikirləşirəm ki, rəssamlarımızın vətənə aid əsərləri daha çox olmalıdır. Bu, həm də ən yaxşı təbliğat üsuludur. Məsələn, portretlərimin hamısını bizim dahi insanlarımıza həsr etmişəm, hələ də işləyirəm bu istiqamətdə. Azərbaycanın təbiəti, milli ornamentləri, müharibəyə aid də çox işlərim var.

 

 

 

- Tablolarınızı hansı vaxt aralığında işləyirsiniz və hissləriniz necə olur?

 

- Bu, həyatdan, yaşadıqlarımızdan asılıdır. Bir də görürsən, elə bir enerji gəlir ki, bir işi 2 günə bitirirsən. Olur ki də alınmır, 2-3 aya da bitirə bilmirsən. Ümumiyyətlə, rəsmin yaranma prosesi, həmin an keçirdiyimiz hisslər çox maraqlıdır. Tablo bitəndə onunla bağlı hisslərin də bitir. Adətən, bir rəsmə başladığım planla nəticə arasında ciddi fərqlər olur. Çünki proses zamanındakı hisslərim onu dəyişə bilir. Tablonu yaradarkən keçirdiyim hissləri sonra o tabloya baxan tamaşaçının da keçirdiyini görməkdən çox böyük zövq alıram. Demək ki, bacara bilmişəm. Məsələn, məcburi köçkünlük yaşayan şəhid anasının rəsmini çəkmişdim. Onun çox ağrılı həyatı olmuşdu. "Zamanın dəyəri" adlı həmin əsərim insanlara da çox təsir edirdi. Görürdüm ki, onun faciəsini, əzabını, içində ölməyən ümidi tamaşaçıya çatdıra bilmişəm. Bu, rəssam üçün çox mühüm şeydir. Hazırda yaradıcılığımda karantin, müharibə, müharibədən sonrakı dövrlə əlaqədar ekspressionizm var. Bütün bunların yaradıcı insana təsir etməməsi mümkün deyil.

 

- Həm də rəssamlığın pedaqogikası ilə məşğulsunuz?

 

- Bəli. Pedaqoji təhsilim də olduğundan bununla məşğul olmaq daha asandır. Tələbələrim arasında uşaqlar da var, böyüklər də. Böyüklər, adətən, həvəskar kimi məşğul olurlar. Vaxtımı elə bölürəm ki, yaradıcılığım və dərslərim bir-birinə mane olmasın. Hazırda xeyriyyə cəmiyyətləriylə birgə mütəmadi ustad dərslər keçiririk. Uşaq evlərinə gedir, həssas uşaqlarla, ya da şəhidlərimizin övladlarıyla görüşürük. Hər kəsə də demişəm, sosial şəbəkələrdə mütəmadi elan verirəm ki, şəhid ailələrin uşaqlarından bu sahəylə maraqlanan olsa, onlara təmənnasız dərs deməyə hazıram. Bir rəssam olaraq, əlimdən bu gəlir, bunu eləmək də borcumdur.

 

- Qarabağ mövzusu yaradıcılığınızda daha çox əksini tapıb. İşğaldan azad olunmuş bölgələrdə də artıq müəyyən sərgilərə qatılmısınız. Bir az da bundan danışaq.

 

- Qarabağ uzun illər ən ağrılı yerimiz olub. Həmin hadisələr gözümüzün qabağında olmuşdu, hər birimiz bu ağrını duyurduq, yaşayırdıq. "Zamanın dəyəri" adlı əsərimdəki həmin qadın uşaqlıqdan tanıdığım ailənin üzvü idi. Onlar Ağdamdan məcburi köçkün düşmüşdülər. Özü də çox böyük əzabla çıxmışdılar ordan, Bərdəyə, sonra Bakıya gəldilər. Burda da çox əzablar çəkdilər. Biz bunların şahidi idik. Müharibənin izləri hər birimizə təsir edib.

