Kiçik qardaş - Mirzə Əbdülsəttar Kazımbəy

 

 

"Rusiya şərqşünaslığının patriarxı" Məhəmməd Əli (Aleksandr) Mirzə Kazımbəyin (1802-1870) azərbaycanlı tələbə və ardıcıllarından danışarkən kiçik qardaşı, 15 ildən çox Birinci Kazan gimnaziyasının baş müəllimi və universitetin Şərq dilləri mühazirəçisi kimi çalışan türkoloq, iranşünas Mirzə Əbdülsəttar Kazımbəyin (1816-1888) də adını çəkmək lazımdır.

 

Onun barəsində ilk dəfə professor Ağababa Rzayevin "Azərbaycanın alim və mütəfəkkirləri haqqında oçerklər" (Bakı, 1969) kitabında söz açılmışdı. Son illərdə tatar ölkəşünaslarının, ilk növbədə isə Kazandakı Y.Boratınski  ev-muzeyi əməkdaşlarının səyi nəticəsində şəhərin Arsk qəbiristanlığında həmvətənimizin məzarını aşkara çıxarmaq mümkün olub. Bu tapıntı bəzi qaranlıq məqamlara da aydınlıq gətirib. Məsələn, A.Rzayevin müxtəsər oçerkində Mirzə Əbdülsəttarın doğum tarixi kimi 1818-ci il göstərilmişdi. Məzar daşı üzərindəki yazıda isə burada uyuyan "Mirzə Qasımoviç Kazımbəyin 1888-ci il iyunun 5-də 72 yaşında vəfat etdiyi" qeyd edilib. Deməli, tərəddüdsüz Mirzə Əbdülsəttarın 1816-cı ildə doğulduğunu söyləmək mümkündür.

 

Xristianlığı qəbul edən və Aleksandr adı alan Məhəmməd Əli Mirzə Kazımbəy 1825-ci ildə Həştərxanda atasından ayrılandan sonra aralarındakı əlaqə birdəfəlik kəsilməmişdi. Dərbənd şeyxülislamı Hacı Qasım bəy nə qədər sarsılsa da, sonda oğlunun hərəkətini Allahın iradəsi, tale və alın yazısı kimi qəbul etmiş, vəziyyətlə qismən də olsa, barışmışdı. Tədricən məktublaşma başlamışdı. 1837-ci ildə artıq ordinar professor vəzifəsinə yüksələn oğlunun təklifi və rektor N.İ. Lobaçevskinin razılığı ilə Hacı Qasım bəy Kazan universitetinin Dərbənd üzrə müxbiri təyin olunmuşdu. Onun vəzifələri sırasına bu ali tədris və elm mərkəzi üçün qədim Şərq kitabları, əlyazmaları, sikkələr, tarixi dəyərə malik etnoqrafik əşyalar və s. almaq daxil idi.

 

Növbəti 1838-ci ildə Hacı Qasım bəy vəfat edəndə ikinci arvadından doğulmuş oğlu Mirzə Əbdülsəttar Dərbənddə tək qalmışdı. Doğrudur, həmin vaxta qədər mədrəsə təhsilini başa vurmuş, üç klassik Şərq dilinə yiyələnmişdi. Lakin böyük qardaş ailələrinin çoxlu düşməninin olduğu Dərbənddə onun tək qalmasının yaxşı heç bir şey vəd etmədiyini başa düşürdü. Odur ki, vaxt itirmədən Mirzə Əbdülsəttarı Kazana, öz yanına gətirmişdi. Təvəllüd ili və yeri baxımından qeyri-rus təbəəsi sayılan və yalnız 1840-cı ildə Rusiya təbəəliyini qəbul edən Mirzə Məhəmməd Əli - Aleksandrdan fərqli olaraq kiçik qardaşı artıq Dərbənd rus istilasına uğrayandan sonra doğulduğu üçün imperiyanın vətəndaşı hesab edilirdi. Bu amil işləri müəyyən qədər asanlaşdırmışdı.

