Tatar xalqının böyük
oğlu Qabdulla Tukay haqqında ilk kitab
Sevindirici
haldır ki, yeni dövrdə haqqında
danışdığımız mövzuda yazılan bir
sıra tədqiqat əsərlərini oxuduqda müstəqillik
dövrünün nəfəsi açıq-aydın
duyulmaqdadır. AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda aparılan
işlər böyük
maraq doğurur.
Xüsusilə akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının
2019-cu ildə nəşr
etdirdikləri "Məhtimqulu
Fəraqi və Azərbaycan" monoqrafiyası
diqqətəlayiqdir. Həmin
müəlliflərin bu
yaxınlarda "Elm və
təhsil" nəşriyyatında
çapdan çıxan
"Qabdulla Tukay
və Azərbaycan"
monoqrafiyası bir neçə baxımdan böyük maraq kəsb edir. Azərbaycan və rus dillərində
nəşr edilən bu kitab (elmi
redaktoru Tatarıstan
EA-nın akademiki Daniya Zahidullinadır) ölkəmizdə bu mövzuda yazılmış
ilk monoqrafiyadır. Kitabdan göründüyü
kimi, Qabdulla Tukay Azərbaycanda tanınmasına, sonralar onun əsərlərinin vətənimizdə çap
edilməsinə, haqqında
məqalələr yazılmasına
baxmayaraq, bu barədə indiyədək
ayrıca monoqrafiya yazılmamışdı.
Cəmi
27 il ömür sürmüş tatar xalqının böyük
oğlu, görkəmli
yazıçı, publisist,
şair, ictimai xadim, mütəfəkkir Qabdulla Tukay (1886-1913) monoqrafiya müəlliflərinin
haqlı olaraq bildirdikləri kimi, doğma xalqının qürur mənbəyi, azadlıq və müstəqillik arzularının
simvolu, zəngin ədəbi-bədii irsi ilə tatar ədəbiyyatı tarixində
ən dərin iz qoymuş şəxsiyyətdir. Həyatı
çox gənc yaşlarında tərk etmiş Tukayın ədəbi-ictimai fəaliyyətinin
ümumtürk, ümumşərq,
dünya miqyası barədə kitabda deyilir: "Qabdulla Tukay, eyni zamanda,
türk dünyasının
məşhur ədəbi
simalarından biridir.
O, adları qızıl
hərflərlə türk
dünyası ədəbiyyatı
səhifələrinə əbədi
həkk edilmiş məşhur şairlər
arasında öz layiqli yerini tutur. Bununla belə, onun
yaradıcılığı yalnız türk-tatar ədəbiyyatının hüdudları
ilə məhdudlaşmamış,
Şərq və dünya poeziyasının
inkişafında mühüm
rol oynamış, bütün bəşəriyyətin
zəngin ədəbi
xəzinəsinə və
əvəzsiz mənəvi
sərvətinə çevrilmişdir.
Bu səbəbdən birmənalı olaraq demək olar ki, tatar ədəbiyyatının
XX əsrin əvvəllərindəki
intibahı, onun dünya miqyasında tanıdılması da bu böyük ədəbi dühanın
adı ilə bağlıdır".
Kitabın "Böyük tatar
şairi Qabdulla Tukay haqqında söz" adlı birinci fəslində körpəlikdən yetimlik
həyatı yaşayan,
müxtəlif ailələrdə
ömür sürməyə
məcbur olan, heç bir zaman evi, normal həyat şəraiti olmayan, vərəm xəstəliyinə
tutulub 27 yaşında
dünya ilə vidalaşan Qabdulla Tukayın kədərli tərcüməyi-halı ilə
tanış oluruq. Lakin tale Tukayın boynuna doğma xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparmaq, ana dilini,
milli mədəniyyəti,
türklüyü qoruyub
sonrakı nəsillərə
ötürmək missiyasını
qoymuşdu. Tatar xalqı
da,
bütün türk
dünyası da Tukaya minnətdardılar ki, o, qısa ömründə bu missiyasının öhdəsində
şərəflə gəldi.
