CANIM TUTMUR

 

Canım tutmur, canım tutmur,

Qalxıb yerimdən oyanım.

Canım tutmur, canım tutmur,

Öz halıma özüm yanım.

 

Canım tutmur, canım tutmur,

Durub başına dolanım.

Canım tutmur, canım tutmur,

Eşq oduna alovlanım.

 

Canım tutmur, canım tutmur,

Hər sözünə bir "can" deyim.

Canım tutmur, canım tutmur,

Səndən sənə gileylənim.

 

Canım tutmur, canım tutmur,

Umu-küsü etməyə .

Canım tutmur, canım tutmur,

Heç barışıb küsməyə .

 

Canım tutmur, canım tutmur,

Qaçıb, solub bət-bənizim.

Canım tutmur, canım tutmur,

Üz çevirib xəbər alım:

Bir gün çiyində, mafədə

Daşıyacaq nəşimi kim?

 

QƏFİL OLUR

 

Qəfil olur, qəfil, qəfil,

Hər olur qəfil olur.

Qəfil olur, qəfil, qəfil,

Yaşıl yarpaq qəfil solur.

 

Qəfil olur, qəfil, qəfil,

Yerdən göylərə qalxmağın.

Qəfil olur, qəfil, qəfil,

Göydən yerə yıxılmağın.

 

Qəfil olur, qəfil, qəfil,

Ağlayıb birdən gülməyin.

Qəfil olur, qəfil, qəfil,

Bir gün boynunu bükməyin.

 

Qəfil olur, qəfil, qəfil,

Lal oluban dinməməyin.

Qəfil olur, qəfil, qəfil,

Susub heykələ dönməyin.

 

Qəfil olur, qəfil, qəfil,

Ölümlə gələsən üzbəüz.

Qəfil olmur, qəfil olmur,

Qəfil olmur əcəlimiz.

 

FALIMA BAXDIRDIM...

 

Falıma baxdırdım dünən,

Falçıya inanımmı görən?

Yeddi oğul, bircə qız,

Ömürsə yüz...

İşlərim dübbədüz.

 

Oğlum oğul olacaqmı,

Qızım qızıl olacaqmı,

İllərim il olacaqmı,

Alçım da mil duracaqmı?!

...Falıma baxdırdım dünən,

Falçıya inanımı görən?..

 

O YAZ...

 

Yağış yağır,

Çətirim yox,

Hövsələm dar,

Səbirim yox...

 

Bu, mən, bu, sən,

Bəs o, hanı?..

Gözlər yolda,

Axtar, dolan,

Gəz dörd yanı...

 

Ömür keçir,

toxta bir az...

belə qalmaz,

səbrini bas,

bəlkə gəldi yenə o yaz...

 

SENTİMENTAL SƏRXOŞ

 

Bu soyuğu, bu qarı,

heç vecinə almayan,

daş binanın tinində

sakit-fağır dayanan,

amma birdən vurub

sonra şivən qoparan

o "başıboş" sərxoşa

gəlib keçən, yol ötən

başın bular, baxıb söyər...

dərdindən ağlamağa

sərxoş olmağa dəyər...

 

BAYATILAR

 

Xəmirim kündə-kündə,

Keçdi ömür də, gün də,

Yarı yardan eləyən

Ah çəksin gündə, gündə...

 

***

 

Qərq etmişəm salımı,

Soruşmayın halımı,

Yardan mənə bir xəbər:

Gedimmi, ya qalımmı...

 

***

 

Yenə də gözüm doldu,

Sevinc az, qəmim boldu,

Bağımda nə ağacdı,

Yarpaqları tez soldu...

 

***

 

Gözümdən keçən yoldu,

Eniş sağ, yoxuş soldu,

Boynuma uzadılan,

Görən nə titrək qoldu...

 

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2021.- 18 iyun.- S.14.