 

Professor Mirzə Kazımbəy 1839-cu ilin oktyabrında həmkarı, akademik X.D.Frenə  məktubunda yazırdı: "Atam keçən il Dərbənddə vəfat edib. Məndən başqa onun bir oğlu da var. Ana tərəfdən ögeyik. Qardaşım ayrı qadındandır. Tək qalmasın deyə yanıma gətirmişəm. O, cavandır, 22 yaşı var. Türk (Azərbaycan - V.Q.) və fars dillərini mükəmməl bilir. İndi rus dilini öyrənir. Ümid edirəm ki, bir müddət sonra  ən yaxın köməkçilərimdən olacaq. Ancaq hələ bu barədə fikir söyləmək çox tezdir. Çünki  uzun müddət öz üzərində çalışmalıdır".

 

Kazanda ilk vaxtlar birlikdə yaşadıqları kiçik qardaşının təhsili ilə Məhəmməd Əli özü məşğul olurdu. Bilik və bacarığının tezliklə onun qarşısında elmə, pedaqoji işə yol açacağına inanırdı. Birlikdə planlar qururdular. Artıq Kazan şərqşünaslıq məktəbinin əsas siması kimi şöhrət qazanmış Mirzə Kazımbəyin nüfuz və əlaqələri gələcəyə ümidlə baxmağa əsas verirdi.

 

Mirzə Əbdülsəttar bu ümidləri doğrultdu, tezliklə türk-tatar dillərinin tədrisi sahəsində qardaşının yaxın köməkçilərindən birinə çevrildi. Söhbət dillər üzrə praktiki məşğələlərdən gedirdi. Mirzə Kazımbəy universitet şurasına 3 oktyabr 1839-cu il tarixli məlumatında belə məşğələlərin həmin vaxta qədər universitetin Şərq şöbəsinin yuxarı kurs tələbələri Valerian Yeremeyev və İvan Afanasyev tərəfindən aparıldığını, lakin onların təcrübəsizlik,  vaxt çatışmazlığı ucbatından tapşırılan işin öhdəsindən layiqincə gələ bilmədiklərini göstərir və xahiş edirdi ki, bu vəzifə onun "doğma qardaşı" (mətndə belədir - V.Q.), daimi yaşamaq üçün Kazana köçüb gəlmiş Mirzə Əbdülsəttar Kazımbəyə həvalə edilsin.

 

Məlumatda daha sonra deyilirdi: "Onun (Mirzə Əbdülsəttarın - V.Q.) savadına gəldikdə isə fars və türk-Azərbaycan dillərinə (ikinci  doğma ana dilidir - qeyd Mirzə Kazımbəyindir)  dərindən bələdliyi universitetin türk-tatar bölməsində müəllim yerini tutmaq və üzərinə qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün kifayətdir". Müraciət təsirsiz qalmamışdı. Kazan təhsil dairəsinin popeçiteli N.M.Musin-Puşkin həmin il oktyabrın 18-də Mirzə Əbdülsəttarı "xüsusi tapşırıq olana qədər maaşsız və xidmət hüquqları verilmədən birinci kursda türk-tatar dili qrammatikasından ilk dərsləri tədris etmək üçün məşğələlərə buraxmağa" razılaşdı. 1840-cı ilin noyabrından isə universitetlə yanaşı, Birinci Kazan gimnaziyasında da türk-tatar dili dərslərini aparırdı.

 

Mirzə Əbdülsəttarın universitetdə və gimnaziyada səylə çalışması, əsas Şərq dillərinə və ədəbiyyatına hərtərəfli bələdliyi təhsil dairəsi rəhbərliyinin diqqətindən yayınmamışdı. 1841-ci il sentyabrın 5-də o, tədrisdə qazandığı uğurlara görə bir illik mühazirəçi maaşı (1000 manat) ilə mükafatlandırılmışdı. Başqa sözlə desək, maaşsız işlədiyi dövrün əmək haqqını mükafat şəklində almışdı. Tezliklə universitet şərqşünasları təhsil dairəsi qarşısında azərbaycanlı gənci daimi işə götürmək və ştata qəbul etmək  haqqında məsələ qaldırmışdılar.

