"Qarabağ azad olunandan sonra mənə fərqli bir təb gəldi"  

 

XANƏNDƏ ZAHİD QULİYEV: "İNDİ MƏNİM QALİB DÖVLƏTİM, DÜNYAYA SƏS SALAN VƏTƏNİM VAR"

 

Elə insanlar var ki, həqiqətən, vətənpərvərlik onlar üçün ən müqəddəs, ən ülvi hisslərdir. Zaman məkan anlayışı Vətən sevgisinə xələl gətirə bilmir.

 

Uzun illərdir qürbətdə yaşayan görkəmli xanəndə Zahid Quliyev vətəni canı qədər sevən insanlardandır. Zahid müəllimlə həmsöhbət olanda onun qədər həssas biri olduğunun şahidi oldum.

 

Zil pərdələrdə necə böyük cəngavərlik edirsə, həssas məqamlarda da bir o qədər kövrək olur. Vaxtilə dünyanın dörd bir yanında muğamlarımızı layiqincə təmsil edən xanəndə Zahid Quliyevlə müsahibəmizi sizə təqdim edirik.

 

***

 

- Zahid müəllim, illərdir ki, Vətəndən uzaqda yaşayırdınız, qəriblik necə hissdir?

 

- Mən o vaxtlar xarici ölkələrə konsertlərə gedəndə orada insanlar bizim ifalarımızı dinləyərkən görürdüm ki, çox kədərlənirlər. Mən onlara sual verirdim ki, sizin burada hər şeyiniz var, hər cür şərait yaratmısınız, niyə bu qədər həssassınız, kədərlisiniz? Deyirdilər ki, bəli, hər şeyimiz var, ancaq bizim Vətənimiz yoxdur... Mən o hissləri qəribçilikdə yaşamışam. Orada hər şeyimiz olsa da, ürəyimizdə bir yara var idi - Vətən yarası, Qarabağ dərdi. Ondan da əlavə, mənim sənətim elə bir sənətdir ki, onun böyük meydanı Azərbaycandadır. Əlbəttə, biz xarici ölkələrdə muğamlarımızı təbliğ edirdik. Amma özümüzün inkişafımız üçün, muğamları gənclərə aşılamaq üçün meydanda olmaq lazımdır. Ona görə , qəribçilik mənim üçün çox əziyyətli oldu. Şükür ki, mən Vətənimə qayıtdım.

 

- Yenidən səhnəyə çıxmaqdan ötrü darıxırsınızmı?

 

- Bu, elə bir sənətdir ki, özü-özünə yaranmır. Əvvəl Allah istedad verir. Mənə yaradan istedad bəxş etmişdi. Musiqiçi ailəsində dünyaya gəlmişdim. Cəbrayılın böyük aşıqlarından biri Aşıq Abdulla mənim atam olub. Onun dediyi dastanları indi ifa edən yoxdur. Odur ki, mənim sənətə gəlməyim təsadüfi deyil. Sənət üçün çox darıxmışam. Mən Allahın verdiyi istedaddan istifadə edib mükəmməl sənətçi olmaq üçün çox əziyyət çəkmişəm. Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişəm, müəllimim Sahib Şükürov olub. Amma digər görkəmli xanəndələrin sinifinə getmişəm. İncəsənət Universitetində səhnə danışığına dair biliklərə yiyələnmişəm. Mən bunlarla kifayətlənmədim. O vaxt toylar da böyük məktəb idi, ustadlarla bir yerdə toya gedirdim, orada da öyrənirdim. Allaha Şükür ki, indi səsim yerindədir.

 

- Xaricə getməmişdən əvvəl uzun illər pedaqoji fəaliyyətiniz olub. Bundan sonra muğamlarımızı tədris etmək barədə düşünürsünüzmü?

 

- Bilirsiniz, qayıtmağımın əsas səbəbi Qarabağımızın azadlığı oldu, o ruhda gəldim. Əlbəttə ki, öz sahəm üzrə çalışmağı mütləq bilirəm. İstərdim ki, hansısa muğam tədrisi ocağında fəaliyyətim olsun. Güman edirəm ki, mənə bu şəraiti yaradacaqlar. 16 il İncəsənət Universitetində işləmişəm. Orada muğam kafedrasının yaradılması təşəbbüsünü mən irəli sürmüşəm. O vaxt bu təşəbbüs yaxşı qarşılandı, biz ora görkəmli sənətkarları dəvət etdik.

