Təsviri sənət tariximizdə parlaq imza: İsmayıl Axundov
O, Azərbaycan incəsənəti
tarixində adı fəxarətlə çəkilməyə
layiq rəssamlardandır.
Təsviri sənət tariximizdə
özünəməxsus yaradıcılıq
yolu olan, uğurlu bədii yaradıcılıq və
ictimai fəaliyyəti
ilə seçilən
Xalq rəssamı İsmayıl Axundovdan
(1907-1969) söhbət açırıq.
İ.Axundov Bakının Maştağa
qəsəbəsində anadan
olmuşdu. Rəssam sənətə gəlişini
belə qeyd edirdi: "Mənim incəsənət aləminə
gəlməyimə əsas
səbəbkar Mirzə
Cəlil olmuşdur. Bizim ailəmiz M.Cəlilə və "Molla Nəsrəddin" jurnalına
böyük rəğbət
bəsləyirdi. Atam axund
olmasına baxmayaraq, açıqfikirli bir şəxs idi, elmə, mədəniyyətə
yüksək qiymət
verirdi".
İ.Axundov ixtisas təhsilini Azərbaycan Rəssamlıq
Məktəbində (1924-1928), sonra isə Moskva Poliqrafiya İnstitutunda (1928-1932) almışdı. O, təsviri
sənətin qrafika və teatr dekorasiya
rəssamlığı sahəsində
davamlı bədii yardıcılıq fəaliyyəti
göstərək, bir-birindən
maraqlı, diqqəti cəlb edən və yüksək bədii estetik məziyyətə malik əsərlər qalereyası
ərsəyə gətirmişdi.
İ.Axundov həmçinin, uğurlu ictimai fəaliyyəti ilə də ölkəmizin mədəniyyət tarixində
silinməz iz qoymuşdu. O, Azərbaycan
Rəssamlıq Məktəbinin
direktoru (1937-1940), Azərbaycan
Rəssamlar İttifaqının
ilk sədri (1940-1944), (1947-1952), Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyinin
yaradıcılarından, muzeyin
direktoru və baş rəssamı
(1940-1969) olmuşdu. Sadalanan nüfuzlu
sənət ocaqlarında
rəssam özünün
yüksək təşkilatçılıq
və işgüzarlıq
qabiliyyəti ilə çalışaraq, xalqımızın
minilliklərlə formalaşdırmış
olduğu incəsənətə
sevgisini və bağlılığını öz əməli ilə sübut etmişdi.
İ.Axundov Moskvada təhsilini
başa vurub ölkəmizə qayıtdıqdan
sonra "Azərnəşr"də
rəssam, qrafika şöbəsinin müdiri
vəzifəsində çalışmış
(1932-1937), "Molla Nəsrəddin"
(1926-1928) və "Kirpi"
(1953-1960) jurnallarında satirik
və yumoristik karikaturalar dərc etdirmiş, Böyük Vətən Müharibəsi
illərində (1941-1943) 100-dən çox təbliğat materialı və plakatlar hazırlamışdı.
Əhatəli və gərgin fəaliyyəti dövründə
rəssam daima yüksək yaradıcılıq
əzmi ilə çalışaraq diqqəti
cəlb edən sənət nümunələri
yaratmışdı. Rəssamın
akvarel texnikasında işləmiş olduğu
"Mənzərə" (1927), "Köhnə Bakı"
(1928),"Qəzet oxuyan
qadın" (1928), "Pionerlərin
yığıncağı" (1928),
"Çoban" (1928) adlı
əsərlər şərti-dekorativ,
siluet formasında işlənilib. Rəssam yaradıcılığının
birinci mərhələsində
kontur xətt, cizgi, kontrastlıq və lokal rəng
qammasına üstünlük
verib. İ.Axundovun 60-cı illərdə yaratığı akvarel əsərlər isə səlis işlənilmə,
professional perspektiv və
kolorit həlli ilə diqqəti cəlb edir. Sadalanan xüsusiyyətləri rəssamın
"Atabəy məqbərəsi",
"Şirvanşahlar Sarayında
məscidin portalı",
"Divanxana. Şirvanşahlar
Sarayı", "Qrafik
rəsm", "Mənzərə"
və digər akvarel əsərlərinə
aid edə bilərik. Rəssam tuşla şair M.P.Vaqifin olduqca bədii ifadə və güclü emosional təsir qüvvəsinə malik portretini yaratmışdı.
Akvarellə işləmiş olduğu "M.Ə.Sabirin
portreti" (1962) əsərində
rəssam bənzərsiz
satirik şair Sabirin xarakterik xüsusiyyətlərini, şairin
pisixoloji obrazını
ustalıqla yarada bilib.
İ.Axundovun M.Ə.Sabirin "Hophopnamə"
(1934), N.Gəncəvinin "İsgəndərnamə" (1940) və "Molla Nəsrəddin lətifələri"nə
(1958) yaratdığı illüstrasiyalar
özünün məna
məzmun dolğunluğu,
lakonik ifadəliliyi ilə seçilir, mətnin süjeti ilə təsvirin bağlılığı diqqəti
cəlb edir və oxucunun zövqünü oxşayır.
