Fraqmentlər haqqında etüdlər  

 

 

MƏNTİQSİZLİYİN MƏNTİQİ, YAXUD ZÜLÜMOVÇULUQ NƏDİR? 

 

"Əhməd haradadır?" filmindən aşağıdakı epizodu yada salaq:

 

...Zülümov siyahıya baxıb ilk adı oxuyur:

 

-  Əhməd Əliyev nömrə bir.

 

Şofer Əhməd irəli yeriyib deyir:

 

-  Mən hazır.

 

Zülümov onu ilk dəfə görürmüş kimi başdan-ayağadək süzərək üzünü oğlunu axtaran Nərgiz xalaya tutur:

 

-  Oğlunuz deyil ki?

 

...Məncə, Azərbaycan kinosunda absurdun tarixi məhz bu kadrlarla, bu replika ilə başlayır, çünki bu məntiqsizliyə, bu cəfəngiyyata başqa ad vermək mümkün deyil.

 

Zülümovun sonrakı hərəkətlərinə, replikalarına absurdluq kontekstində baxmasaq, o, çoxlarının elə indi düşündükləri kimi zırrama, axmaq, ağıldan kəm adam təsiri bağışlayacaq,

 

Axı heç ağıllı adam da 60 yaşlı kişini 50-55 yaşlı ər-arvadın yanına aparıb deyərmi li, muştuluğumu verin, bu da  oğlunuz Əhməd Əliyev?

 

Tikinti idarəsi rəisinin köməkçisi vəzifəsinə qədər yüksəlmiş adam Əhməd Əlibaba oğlunu Nərgiz xalaya onun doğma oğlu kimi sırımaq istəyəndə məgər normal məntiqləmi fikirləşir?

 

Bəşir Səfəroğlunu - yetim Əhmədi növbəti dəfə Şirin kişiyə təklif edəndə bu ağıldan kəmlik öz apogeyinə çatır: "Neyləsin? Yazıq yetim oğlandır".

 

Bəs bu obraz, bu situasiyalar filmin müəlliflərinə üçün lazım olub üstəlik,  süjetdə ona kifayət qədər yer ayırıb, "düşük" hərəkətlərini təkrar-təkrar sərgiləməsinə belə şərait yaradıblar?

 

İş burasındadır ki, Zülümov onun zahirən "qurşaqdan aşağı" hoqqaları ("Xala, sən elə itirə-itirə gedirsən. Bax ha, qorx ki, axırda  kişini itirəsən" replikasını yada salaq) milyonluq şəhərdə heç ünvanını da bilmədikləri oğullarını yalnız ad soyaddan  ibarət ipicunun köməyi ilə axtaran ər-arvadın əslində, daha məntiqsiz görünən hərəkətlərinə ironiya, xalq gülüşü mövqeyindən Molla Nəsrəddinsayağı yanaşmanın ifadəsidir. Bu mənada  Zülümov Nərgiz xalanın istəyinin absurd mahiyyətini dərk edən yeganə obrazdır . Əslində, o, yuxarıda yada saldığım   situasiyalarda öz "düşüklüyünü" nümayiş etdirmir, sadəcə Molla Nəsrəddin kimi axmaq roluna girib təlxəklik edir bu mənada filmdə absurd vəziyyətə absurd münasibət paradiqmasını (düşüncə modelini) təcəssüm etdirdiyinə görə başqalarından daha ağıllı təsir bağışlayır.

 

Zülümov Azərbaycan kinosuna heç kəsin dilə gətirmək istəmədiyi həqiqətlərin birbaşa ifadəsi olan "təlxəklik fəlsəfəsini" gətirən ilk obrazdır.

 

Onun zahirən məntiqsiz, absurd təsir bağışlayan hərəkətlərinin, replikalarının məntiqi elə bundadır.

 

ŞƏRƏFSİZLİYİN ANATOMİYASI

 

("Böyük dayaq" filmindən bir epizod haqqında)

 

Bir yazımda demişəm: "Kinonun ən fərqli xüsusiyyətlərindən biri odur ki, lap təsadüfən gəlib kadra düşən hansısa bir nəsnə, səs, replika istər-istəməz informasiya mənbəyinə, yaxud da "qara" gücə çevrilir - ya filmin strukturunda öz yerini tapıb missiyasını yerinə yetirir, ya da "paxıllıqdan" pozuculuq funksiyasına başlayır, aranı qatıb, hər şeyi korlayır.