 

Bu məqsədlə iddiaçının Şərq dillərinə bələdlik səviyyəsini müəyyən etmək üçün xüsusi sınaq komissiyası yaradıldı. Komissiyanın tərkibinə professorlardan O.Kovalevski, F.Erdman, K.Foyqt, P.Kotelnikov, Mirzə Kazımbəy daxil idi 1842-ci il aprelin 3-dən 8-nə kimi komissiya Mirzə Əbdülsəttarı Osmanlı və Azərbaycan türkcəsi, habelə fars dilindən şifahi və yazılı imtahan etdi. İmtahan prosesində o, türk-tatar dili qrammatikasından suallara "çox yaxşı" cavab vermiş, qrammatika ilə bağlı yazılı tapşırıqları "yaxşı" icra etmiş, komissiya üzvlərinin tam tərkibdə iştirak etdikləri sınaq mühazirəsini "yaxşı" qiymətlə başa vurmuş, "Hacı Xəlifə və əsərləri haqqında" mövzulu  elmi işi "çox yaxşı" yazmışdı. Bütünlükdə isə imtahan heyətində "çox yaxşı" təəssürat doğurmuşdu.

 

Komissiya sınaq yoxlamalarının nəticələrini  nəzərə alıb onu Birinci Kazan gimnaziyasında türk-tatar dilləri üzrə baş müəllim vəzifəsinə tam layiqli saymışdı. 1842-ci il avqustun 20-də xalq maarif nazirliyinin vəkaləti ilə iqtidarda olan Senat da staj həmin ilin noyabrından hesablanmaq şərti ilə komissiyanın qərarını təsdiq etmişdi. Üç illik əziyyətlərdən sonra, nəhayət, kiçik qardaşın Kazanda daimi işi və ürəyinə yatan məşğuliyyəti var idi. Gimnaziyanın ştatda olan baş müəllimi vəzifəsini tutmaqla yanaşı, universitetdəki məşğələlərini də davam etdirirdi. Bu işlərin öhdəsindən uğurla gəldiyinə görə universitet rəhbərliyinin təqdimatı ilə 1843-cü ildə Çar I Nikolay tərəfindən 300 manatla mükafatlandırılmışdı.

 

 

 

1844-cü ilin oktyabrında həmin dövrdə fəlsəfə fakültəsinin birinci bölməsinin dekanı  Mirzə Kazımbəy universitet şurasından qardaşının beş illik təmənnasız xidməti müqabilində (universitetdəki məşğələləri  pulsuz aparırdı)  türk-tatar dilləri üzrə mühazirəçi vəzifəsinə keçirilməsini xahiş etmişdi. Lazımi  sənədlər toplandıqdandan sonra 1845-ci il noyabrın 15-də rektor N.İ.Lobaçevski kiçik Mirzə Kazımbəyin təyinatı haqda sərəncam imzalamışdı.

 

 Fəlsəfə fakültəsinin hesabatlarından göründüyü kimi, Mirzə Əbdülsəttar türk dillərinin, ilk növbədə "Azərbaycan ləhcəsinin" (orijinalda "aderbidjanskoe nareçie") tədrisində böyük qardaşının tərtib etdiyi "Türk-tatar dilinin qrammatikası" (ilk nəşri - Kazan, 1839) kitabına  əsaslansa da, digər qaynaqlara, eləcə də şəxsi biliklərinə istinadən həmin dillərin oxşar və fərqli xüsusiyyətlərinin müvafiq misallar əsasında aşkara çıxarılmasına mühüm diqqət yetirirdi. Tələbələrinə şifahi nitq və canlı danışıq dili ünsürlərini aşılamağa çalışırdı. Mətnlərin təhlili və tərcüməsi zamanı müqayisəli filologiya prinsiplərinə böyük üstünlük verirdi.

 

Daha irəli gedərək klassik Şərq ədəbiyyatından professional tərcümə sahəsində də qələmini sınaqdan keçirmişdi. Orta əsrlər fars didaktik ədəbiyyatının diqqətəlayiq nümunəsi "Qabusnamə"ni tələbələr üçün oxu materialı kimi Azərbaycan türkcəsinə, Füzulinin bəzi qəzəllərini isə tatarcaya çevirmişdi. 1848-ci ildə Kazanda səfərdə olan tanınmış fin alimi Matias Kastren yerli universitetdə Şərq dillərini  təbii  daşıyıcıların tədris və tədqiq etdiyini yazmış, uğurlu nümunə kimi Aleksandr və Əbdülsəttar Kazımbəy qardaşlarının adını çəkmişdi.

