Misir ehkamları: açılmamış
səhifələr
PROFESSOR
MİSİR MƏRDANOVUN "BAKI DÖVLƏT
UNİVERSİTETİ" KİTABINI OXUYARKƏN...
Görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir
üzvü Misir Mərdanovun "Bakı Dövlət
Universiteti" kitabı indiyədək bu mövzuda
yazılmış kitablardan bir çox məziyyətlərinə
görə fərqlənir.
Zənginlik və obyektivlik, hərtərəflilik və
dolğunluq, tərəfsizlik və reallıq, səmimiyyət
və oxunaqlıq, orijinallıq və istinadlar, müdriklik və
sadəlik doğma universitetə sonsuz məhəbbətdən,
sayğı və sevgidən, torpağa bağlılıqdan,
yüksək vətəndaş məsuliyyətindən
doğulmuşdur. Ali vəzifədən sonra böyük nüfuzunu
qoruyub saxlayan nadir adamlardan biri olan Misir müəllim bu
kitabı yazmasaydı da, indiyədək etdiyi işlərə,
gördüyü nəcib əməllərə,
yazdığı kitablara görə (4 cildlik "Azərbaycan
təhsil tarixi", "Azərbaycan Respublikasının
Dövlət Rəmzləri", "Azərbaycan Təhsil
nazirləri", "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar", "Azərbaycan
riyaziyyatçıları" və digər onlarla
başqaları),təhsilimizin ən ağır illərində
"qızıl orta"nı taparaq onu burulğanlardan,
çətinliklərdən, böhranlardan
çıxarmağı bacaran gəmi kapitanı kimi tariximizdə
qalacaq. Ancaq istirahət etmək imkanlarını kənara
qoyub, dostlarının, uşaqlarının dediyi "sənin
nəyinə lazımdır?" sualını
"qulaqardına vurub", şair demişkən,
"yanmayıb ömrünün iki ilinə", belə bir
fundamental kitabı ərsəyə gətirib. Professor
Misir Mərdanov bir neçə səbəbdən bu kitabı
yazmağı özünə borc bilib. Birinci növbədə
ömrünün 60 ilə yaxın hissəsini - tələbəlikdən
rektorluğa kimi bütün pillələrdə (tələbə,
aspirant, assistent, baş müəllim, dosent, professor, dekan
müavini, kafedra müdiri, prorektor, rektor) keçirdiyi
Bakı Dövlət Universitetini, necə deyərlər, 4D
formatı ilə "əlinin içi kimi
tanıdığı" və elə o qədər də
sevdiyi üçün ən yaxşısını və
düzünü o, yaza bilərdi. İkincisi, Misir müəllim
o qədər müdrik, o qədər humanist və ədalətli
adamdır ki, onun bu dünyada kimdənsə
narazılığı, incikliyi, heç kəslə ədavəti
yoxdur və ondan əvvəlki bəzi müəlliflər
kimi, kimisə "bəyənmədiyinə", kimdənsə
xoşu gəlmədiyinə görə haqqında məlumat
verməsin, yaxud şəklini çıxarsın, ya da siyasi
don geyindirsin, belə şey olmayıb, hamıya eyni prizmadan,
tarixi ədalət prinsipi ilə baxıb. Üçüncüsü,
Misir Mərdanov 1964-cü ildən BDU-dadır və o vaxta qədərki
keşməkeşli tarixi müəllimlərindən,
şahidlərdən eşitmək (və əsas da yadda
saxlamaq) şansından yetərincə yararlanıb, 60-cı
illərdə universitetdə işləyən (birinci olmasa da,
ikinci nəsildən üzü bəri) tarixi şəxsiyyətləri
şəxsən görüb və ünsiyyətdə olub.
Ondan sonrakı şəxsiyyətlərin
yetişməsinin şahidi olub, baş verən mühüm
hadisələrin, yazılan tarixin isə, bir çox hallarda hətta
iştirakçısı olub. Maraqlı taleyi ona BDU-nun,
demək olar ki, bütün korpuslarında bilavasitə olmaq
şəraiti yaradıb, oxumağa İstiqlaliyyət
küçəsindəki binada başlayıb, 1965-ci ildəYasamaldakı
indiki əsas binanın açılışında 1-ci kurs tələbəsi
kimi, 2008-ci ildə Yeni tədris korpusunun
açılışında təhsil naziri kimi iştirak
edib. Bütün bu yazılanlar və yazılmayanlar ona mənəvi
haqq verib ki, bu kitab yazılsın!
