Qalib şair
Yox, lap əvvəldən
ana təbiət qalib gəlmişdi - özünün meşələləri,
meşələrindəki ağaclarıyla
- palıdları, vələsləri,
lapanları, cökələri,
hətta kolluqlarıyla.
Sonra əlbəttə
ki, o, qalib gəldi - Musa Yaqub. Gələn kimi
də meylini hər şeydən daha çox onlara saldı, onlarla nəfəs aldı, adlarını, yer yurdlarını könül dəftərinə
yazdı, onlarsız yaşaya bilməyəcəyinə
hələ uşaq yaşlarından inandı.
Beləcə Musa Yaqub adında
bir şair dünyaya gəldi. Dövrünün böyük-böyük şairlərinin cövlan
elədiyi zamanda heç kimin tanımadığı bir
şair. Amma yo-o-ox,
onu tanıyanlar oldu, ən azı
doğulduğu bölgədə
-İsmayıllının Buynuz
adlı obasında.
Tezliklə həmin o kənddə
şairin atdığı
ilk addımların şahidlərindən
biri də mən oldum. Ötən əsrin 50-ci illərinin başlanğıcıydı...
Bu şahidliyim İsmayıllıdakı
Stalin adına orta məktəbdə baş tutdu. Böyük tənəffüsdür. Hələ ilk dərs saatlarından bizə demişdilər böyük tənəffüsdə
ora-bura dağılışmayın
ha, direktorumuz İsrayıl
Həsənov sizi bir şairlə görüşdürəcək. Ovaxtacan da bir
sıra sənət adamlarını - Məmməd
Rahimi, Rəsul Rzanı, Süleyman Rüstəmi görmüşdük,
həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı
Bahəddin Mirzəyevə
çiçək dəstələri
vermişdik. Uşaqdıq,
fikirləşirdik yəqin
İsrayıl müəllim
yenə bizə adlı-sanlı, çal saçlı bir
şairi təqdim eləyəcək. Bağdan-baxçadan çoxlu gül-çiçək
dərib gətirmişdik.
Tənəffüs başladı, toplaşdıq
məktəbin yeganə
uzun dəhlizinə. Dəhlizin
pəncərəsindən də kim görünsə yaxşıdır
- ölkəmizin o zamankı
rəhbəri Stalinin möhtəşəm ayaqüstü
heykəli. Bəli, səbirsizliklə gözlədiyimiz məqam
yetişdi. İsrayıl müəllim balaca kabinetindən çıxıb
qolundan tutduğu bir yeniyetməni bizə sarı gətirdi. İlahi, yəni məşhur adam buymuş?
Bəstə boylu, girdə,
qırmızı sifət
bir oğlan. Matımız-qutumuz qurumuşdu. Başladıq gözləməyə ki, görən direktorumuz bizlərə kimi taqdim eləyəcək.
Dedi ay uşaqlar baxın, bu oğlan elə təxminən sizin yaşınızdadı. Di gəl
ki, bu yaşında
öz kəndində,
lap elə İsmayıllının
mərkəzi kitabxanasında
oxumadığı kitab
qalmayıb. Üstəlik
də, bu yaşında nə az, nə
də çox, şairlik sevdasına düşüb. Buynuzda çoxlarının dilində şeirləri səslənir. Yazdıqlarının bir çoxusuyla mən də tanışam. İnanıram ki, əgər tutduğu yoldan dönməsə, nəinki
Buynuz camaatı, nəinki ismayıllılılar,
hətta Azərbaycanımız
gözəl bir şair qazanacaq. İndiliksə sözü ona
verirəm. Qoy Musa ürək
sözlərini sizlərlə
bölüşsün.
Musa Yaqubun ürək
sözləri çox
uzun sürmədi. Qayıtdı ki, ay uşaqlar bir azdan tənəffüsünüz
başa çatacaq, istəmirəm vaxtınızı
çox alım, sizlərə lap bu günlərdə yazdığım
poemadan kiçik bir parça oxuyacam.
Və...
məktəbimizin dəhlizinin pəncərəsindən arxası
bizə sarı əzəmələ ucalan
dahi rəhbərin möhtəşəm heykəlinə
baxa-baxa bəlkə də özünün ilk
poemasından bir parçanı bəlağətlə
oxudu. Poemanın adı beləydi: "Uzunqulaq və qızıl gül".
Bu, mənim Musa Yaqubla
ilk tanışlığım oldu. Məndən 8 yaş böyük
olan, sonralarsa görkəmli şair, ən çox da təbiət şairi kimi ad qazanacaq Musa Yaqubla.
