"İnsanın Vətən
vaxtı"
Söz,
xüsusilə bədii söz hər bir fərdin, ələlxüsus
yaradıcı adamın daxili aləmini, iç
dünyasını açmaq vasitəsidir. Günümüzdə
əzəli və əbədi sözün müqəddəsliyini
uca tutan, o sözə özünün təzə, tər nəfəsini
qatan bir xanım şairə də yaşayıb-yaradır:
nüfuzlu dövri mətbuatda çap edilən şeirləri,
kitabları ilə imzası oxuculara yaxşı tanış olan AY Bəniz Əliyar!
Sözü sipər edənlər, sözə sipər
olanlar Ruh adamlarıdır. Onlardan kimi ruhunun əsiri,
kimi də ruhunu dustaq edənlərdir. Ruhun
səsini, ruhunun pıçıltısını haraya
çevirib hayqıranlar isə onu azadlıqda tutanlar -
sözdən qala quranlardır.
AY Bəniz Əliyar, bu mənada, ruhunun səsini
hayqıra bilən, cəsarətlə aydınladan, ondan qala
quran cəsarətli söz ağasıdır. Bəzən
həlim olub sözə sığal çəkə bilir, bəzən
həzin-həzin elə pıçıldayır ki, ruhu,
duyğusu olan oxucusunu mübhəm-mübhəm oxşayıb
kövrəldir, bəzən də daha çox elə Aybəniz
olur.
Bəs Aybəniz necə AY Bəniz oldu?
Qədim şəhərin mərkəzində
qurulduğu gündən yaxın zamanın vaxt
ölçüsündə bir saniyə belə
çaşmayan Saat Qülləsinin altında durmuşam. Aybəniz,
budu ey, baş küçə ilə üzü
Çıraqqalaya doğru, başı yuxarı ley kimi gəlir.
Yolun yoqquşu kimi elə bizim bu şairə
xanımın da başı dikdir. Həmişə
başı dik, addımları yeyin, beləcə yolu
qabağına qatıb yeriyir. Diqqətlə baxanda sanki
yerimir, uçur, - deyirsən. Əslində, bu,
ona yaraşır, çünki amalı dürüstlük, əl
qoyduğu işdə iradəsi qətilikdir. İkinci
ehtiyat variantı isə heç yoxdur... Görün bir nə
deyir: - "Mən yumruğumu sıxmışamsa, demək,
kimsə başına yiyə dura bilməyib".
Lakin doğrusunu mən bilirəm. Aybənizin
sıxdığı yumruğu gözlərində gilələnən
həyat çeşməsidir, başlara yox, ürəklərə
endirilən şəfqət, qəlbləri nurlandıran həyat
eşqidir.
Bənd
oldum bu yaşantıya,
Bənd deyilən bəxtə düşə.
Tanrı
görən, tanrı duyan,
Bir arzu taxmışam
döşə...
Ürəyə oxşayır.
Aybənizlə ilk tanışlığım qəribə
olub, deyərdim. Rayon məktəblərinin birindəydim.
Azərbaycan dili və ədəbiyyatı sinifinin yazı
taxtasının üstündəki "A4" vərəqdə
çap olunub asılmış dörd bəndlik şeir diqqətimi
çəkməyə bilməzdi:
Zamanın
qulu tarix,
İndi qul zaman oldu.
Qayıtdı
ulu tarix,
Dəvəçi Şabran oldu.
Və
sonuncu bənd də var:
Nə
xoş doğuldu bu yaz,
Günəş gözündə almaz.
Belə
möcüzə olmaz,
Dəvəçi Şabran oldu.