 

- Xaricə səfərləriniz barədə danışaq...

 

- Mənim ilk səfərim 1988-ci ildə oldu - Pribaltika ölkələrinə. Amerika-Sovet musiqiçilərinin görüşü var idi, orada muğamlarımızı ifa elədik. O vaxt hər adamın xaricə getməyinə icazə vermirdilər. Bizə qismət oldu ki, 1989-cu ildə rəhmətlik Səxavət Məmmədovla birgə festivala getdik. 1986-cı ildə Cabbar Qaryağdıoğlu adına respublika müsabiqəsinin qalibi oldum, sonralar bizim "Cabbar Qaryağdıoğlu" “üçlüy”ü yarandı - Möhlət Müslümov, Fəxrəddin Dadaşov mən. Biz o “üçlük”lə dünyanı gəzdik, Amerikadan tutmuş İrana qədər. Konsertlərdə maraqlı hadisələr olurdu. Konsertlərin sonunda həmişə "Qarabağ şikəstəsi"ni oxuyurdum. Jurnalistlər gəlib bu ifa barədə suallar verirdilər. Nədən danışsam da, sonda gəlib Qarabağ problemi üzərində dayanırdım. Xarici mətbuata izah edirdim ki, Qarabağ Azərbaycan torpağıdır. Erməni qəsbkarlığı barədə söhbət açırdım, Xocalı soyqırımı barədə danışırdım. Sonda deyirdim ki, həmin şikəst olmuş Qarabağın dərdini sizə oxuyuram. Biz konsertlər verəndə xarici mətbuat yazırdı ki, biz belə musiqi eşitməmişik, bütün dünya musiqisi muğamdan bəhrələnir. Mən buna təəccüblənirdim. Sonralar araşdırdım həqiqət olduğunu gördüm. Bütün musiqilərdə muğam ştrixləri var. Muğamlarımızın tarixi çox qədimdir.

 

- Bildiyimə görə, xarici ölkələrdə silsilə diskləriniz işıq üzü görüb...

 

- İsveçrədə Firuz Əliyev Ədalət Vəzirovla birlikdə muğamları lentə yazdırmışıq. Fransada 4, Hollandiyada 2 diskim işıq üzü görüb. Bu disklər dünyanın hər yerində satılır. Məni Fransaya dəvət elədilər. Orada "Dünyanın səsi" adlı film çəkdilər, həmin filmdə ifa elədim.

 

- Siz Azərbaycanda olmayanda onlarla sənət dostunuz dünyasını dəyişdi. Ən çox kimlərdən ötrü heyifsilənirsiz?

 

- Hansı muğam ifaçıları dünyadan köçübsə, hamısı üçün heyifsilənirəm. Biz bir gün dünyadan köçəcəyik, amma hər halda insana pis təsir edir. Mən xaricdə olanda Ağaxan Abdullayevin rəhmətə getməsi mənə çox pis təsir elədi. Mən o xəbəri alanda maşın sürürdüm, zəng edib dedilər. Ağaxanın diskini oxutdurdum, ağladım... Daha sonra Qədir Rüstəmovun ölüm xəbəri mənə ağır oldu. Mən ilk dəfə onun "Sona bülbüllər" mahnısını oxumuşam. Birinci dəfə onu "Xarıbülbül" festivalında görmüşdüm. Böyük sənətkar idi. Habil Əliyevlə dünyanın bir çox ölkələrini gəzmişəm, onun vəfatı da böyük itki idi. Vahid Abdullayev Səxavət Məmmədov rəhmətə gedəndə isə Vətəndə idim, o itkilər mənim üçün ağır idi.

 

- Azərbaycan muğam sənətinin müasir vəziyyəti sizi qane edirmi, gənc ifaçılardan razısınızmı?

