Duyğu və düşüncələrimizə
tərcüman olan kitab
Yazıçı-jurnalist Vahid Məhərrəmovun bu günlərdə mənə
bağışladığı "Müharibənin qanlı kölgəsi" adlı
kitabını oxudum və mənəvi
zövq aldım. Həmkarım Vahid Məhərrəmovun
romanı vaxt etibarı ilə zəfər tariximizdən
əvvəl yazılsa
da, ordumuzun inkişaf meyillərini, keçirdiyimiz hərbi əməliyyatların mənfi
və müsbət təzahürlərini fərqli
bir biçimdə əks etdirən bu kitab yüksək
qiymətə layiqdir.
"Müharibənin qanlı kölgəsi"
romanındakı obrazlar
səngərdə, döyüş
meydanında doğulan
ordumuzun irili-xırdalı
döyüş fəaliyyəti
axarında formalaşmış
mənəvi simalardır. Üstün
əxlaqi dəyərlərə
malik olan obrazlar qalereyasında vətənin xilası üzrə hərənin öz sözü, öz nicat yolu
var. Təbii ki, romanda əsas qəhrəmanlarla yanaşı,
sıravi surətlərin
haqlı və haqsız mövqeləri qarşı-qarşıya qoyulur,
şəxsi talelərin
ibrətamiz məqamları
önə çəkilir.
Romanın süjet xətti iki hissədən ibarətdir. Birinci hissədə yeddi fəsil, ikinci hissədə isə on fəsil olmaqla müharibənin doğurduğu
cürbəcür bəlaların
insan taleyinə vurduğu zərbələr,
Xocalı ağrıları,
ünvanına yetişməyən
məktubların tarixçələri,
tarixi saxta olan ermənilərin fırıldaq əməlləri,
döyüşə təlimsiz
gedən əsgərlərə
baxış bucaqları
və sair kontekstlər maraqlı süjetlər əsasında
məharətlə qələmə
alınıb. Əsas qəhrəman
kimi Fikrətin həyat yolunda biz çox həqiqətlərin
şahidi oluruq. Fotoqraf Əlinin obrazı da üstün cəhətləri ilə
fərqlənir. Ordu quruculuğunun
ilk çətinlikləri, döyüş prosesində
pərakəndəlik halları,
maddi-texniki təminat qıtlığı müdrik
bir tərzdə açıqlanır. Bu, söz yox ki,
hərbçi həyatı
yaşamış qələm
adamı kimi Vahid Məhərrəmovun
təcrübəsindən irəli
gəlir.
Bir incə
məqama da toxunmaq istəyirəm. Deyirlər ki,
ən bəxtsiz adamın da ulduzu var, amma
bəla o zaman ortaya çıxır ki, bu sayaq
şəxslər öz
ulduzunu tanıya bilmirlər. Müsbət cəhət kimi qeyd edə bilərik
ki, "Müharibənin
qanlı kölgəsi"
romanında canlandırılan
qəhrəmanlar öz
ulduzlarından xəbərsiz
deyil.
Dünyadakı savaşlar mahiyyət baxımından oxşar sayılsa da, erməni faşizminə qarşı apardığımız
ədalətli müharibənin
cahanda bənzəri yoxdur. Romanda həmin ideya
detallı şəkildə
təqdim edilir. İşğal tarixi hamıya
yaxşı bəllidir.
Bu müddət ərzində neçə-neçə
xəyanətlər üzə
çıxdı, mənəvi
acılar yaşadıq,
kəsilməyən fəryadlar
eşitdik.
Romanın əsas qəhrəmanlardan
biri olan tibb bacısı Məleykə xanımı
mən də tanıyıram və buna görə də tam əminlilklə deyə bilərəm ki, Məleykə obrazı real cizgilərlə
qələmə alınıb. O, işğal
dərdindən doğan
canüzücü kədərə
də, ağır döyüşlərin yaratdığı
təhlükəli məqamlara
da mərdanə dözüb. Mətin xarakterli Məleykənin
fədakar əməlləri,
xidməti öncüllüyü
qaniçən erməni
faşistlərinin törətdiyi
dəhşətli hadisələrdən
aldığı əzablar,
üç qardaşının
itkisi, ağrısı
fonunda elə əks olunur ki, çox nümunəvi bir hərbçi xarakteri ilə üz-üzə dayanır və ona böyük rəğbət bəsləyirik.
Fikrətin Məleykəyə verdiyi
cavab içimizi uzun müddət didib-dağıdan işğal
dərdinin real tərifini
ortaya qoyur: "Vallah, bu atəşkəsdən
bezmişik. Axı nə qədər
gözləmə mövqeyində
dayanacağıq? Axı səbrin
də, dözümün
də bir həddi, bir səddi olmalıdır.
Ermənilər getdikcə azğınlaşır,
işğal etdikləri
ərazilərimizdə məskunlaşır,
çöllərdə yanğınlar
törədirlər. Tez-tez təlim
keçirlər, istədikləri
vaxt atəşkəsi
pozurlar. Keçmiş illərdən dişlərində
şirə qalıb, ağılları əvvəlki
günlərə gedib,
yenə ərazilərimizi
ələ keçirmək
istəyirlər. Qoy bilsinlər
ki, bizim nə geri çəkilmək
fikrimiz, nə də yerimiz var. İşğala bu qədər dözdüyümüz
yetər. Qəsbkarlığın da bir sonu
olacaq, yoxsa yox?!"
Vahid Məhərrəmovun
roman qəhrəmanın dili
ilə yazdığı
bu fikirlər zaman etibarı ilə hamının ürəyindən xəbər
verir və müharibənin obyektiv şərtlərə əsasən
labüdlüyünü vurğulayırdı. Nə yaxşı ki, Qarabağ problemini öz gücümüz hesabına həll etdik, 44 gün davam edən Vətən müharibəsində
düşmənə qalib
gəldik, müqəddəs
arzularımız çin
oldu, məyusluğa
son qoyduq.
İstedadlı qələm yoldaşımız
Vahid Məhərrəmovun
növbəti kitabının
ruhunda azğın düşməndən intiqam
almağa, ordumuzun gücləndirilməsi naminə
şəxsi töhfə
verməyə çağırış
ideyası hakim qüvvə
kimi öz yerini tutur. Həmçinin,
nəql edilən hadisələrin axarında
müəllifin öz
doğmalarının, yaxın
qohumlarının və
dost-tanışlarının qaçqın-köçkün faciəsinin acınacaqlı
məqamları ilə
bağlı çıxardığı
haşiyələr yurddaşlarımızda
xain düşmənə
qarşı güclü
nifrət, doğma Azərbaycanımıza sönməz
məhəbbət hissləri
aşılanır.
İbrahim MƏSİMOĞLU
Hərbi
jurnalist, ehtiyatda olan polkovnik-leytenant
525-ci qəzet.- 2021.- 17 iyun.- S.13.