Köynəyi yaşıl oğlanlar
ƏBƏDİYYƏTİNİZ
MÜBARƏK, VƏTƏN SEVDALILARI!
Bütün
insanların tərcümeyi-halında məzmun və mahiyyətcə
eynilik təşkil edən, yaşadığı ömür
yolunda mütləq olan sətirlər var: doğulduğu
tarix, təhsili, iş yerləri, bu sıradan şəxsi həyatına
məxsus illərin əksi... və nə vaxtsa haqqa qovuşduğu tarix. Bunlar ali
varlığın yaşadığı tale, pozulmayan alın
yazısıdır. Fərqli olan isə necə
yaşamasıdır.
Enişli-yoxuşlu yollardan, mübarizələrdən
keçərək ləyaqətli bir ömrü haqq etmək
də, boşuna yaşayıb özündən sonra bir iz
qoymamaq da həyat vərdişindən yaranır. Əslində,
hər ikisi də insanın doğulduğu ailədə
aldığı tərbiyədən qanına-canına hopur.
Kiçiklər böyüklərdən
gördüklərini əxz edirlər. Onların
hansı əxlaqda, düşüncədə olmaları da məhz
burdan rişələnir...
Yaxın
günlərdə Beyləqana səfərim zamanı ulu yurdda
doğulan, qədim torpağın suyu, çörəyi ilə
böyüyüb yetkinlik yaşına çatan, elin təbirincə
desəm, çiçəyi burnunda gedən iki dostun, şəhidin
ailəsində olarkən təkzibi olmayan bu həqiqəti bir
daha düşüncəmdən keçirdim... Haqqında
söz açmaq istədiyim dostlar eyni ildə (2000)
doğulub, bir sinifdə oxuyublar, həm də bir küçədə
yaşayırdılar, qonşuydular. Kim
bilir, yeniyetməlik köynəyindən təzəcə
çıxmış bu oğlanların qəlbində
göy qurşağı gözəlliyində nə qədər
arzuları, istəkləri varmış. Elə
eyni dərdlə, toxdaqlıqla yaşayan, sinələri
qürur hissilə döyünən anaların da
oğullarından miras qalan dostluğu oxşar talelərində
yaşamaq qisməti varmış. Hələ qara paltarlarını
əyinlərindən çıxarmayan anaların həyat vərdişləri
od olub ürəyimi qarsdı. Ətrini
oğlunun şəkillərindən, əsgər
paltarlarından alan hər iki ana elə bil
doğma ruhların arasında gəzirdilər. Gecənin bir
aləmində darvaza taqqıltısından diksinib oyanan,
gözləri yollardan yığılmayan dərddaşların,
acısını öynəsinə yavanlıq edən
anaların havasından necə qarsılmayasan...
İlk
döydüyüm darvaza şəhidimiz Munis Həbibulla
oğlu Abbaslının yaşadığı ev
oldu. Həyətə ayaq qoyandan evin adamları
məni araya aldılar. Gəlişimin məqsədini
açıqlamasam da, duymuşdular. Qəfil qonaq - qələm
adamı şəhidin yaşadığı evə hansı məqsədlə
gələr! Gözləri üzümə zillənən
ata-ana hardan və nədən başlayacağımın
intizarındaydı. Mənimsə müsahiblərimə
sualım yox, ricam oldu: mənə Munisin həyatından
danışın.
Ata
oğulun ləyaqətlə yaşadığı gödək
ömrünə işıq çilədi: “Nəzərimdə
hələ dünənki uşaq olan Munis elə bil birdən
boy atdı. Onun könüllü olaraq
müharibəyə gedib cəsarətlə döyüşməsi,
düşmənə qan uddurması oğlumu gözümdə
ucaltdı. Munisin ən böyük arzusu
30 ilə yaxın işğalda olan dədə-baba
torpaqlarımızı azad etmək, erməni təxribatlarının
qarşısını almaq, qollu-qüvvətli igid kimi
düşmənin qabağında sipər olmaqdı.
