Fırçası ilə möcüzələr
yaradan sənətkar
XALQ RƏSSAMI MİKAYIL ABDULLAYEVİN 100 İLLİK YUBİLEYİNƏ
Bu il Xalq rəssamı, Cəvahirləl Nehru
adına Beynəlxalq Mükafatın laureatı Mikayıl
Abdullayevin 100 illik yubileyi ilə də əlamətdardır. M.Abdullayev Azərbaycan rəssamlığının
əfsanələrindən, sütunlarından biri, dünya
şöhrətli fırça ustası, fəxr yerimiz,
qürur mənbəyimizdir. Onun haqqında
hər kəsdən yaxşı öz əsərləri
danışır. Rəssam ömrü
boyu fırçası ilə qələmini yanaşı
istifadə edib. Təsadüfi deyil ki,
Anarın 1982-ci ildə "Qobustan" sənət toplusunda nəşr
edilən "Mikayıl Abdullayevin fırçası və qələmi"
adlı məqaləsi Xalq yazıçısının - Xalq
rəssamına xüsusi diqqəti və hörməti idi.
Mikayıl Abdullayev istər qüdrətli
fırçası, istər səmimi və maraqlı qələmi
ilə milli incəsənətimizin və ədəbiyyatımızın
xidmətində durub. Ümummilli liderimiz, incəsənətimizin
və mədəniyyətimizin böyük
qayğıkeşi Heydər Əliyev rəssamın
yaradıcılığına daima hörmətlə
yanaşıb, müstəqillik illərində onu Prezident təqaüdünə
və "İstiqlal" ordeninə layiq görüb, ordeni
şəxsən özü rəssama təqdim edib. Heydər
Əliyevin rəssama ünvanladığı məktubda
deyilir: "Siz Azərbaycan incəsənətinin
inkişafında böyük xidmətləri olan mahir
fırça ustasısınız. Müxtəlif janr və
mövzularda yaratdığınız boyakarlıq və
qrafika əsərləri sənət tariximizə əbədi
daxil olmuşdur... Böyük emosional təsir
qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna
malik əsərləriniz gənc nəslin
formalaşmasında böyük rol oynamışdır.
Sizin yorulmaz, məhsuldar fəaliyyətiniz daim
Azərbaycan xalqına xidmət etmişdir".
Ötən
əsrin 40-cı illərinin əvvəllərindən
ömrünün sonunadək dövri mətbuatda müntəzəm
çıxış edən rəssam yüzlərlə məqalənin,
"İtaliya xatirələri", "Yazılarım",
"Qlazami bakinüa" kitablarının da müəllifidir.
Bir qədər
də mistik həyatı olan rəssam haqqında
S.Soltanlının 2015-ci ildə "Mədəniyyət"
qəzetində çap edilən "Nə eləmişəmsə,
o bir gözə borcluyam" başlıqlı məqaləsində
Mikayıl Abdullayevin özü barəsində bu sözləri
verilir: "Bir yaşım olanda yuxudan ayılmışam,
anamı səsləyib ayağa durmuşam. Yerimək
istəyəndə ayağım yerdəki xalçanın
saçağına ilişib, xalçanın üzərindəki
yeddilik lampanın üzərinə yıxılmışam.
Əllərim, gözlərim yanıb. Bir ildən yuxarı hər iki gözüm görməyib.
Həkimlərə aparıblar, heç bir
faydası olmayıb. Qonşumuz Ağa
Seyidməhəmməd Xorasana ziyarətə gedirmiş, anam da
evdə olan dəyərli daş-qaşlarını gətirib
ona verir ki, al bunları, orada ağadan mənim əvəzimdən
övladımın gözlərini istə. Günlərin
bir günü mən dillənmişəm: "O nədir
orada parıldayır?" Evdə bir sevinc
yaşanıb ki. Hamı sevinib, ağlayıb...
Uşaqlıqdan şəkil çəkməyə
başlamışam. Anamın ara-sıra şəkil çəkməyi
var idi. O çəkərdi, mən də ona baxıb həvəslənərdim.
Rəssamlıq Məktəbinə sənəd
verəndə sağlamlıq haqqında kağız istədilər.
Mən də həkim baxışından
keçdim. Soruşdular ki, hansı məktəbə
gedirsən? Dedim, Rəssamlıq Məktəbinə. Gözümdəki
çatışmazlığı görüb "neqoden"
yazdılar. Evə gəldim, qardaşım dedi ki,
işləri korlamısan. Sonra başa saldı ki, "ne"ni poz, "qoden" qalsın. Mən
də bir tikə çörək götürüb
"ne" hissəsini pozdum, sənədlərimi məktəbə
verib qəbul olundum. Beləliklə, mənim
həmişə bir gözüm görüb. Nə eləmişəmsə, ona borcluyam".