 

Dediklərimi "Böyük dayaq" filminin bir epizodu nümunəsində açım.

 

Kolxoz sədrinin müavini olmaq üçün hər cür şərəfsizliyə hazır olan Salman onu bu arzusuna çatdıra bilən Kələntər lələnin arxasınca quyruq tulası kimi sürünə-sürünə "it dili" çıxarır:

 

- olar, ay Kələntər lələ, bir bizim qapımızı açasınız... (yəni bizə qonaq gələsiniz - Ə.H.).

 

Pilləkənlə qalxan Kələntər dayanıb arxaya çevrilir deyir:

 

- Gələrəm, mütləq gələrəm... Varam Naznaz xanımım plovuna, gələrəm...

 

 

 

Burda 2 məqam diqqəti cəlb edir. Salmanın sözündən belə çıxır ki, Kələntər hələ onlarda olmayıb. Kələntərin replikasının ötürdüyü informasiya isə budur ki, ən azından o, Salmanın bacısı Naznazın bişirdiyi plovdan yeyib çox xoşuna gəlib.

 

Zahirən qəribə bir paradoks yaranır - olmaya qardaş bacısının Kəkəntərlə əlaqələrindən xəbərsizdir? (!) Amma dərhal da yeni suallar doğur: "Əgər belədirsə, üçün Kələntər Naznazla olan sirrini Salmana açır? Yaxud bu əlaqədən xəbər tutan Salmanın niyə heç tükü də tərpənmir?”

 

Bəlkə dialoq rejissorun ehtiyatsızlığı üzündən səhv qurulub?

 

Yenə də dilemma yaranır - ya Kələntər özünü unudub ağzından söz qaçırır, ya da  sadəcə olaraq fikrini düzgün ifadə edə bilmir, məsələn, deyək ki "Naznaz xanımın bişirdiyi ləzzətli plovun sorağı mənə də çatıb" -  demək istədiyi halda, çaşıb belə axmaq cavab verir.

 

Lakin Kələntər artıq Salmanın qonağı olduğu epizodda söz gəlib sədr müavinliyi məsələsinin üstünə çıxarkən Naznazın yerinə yetirdiyi kiçik bir jest hər şeyi yoluna qoyur və həmin paradoks da öz "aktuallığını" itirib, necə deyərlər, gedir  işinin dalınca. Sözügedən məqamda Naznaz qardaşının yanında əlini yad kişinin çiyninə qoyur, az qala ona sığınıb naz- qəmzə ilə sədr müavini vəzifəsinə ən "layiqli" namizəd olan qardaşını nişan verir...

 

Beləliklə, "səhv" ilğımı aradan qalxır, bütün sual işarələri nida işarələri ilə əvəz olunur, paradoks aksiomaya çevrilir, Salmanın və bacısının hansı əxlaqın yiyələri olmaları barədə gümanlara, ehtimallara əl yeri qalmır.

 

Bu məqamlar filmdə təsvirini bilavasitə tapmasa da, əslində, baş verən (və baş verəcək), çox mətləblərdən söz açır.

 

Bayaq haqqında danışdığım zahirən səhv təsiri bağışlayan "təsadüfi məqam" öz missiyasını bax beləcə mükəmməl tərzdə yerinə yetirərək çəkilib gedir..

 

ƏLİAĞA AĞAYEVLƏ FAZİL SALAYEVİN KƏŞFLƏRİ VƏ "HOQQALARI"

 

"Molla Cəbi" televiziya tamaşasında Əliağa Ağayevlə Fazil Salayevin məşhur duetini Azərbaycanda izləməyən az adam tapılar. Hər 2 aktyorun virtuoz ifası sayəsində ənənəvi mövzuda qurulmuş bu oyun aktyorluq sənəti dərsliklərinə daxil ediləsi bir səviyyədə klassik nümunəyə çevrilib.

 

Mən bu qeydlərdə bunların heç biri haqqında yox, Ə.AğayevinF.Salayevin sual və təəccüb nidalarından ibarət 2 replikası haqqında danışacam.