Oğlum son nəfəsinəcən məqsədi yolunda
döyüşdü...”
Munis Həbibulla
oğlu Abbaslı 2000-ci il martın 18-də
qədim yurd yerlərimizdən olan Beyləqanda doğulub. 2006-2017-ci illərdə şəhər 2 nömrəli
orta məktəbdə təhsil alıb. Elə
bu illərdə əxlaqı, istiqanlı olması, dosta sədaqəti,
daim öz üzərində çalışması ilə
hamının rəğbətini qazanıb. İdmanı (sərbəst güləşlə məşğul
olub) həyat tərzində inkişaf edirən məktəbli
oğlan 2010-cu ildə Xocavənddə keçirilmiş
yarışlara qatılaraq birincilik qazanıb.
M.Abbaslı
2018-2019-cu illərdə Sərhəd Qoşunlarının Qəbələ
rayonunda yerləşən hərbi hissədə hərbi
xidmətdə olub. Əsgərlikdən sonra (2
oktyabr 2019) "Azərpambıq" MMC-nin Beyləqan
pambıq emalı zavodunda yanğından mühafizə xidmətində
işə qəbul olunub. 2020-ci ilin 25
avqustuna qədər burada çalışıb. Həmin vaxtda Munisin məqsədi müddətdən artıq hərbi
xidmətdə olmaq idi. O, fikirləşmədən sənədlərini
Hərbi qulluqçuların hazırlığı kursuna
verir və müraciətinə əsasən kurs keçən
Munis Beyləqan rayonunda yerləşən N saylı
moto-atıcı hərbi hissəsinin Piyadanın
Döyüş Maşını (PDM-3) taborunda PDM-li
manqanın baş atıcısı vəzifəsində xidmətə
başlamış, cəmi 19 gün hərbi təlim
keçmişdi. Arzularının beşiyi olan
ürəyində təhsilini davam etdirmək də vardı.
Odur ki, sənədlərini Ağdam Dövlət
Sosial İqtisad Kollecinə verib. Qəbul
olunduğu haqda xəbəri eşidəndə o, cəbhədə
idi. Çünki işğalda olan
torpaqlarımızı faşist xislətli ermənilərdən
azad etmək istəyi ondan ötrü öndə olub.
Munisin döyüş yolu xidmət etdiyi hərbi hissənin
tərkibində Füzulinin Alxanlı kəndindən
başladı.
Cəmi 18 gün davam edən bu yol Füzuli, Cəbrayıl,
Xocavənd istiqamətində gedən qanlı-qadalı
döyüşlərdən keçdi. İşğalda
olan torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən oğullarımız kimi, Munis də
cəbhədə aslan kimi döyüşüb, rəşadət
göstərib, yaralı əsgərlərimizi
döyüş meydanından çıxarıb. Bütün bunlar haqqında valideynlərinə Munis
Abbaslının dəfnində iştirak edən cəbhə
yoldaşları danışıb. Deyiblər ki, Munis
torpaqlarımızın işğaldan azad olunması yolunda hər
an canından keçməyə hazır
olan oğul idi. Oldu da! O gün ermənilərin
atdığı minamyot 5 nəfər döyüşçünün həyatına son qoyub. Həmin vaxt Munisin bazı sümüyü zədələnib,
şah damarı qırılıb. Deyirlər,
ölümün gözünə dik baxan igidin, 9 saat
mühasirədə qalan şəhidin təbəssümü
çöhrəsində donubmuş... Munisdən
sonra evlərində onun məzun lentini tapıblar.
Yoldaşları yazıbmış: "Ən böyük
arzun şəhid olmaqdır. Arzu edirik ki, arzuna
çatasan". Munis yazıb: "İnşallah!"