O, bircə
gözlə - "Axşam", "Mingəçevir
işıqları", "Körpəsinin ardınca",
"Tarlada", "Səadət yaradanlar",
"Sevinc", "Racastan qadınları", "Azərbaycan
tarlalarında" triptixi, Azərbaycanın və
dünyanın dahi şəxsiyyətlərinin - Üzeyir
Hacıbəyov, Səməd Vurğun, Molla Pənah Vaqif,
Şihabəddin Sührəvərdi və
başqalarının portretlərini, dünya rəssamlığında
heyrətlə qarşılanan, məşhur rəssamları
dilə gətirib öz heyranlıqlarını etiraf etməyə
vadar edən şedevrləri yaradıb.
O, pozitiv
və rəngarəng yaradıcılığında qəhrəmanını
dərindən müşahidə edərək, duyaraq yarada
bilib. Qarabağda səfərdə olarkən
gördüyü bir mənzərədən təsirlənib
1947-ci ildə yaratdığı "Axşam" əsəri
ilə fırtına kimi əsən, əlvan və zövqlə
verilmiş rənglərlə göz oxşayan əsər o qədər
uğurlu alınır ki, bütün sənətşünaslar
onun haqqında yazır, əsər sərgilərdə
nümayiş olunur, reproduksiyaları jurnaları bəzəyir.
Eləcə də "Səadət quranlar"
əsəri özündən çox söz etdirib,
haqqında çox danışılıb. "Sevinc" əsərində
işığın, günəşin ziyaları elə təbii,
elə qüdrətli verilib ki, əsər tənqidçilərin
dilindən düşməyib.
Görkəmli
rəssamın yaradıcılığı haqqında akademik
Rasim Əfəndiyev, AMEA-nın müxbir üzvü Kərim
Kərimov, professor Nurəddin Həbibov, professorlar Mürsəl
Nəcəfov və Məmmədağa Tərlanov, sənətşünas-tənqidçi
Paşa Hacıyev kimi alimlərin dəyərli kitabları və
tədqiqatları var. Bunlardan əlavə, sənətşünaslar
Ofeliya Mirzəzadə, Ziyadxan Əliyev, Əsəd Quliyev,
Elmira Qasımova və başqalarının tədqiqatlarında
da rəssamın yaradıcılığı kənarda
qalmayıb.
Rəssam haqqında sənətşünas Ofeliya
Böyükağa qızı Mirzəzadə rus dilində
"SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin
yaradıcılığı" ("Tvorçestvo narodnoqo
xudojnika SSSR Mikaila Abdullaeva") sənətşünaslıq
üzrə namizədlik dissertasiyasını müdafiə
etmiş, eləcə də Azərbaycan
boyakarlığının təməlləri haqqında
aparılan elmi tədqiqat işlərinin əksəriyyətində
rəssamın yaradıcılığından bəhs
edilmişdir.
Dünyanın
bir çox ölkəsində səfərlərdə olan -
İtaliya, Hindistan, Macarıstan silsilə əsərlərini
yaratmaqla Azərbaycan mədəniyyətinə böyük, zəngin
irs qoyub gedən rəssam dəfələrlə deputat
seçilib, siyasi və ictimai fəaliyyətlə
yaradıcılığı eyni zamanda layiqincə
daşıyıb.
Mikayıl Abdullayev Azərbaycan ədəbiyyatının
böyük vurğunu idi. Onun kitab qrafikası
sahəsindəki fəaliyyətini də unutmaq olmaz.
1950-ci ildə Maksim Qorkinin "Ana" əsərinə
illüstrasiyalar çəkməklə başlayan rəssam,
sonralar Mirzə İbrahimovun "Gələcək
gün", Süleyman Rəhimovun "Şamo", Cəlil
Məmmədquluzadənin "Hekayələr", Məhəmməd
Füzulinin "Leyli və Məcnun" poemasına, Bəxtiyar
Vahabzadənin "Şəbi-hicran" poemasına,
"Kitabi-Dədə Qorqud" dastanına, Nizami Gəncəvinin
əsərlərinə illüstrasiyalar yaratmışdı.
Nizami Gəncəvi adına Milli Ədəbiyyat
Muzeyində rəssamın müəllifi olan xeyli rəsm,
illüstrasiya mühafizə olunur. O, yaradacağı əsəri,
portreti çəkməmişdən əvvəl çoxlu
mütaliə edər, material toplayar, işinin dolğun və
bitkin olması üçün qəhrəmanının
xarakterini və cizgilərini uzun zaman müşahidə edərdi.