Qabdulla Tukayın şair, yazıçı, publisist,
ictimai xadim kimi yetişməsində türk dünyasının
böyük şəxsiyyətlərinin,
xüsusilə də Azərbaycan ədiblərinin
xüsusi rolu olmuşdur ki, haqqında danışdığımız
monoqrafiyanın müəllifləri
akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı müxtəlif sənədlərdən,
əski mətbuatdan istifadə etməklə bu məsələnin işıqlandırılmasına mühüm yer ayırmışlar. Göstərilir
ki, görkəmli tatar ədibi yaradıcılığa qədəm
qoyarkən türk dünyasının Nizami Gəncəvi, Əlişir
Nəvai, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Namiq Kamal, Mirzə
Ələkbər Sabir,
Cəlil Məmmədquluzadə
kimi nümayəndələrinin
ədəbi irsindən
bəhrələnmişdir. Qabdulla Tukayın publisist, mətbuat xadimi kimi, yetişməsində,
dünyagörüşünün formalaşmasında dövrünün
Azərbaycan mətbuatı
mühüm rol oynamışdır. Onun
"Şərqi-rus", "Həyat", "Tərəqqi"
kimi qəzetlərdə,
"Molla Nəsrəddin"
kimi məşhur satirik jurnalla tanışlığı, sonradan
onlarla əməkdaşlığı
və hətta onlardan bəzilərinin müxbiri kimi fəaliyyət göstərməsi
onun bu sahədə
təcrübə qazanmasına
imkan yaratmışdır.
Tukayın əlində "Molla Nəsrəddin" jurnalını tutarkən
çəkdirdiyi fotoşəkli
onun bu dərgiyə
xüsusi münasibətinin
olduğunu göstərməkdədir.
"Molla Nəsrəddin"
jurnalı görkəmli
tatar yazıçısının
ədəbi taleyində
əvəzsiz rol oynamışdır. Bu dərginin, Mirzə Ələkbər Sabirin şeirlərinin təsiri
ilə o, satirik jurnal naşiri, satirik şair kimi məşhurlaşmışdır.
"Molla Nəsrəddin"in
təsiri ilə Qabdulla Tukay vətənində "Yalt-yolt",
"Yaşen" kimi
məşhur tatar satirik jurnallarının məsul katibi, əslində isə hər iki jurnalın
naşiri kimi şöhrət qazanmışdır.
Qabdulla Tukay və Azərbaycan”
kitabı çap olunub
Monoqrafiyada Tukayın bilavasitə ünsiyyətdə olduğu
Azərbaycanın ədəbi-ictimai
xadimlərinə onlarla
münasibətlərinə xüsusi Yer ayrılmışdır. Kitabın ən
böyük fəsli Tukayın Nəriman Nərimanovla tanışlığına,
ideya dostluğuna həsr edilib. Hələ XX əsrin əvvəllərində Tukay
N.Nərimanovun "Həyat"
və "İrşad"
qəzetlərində çap
etdirdiyi milli məsələlərdən, milli
azadlıq hərəkatından,
ana dilinin saflığının qorunmasından
bəhs etdiyi yazılarını oxumuşdu.
Tukay da millətin tərəqqisi, ana dilinin saflığı, qorunub inkişaf etdirilməsi, gənc nəsillərə dərindən
öyrədilməsi uğrunda
mübarizə aparırdı.
İş elə gətirir
ki, Tukayın N.Nərimanovla bilavasitə
görüşü və
tanışlığı 1911-ci ilin aprelində, Nərimanovun 1909-cu ildən
siyasi sürgündə
olduğu Həştərxanda
baş vermişdi.
Həştərxanda nəşr
edilən "İdil"
qəzetinin 29 aprel
19110-ci il sayında Q.Tukayın buraya Kazandan paroxodla gəlişi barədə məlumat vardır. Tukay vərəm xəstəliyinə
tutulmuşdu. Müalicəyə başlamaqda gecikmişdi.
Təhsilcə həkim olan
və Həştərxanda
xəstələri pulsuz
müalicə edən
doktor Nəriman Nərimanov tatar şairini müalicə edir və ona
Qazaxıstan çöllərinə
gedib müəyyən
müddət qımız
içməyi məsləhət
görür. Şahidlərin xatirələrinə görə,
qımız içmək
onun üçün xeyirli olmuş, üzündəki sarılar
getmiş, təravətli
görünməyə başlamışdı.