Deyirəm, nə yaxşı ki, Vətən
savaşında iştirak etdiyi 18 gündə Munis imkan
tapdıqca doğmaları ilə telefon əlaqəsi
yaradıb.
İndi Şəhidin yadigar səsi doğmalarından
ötrü yanan ürəyə çilənən sərin
su kimidi...
"Ana, komandir bizi "Quran"ın altından
keçirib.
Bizə heç nə olmaz.... Ermənilər
başımızın üstündən "Qrad"
yağdırır. Siz də dualarınızı dolu
kimi yağdırın... Ana, ya yaralı qayıdacam, ya da
bayrağımıza bükülüb gələcəm..."
Ana fəryad qoparır: "Mən səni ölməyə
yox, öldürməyə göndərmişəm, oğul.
Təki əsir düşmə, bu ağrını yaşaya
bilmərəm..." Munisin səsi: "Hər gün sabaha
diri çıxanda sevinirəm, məni saxlayan sənin
dualarındı, ana..."
Söhbətimiz
boyu başı sinəsinə əyilmiş Kəmalə
xanım birdən-birə dikəldi, nəmli gözlərilə
oğlunun divardan asılmış şəklinə baxdı:
"Balam qanı ilə tarix yazdı... Nə qədər
qolundan-qıçından, gözlərindən şikəst
olanlar var. Deyirdim, gözümü gözdən şikəst
olan bir qazimizə verəcəm. Balamdan
sonra göz yaşım selə döndü. O gün
yoxdu ki, ağlamayım. Daha gözlərim də
tutulub. Kor gözün gözsüz qaziyə nə
köməyi..."
Amma belə qəmgin danışan Kəmalə
xanımın təskinlik yeri də var. Deyir, xoşbəxt
anayam ki, oğlum əsir düşmədi. Ən
böyük təskinliyim odur ki, yaşadığımız
küçəyə oğlumun adı verilib. Hər
gün divara həkk olunmuş "Munis Abbaslı küçəsi"
sözlərini oxuyanda elə bil qulağıma səsi gəlir,
bikef olma, ana, yanındayam, - deyir. Oğlumun, ölümündən
sonra, "Füzulinin azad olunmasına görə", "Vətən
uğrunda", "İgidliyə görə"
medalları ilə təltif olunması da ürəyimi
toxdadır.
Atası
da oğlu ilə telefon söhbətlərini xatırlayır:
"Munis deyirdi, ata, müharibə dəhşətdir, faciədir.
Günorta bir yerdə çörək yediyim əsgər
yoldaşımın həmin gün meyitini
daşıyıram... Ermənilər qadağan olunmuş
silahlardan Gəncəyə, Bərdəyə, Beyləqana
atanda Munisin aramsız zəngi gəldi, qəzəbi səsində
partladı: ata, bu yurdsuz-yuvasızlar cəbhə bölgəsindən
uzaqda yerləşən yaşayış yerlərimizə də
atdılar. Biz bu qansızların cavabını elə
döyüş meydanında veririk, verəcəyik də..."
Söhbət əsnasında öyrəndim ki, Munisin
atası Həbibulla Abbaslı I Qarabağ müharibəsində
iştirak edib.
2016-cı ildə Aprel döyüşlərində
isə əsgərlərimizə silah-sursat daşıyıb. Həbibullanın əmisioğlu
Ramiz Abbaslı da I Qarabağ müharibəsində şəhid
olub, Milli Qəhrəmandır. Qismətə bax ki, Ramiz
şəhid olan günün səhəri atəşkəs
elan olunub... Sən demə, Munisin qəlbində
çağlayan Vətən sevgisi, yurda, torpağa
bağlılığı kökdən və ailə tərbiyəsindən
gəlib...