Dəvəçi adının Şabran adıyla əvəzlənməsi
üçün əməyi, zəhməti keçən bir
insan kimi bu Şeir gözümdən yayına bilməzdi. Bilərəkdən
və ya da bilməyərəkdən şeir yazı
taxtasının görünən yerindən
asılmışdı. Diqqətimin o şeirin üzərində
kəsildiyini görən müəllimdən şeirin müəllifini
soruşduqda öz bəlağətli səsi ilə Aybənizi
nişan verdi. Mən də,
qiyabi də olsa, Aybənizi bu şeiri ilə
tanımış oldum. Hətta gileylənərək: -
"Niyə bəs mən bunu indi bilirəm?",
- dedim. Artıq bir neçə gündən
sonra həmin Aybənizin iki şeir kitabı stolumun
üstündəydi. "İlk
görüş" və "Dənizin dostu". Məlum məsələ idi ki, ilk çap olunan
kitablarda şairin elə ilk qələm təcrübələri
yer alır. Kitabları vərəqlədikcə hiss
edirsən ki, şeirlərin içində bir neçə
Aybəniz var. Özünü hələ də şeirlərdə
və hisslərində axtaran Aybəniz. İçindəki
şıltaq və qayğısız hisslərdən doymayan
körpə, əzab çəkə-çəkə
eşqi cəhənnəm əzabı kimi yaşayan
qızcığaz, dünyadan baş açmağa macal
tapmayan üsyankar insan və buludların üstündən
yelləncək asıb yellənən şair Aybəniz... Hər
vərəqdə az qala bir Aybənizlə
tanış olursan. Amma əslində,
Şabranın bütün yollarından süzülən
şeir topalarını öz qələminin mürəkkəbinə
çevirən bir Ay Bəniz var. Sonradan onu belə
adlandıracaqdıq. AY Bəniz! O, AY Bəniz olmaq
üçün hələ üçüncü,
dördüncü, beşinci şeir kitablarını da
çapa hazırlayacaqdı. Üçüncü,
"İşığa can atan arzular" adlı şeir
kitabına dostumuz Aydın Tağıyev redaktorluq elədi.
Ön söz sahibi oldu. Dördüncü
- "İntizar" kitabının da xeyir-duasını
özüm verdim. Və artıq AY Bəniz sonrakı
"Qürubda Günəş", "Cənnətdən gələn
məktublar", "Darıxmaq" adlı növbəti
kitabları ilə bu ədəbi yolda atdığı müvəffəqiyyətli
addımlarla bizləri də sevindirməyə
başladı. Bəli,
AY Bəniz dənizlə Dost oldu, sevindik. Bitib tükənməyən
arzuları ilə İşığa can atdı, nə
gözəl, uğurlar tükənirmi? Əsla, intizar çəkməyin dadını,
tamını dadızdırdı sevənlərinin ruhuna,
canına. Günəşə üz tutub
cənnətdən gələn Məktublarla müjdələdi
pərəstişkarlarını. Sonra da
"Darıxmaq"la qəlbin durulmasının
paklığa gedən yolda ümidə ünvan olduğu inamını
möhkəmləndirdi ruhumuzda. İndi də
nə sözünü, nə də ədəbi
düşüncələrini dərgilər qoyur "yerə
düşməyə". AY Bəniz
gözümüzün qabağında kitabdan-kitaba
böyüdü, duruldu, bizi təəccübləndirməyi
bacardı... Taleyi onu Xaqani Poeziya Evi kimi bir məbədgahla
mükafatlandırdı.
İndi salam versəm, bəlkə də eşitməz,
ya da o qədər fikir dünyasına dalıb ki, heç
duymaz. Çünki bitib-tükənməyən təbi bir an da olsun onu özündən kənara qoymur,
duyğuları onunla ən etibarlı yol yoldaşıdır.