Kitabın
yalnız mündəricatı onun nə qədər yüksək
peşəkarlıqla, sevgi və həssaslıqla
yazıldığını göstərir: Ürfan
çırağı, İkinci nəfəs, Şimal küləkləri
sərtləşir, Döyüşən təhsil, Genişlənən
üfüqlər və sair. Maraq yalnız bu
adlarda deyil, onların tarixi faktlarla, 50 müxtəlif kitabdan
yararlanmaqla, yüzlərlə şahidin fikirlərinə
istinadla zənginləşdirməkdədir. Mən elə
zənn edirdim ki, ömrümün böyük hissəsini həsr
etdiyimə, bu şərəfli tarixlə bağlı bir
neçə kitabın ərsəyə gəlməsində və
buna həsr olunmuş üç filmin yaranmasında yaxından iştirak etdiyimə
görə universitetimizin tarixini yaxşı bilənlərdən
biriyəm. Misir müəllim növbəti dəfə
məni təəccübləndirib heyrətdə qoydu ki, hələ
bilmədiyimiz nə qədər həqiqətlər var
imiş. Professor Misir Mərdanov kitabda dəfələrlə
qeyd edir ki, Bakı Dövlət Universitetinin tarixi ölkəmizin
tarixi ilə həmahəngdir və bu tarixi bilmək, elə
Azərbaycanın tarixini bilmək qədər maraqlı və
zəruridir. Respublikamızın tarixində olan ağ ləkələr BDU-nun tarixində də
mövcuddur və hər dəfə belə fundamental
araşdırmalar bu ləkələrin sayını və
ölçüsünü azaldır. "Ürfan
çırağı" kimi dəqiq və bir qədər
də romantik ad qoyduğu birinci fəsildə Misir müəllim
universitetin yaranma yolunda gedən gərgin mübarizələri,
siyasi və şəxsi səbəbləri, tarixi zərurəti
və tale oyunlarını, bu yoldakı fədakarlıqları
və çətinlikləri böyük ustalıqla, həm
də arxiv materialları əsasında, elmi dəlillərlə
açıqlayır. Bu cahanşümul hadisənin banilərinin
Bakıda universitet açılmasını heç cür qəbul
etməyən ermənilərlə, 6-7 aydan sonra hakimiyyətə
gəlməyi planlaşdıran və Universitet
açılmasını da öz hökumətlərinin
tarixinə yazmaq istəyən bolşeviklərlə, dünyəvi
elmlərin öyrənilməsini kafirlik hesab edən yerli
mövhumatçılarla, bu işə pul xərcləmək
istəməyənlərlə və daha kimlərlə
mübarizə apara-apara qurduqları Universitetin ən çətin
məqamlarda da ayaqda durması, tarixin sınaqlarından
üzüağ çıxması kitabda fəsil-fəsil
yazılıb.
Maraqlıdır ki, XX əsrin 70-ci illərinə kimi
BDU-nun tarixi ilə bağlı, demək olar ki, heç bir
kitab yazılmamışdı və Xəlil Əlimirzəyevin
1969-cu ildə rus dilində (!!!) yazdığı
"Azərbaycan Dövlət Universiteti 50 ildə"
adlı kitab ilk hesab edilə bilər. Bu kitabda da, 1929-cu ildə
Aleksandr Makovelski tərəfindən qələmə
alınmış "Lenin adına Azərbaycan
Dövlət Universiteti, birinci onillik" adlı kitabçada
olduğu kimi, universitetin yaranması bolşevik hərəkatının
nəticəsi, Sovet siyasətinin məhsulu kimi təqdim
olunur. Bildiyimiz kimi, A.Makovelski bu kitabı BDU-nun ilk rektoru
olmuş və hər şeyi olduğu kimi deyən (buna
görə bir çox cəzalarla rastlaşan) Vasili
Razumovskinin 1922-ci ildə yazdığı "Bakıda
universitetin təsis edilməsi" kitabını "ləkələmək"
üçün yazmışdı, nəticədə isə
sonuncu kitab uzun onilliklər yasaq edilmiş, həqiqətlərin
üzərinə tor çəkilmişdi. Professor
Misir Mərdanov həmin tor pərdəni götürə
bilib, dövrün həqiqətlərini arxiv materialları, dəqiq
mənbələr hesabına açıqlayıb və həm
də bu işin öhdəsindən böyük məharətlə
gəlib.
Kitabda
BDU-ya qısa müddətə rəhbərlik etsələr də,
indiyədək heç bir kitabda rektor kimi adı verilməmiş
İvan Şirokoqorov, Abdulla Yusubov, Hüseyn Quliyev, Bəhram
Əsgərov, Firudin Qurbanov kimi görkəmli şəxsiyyətlərin,
həmçinin, universitetdə çalışmış və
öz sahələri üzrə elm tarixində iz qoymuş,
ancaq "nədənsə" unudulmuş dəyərli
ziyalıların adlarının və haqlarında məlumat
verilməsi tarix baxımından çox əhəmiyyətlidir.