Monoqrafiyada göstərilir ki,
Q.Tukay Kazanda yaşadığı müddətdə
buradakı Universitetdə
təhsil alan
azərbaycanlı tələbələr
- Mir Hidayət Seyidov,
Rəhim bəy Məlikov (Həsən bəy Zərdabinin qardaşı oğlu), Əliabbas Qədimov və başqaları ilə ideya dostu olmuşdur. Bu dostlar onun
Azərbaycan ədəbi
ictimaiyyəti ilə əlaqə saxlamasında
mühüm rol oynamışlar. Monoqrafiya
müəllifləri belə
bir faktı təsdiq edirlər: Qabdulla Tukay sağlığında Azərbaycan
mətbuatında əsəri
çap olunmuş ilk
tatar şairidir. Onlar haqlı olaraq bildirirlər ki, Azərbaycan-tatar ədəbi əlaqələrinin
əsasının qoyulması
və bu gün daha da inkişaf etdirilməsi Tukayın ədəbi irsi ilə bağlıdır.
Böyük Azərbaycan şairi
Mirzə Ələkbər
Sabirin Qabdulla Tukayın satirik yaradıcılığına təsiri
məsələsi vaxtı
ilə tanınmış
alimlərimizdən Əziz,
Şərif, Əziz Mirəhmədov və Əmin Əfəndiyevin, tatar alimlərindən Rafiq Nafiqov, Muxammed Qeymullin, Rezeda Qənizadə və başqaları tərəfindən müəyyən
qədər təhlil
edilmişdir. İ.Həbibbəyli və İ.Osmanlı haqqında danışdığımız
monoqrafiyada bu məsələnin araşdırılmamış
tərəflərini qeyd
etmiş, yeni faktların və yeni dövrün tələbi ilə yeni baxış bucağından baxmaqla Sabirin Tukaya təsirini tədqiq etmişlər.
Kitabın "Azərbaycanda Qabdulla Tukayın ədəbi irsinin tədqiqi və nəşri tarixindən" adlı fəslində görkəmli tatar ədibinin yaradıcılığının tədqiqi sahəsində ölkəmizdə görülən işlər ətraflı nəzərdən keçirilmişdir.
Qabdulla Tukayın vaxtsız vəfatı xəbərinin Azərbaycanda doğurduğu əks-səda, onun haqqında mətbuatda yazılanlar Azərbaycan-tatar ədəbi əlaqələrinin maraqlı səhifəsidir və kitab müəllifləri sənədlərin, əski mətbuat nümunələrinin, tədqiqat əsərlərinin köməyi ilə bu səhifəni ətraflı nəzərdən keçirmişlər. Monoqrafiyanın ən dəyərli cəhətlərindən biri odur ki, müəlliflər burada mövzunun daha ətraflı işıqlandırılması sahəsində görüləcək işlərdən də danışmışlar. Kitabın sonunda oxuyuruq: "Bu gün Azərbaycanla Tatarıstan arasında bütün sahələrdə olduğu kimi, ədəbi əlaqələr də sürətlə inkişaf gedir. Bu sahədə Qabdulla Tuakayın ədəbi yaradıclığının nəşri və tədqiqi Azərbaycan ədəbiyyatşünaslığında əsas mövzulardan biri olaraq diqqət mərkəzindədir. Gələcəkdə bu istiqamətdə yeni mükəmməl elmi araşdırmaların şahidi olacağımıza ümid edirik".
Azərbaycanın digər xalqlarla, eləcə də türk
xalqları ilə ədəbi əlaqələrinin
araşdırılması yeni bir mərhələyə qədəm qoymuşdur. Əsas səbəb tarixi, ədəbi əlaqələrimiz barədə
əsl həqiqəti söyləməyə, elmi
cəhətdən obyektiv, daha
hərtərəfli araşdırmalar aparmağa
imkan verən müstəqilliyimizdir. Bu sahədə çalışan bütün tədqiqatçılarımıza
uğurlar diləyirik.
Paşa
ƏLİOĞLU
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2021.- 12 iyun.- S.16.