 

Mirzə Məhəmməd Əli  kiçik qardaşını çox sevirdi, hər vasitə ilə  qayğılarını azaltmağa, həyatını asanlaşdırmağa çalışırdı. Təsadüfi deyil ki, 1849-cu ildə paytaxtda elmi şərqşünaslıq mərkəzi yaratmaq məqsədi ilə Kazandan Peterburqa dəyişiləndə fakültə dekanı kimi  imzaladığı son sənəd mühazirəçi Mirzə Əbdülsəttar Kazımbəyin Şərq dilləri adyunktu vəzifəsinə irəli çəkilməsi ilə bağlı təklif olmuşdu. Universitet şurasına müraciətdə professor Mirzə Kazımbəy türk-tatar dilləri kafedrasında indiyə qədər mütəxəssis çatışmazlığı ucbatından bir sıra mühüm "türk ləhcələrinin diqqətdən kənarda qaldığını, qüvvə və səylərin  sadəcə osmanlı türkcəsinin tədrisinə yönəldiyini" göstərir və bunu həm praktiki, həm elmi-tədqiqat baxımından  qeyri-qənaətbəxş hal sayırdı.

 

Alim yazırdı ki, müasir türk dilləri içərisində qrammatik mükəmməlliyinə, yayılma arealı  ifadə zənginliyinə görə Azərbaycan, tatar, cığatay "ləhcələri" mühüm yer tutur.  Onları hərtərəfli araşdırıb öyrənmədən türkologiya sahəsində diqqətəlayiq uğur qazanmaq  mümkün deyil. Qeyd olunan vəzifələrin öhdəsindən gəlmək üçün ilk növbədə türk-tatar dilləri kafedrasına  bu sahələr üzrə savadlı və bacarıqlı mütəxəssislər cəlb etmək lazımdır.

 

Mirzə Kazımbəyin fikrincə, kafedrada adyunkt (XIX əsr Rusiya universitetlərində baş müəllim vəzifəsinə uyğun gələn ştat vahidi - V.Q.) ştatının yaradılması zəruri idi. Adyunkt osmanlı türkcəsini öyrədən professordan fərqli olaraq digər "türk ləhcələrinin" - Azərbaycan, tatar və çığatay dillərinin tədrisinə diqqət yetirməli idi. Mirzə Kazımbəy adını çəkdiyi dillər - "ləhcələr arasında" Azərbaycan türkcəsinin əhəmiyyətini xüsusi vurğulayaraq göstərirdi ki, Kazanda təhsil alan "Zaqafqaziya ölkəsi təqaüdçülərinin Zaqafqaziyanın ümumi vahid xalq danışıq dili olan azərbaycancanı öyrənmələri" zəruridir. Yeri gəlmişkən, həmin dövrdə universitetdə dövlət hesabına "Zaqafqaziya ölkəsinin beş nəfər təqaüdçüsü" təhsil alırdı. Onların arasında Mirzə Kazımbəyin tələbəsi, həyatdan cavan getməsinə baxmayaraq, türkologiya tarixində  müəyyən izlər qoyan, universiteti namizəd diplomu ilə bitirmiş Mahmud İsmayılov (1823-1867) da var idi.

 

Azərbaycan türkcəsi Mirzə Əbdülsəttarın ana dili idi. Bu dilin Dərbənd dialektinə dərindən yiyələnmişdi.  Kazanda yaşadığı müddətdə isə o, yerli tatar, habelə qədim özbək-cığatay dilini də əsaslı şəkildə mənimsəmişdi. Buna görə   qardaşının fikrincə, təsis olunacaq adyunkt vəzifəsini tutmağa tam layiq idi.

 

Lakin universitet şurasında fikir ayrılığı yarandığından Mirzə Əbdülsəttarın adyunkt təyinatı ilə bağlı məsələnin müzakirəsi müsbət  nəticələnmədi. Belə olduqda  şura onun namizədliyini gizli səsverməyə qoymağı qərara aldı. 1849-cu il dekabrın 20-də (bu zaman qardaşı artıq Kazanda deyildi) keçirilən səsvermənin nəticələri Mirzə Əbdülsəttarın xeyrinə olmadı. Adyunkt vəzifəsinə  namizədliyi 6 səsə qarşı 13 səslə rədd edildi.