Bu çox dəyərli kitabda ilk dəfə BDU-nun 60 və
70 illik yubileyləri ilə bağlı məlumatlar verilir. 1989-cu ildə ermənilərin
törətdiyi separatizm nəticəsində ölkədə
baş verən hərbi və siyasi gərginliklə
bağlı 70 illik yubileyin qeyd edilməməsi, tarix
kitablarında bu yubileyin üstündən sükutla
keçilməsi başa düşülən olsa da,1979-cu ilə
təsadüf edən 60 illik yubiley barədə heç bir
kitabda məlumatın olmaması bir qədər qəribə
görünürdü. Yuxarıda qeyd edildiyi kimi,
bütün bu tarixlərin canlı şahidi olan professor Misir
Mərdanov yadında qalan həmin hadisələri qəzet səhifələrindən,
arxiv sənədlərindən axtarıb tapıb və ilk dəfə
Azərbaycan oxucusu həmin yubileylər, onların dəqiq
tarixi, təşkilat komissiyaları,
mükafatlandırılanlar və digər önəmli məlumatlar
haqda bu qiymətli kitabdan oxuya biləcəklər.
Daha bir
ilk odur ki, Misir müəllim gərgin araşdırmalar,
axtarışlar nəticəsində BDU ilə bağlı
bütün əsas sənədləri, Fərman və Sərəncamları,
Qərar, Qətnamə və
Əsasnamələri tapıb və onları bu kitabda
ardıcıllıqla çap edib. Bununla da Misir
Mərdanovun "Bakı Dövlət Universiteti" kitabı
gələcək nəsillər üçün həm də
bir arxiv toplusuna, elmi məlumat mənbəyinə
çevrilib. Mövzular üzrə
müxtəlif foto şəkillərin verilməsi, həmin
fotoların bir çoxunun ilk dəfə işıq
üzü görməsi də kitabın xüsusi məziyyətlərindən
sayılmalıdır.
İlk dəfə olaraq professor Misir Mərdanov BDU divarları arasında baş verən ən mühüm hadisələri, ölkədəki siyasi proseslərə universitetin münasibətini, bəzi hallarda əks reaksiyasını, buradakı rezonansı, həssaslığı, sərtliyi və humanistliyi, nəticə etibarı ilə bütün gərginliklərin ali məqsədə - milli mənafelərin qorunmasına həsr olunduğunu qələmə alıb. Kitabı oxuduqca, pillə-pillə inkişaf edən universitetdə yaranan elmi məktəblər, intensiv pedaqoji proses, formalaşan şəxsiyyətlər, qurulan tədris mexanizmi, mürəkkəb və təkrarsız hadisələr göz önündə canlanır. Misir müəllimin kitabında xalqın min illik arzuları kimi pöhrələnib 1919-cu ildə ilk çiçəklərini açan möhtəşəm bir ağaca bənzəyən Bakı Dövlət Universitetinin tədricən böyüməsi, şaxələnməsi, kökləri ilə bu torpağa bağlanıb yüksəlməsi, 100 il vicdanla, namusla xalqına xidmət etməsi, yeni nəsilləri öz kölgəsində bəsləməsi sevgi ilə işıqlandırılır. Ürək ağrısı ilə sınaq dövrləri səhifələnir: ona daş atanlar, ayağını dartanlar, başından basmaq istəyənlər xatırlanır, 1930-da bağlanması, 37-də rektorları da daxil olmaqla alimlərinin güllələnməsi, 41-də tələbələri qarışıq rektorun müharibəyə - güllə qabağına göndərilməsi, 5 dəfə adının dəyişdirilməsi xatırlanır, ancaq qayəsi, əqidəsi, əsas missiyasının dəyişmədiyi qırmızı xətlə vurğulanır: o, yaşayaraq milli ziyalı təbəqəsini formalaşdırdı, elmin, təhsilin bünövrəsini yaratdı, alimlər ordusu yetişdirdi, elmi məktəblər və ali təhsil şəbəkəsi qurdu, ən əsası isə - ən çıxılmaz vəziyyətlərdə də millətin ruhunu ölməyə qoymadı!
Bəli, professor Misir Mərdanov bu kitabında açılmamış bir çox səhifələrə çıraq tutur, bilmədiyimiz (və ya bilib qələmə almadığımız) dəyərli və zəngin tarixi məlumatları dərin mühakiməsinin süzgəcindən keçirib tutarlı ehkamları ilə bizə çatdırır. Misir müəllim bu kitabla hadisələri əksəriyyətinin şahidi və iştirakçısı kimi Bakı Dövlət Universitetinin keçmişi ilə bu günü arasında bir növ körpü rolunu oynayıb, olayları bir-birinə bağlayıb, xalqın və ölkənin həyatının ayrılmaz parçası olan BDU-nun şərəfli tarixinin ən maraqlı salnaməsini yaradıb.
Bu körpünün hələ uzun onilliklər xalqa xidmət etməsi arzusuyla...
Fikrət ŞİRİYEV
BDU-nun dosenti
525-ci qəzet.- 2021.- 15 iyun.- S.17.