Bu gedişlə indi şeir dolu heybəsini yəqin
tezcənə kağızın üstünə tökməyə
tələsir. Özü deyir axı, guya
şeirlərini əzbər bilmir. Bəlkə də belədir,
şeir bir olar, beş olar! Dəvəçikənddən,
stansiya deyilən dəmir yolu vağzalından ta ki şəhərin
yuxarı başındakı dağın dibinə, Xaqani
Poeziya Evinəcən bu üç-dörd verslik yolu yalın
ayaq gəlib-gedənədək neçə şeir qoşur,
neçəsinin də süjetini qurur. Hər səhər
tez-tələsik Xaqani Poeziya Evinə yetişib içinin
yanğısını tökəcək kağızın
üstünə, ya da elə indi, yol gedə-gedə beynində
düzüb sıralayır:
"Dünyanın
hər rəngində insan
yaradıldı bu yer üzündə..."
"Çoxdandır
içimi gəmirən
bir
şey var ruhumda..."
"Yazsam
bitməz, bitməz ki,
canım
qurtula bəlkə!.."
Belə!
İstedadı ilə üsyankarlığını tərəziyə
qoysan, nə biri az, nə də o biri
çox, elə tən gələr. Allahın verdiyini halal zəhməti
ilə yoğurub cilaladığı adını
daşıyan, adına layiq ocağa
çevirən, rəhbərlik etdiyi Poeziya Evindəki Xaqani
ruhunun əzəməti və üsyankarlığı ilə
cilalanıb. Ola bilməz ki, Dahi söz
ustadının ruhu adının qoyulduğu, ona yeni ünvan
olan bu ocağa ziyarətə gəlməsin. Və gəlibsə, deməli, bizim AY Bənizin
ruhuna da sirayət edib.
AY Bəniz
Əliyarın şeirlərini oxuduqca, o şeirlərdən
oxucu kimi nə qədər bədii zövq alıb təsirlənirsənsə,
həm də onu yaxından tanıyan biri kimi heyrətlənirsən;
bu bəstəboy, zərif xanım daxilən, mənən
"nə miqdar imiş..." (M.Füzuli )
"Ulduz"
ədəbiyyat dərgisində (may, 2021) Vətən
müharibəsinə həsr etdiyi
"Xarıbülbül" adlı üç pərdəli
pyesini oxuyuram. Yazır: "Qalib bir ölkənin qalib əsgəri
qürurla, əlində üçrəngli bayraq, marş sədaları
altında fəxrlə addımlayır".
Aşağıdakı
misralar da 44 günlük Vətən müharibəmizin qalib əsgərinə
ünvanlanan qayğı dolu şair misralarıdır:
Qələbə
müjdəli dilək
daşıyar əsgərim mənim,
Yağma
yağış, əsmə külək,
üşüyər əsgərim mənim.
Qaçmaz
savaş meydanından,
Ümman olsa da, qanından.
Qəhrəmanlıq
dastanında
Yaşayar əsgərim mənim.
Şair ürəyi
hamının inancının üstündədir. Qələbəmizə inam da buna daxildir.
AY Bənizin
bu şeiri isə mənə bir panoramanı xatırlatdı.
Sözün gücüylə şairənin yaratdığı
təfsirə ehtiyacı olmayan poetik bir panorama...
Məndə
yenə heç-heçədi,
Bilmirəm, sizdə necədi?
Qara,
qapqara gecədi,
Əlimi açıb durmuşam.
Ürəyim
var özüm boyda,
Sükutum var sözüm boyda.
Oğlum
boyda, qızım boyda
Dünyanı qucub durmuşam.
Eşq ilahi qüdrətdir, bunu Ay Bəniz
qarışıq bütün söz ustadları belə deyib,
etiraf ediblər, əslində. Ay Bənizin şeirlərində
eşq yaşantı yox, həyatın içidir.
Ağrıma,
ömür, ağrıma,
Şuma tum səpilən vaxtdı.
Heç
nə gəlməyir ağlıma,
Olanlar-olmazlar haqqdı.