 

II Qarabağ müharibəsi dövründə Art Konsulun təşkilatçılığı ilə Qoşa Qalada rəssamlar yığışdıq və Qarabağa aid əsərlər işlədik. Bu işləri əvvəlcə onlayn, karantin qaydaları yumşalanda isə canlı şəkildə sərgilədik və satdıq. Satışdan gələn gəlir isə Yaşat Fonduna köçürüldü. Rəssamlar olaraq bizim də kiçik də olsa, bir köməyimiz, dəstəyimiz olduğu üçün çox sevindik.

 

Ən böyük arzum isə Qarabağda sərgi keçirmək idi. Şükür, buna da çatdım. Fəxrlə deyə bilərəm ki, Azərbaycan rəssamları içərisində 30 ildən sonra orda əsərlərini ilk təqdim edən rəssamlardan biri də mən oldum. Bu yaxınlarda Heydər Əliyev Fondunun Qarabağda təşkil etdiyi Art Simpoziuma məni də dəvət etdilər. 13 ölkədən 30 rəssam qatılmışdı. Demək olar ki, bütün bölgələri bir-bir gəzdik, ermənilərin törətdikləri vəhşilikləri gördük. Çox gözəl şərait yaradılmışdı ki, biz işləyə bilir, eskizlər edirdik. Sağ olsunlar, ən əsası təhlükəsizliyimizi çox yaxşı təmin etmişdilər. Təbii ki, xarici rəssamlar da burdan böyük təəssüratlarla getdilər. O xarabalıqlar necə incidirdisə, təbiətin gözəlliyi bir o qədər xoş təsir bağışlayırdı. Erməni nə etsə də, o gözəlliyə xələl gətirə bilməyib. Oranın mənzərəsi, havası çox gözəldir. Bir rəssam üçün əsl materialdır.

 

- Şuşada "Xarıbülbül" festivalında da işləriniz oldu, bildiyim qədəriylə...

 

- Bəli, orda Xarıbülbülün üzərində hər rəssam öz zövqünə uyğun işlər yaratdı. Leyla xanım Əliyevanın da çox gözəl işi var idi, o da sərgiləndi. "Xarıbülbül" Festivalındakı işlərimiz Cıdır düzündə sərgiləndi. Bu, əlbəttə, çox böyük qürur və xoşbəxtlik idi. Hər birimizin ən böyük həsrətiydi Qarabağ, Şuşa. Kövrəlmədən keçən bircə anımız da olmadı orda. Həm sevinir, həm də ordakı qəhrəman şəhidlərimizin ruhunu hiss edirdik. Mənə elə gəlirdi ki, bizim oraya dönüşümüzü şəhidlərimiz də izləyir və sevinirdilər. Orda onların ruhunu hiss edirdim. Allah şəhidlərimizə, Qarabağ həsrətiylə bu dünyadan köçən insanlarımıza, mədəniyyət xadimlərimizə rəhmət eləsin. Dövlətimizin başçısına, Heydər Əliyev Fonduna minnətdaram ki, belə bir şərait yaradıldı.

 

- Qarabağ səfərinizlə bağlı çəkdiyiniz əsərlərin sərgisini keçirməyi düşünürsünüzmü?

 

- Əlbəttə, belə bir fikrim var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də, qalereyada da sərgi keçirmək istəyirəm. Fikrim var ki, "Əvvəl və sonra" layihəsi edim və orda həm ermənilərin vəhşiliklərini göstərim, həm də gözəlliyi, yenidən quruculuq işlərini. Bu proses artıq başlayıb. 8 əsərim var, yay boyunca da işləyəcəm. Fərdi olmasa da, kollektiv sərgi də edə bilərik. Gələcəkdə isə mütləq xaricdə bu sərgini keçirmək istəyirəm, səfirlərlə də danışıqlarımız olub bu haqda. Bu da Azərbaycanın və burda baş verən hadisələrin doğru şəkildə təbliğatıdır. Düşmən öz yalanını təbliğ edir, bizsə doğruları, həqiqəti təbliğ etməliyik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.18.