 

Tamaşanın süjet məntiqinə görə, hiyləgər, bic, fırıldaqçı Molla Cəbi sadəlövh, küt, bir az da ağıldan kəm Əlicanı tədricən  yox,  elə tanışlığın əvvəlində kəşf etməli idi. Çünki əsərin dramaturji quruluşu, hadisələrin sonrakı inkişafı bunu tələb edir. Bütün süjet boyu Molla Əlicanın qanmazlığı, kütlüyü ilə dialoqa girir, onunla sözün həm birbaşa, həm də məcazi mənasında oynayır, binəvanı müflis edib, necə deyərlər, "ikimərtəbəli" ölümə göndərir. Deməli, tamaşanın bütün fakturası da həmin o anın - Mollanın Əlicanı kəşf etdiyi məqamın məntiqindən doğur.

 

Bəs Ə.AğayevF.Salayev bu "həqiqət" anını necə oynayır, bizə necə çatdırırlar ki, nəticədə hadisələrin təbiiliyinə şübhə etməyə heç iynənin ucu boyda da əl yeri qalmır?

 

Həmin o məqamın dramaturgiyası belədir:

 

Əlican: Molla əmi, salam.

 

Molla Cəbi (tam ciddi): Ay əleyküssalam... Əyləş.

 

Əlican (bu sözün mənasını anlamadığında əcaib bir tərzdə): Haaay?

 

Molla Cəbi (dərhal üzünü yana çevirib isə vacib bir şeyi kəşf edirmiş kimi təəccüb qarışıq sevinclə):

 

- A-a-a... 

 

sonra da həngamə başlayır, başlayır:

 

- Deyirəm, otur, elə, elə..

 

Bu replika isə sonra baş verəcək 2-ci "tamaşanın"  üverturasıdır.

 

"Molla Cəbi" tamaşasının uğuru, məncə, həmin o iki dirəyin -  aktyorların özlərinin kəşfi olan " Hay?" və "Aaaa" nidalarının üzərində qurulub. Bu dirəkləri götürsən, tamaşadan heçqalmaz, necə deyərlər, ara qarışıb məzhəb itər...

 

ÖGEY ANANIN "DOĞMALIĞI"?

 

"Ögey ana" filmində demək olar ki, bütün personajlar İsmayılın yad qadını "ana" deyə çağırması, onu doğma anası kimi sevməsi uğrunda yarışa çıxır, uşağı az qala psix olmaq həddinə çatdırırlar. Amma nə qədər paradoksal olsa da, süni təsir bağışlayan  son kadrlara qədər İsmayıl və onun nənəsi öz dirənişlərində, protestlərində daha səmimi və inandırıcıdırlar.

 

Dilimizin izahlı lüğətində "ögey" sözü "doğma olmayan" mənasını verir. Onda kimə isə doğma olmayan qadından ona necə ana ola bilər? Axı "ana" sözünün kökündə ilk növbədə bioloji doğmalıq anlayışı dayanır. Yəni ana - övlad münsibətləri  mənəvi bağlılıqdan öncə bioloji bağlılıq səciyyəsi daşıyır. Ana - övladı olan (yəni doğan) qadına deyilir məhz bu doğmalıq "ana dili", "ana Vətən" kimi ifadələrin yaranmasına rəvac verib. Elə isə "doğma olmayan" sözünün sinonimini ("ögey" sözünü) doğma anlayışı ilə bağlı olan sözlərin ("ana", " Vətən", "dil") hər birinə  necə calamaq olar?

 

Sizi bilmirəm, mən bu filmə tamaşa edəndə həmişə arzulayıram ki, İsmayıl sınmasın, öz doğma anasını unudub doğma olmayan qadına ana deməsin. "Yaxşı xala", "yaxşı qadın" desin, amma "ana" yox! 

 

Filmin qüsuru ondadır ki,  İsmayıla nəinki ana seçmək (!) təklif olunur, o, hətta buna məcbur edilir (!!).

 

P.S. Bu qeydlərdə söhbət analıq hissindən məhrum olan, övladını zibilliyə atan məxluqlardan getmir.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 18 iyun.- S.15.