 

Mirzə Kazımbəy Peterburqa dəyişiləndən sonra da kiçik qardaş Kazanda müəllimlik fəaliyyətini davam etdirirdi. Lakin 1854-cü ildə şərqşünaslıq bölməsinin tam şəkildə Peterburqa köçürülməsi ilə bağlı çar I Nikolayın fərmanı imzalandı. Növbəti il Peterburq universitetində Şərq dilləri fakültəsi təsis edildi. Bir sıra kazanlı mütəxəssislər kimi, Mirzə Əbdülsəttar Kazımbəy də on ilə yaxın çalışdığı universitetlə vidalaşmalı oldu. Kazan şərqşünaslarının əsasən tanınmış simalardan ibarət bir qrupu (İ.N.Berezin, A.V.Popov, N.Sonin, Q.Qomboyev, İ.Xolmoqorov, N.Navrotski və b.) Peterburqa dəyişdirildi, bir qrupu Şərq dilləri tədrisinin davam etdiyi Birinci Kazan gimnaziyasında saxlanıldı. Bəziləri isə müvafiq iş yeri olmadığı üçün tələblərə cavab verməmək bəhanəsi ilə ştatdan kənarda qaldılar. Mirzə Əbdülsəttar da sonuncuların sırasında idi.

 

Hələ Kazan universitetində Şərq dillərinin tədrisi tam  dayandırılmadığı vaxtlarda geniş tanışlıq əlaqələrinə malik olan Mirzə Kazımbəy vəziyyətin belə şəkil alacağını bilirdi. Ona görə də 1853-cü ilin noyabrında Peterburq təhsil dairəsi və xalq maarifi nazirliyi qarşısında Mirzə Əbdülsəttarın ərəb dili və ədəbiyyatı üzrə aşağı kurslarda praktiki məşğələlər aparmaq məqsədi ilə  paytaxt universitetinə mühazirəçi vəzifəsinə dəvət edilməsi məsələsini qaldırmışdı.

 

Lakin Kazan şərqşünasları "qiymətli mütəxəssisi itirmək istəmədiklərindən" təklifə qarşı çıxdılar. Bildirdilər ki, "Azərbaycan ləhcəsindəki təcrübi biliklərinə və tədrisdəki məharətinə görə Mirzə Əbdülsəttarın yerli universitetin türk-tatar dili kafedrasında qalması daha faydalıdır". Görünür, bu zaman həm də müəyyən vədlər  verilmişdi.  Çünki Mirzə Əbdülsəttar universitet dəftərxanasına 28 dekabr 1853-cü il tarixli yazılı məlumatında Peterburqdan alınan dəvəti özü üçün  çox böyük şərəf saydığını  xəbər verməklə bir sırada  adyunkt vəzifəsinə təyin olunarsa,  ilk xidmət yeri olan Kazanda qalacağını diqqətə çatdırırdı.

 

1854-cü il yanvarın 18-də universitetin rektoru İ.İ.Simonov tarix-filologiya fakültəsi rəhbərliyinin məsələyə münasibəti ilə maraqlanmışdı. Türk-tatar dili kafedrasının cavab məktubunda  "Azərbaycan ləhcəsi" sahəsində geniş biliyə və zəngin pedaqoji təcrübəyə malik Mirzə Əbdülsəttarın adyunkt vəzifəsini tutmasının məqsədəuyğun olduğu bildirilirdi. Lakin bunun üçün müvafiq mövzuda dissertasiya işi hazırlayıb kafedraya təqdim etmək lazım idi.  Çünki mədrəsə təhsili ali məktəb müəllimliyi üçün yetərli sayılmırdı. Eyni tələb təxminən dörddə bir əsr əvvəl böyük qardaşın qarşısında da qoyulmuşdu. Farsca  ərəb ədəbiyyatı tarixinə dair əsər yazan Mirzə Məhəmməd Əli bu işin öhdəsindən bacarıqla gəlmişdi. Amma naməlum səbəblərə görə Mirzə Əbdülsəttar  dissertasiya yazmağa maraq göstərməmişdi. 10 mart 1854-cü il tarixli məktubunda adyunktluğa iddia ilə bağlı fikrindən daşındığını xəbər vermiş, "müəyyən səbəblərə görə" artıq Peterburqdan gələn dəvəti qəbul etmək niyyətində olduğunu bildirmişdi.

