"Ən böyük
arzum musiqi ilə
qocalmaqdır"
TEYMUR
ZEYNALABDİNOV: "BİZİM SOSİAL MEDİADAN
İSTİFADƏ TƏRZİMİZ GƏLƏCƏK
NƏSİLLƏRƏ DƏ TƏSİR
GÖSTƏRƏCƏK"
Teymur Zeynalabdinovun
ifasını ilk dəfə
dinləyəndə onun
nə qədər fərqli, özünəməxsus
bir tərzi olduğunu hiss etmişdim.
Bir neçə
gün əvvəl instaqramda reklam vasitəsilə videosu təkrar qarşıma çıxanda onunla həmsöhbət olmaq qərarına gəldim. İfası
qədər daxili dünyasının da fərqli olduğunu hiss etmək çətin olmadı.
Teymur Zeynalabdinovla
müsahibəni təqdim
edirik.
***
- Teymur bəy, əvvəlcə bir az özünüz
haqda danışın...
- Bakı şəhərində
doğulmuşam. 281 nömrəli məktəbdə
təhsilimi bitirib Bakı Kompüter kollecinə oxumuşam.
Kolleci bitirdikdən sonra isə Odlar Yurdu Universitetində daxil olmuşam. Hazırda həmin universitetin birinci kurs tələbəsiyəm.
- Sosial mediadan istifadəyə ilk dəfə
nə vaxt başladınız?
- Sosial şəbəkələrlə
ilk tanışlığım 15 yaşımda başladı.
Əvvəllər daha çox
onlayn oyunlar oynamaq üçün istifadə edirdim. Sonradan bundan daha səmərəli
istifadə etməyi öyrəndim.
- Bəs musiqi ilə nə zamandan məşğul olursunuz?
- 8 yaşımda 37 nömrəli
uşaq musiqi məktəbinə daxil olmaq üçün imtahan verdim. İmtahanlardan məqbul qiymət
aldım və 7 illik piano ixtisası üzrə təhsilə başladım.
- Musiqi istedadınız ailədən gəlir, ya necə?
- Bəli, elə atam da musiqi
ilə məşğul
olub.
- Sosial şəbəkələrin
təqdim etdiyi imkanlardan nə dərəcədə razısınız?
- Sosial şəbəkələrin
imkanları əslində,
bizim imkanlarımızdan
asılıdır. Bizim sosial
mediadan istifadə tərzimiz gələcək
nəsillərə də
təsir göstərəcək.
Onu necə və hansı məqsədlə
istifadə etməyimizə
əsasən bu təsir həm yaxşı, həm də pis olaraq
dəyişə bilər.
- İstedadı olmayan
şəxslərin sosial
şəbəkələrdə məşhurlaşmağı çox
vaxt insanlar tərəfindən tənqidə
tuş gəlir. Siz nə
deyə bilərsiniz, istedadsız şəxslərin
fenomen olması nə dərəcədə
realdır?
- Məncə, problem istedadı
olmayan insanların
fenomen olmasında deyil. Əsas problem cəmiyyətə yanlış
örnək ola
biləcək, etik və mədəni dəyərlərimizə mənfi
təsir göstərəcək
şəxslərdir.
- Ən böyük
arzunuz nədir?
- Ən böyük
arzum musiqi ilə qocalmaqdır.
- Müasir və retro sənətkarlardan kimlərin
ifasını dinləyirsiniz?
- Bir çoxunun adını saya bilərəm. Onlardan Yuxu qrupu, Akif
İslamzadə, Mirzə
Babayev, Şəmistan
Əlizamanlı, Flora Kərimova,
Cavan Zeynallı, Tünzalə Ağayeva, Faiq Ağayev, Sevda Ələkbərzadə,
Azər Zeynalov ən çox dinlədiklərim arasındadır.
- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin
səbəbi nədir?
- Bu vəziyyətin səbəbi
estrada və
klassik musiqilərə
nisbətən bayağı
mahnıların daha çox işıq üzü görməyidir.
Nəticədə bayağı mahnılara
olan tələbat da artır.
- Kitab oxumaqla aranız necədir?
- Daha çox dedektiv romanları - Ser
Arthur Conan Deyl, Den Broun, Aqata
Kristi romanlarını sevirəm.
- Özünüz hansı ifanızı daha uğurlu hesab edirsiniz?
- Şəmistan Əlizamanlının
"Ağ ümid"
mahnısını ifa
etmişdim. Məncə, elə ən
uğurlusu o olmuşdu.
- Bir qədər də hazırkı fəaliyyətiniz və gələcəkdəki planlarınız
barədə danışardınız...
- Hazırda qrafik dizayner və həvəskar musiqiçi
olaraq fəaliyyət göstərirəm. Gələcəkdəki planlarım arasında 10-a
yaxın musiqi alətində ifa etmək arzusu mühüm yer tutur.
Günel ABBAS
525-ci qəzet.- 2021.- 15 iyun.- S.22.