Ay Bənizin
hər şeiri söyləntidi, hər şeiri aydın və
düşündürücü məntiqlə
cilalanmış hekayədi, mərhələ-mərhələ
kuliminasiyaya gedən yolu olan daha çox şirin, bəzən
ya acı, ya da gərgin, bənzərsiz
hıçqırıq-harayla səsləşən
çağırışdı. Bir şeirinin son bəndləri,
qafiyələridir bu aşağıdakılar:
-
"Ömrün göyərçin dövrüdü",
"İllər yol açır qırışa",
"Sirr var sahibi fələkdi", "Ağla ha, göz
yaşı bitməz", "Yurd yeri cənnətdi bu
yaz!", "... İnsanın Vətən
vaxtıdı"...
Altı bəndlik bir şerdə bir kitab hekayət var,
söylənti var.
Hörmətli akademik İsa Həbibbəylinin təbirincə,
"Ay Bəniz Əliyarın harada
yaşadığını bilməsək, şeirlərindəki
zəngin obrazlar aləminə, düşüncəsində
müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi
mühitini təmsil edən şairlərdən biri hesab edə
bilərik".
Yeri gəlmişkən,
Xalq yazıçısı Elçindən tutmuş Vaqif
Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları
da Ay Bəniz Əliyarın yaradıcılığı
haqqında ürək dolusu xoş sözlərini deyiblər.
İndi mən nə deyim? Poetik sözün, o sözün
arxasındakı mənanın hüdudları çox
genişdir, necə ki:
Bu ömür nə ömürdü?
Xərci bitmir ki, bitmir.
Verilən
cəzaların
Borcu bitmir ki, bitmir.
Və ya:
Doymayanda
muradından,
Qırılarsan
qanadından...
Başqasının
həyatından
Çaldığın ömrü neylərsən?
Səslər
oxşar ola bilər. Lakin hər
bir qələm sahibinin, şairin öz poetik səsi
olmalıdır ki, oxucusu onu tanısın. Bu misralar AY Bəniz
Əliyarın poetik səsidir:
Sabahlar
sükutu dələ,
Sevdalar sehrlə gələ.
Səmalar
səssizcə gülə,
Göy
üzü bələyin ola.
Zamandan,
xüsusən ötən zamandan az adam
tapılar ki, gileylənməsin. Ən çox
da söz, sənət adamları. Zaman və
söz anlayışına Ay Bənizin yanaşması, zənnimcə,
bir qədər fərqli və
düşündürücüdür. Ay Bəniz də
zamanı geri qaytarmağın mümkün
olmadığını etiraf edir. Vaxtın,
ötən günün arzulara, arzuların çin
olmasına apardığını da yaddan
çıxarmır. Yaş üstünə
gələn yaş arzulara çatmağın yolu hesab edir.
İnsanın, "adamın" itirmək
qorxusu, unudulmaq əzabı ilə barışması AY Bənizə
görə hissiz, həyəcansız bir ömür
yaşamaqdan başqa bir şey deyil.
Tanrım, ömür bitirən
vaxtıma bax, vaxtıma...
Padşahını itirən
taxtıma bax, taxtıma...
AY Bəniz Əliyarın yaradıcılığı haqqında qısa ürək sözlərimi onun öz misraları ilə tamamlamaq istəyirəm:
Şeir
bir az tapıntı,
bir az
Tanrı işidir.
Onu korlar
da oxur,
karlar
belə eşidir.
Qədim Şabran torpağına qədəm, ayaq
basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən
boylanan əsrlərin daş yaddaşı əzəmətli
Çıraqqala salamlayır.
İllər keçəcək, Şabranı
bu yerlərin daş yaddaşı ilə yanaşı, həm
də bir söz yaddaşı da yaşadacaq. Təkcə bu
günün yox, sabahın o söz yaddaşını
yaradanlar arasında qələm dostumuz AY Bəniz Əliyara yeni
yaradıcılıq uğurları, poetik kəşflər,
tapıntılar arzusu ilə...
Novruz
NƏCƏFOĞLU
525-ci qəzet.- 2021.- 12 iyun.- S.17.