 

Həm Kazandakı həmkarlarının, həm də özünün mütərəddid vəziyyəti  məsələnin müsbət həllinə imkan verməmişdi. Mirzə Kazımbəyin bütün səylərinə rəğmən qardaşını Peterburq universitetinə gətirmək niyyəti baş tutmamışdı. Təbiətən  səmimi və qohumcanlı alim bundan bərk narahat olur, iztirab keçirirdi. Tələbəsi İ.N.Berezinin yazdığına görə qardaşının işi alınmayanda bir ara  hətta Şərq dilləri fakültəsinin dekanlığından istefaya vermək barəsində düşünmüşdü...

 

 

 

Peterburq təhsil dairəsinin popeçiteli, iyirmi ildən çox eyni vəzifəni Kazanda daşıyan və Mirzə Əbdülsəttarı yaxşı tanıyan M.N.Musin-Puşkinin  məsələ ilə əlaqədar xalq maarif nazirinə  müraciətinin də faydası olmadı. Sonuncu müraciətdə deyilirdi: "Sankt-Peterburq universitetinin Şərq fakültəsində fars dili üzrə adyunkt yerini əvvəl də Zati-Alilərinizin diqqətinə çatdırdığım kimi, Kazan universitetinin keçmiş fars dili mühazirəçisi Mirzə Əbdülsəttar Kazımbəy layiqli şəkildə tuta bilərdi. Kazanda Şərq şöbəsinin bağlanması nəticəsində o, 13 ildən artıq xidmət etdiyi təhsil müəssisəsinin ştatından kənarda qalıb. Hələ Kazan universitetinin idarəçiliyinə rəhbərlik etdiyim vaxtdan Mirzə Əbdülsəttarı biliyinə, qabiliyyətinə, xidməti vəzifəsinə can yandırmağına görə yalnız ən yüksək cəhətdən səciyyələndirə bilərəm. Bütün bunları nəzərə alaraq Mirzə Əbdülsəttar Kazmbəyin Sankt-Peterburq universitetinin fars dili mühazirəçisi vəzifəsinə təyin olunmasını  Sizdən acizanə şəkildə xahiş etməyi özümə borc sayıram".

 

Xalq maarifi naziri A.S.Norov nüfuzlu həmkarının "acizanə xahişinə" məhəl qoymamışdı. Nəticədə  Mirzə Kazımbəyin qardaşını öz işinin davamçısı və paytaxt universitetinin Şərq dilləri fakültəsinin müəllimi kimi görmək arzusu reallığa çevrilmədi... Burada qurucu dekan olmasının da işə bir köməyi dəyməmişdi.

 

Lakin istənilən halda Mirzə Əbdülsəttar Peterburqa gəldi. Doğrudur, universitet müəllimi yox, sadəcə ali məktəb tələbəsi kimi. Tatar tədqiqatçısı L.Aqeevanın   müəyyənləşdirdiyinə görə 1855-1860-cı illərdə  "Dərbənd sakini Mirzə Əbdülsəttar Hacı Qasım oğlu Kazımbəy" Peterburqdakı Meşəçilik İnstitutunda oxumuşdu. Ali təhsilini başa vurub meşəbəyi ixtisasına yiyələnəndən sonra yenidən Kazan quberniyasına qayıtmışdı. Təhsil illərində şərqşünaslıq  fakültəsinin tələbələrinə özəl qaydada türk və fars dilləri dərsləri verərək elmi və pedaqoji işdən də tam şəkildə ayrılmamışdı.

 

1855-ci ildə onun həyatında mühüm hadisə baş vermişdi. Kifayət qədər yetkin yaşda böyük qardaşının illər öncə atdığı addımı atmış, xristian dinini qəbul etmişdi. Lakin anglikan kilsəsinin mənsubu - presvetrian Məhəmməd Əlidən fərqli olaraq pravoslav məzhəbini seçmişdi. Başqa bir əlamətdar sayılacaq hadisə artıq Nikolay adını qəbul edən Əbdülsəttarın xaç atasının elə-belə, sıradan bir adam yox, Rusiya imperatoru II Aleksandr olması idi.