Hər bir portreti yaratması haqqında xatirələrində
yazardı. Həssas xarakterini açan
yazıları onun haqqında fikir formalaşdırmağa
yetir. Çünki insan başqalarına
necə hörmət və məhəbbət bəsləyirsə,
demək, özü də həmin hörmətə layiqdir.
Onun məqalələrini və kitablarını oxuduqca nə
qədər sadə və daxilən təmiz insan olduğunu hiss
edirsən. Hətta "Bakinski raboçi" qəzetində
nəşr etdirdiyi "Maşa xala" adlı məqaləsi
Ə.Əzimzadə adına rəssamlıq
məktəbinin xadiməsi haqqındadır. O, xadimənin tələbələrə
qayğısından, yaxşılıqlarından söhbət
açır, onu oxuculara tanıtdırır. Alicənablıq
və böyüklük kiçik insanlara verilən dəyərdən
anlaşılır. Mikayıl Abdullayev kimi
nəhəng və tanınmış bir insanın sıravi
insanlara verdiyi dəyər onun təvazökarlığının
və humanistliyinin göstəricisidir.
Mərhum
professor Nazif Qəhrəmanlının sənətkar
haqqında yazdığı "Böyük rəssamla
yarım saat" başlıqlı məqaləsini oxuduqca
Mikayıl Abdullayevin xarakteri bir daha açılır, müəllif
onun necə alicənab, yüksək intellektual səviyyəyə
malik olan şəxsiyyət, əsl aristokrat olduğunu gözəl
şəkildə oxucuya çatdırmağa müvəffəq
olur. Nazif müəllimin yazısının bir
epizodunu oxuduqca isə insanın ruhu sıxılır,
dünyanın ədalətsizliyinə qəzəblənirsən.
Nazif müəllim çətin və
ağır 1990-cı illərin bir qış günündə,
qarlı fevral səhəri rastlaşdığı rəssamı,
xüsusilə onun incə və zərif əllərini o qədər
gözəl təsvir edir ki. Trolleybus dayanacağında
gözləyən, artıq yaşlı və yeriməkdə
çətinlik çəkən rəssamla söhbətini qələmə
alan müəllif onun qanlı 20 Yanvar şəhidlərinə
həsr etdiyi "Nakamların dəfni" adlı əsərindən,
dünya incəsənətinin məşhur simalarından bəhs
etdiyindən, Pikasso haqqında fikirlərindən sonra: "Mən
Hindistandan onun kiçik bir budaq rəsmi olan əsərini
alıb gətirmişdim. Bu yaxınlarda əlim
aşağı idi deyə, satdım" deməsilə oxucunu
sarsıdır. Mikayıl Abdullayev
xalqının sevincini də, kədərini də
tablolarında təsirli və canlıdan da canlı şəkildə
yaratmağa nail olub. O, Azərbaycanın təbiətini
də, insanını da, faciəsini də, qürurunu da
bütün dünyaya rənglər vasitəsilə elə
çatdırıb ki, onları min sözlə də ifadə
etmək mümkün olmur bəzən.
Onun mədəni irsi xalqımızın incəsənətinin,
təsviri sənətinin, boyakarlığının nadir
incisi, bərq vuran cəvahiridir. Xalq şairi Rəsul Rza:
Məndə
bir can var, səndə bir can,
Mənim
qələmim var,
sənin
fırçan.
Mənimki
sözdür,
Səninki
rəng,
Mən
yazım qardaşım, sən çək,
Mənim əlim
olmasa da yazaram,
gözüm olmasa da...
Sən
dilin olmasa da çəkərsən,
Sözün
olmasa da...
Ancaq hər
ikimiz
Yarada bilmərik ürəksiz.
Mənimki
sözdür, səninki rəng,
Var olsun
ürək! -
- deyəndə nə qədər də haqlı
idi. İndi o ürək döyünməsə
də, onun çırpıntısının sədaları
altında yaratdığınız, qəlbinizin hərarətini
ötürdüyünüz əsərlərinizə
baxdıqca Sizi xatırlayırıq Mikayıl müəllim.
Sizi rəhmətlə anırıq.
Xalqını
tərənnüm edən dahi boyakar, Azərbaycanın
adını həmişə uca tutan Mikayıl Hüseyn
oğlu Abdullayev, Allah Sizə rəhmət eləsin!
Mehriban
CƏFƏROVA
525-ci qəzet.- 2021.- 15 iyun.- S.20.