 

- Mən xaricdə yaşayan müddətdə muğam müsabiqələri keçirilirdi, hamısını izləyirdim. O müsabiqədə çox gözəl səslər var idi. Ümid edirdim ki, onlar peşəkar səviyyəyə çatacaqlar. Muğamları yaxşı ifa eləmək tək səsdən asılı deyil. Gənc xanəndələr, elə bil ki, üzdən gedirlər, dəryanın dərinliyinə baş vurmaq istəmirlər. O, çox çətin bir şeydir. Dərinə getmək üçün vaxt, zəhmət və böyük istedad lazımdır. Gənc xanəndələrin bəziləri özlərini daha çox maddiyyata kökləyiblər. Məsələ odur ki, biz əvvəllər toyda həm qazanırdıq, həm oxuyurduq. O zaman insanlar toyda dəstgah dinləyirdilər. Elə olurdu ki, bir toyda 4 dəfə "Çahargah" oxutdururdular. Hansısa qəzəldə söz səhv oxunanda yaşlı nəsil öz iradını bildirirdi. Gənclər üçün həmin toylardakı fürsət indiki toylarda yoxdur. İnanıram ki, gənc xanəndələr daha da püxtələşəcək. Muğamlarımızı qorumaq lazımdır. Necə ki neft maddi sərvətimizdir, muğamlarımız da bizim mənəvi sərvətimizdir. Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyeva bu yöndə çox böyük işlər görür. Mən xaricdə olanda "Qarabağ xanəndələri" albomu yaradılmışdı və adım həmin alboma əlavə olunmuşdu. Bu, mənə qürur verdi.

 

- Doğma yurdunuz işğaldan azad olunub. Necə hisslər keçirirsiniz?

 

- Mənim heç bir fəxri adım, ordenim yoxdur, sadəcə xanəndə Zahid Quliyevəm. Amma indi mənim qalib dövlətim, dünyaya səs salan Vətənim var. Ona görə də bu gün dünyanın ən xoşbəxt adamıyam. Bunu bizə bəxş edən göydə Allahımız, yerdə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev, onun siyasətinin nəticəsində qüdrətlənən, yüksək texniki imkanlar qazanan Milli Ordumuz və şəhidlərimiz oldu. General Polad Həşimovun şəhidliyindən sonra hiss etdim ki, daha proses belə davam edə bilməz, nəsə olacaq. Ondan sonra günbəgün xəbərləri izlədim. Hörmətli Prezidentimizin qərarı ilə əks-hücum tədbirləri başladı və torpaqlarımız azad olundu. İnanın Allaha, hər kənd alınanda sevincimdən uçurdum. Ailəm də o hissləri mənimlə birgə yaşadı. Hətta deyirdilər ki, bir az özünü ələ al. Şükür ki, Cəbrayılın, bütün Qarabağın azadlığını gördüm. Mən övladlarıma dedim ki, artıq burada qala bilmirəm, Azərbaycana gedirəm, belə bir vaxtda orada olmalıyam. Qarabağda quruculuq işləri başlayıb. Mən əlimdən gələni etməyə hazıram. Mən sosial şəbəkələrdə xalqımıza müraciət elədim ki, kimin imkanı varsa, özü öz evini tiksin. Allah qismət eləsə, hazıram ki, atamın evini özüm tikim.

 

- Azərbaycana gələndən sonra gələcək fəaliyyətinizlə bağlı hansısa addımlar atmısınızmı?

 

- Vətənə dönəndən sonra özümə qarşı diqqət hiss elədim. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məni qəbul etdi. Çox geniş söhbətlərimiz oldu, öz arzularımı dilə gətirdim.

 

- Sosial şəbəkələrdən öyrəndik ki, son vaxtlar şeir də yazırsınız, hətta o şeirlərin bəzilərinə melodiya da qoşmusunuz...

 

- Qarabağ azad olunandan sonra mənə fərqli bir təb gəldi, ruhlandım və şeirlər yazmağa başladım. O şeirlərin bir neçəsini Prezidentimizə, Ordumuza, Qarabağa, Cəbrayıla, haqq işimizə həsr eləmişəm. Bəzi şeirləri oxudumgördüm ki, onlar məndən melodiya tələb edir. Bir neçə şeirə mahnı yazdım, Bakıya gələn kimi 10 gün içərisində 4 mahnı lentə yazdırdım.

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.19.