 

Pedaqoji fəaliyyətdən uzaqlaşandan sonra ömrünün axırına qədər Kazan və Saratov quberniyalarının  müxtəlif yerlərində meşəbəyi vəzifəsində çalışan Mirzə Əbdülsəttar Kazımbəy universitet və gimnaziyadakı müəllimlik illərini unutmur,  imkanı daxilində Şərq tədqiqləri ilə maraqlanırdı. Prof. A.Q.Rzayev onun 1878-ci ildə "Vsemirnaya illyustrasiya" jurnalında çap olunmuş "İngiltərə-Hindistan və Əfqanıstan arasındakı məlumat yolları" adlı məqaləsini aşkara çıxarmışdır. Rusiya EA Arxeologiya komissiyasının katibi, İran kürdləri haqqında bir sıra tədqiqat əsərlərinin müəllifi professor P.İ.Lerxlə (1827-1884) məktublaşması da Mirzə Əbdülsəttarın şərqşünaslığa marağının ötəri xarakter daşımadığını göstərir.

 

Nikolay (Əbdülsəttar) dinini dəyişəndən və vətənə yolu bağlanandan sonra 1858-ci ildə  Yekaterina Terentyeva adlı sadə ailədən çıxmış qadınla evlənmişdi. Həyatının son illərini Kazanda mülki müşavir (orduda polkovnikə bərabər tutulur) çinində dövlət məmuru kimi çalışmışdı.

 

***

 

Son yüz əlli il ərzində iki qardaş Kazımbəylər nəsli Rusiyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ekzotik Kazımbəy soyadı daşıyanlar arasından imperatriçənin freylinası, imperator sarayının qofmeysteri, hüquqşünaslar və həkimlər, bankirlər və sahibkarlar, hərbçilər və elm adamları yetişib. Tale onları dünyanın müxtəlif ölkələrinə səpələyib. 1917-ci ilə qədər əsasən Peterburqda, Kazan və Vyatka quberniyalarında yaşayan Kazımbəylər bolşevik çevrilişindən sonra Polşa, Kanada, Çin, ABŞ, Fransa kimi ölkələrə üz tutmuşdular.

 

Nikolay (Əbdülsəttar) Kazımbəyin 3 oğlu vardı. Ailənin ilk övladı Aleksey Nikolayeviç Kazımbəy 1859-su il martın 14-  Saratov quberniyasının Tarlakova kəndində doğulmuşdu. Rus təbabəti tarixinə terapevt, kardioloq, pulmanoloq, səhiyyə təşkilatçısı kimi daxil olub. 1878-ci ildə İkinci Kazan gimnaziyasını bitirdikdən sonra təhsilini universitetin tibb fakültəsində davam etdirmişdi. 1883-cü ildə məşhur rus həkim N.A.Vinoqradovun (1831-1886) rəhbər olduğu fakültə terapiyası kafedrasının ordinaturasında saxlanmışdı.

 

1887-ci ildə "Ürəyin innervasiyasına dair materiallar" mövzusunda doktorluq dissertasiyasının müdafiəsindən sonra tibbi diaqnostika kafedrasının privat-dosenti vəzifəsinə seçilib. 1894-1904-cü illərdə tibbi diaqnostika, 1904-1916-cı illərdə isə fakültə terapiyası kafedralarına rəhbərlik etmişdi. Ürəyin innervasiyası, anadangəlmə və sonradan yaranma ürək çatışmazlığı, bu xəstəliyin ctrofantinlə müalicəsi və s. haqda  30-dan çox elmi əsərin müəllifidir. Rusiya təbabəti tarixində ilk elektrokardioqram rəhbərlik etdiyi kafedrada hazırlanmışdı. Müasir kardiologiyada işlənən "Kazımbəy simptomu" da onun adı ilə bağlıdır.

 

A.N.Kazımbəy geniş elmi-ictimai fəaliyyətlə məşğul olmuşdu. Uzun illər Rusiya vərəmə qarşı mübarizə liqasının Kazan şöbəsinə rəhbərlik etmişdi. Şəxsi təşəbbüsü ilə vərəm xəstələrinin müalicəsi və reabilitasiyası məqsədi ilə bu gün də fəaliyyət göstərən "Kamenka" sanatoriyası inşa edilmişdi. Universitet yanında  Kazan həkimlər cəmiyyətinin sədri, "Kazan tibb jurnalı"nın baş redaktoru, Kazan təbiət elmləri dərnəyinin üzvü idi. Çoxcəhətli və səmərəli fəaliyyətinə görə bir sıra ordenlərlə təltif olunmuş, həqiqi mülki müvavir (orduda general-mayor rütbəsinə bərabər tutulur) çininə yüksəlmişdi.

