Azərbaycanda dövlət və din münasibətləri: dünyaya parlaq nümunə

 

YARADILMASININ 20-ci İLDÖNÜMÜ TAMAM OLAN DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN BU SAHƏDƏ MÜHÜM ROLU VAR

 

Çoxmillətliliyi və tolerantlığı ilə seçilən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri daima sülh şəraitində, dinc mühitdə, milli ənənə və dini inanclarını qoruyub saxlamaqla, azad şəkildə yaşayıblar.

 

Azərbaycanda heç vaxt milli, dini və irqi ayrı-seçkilik olmayıb. Müasir dövrdə də ölkədə bu zəngin ənənə dövlət tərəfindən qorunub saxlanılaraq uğurla davam etdirilir. Bu gün bütün dinlərin nümayəndələri ölkəmizdə öz dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər. Azərbaycanda müvafiq qurumlar beynəlxalq təşkilatlarla din və etiqad azadlığının təmin olunması sahəsində sıx əməkdaşlıq edərək vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər aparır. Azərbaycanda dini etiqad azadlığının təmin olunması ilə bağlı dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəyə rəhbərliyi dövründə bu sahəyə aid qanunvericilik bazası gücləndirilərək tolerantlıq ənənələri, etnik və dini qrupların hüquqlarının qorunması, dinlərarası münasibətlərin tənzimlənməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uğurla davam etdirir. 

 

DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİNİN SAĞLAM TƏMƏLLƏR ÜZƏRİNDƏ QURULMASI NAMİNƏ

 

Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində həyata keçirilən mühüm işlərdən biri 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasıdır. Bu qurumun fəaliyyətə başlaması ölkədə dini fəaliyyət sahəsində dövlət siyasətinin daha səmərəli həyata keçirilməsinə, tolerantlıq mühitinin gücləndirilməsinə və daha da inkişafına, gələcəkdə din sahəsində baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasına ciddi təsir göstərib.

 

Yarandığı gündən etibarən Dövlət Komitəsi din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması, dini etiqad azadlığı prinsiplərinin qorunması, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. 

 

DİNİ MAARİFLƏNDİRMƏ

 

Dini maarifçilik işinin təşkili, radikalizmlə mübarizə, ölkədə dini durumun öyrənilməsi, dini duruma kənar təsirlərin aradan qaldırılması, dini icmalarla digər dövlət qurumları arasında səmərəli münasibətlərin qurulması, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə yönəlib və bu sahədə kifayət qədər işlər görülüb.

 

Dövlət Komitəsinin fəaliyyətində maarifləndirmə işləri əsas yerlərdən birini tutur. Dini maarifləndirmə cəmiyyətdə dini təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Bununla bağlı, Komitə tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən, fərqli kateqoriyadan olan auditoriyaların maarifləndirilməsinə yönələn sənədli filmlər hazırlanaraq təqdim edilir. Ölkənin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa"lar təşkil olunur.

 

Maarifləndirmə istiqamətində işlər nəşrlər vasitəsilə də həyata keçirilir. Komitənin mətbu orqanları olan "Dövlət və din" ictimai fikir toplusu və "Cəmiyyət və din" qəzeti pulsuz şəkildə yayılır. Bütövlükdə, çap olunan dini ədəbiyyatın ümumi tirajı bəlkə də 100 mindən artıqdır. Təkcə 100-ə yaxın adda kitablar nəşr olunub.

 

Komitə dini maarifləndirmə işi aparmaq, dövlət-din münasibətləri və bu sahədə digər məsələlər barədə əhalini məlumatlandırmaq məqsədilə televiziya və radio yayımı kanallarından, kütləvi informasiya vasitələrindən də istifadə edir.

 

Dövlət Komitəsi ötən dövr ərzində dini maarifləndirmə sahəsində tədbirlərin təşkili, gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə əməkdaşlıq edir.

 

Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu maarifləndirmə işlərində fəal rol oynayır. Fondun vasitəsilə bir neçə film çəkilib ki, bu filmlər kifayət qədər uğurlu olub. Radikalizmə qarşı çəkilən "Şəhadət" və "Fitnə" filmləri demək olar ki, ölkənin bütün məktəblərində də nümayiş olunub. "Oxu!" filmi xurafata qarşı yönəlib, "Vəhdət qanımızdadır" filmi isə Azərbaycandakı İslam məzhəblərinin tarixən bir yerdə yaşamasının bariz nümunələrini özündə əks etdirir.

 

Komitə sosial şəbəkələr vasitəsilə də maarifləndirmə işləri aparır. Bu yöndə könüllü şəkildə qruplar formalaşdırılıb ki, bu qrupların səhifələri vasitəsilə maarifləndirmə işi davam etdirilir.

 

Əvvəlki illərlə müqayisədə dini durumun təhlili göstərir ki, bu gün cəmiyyətdə hər kəsin dini radikalizmlə bağlı məlumatı var. Ötən dövrdə cəmiyyətdə dini radikalizmlə bağlı məlumatlar yox səviyyəsində idi. Amma indi insanlar dini radikalizmin nə olduğu yaxşı bilirlər. Yəni Komitə dini radikalizmə qarşı cəmiyyətdə mənəvi immuniteti formalaşdıra bilib. Zərərli sayılan dini təriqətlər və cərəyanların fəaliyyəti son dövrlər zəifləyib. İstər İslamla bağlı dini radikalizm cəhdlərinin, istərsə də xristian dini yönündə missioner qrupların zərərli fəaliyyətinin qarşısı alınıb. Dövlət Komitəsi tərəfindən bu sahədə görülən önəmli işlərin nəticəsidir ki, ölkədəki dini durum bütün dünyaya nümunədir.