***
Şəhid Toğrul Ramil oğlu Atakişiyevin
yaşadığı evin qarşısındayam. Toğrulun əsgər
geyimində darvazaya bənd edilmiş portretindən boylanan
sakit, ciddi baxışları bura gələnlərə sanki
xoş gəldin deyib, evə dəvət edir. Bilmirəm,
Toğrul qapılarının ağzında "dayanandan"
bu cür qarşılanmaq qonaqlara necə təsir edib, mənə
gəlincə, qəlbimdə duyduğum rahatlıqla həyətə
qədəm basanda anladım ki, Şəhidin adını anan
hər kəs bu evdə ehtiramla, mehribanlıqla
qarşılanır...
Toğrul da cəmi 20 bahar gördü. Hamı kimi
qayğısız uşaqlıq çağlarını
yaşadı, orta məktəbdə təhsil aldı. Bütün yaşıdları kimi onun da qəlbi
şirin arzularla çağladı. Amma qeyrətli
oğul kimi dərk etdi ki, arzularına yol işğalda olan
torpaqlarımızı düşmən tapdağından azad
etməkdən keçir...
Üç ay imiş ki, Lənkəranda Hərbi Polis
şöbəsində işləyirmiş. 2020-ci il
oktyabrın 1-də bir bölümün tərkibində Beyləqana
ezam olunub. Üç gün Cəbrayılda
(könüllü olaraq) döyüş meydanından həlak
olanların meyitlərini və erməni əsgərlərinin
qoyub qaçdıqları hərbi qənimətləri
çıxarıblar. O, Cəbrayıl, Füzuli,
Hadrutdan Beyləqana morqa gətirilən meyitləri
qarşılayırmış. Cərciz Peyğəmbərin
uyuduğu məkanda meyitləri yuyub-kəfənləyəndən
sonra ailələrinə göndərirlərmiş...
Geniş, işıqlı otağa qədəm qoyandan
Toğrulun kiçik xalça üzərində toxunmuş
portreti diqqətimi çəkmişdi. Bildiyimə
görə, bütün şəhidlərin portretləri
toxunub ailələrinə hədiyyə olunmuşdu. Bu,
xalqımızın Şəhid oğullarına böyük
ehtiramının ifadəsiydi... Toğrulu
yaxından tanımaq üçün doğmaları ilə
söhbət etdim. Eşitdiklərimdən
duydum ki, filmlərdə gördüklərindən fərqli,
dəhşətli müharibənin içində olub igidimiz.
Yəqin geri dönəcəyi zaman hamıya başlarına gələnlərdən,
ermənilərə necə qan uddurduqlarından
danışacaqdı, bəlkə də cəbhə xatirələrini
yazacaqdı... Bunları xəyal edərkən
elə bil Toğrulun müharibənin od-alovu içindən
ucalan səsini eşitdim, boyunu gördüm. Bu məqamda çoxdan tanıyırmış kimi
onunla kəlmə kəsmək, səsini eşitmək istəyindəydim.
Şəhidim bunu hiss edirmiş kimi, gülümsər
baxışları ilə sanki mənə "xoş gəldiniz",
- deyib, çərçivədən
"çıxdı". Bu dəm anasının
pıçıltıyabənzər hüznlü səsini
eşitdim: “Canımda ağrıyan canım...” Toğrul
bir anda gözlərimin qarşısından çəkilib
xalçaya həkk olunmuş portretinə
"qayıtdı".
Ana için-için sızıldayırdı. Deyirdi, balamı torpağa tapşırandan hər gün paltarlarını töküb üstündə ağlayırdım. Bir gecə yuxuda gördüm ki, əsgər geyimində evə gəldi, ana, paltarlarımı aparmağa gəlmişəm, - dedi. Gecə-gündüz göz yaşı tökdüyüm balama əyan olubmuş... Araya çökmüş sükutu ata pozdu: "Bir küçədə yaşadığı sinif yoldaşı Munisi morqda Toğrul tanıyıb. Dostunun itkisinə dözə bilməyən balam "qanlı döyüşlərə qatılmalıyam, it uşaqlarını qırmasam, ürəyim soyumaz" - deyib, qan-qadanın içinə könüllü getdi. Hadrut, Tuğ istiqamətində gedən odlu döyüşlərdə iştirak etdi. Şəhid olan gün səhər telefonda mənə dedi ki, zəng çatmasa, axşam özüm zəng edərəm. Elə o gün Toğrulu Hadrutda minamyotla vurublar, meyiti 4 gün neytral zonada qalıb..." Oktyabrın 21-də şəhadətə qovuşan balamızı ayın 25-i, gecə ailəsinə gətiriblər. Ertəsi gün Şəhidimizi Cərciz peyğəmbərin uyuduğu torpağa tapşırıblar...