İ.Axundov yaradıcılığının əhəmiyyətli hissəsini
teatr dekorasiya rəssamlığına həsr
edib. Rəssamı teatra məşhur
rejissor Adil İsgəndərov dəvət
etmişdi. O, bir
çox teatr tamaşalarının səhnə
tərtibatını və
geyim eskizlərini hazırlamışdı. Buna nümunə
olaraq Akademik Milli Dram Teatrında M.F.Axundovun "Müsyo
Jordan və Dərviş
Məstəli şah"
(1938), C.Məmmədquluzadənin "Ölülər" (1939), (1948), O.Balzakın "Ögey ana" (1939), Z.Xəlilin
"İntiqam" (1942), A.N.Ostrovskinin
"Tufan" (1945), C.Cabbarlının
"Yaşar" (1947), M.F.Axundovun
"Lənkəran xanının
vəziri" (1949), S.Rəhmanın
"Aydınlıq" (1949), C.Cabbarlının "Solğun
çiçəklər" (1949), "Dönüş" (1960), N.Hikmətin
"Şöhrət" (1960), S.Rəhmanın "Əliqulu
evlənir" (1961), M.Hüseynin
"Alov" (1961), H.Cavidin
"Siyavuş" (1963), Musiqili
Komediya Teatrında Ü.Hacıbəyovun "Məşədi
İbad", S.Rüstəmovun
"Durna" (dramaturq
S.Rüstəm) (1959), F.Əmirovun
"Gözün aydın"
(1966) (dramaturq M.Əlizadə),
N.Məmmədov və
T.Bakıxanovun "Məmmədəli
kurorta gedir" (1970)
(dramaturq A.Zeynallı)
və başqalarını
göstərmək olar.
Rəssam teatr rəssamlığı ilə
bağlı fəaliyyəti
haqda "Ədəbiyyat
və incəsənət"
qəzetinin 27 oktyabr
1962-ci il tarixli nömrəsində
yazırdı: "Böyük
dramaturqumuz M.F.Axundovun
pyeslərindəki obrazlar
silsiləsi hər bir tərtibatçı rəssamın yaradıcılığı
üçün tükənməz
ilham mənbəyidir.
Bu pyeslərdə cərəyan
edən hadisələrin
səhnə tərtibatı
da rəssamın həyata müdaxiləsinə
böyük material verir. Axundovun pyeslərinin
tərtibində, sadəcə
olaraq etnoqrafiyanı nəzərə almaqla kifayətlənmək olmaz.
Bu obrazlar silsiləsi,
bu zəngin material rəssam təhlilində dövrün ictimai ziddiyyətlərini dərk
etmək üçün
ən etibarlı çıxış nöqtəsidir".
Sənətşünaslıq doktoru Mürsəl
Nəcəfov rəssamın
yaradıcılığı ilə bağlı "Ümumiyyətlə, yaradıcılığında
satira və yumor motivləri güclü olan rəssam M.F.Axundov və C.Məmmədquluzadənin
satirik surətlərini
olduqca real, sözün
əsl mənasında
milli formada təsvir etmişdir" deyə qeyd edirdi.
İ.Axundovun muzey işi və ictimai təşkilatlarda göstərdiyi fəaliyyətinin mayasında incəsənətimizə milli bağlılıq dayanırdı. Rəssam "Ədəbiyyat" qəzetinin 17 sentyabr 1960-cı il nömrəsində dərc olunmuş məqaləsində Teatr Muzeyi ilə bağlı "Təşkilat işlərini gücləndirmək, eksponatlar üzərində geniş və ətraflı elmi iş aparmaq, daimi ekspozisiya yaratmaq üçün muzey kollektivini elmi kadrlarla təmin etmək vaxtı gəlib çatmışdır", İncəsənət Muzeyi haqqında isə "Muzeyin Azərbaycan şöbəsi üzrə daimi ekspozisiya yoxdur" deyə ürək yanğısı ilə əsl vətənpərvər ziyalı mövqeyini sərgiləyirdi.
Məşhur ədəbiyyatşünas alim Abbas Zamanov rəssam dostu haqqında yazırdı: "İsmayıl müəllim Nizami muzeyinin yaradıcısı və rəhbəri idi. Ana öz sevgili balasının üzərində necə əsərsə, İsmayıl müəllim Nizami muzeyinin üzərində elə əsirdi. İsmayıl müəllim Nizami muzeyi üçün canını qurban verməyə hazır idi".
Akademik Həmid Araslı rəssamın 60 illik yubileyi ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetində (22.04.1967) dərc olunmuş "Gözəl tərtibatçı" adlı məqaləsində qeyd edirdi: "İ.Axudov sərgilərin bədii tərtibatında respublikamızda xüsusi məktəb yaratmış bir rəssamdır. Bu isə rəssamı, yazıçıların üslub xüsusiyyətlərinin bir ədəbiyyatşünas kimi gözəl bilməsi, bədii axtarışların, müasirlik duyğusunun və ümumi biliyinin qüdrəti ilə yaranmışdır. İ.Axundov həmişə axtaran, öyrənən, narahat bir sənətkardır".
Yuxarıda ayrı-ayrı tanınmış sənət adamlarından gətirdiyimiz sitatlar bir daha xalq rəssamı İ.Axundovun həyatı və yaradıcılığı haqqında oxucuda dolğun təəssürat yaradır. Rəssamın çoxşaxəli bədii və ictimai yaradıcılıq fəaliyyəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1960) kimi fəxri adlara və həmçinin, SSRİ dövlət mükafatına (1950) layiq görülüb.
Xalq rəssamı Böyükağa Mirzəzadə 1956-cı ildə rəssam dostu İ.Axundovun diqqəti cəlb edən portretini ərsəyə gətirib. Biz bu əsərə tamaşa edərkən kresloda iş masası qarşısında düşüncələrə dalmış vəziyyətdə əyləşmiş rəssam və ictimai xadimin bədii obrazı ilə qarşılaşırıq. Yüksək sənət amalları ilə yaşayan və daim xalqının işıqlı gələcəyi üçün çalışan Xalq rəssamı İ.Axundovun adı təsviri sənət tariximizdə əbədi yaşayacaq.
Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı
525-ci qəzet.- 2021.- 15 iyun.- S.23.