 

Bolşevik rejimini qəbul etməmiş, Kazan universitetinin yüzə yaxın əməkdaşı ilə birlikdə Ağ orduya qoşulub Sibirə, Tomska getmişdi. Həyatının son ilini burada yerli universitetin privat-dosenti kimi çalışmışdı. 1918-ci ilin dekabrında özünə ciyər xərçəngi diaqnozu qoymuşdu. Yarım il ərzində xəstəliyin inkişafını və fəsadların izləyib təsvir etmişdi. Bununla da həyatının 40 ilini həsr etdiyi tibb elminə son töhfəsini vermişdi. 1919-cu ilin iyununda həmin xəstəlikdən ölmüşdü.

 

Kazanda A.N.Kazımbəyin fəaliyyətini və xidmətlərini bizim günlərdə də minnətdarlıq hissi ilə xatırlayırlar. 2019-cu ildə doğumunun 160 illiyi universitetdə geniş qeyd olunub. Həmin ərəfədə Kazan şəhər sovetinin qərarına əsasən tatar paytaxtının küçələrindən birinə Azərbaycan əsilli alimin adı verilib.

 

Mirzə Əbdülsəttarın nəvəsi, A.N.Kazımbəyin oğlu doktor Vladimir Kazımbəy (1892-1931) də qısa həyat yaşamasına baxmayaraq, rus təbabəti tarixinə  imzasını ata  bilib. 1915-ci ildə universitetin sonuncu kursundan hərbi həkim kimi cəbhəyə könüllü getmişdi. Bolşevik inqilabı milyonlarla rusiyalı kimi Kazımbəy ailəsinə də sonsuz faciələr gətirdi. Vladimir anasını Kazanda, atasını Tomskda itirdi. İki bacısı ilə iki qardaşından xəbər tuta bilmədi. 1919-cu ildə tale onu Çinə - böyük rus icmasının yaşadığı Xarbin şəhərinə atdı. Burada insanların köməyinə  təmənnasız  yetən əsl xalq həkimi kimi böyük şöhrət qazandı.

 

Atası Kazandakı şəxsi klinikasında həftənin bir günü yoxsulları pulsuz qəbul edirdi.  Bu nəcib ailə ənənəsi Vladimirin həkimlik praktikasında davam etmişdi. Peşəsinə heç vaxt gəlir vasitəsi kimi baxmamışdı. Adına açılan xəstəxana hətta ölümündən sonra da imkansız adamlara təmənnasız xidmət göstərirdi.

 

Avstriya elm tarixçisi Hüqo Qlazerin "Faciəli təbabət" adlı maraqlı kitabı var. Əsərdə öz üzərində ölümcül eksperimentlər aparan, yaxud xəstəni xilas etmək naminə həyatını qurban verən həkimlərin qəhrəmanlığından bəhs olunur. Heç şübhəsiz, müəllif xarbinli doktor Vladimir Kazımbəyi tanısaydı, kitabında onun nəcib insan və həkim fədakarlığından da mütləq  söz açardı.

 

Bir dəfə onu xəstə üstünə çağırmışdılar. Difteriyaya yoluxmuş qızcığaz boğulurdu. Təcili xəstəxanaya çatdırıb əməliyyat etmək lazım idi. Lakin buna nə vaxt, nə də imkan vardı. Vəziyyətin çıxılmazlığını görən doktor Kazımbəy nazik kokteyl borusu ilə xəstənin boğazındakı irini sormağa başlamışdı. Qızcığazın həyatı xilas edilmişdi. Doktor isə bir neçə gündən sonra ölmüşdü...

 

Vladimir Kazımbəyim dəfnində beş mindən çox adam iştirak etmişdi. Müqəddəs İver kilsəsinin həyətindəki məzarı ziyarət yerinə çevrilmişdi. Və indiyə qədər də xatirəsi bu uzaq, yad şəhərdə yaşayır.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2021.- 12 iyun.- S.10-11.