Doğmalarının Toğrul haqqında dedikləri hər söz, yaşadıqları ağrılar, sızıltı ürəyimi sıyırsa da, elə onlar kimi toxdaq görünməyə çalışırdım. Çox qeyrətli, ağıllı, övlad imiş. Aiənin çətin dolanışığını görüb deyirmiş ki, fikir eləməyin, hər şey yaxşı olacaq. Gələcəyinə ümidlə baxırdı. Özünə ikimərtəbəli ev tikmək istəyirdi. Amma sevdiyi qıza ürəyini açmağa belə macal tapmadı...
Eşitdiklərimin təsirindəykən atanın səsinə özümə qayıtdım: "Axır günlər mənə deyirdi: "Ata, heç kimə pislik eləmə, həmişə ürəyin Allahla olsun, Yaradanımıza dua elə". Və bir gecə yuxuda gördüm ki, böyük bir çay boyu bəlkə mindən çox əsgər geyimində oğlanlar balıq tuturlar. Toğrul da onların arasında idi, mənə baxıb gülümsəyirdi. Qəflətən qayıtdı ki, məndən ötrü göz yaşı tökməyin, elə gözəl yerdəyəm ki..."
Toğrul da qeyrətli bir kökün qorundan od almışdı. Bu ailədə hər kəs sanki "Cəngi" havasının sədaları altında doğulmuşdu. Vətən torpaqlarının təəssübkeşiydilər. Şəhidimizin əmisi İlham Atakişiyev I Qarabağ müharibəsində rəşadətlə döyüşüb, veterandır. Dörd qardaşın ailəsində dünyaya gələn yeganə oğul övladı Toğrul hamının sevinci, ümid yeriydi. Gözəl əxlaqa, tərbiyəyə malik olan cəngavər hər an döyüşə hazır idi. Alın yazısı onu da yüksək məqama çatdırdı. Düşmən çəpəri olan igidimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda özünü fəda etdi, canından çox sevdiyi bayrağımıza bükülərək torpağa tapşırıldı. Toğrul "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub...
Soydaşlarımız zaman-zaman ata-baba yurdlarından didərgin oldular, qaçqın, məcburi köçkün kimi qərib yerlərə səpələndilər, amma bitib-tükənmədilər. Yenidən dirçəlib birləşdilər, kök atdıqları əzəli torpaqlarına sahiblik etməkdən ötrü ayağa qalxdılar. Munislə Toğrul kimi...
P.S. Yolboyu onları məktəbdə, evlərində, küçədə "görməyə çalışdım". Deyəsən, bacardım. Bax, mənə sarı gəlirlər, yaxınlaşıb utancaq bir təbəssümlə salamlaşdılar. Ömrün qələbə çağlarını yaşayan bu oğlanlar yaşıl köynəkdəydilər. Vətən müharibəsinə də yaşıl arzularla getdilər, yağı düşməndən intiqam aldılar, evlərinə bayrağa bükülüb qayıtdılar. Göy səmanın altında yaşıl köynəklərində torpağa əmanət oldular. Sinələrində qırmızı güllər bitirdilər...
Əbədiyyətdə dirçəlişiniz
mübarək, Vətən sevdalıları...
Şəfəq
NASİR
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 15 iyun.- S.14;15.