 

MÜHÜM FƏALİYYƏT

 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, keçən müddət ərzində Komitə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirərək, din-dövlət münasibətlərinin formalaşmasında əhəmiyyətli addımlar atıb. Dövlət Komitəsinin din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından çox böyük əhəmiyyət kəsb edir: "Komitə tərəfindən ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs, qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi istiqamətində önəmli addımlar atılıb". 

 

MÜHÜM İŞ

 

Komitə tərəfindən dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək, ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması istiqamətində müvafiq işlər görülür. Qurum tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi, radikallığı təbliğ edən yüzlərlə kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

 

Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə çap olunan, ölkəyə idxal edilən dini ədəbiyyatların dinşünaslıq ekspertizasının aparılmasıdır. Dinşünaslıq ekspertizasının məqsədi kitablar arasında dinin təhrif olunduğu materialları seçərək məlumat verməkdir. Bu cür ədəbiyyatların ölkəyə idxal olunmasının qarşısı alınır. Eyni zamanda, ekspertiza ölkədə çap olunan zərərli dini ədəbiyyatların yayılmasına icazə verilmir. 

 

KOMİTƏNİN ƏSAS HƏDƏFİ

 

Komitənin əsas hədəflərindən biri xaricdən idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəniyyatların sayını artırmaqdır. Xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkələrin həyat tərzinə, dövlət-din münasibətlərinə uyğundur, həmin xalqın dinə baxışını əks etdirir, baxmayaraq ki, zərərli deyil. Hər bir xalqın dinə baxışı var, özünün dövlət-din münasibətləri var. Bu baxımdan dini ədəbiyyatın əksəriyyətinin məhz Azərbaycanda yerli müəlliflər tərəfindən hazırlanması Komitənin əsas hədəflərindəndir. Bu istiqamətdə ötən illər ərzində qurum tərəfindən xeyli işlər görülüb. Əgər illər öncə ölkədə çap olunan dini ədəbiyyatın yalnız müəyyən faizi yerli müəlliflər tərəfindən yazılırdısa, indi əksər faizini yerli müəlliflər təşkil edir.

 

MİLLİ MƏNAFEYİMİZƏ XİDMƏT 

 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Dövlət Komitəsi tərəfindən dini ədəbiyyatlar və bu kimi məlumatlandırma vasitələrinin ölkəyə gətirilməsi və təbliği məsələsinə ciddi şəkildə nəzarət edilir. Bu da Azərbaycanın dövlət və milli maraqlarına xidmətdir: "Hər bir fikir adamı bilir ki, dünyada təhlükəli "dini müqavimət"in qarşısını siyasi güclə almaq mümkünsüzdür. Düşünürəm ki, Azərbaycanda yad təsirlərin, radikal düşüncələrin qarşısının alınması üçün mövcud addımlar atılır. Dövlət-din münasibətlərinə təsir etmək imkanının ən asan yollarından bir məhz dini ədəbiyyat vasitəsilə həyata keçirilir. Buna görə də bir sıra ədəbiyyatların vaxtında zərərsizləşdirilməsi, ifşa olunması və hətta nəzarətdə saxlanması işi Komitəsi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu da Azərbaycan xalqının mənafeyinin qorunmasına yönəlik addımlardır".

 

C.Əzimbəyli qeyd edib ki, dini ədəbiyyatlara nəzarət dövlətin təhlükəsizliyi üçün başlıca şərtdir: "Çünki bəzi ədəbiyyatlarda dövlətin maraqlarına zidd olan, dinlərarası, məzhəblərarası münasibətləri pozmağa yönəlmiş çağırışlar olur. Ona görə də nəzarətinin gücləndirilməsi təqdir olunasıdır və milli mənafeyimizə də ən böyük xidmətdir".     

 

SÜLH VƏ ƏMİN-AMANLIQ İÇİNDƏ

 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevin dediyinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət tərəfindən qarşıya qoyduğu məqsədlərinə çatmaq üçün gördüyü qlobal işlərin nəticəsidir ki, bu gün ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədədir və xalqımız sülh və əmin-amanlıq içində yaşayır: "Komitə dövlətin din sahəsindəki rəsmi mövqeyini təmsil etməklə, dövlətin dinlə bağlı siyasətinin qurulmasına xidmət edir. Bu dövlət qurumu din-dövlət münasibətlərini əsas üç amillə tənzimləyir - azərbaycançılıq, dünyəvilik və milli-mənəvi dəyərlər. Bu kontekstdə inkişaf etdirilən din-dövlət münasibətləri cəmiyyətimizin müsbət istiqamətdə inkişafına təkan verir".

 

BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDƏN İŞLƏR

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından çox böyük əhəmiyyət kəsb edir: "Komitənin ölkədə tolerantlıq mühitinin zənginləşməsi, dini maarifləndirmə işinin uğurla həyata keçirilməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərinə münasibəti ilə hamıya örnəkdir, nümunədir. Bu da heç şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsində Komitənin çox böyük rolu var".

 

Sevinc QARAYEVA

 

 525-ci qəzet.- 2021.- 17 iyun.- S.11.