Ümumiyyətlə, mən Musayla həyatda dörd kərə tanış olmuşam. Tanışlıq olur ki, elə birincisindən sona çatır, qırılır, daha bir də həmin
kəslə ünsiyyətə
can atmırsan. Amma Musa Yaqubla
tanışlıqlarım ard-ardınca
gəlib, hər dəfəsində də onu bir ayrı
cilvədə, bir ayrı təravətdə
görüb qəbul eləmişəm. Birinci tanışlığım
barədə yuxarıda
bəhs elədim.
İkincisi isə tələbəlik
illərimə - 1960-cı illərə
təsadüf elədi.
Həmin illərdə
oxucular arasında geniş rezonans doğurmuş
"Sana gör neçə
bənddi", "Payız
duyğuları", "Ana ömrü", "Dağlar",
"Ömrümün bir
parçası", "İsgəndər
quşları", "Güllə
gəzdirən maral"...
Üçüncü tanışlığımsa Musayla
şəxsi tanışlığımızdan
onun son günlərinəcən,
hətta dünyamızı
tərk edəndən
sonra, hətta qismət olarsa, o biri dünyada belə davam edəcək tanışlığımızdır. Bu tanışlıqlar ötəri
deyil, həm də möhkəm özüllər üzərində
bərqərar olmuş
DOSTLUQ adlı böyük
nemətdir. Orada
yüzlərlə xatirələr
çağlayır, əziz
dostlarımız Xalidlə,
Rəhimlə, Ağahüseynlə,
Faizlə, Çingiz Ələkbərzadəylə birgə
keçirdiyimiz ecazkar
günlərin kitab dəftərdə, radio televiziyalarda
əks olunmasını
lazım bilmədiyim məqamlar var ki, öz zamanını,
dəmini gözləyir.
Nəhayət, dördüncü tanışlığımız. Bu tanışlığımızsa onun son yubileyini birgə qeyd elədiyimiz gün "İndi bildim nağıldı" adlı
kitabını mənə
bağışlarkən oldu.
Əlinin qələm
tutmadğı, barmaqları
əsdiyindən aftoqraf
yaza bimədiyi o kitabı oxuyarkən Musa Yaqubu bir daha
kəşf elədim,
həm də özümü danladım
ki, zaman-zaman mən də başqalarına qoşulub
onu sırf təbiət şairi adlandırmışam. Doğrudur, Musanın
təbiət şeirləri
misilsizdir. Ancaq adın
çəkdiyim bu kitabdakı şeirlərinin
böyük qismi şairin necə zəngin mövzular qalereyasına malik olduğunu ortaya çıxarır. İlahi,
nələr yoxdur bu topluda! Burda
biz Musa Yaqubu həm də cəmiyyət şairi, sosial, milli dərdlərimizi gündəmə gətirən,
ədəbiyyat, siyasət
kələkbazlarını unikal bədii üsullarla faş edib yerində otuzduran, təbiətin özünü belə insan, şəxsiyyət, hətta hakimiyyət qismində xarakterizə edən bir alim,
insanşünas mərtəbəsində
görürük. Sınadığım
həmin keyfiyyətlərə
2017-ci ildə Şamaxının
millət vəkili, Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım
Assosiasiyasının prezidenti
Elxan Süleymanovun təşəbbüsü və
dəstəyi ilə çap olunmuş 690 səhifəlik "İndi
bildim nağıldı"
kitabında rast gəldim, Musa Yaqubun bu çağacan xəbərsiz olduğum (boynuma alıram) yeni ampluasından böyük məmnunluq duydum. Bəli, mən onu ömrümdə bir daha tanıdım. Şair, vətəndaş, hətta
sovetlər dönəmində
"dissident" adlandırıla biləcək üsyankar, neqativlərlə barışmaz,
uzaqgörən, müdrik,
ağsaqqal kimi. Əziz oxucu, vərəqlə həmin
kitabı, tap "Adamlar,
dostlar, daşlar..."
bölümünü.
Onda görərsən ki,
1995-2000-ci illər arasında,
hətta Azərbaycan Milli Məclisinin deputatı olduğu illərdə belə şairimiz hansı problemləri gündəmə
gətirib, qəlb sızıltılarını misralarında
necə xırdalayıb:
Düşüb yadlar hiyləsinə
Yad qardaşlar gülləsinə
Ay sinəsi enli xalqım.
Toxuduğu bütöv xalça
Öz içində parça-parça
Həm şiəli,
sünnü xalqım.
Qurtarmaz
öz davasından
"Mənəm", " mənəm" havasından
Böyükləri kinli xalqım.
Sabir demiş, az
yaşından
Xərac
alar yardaşından
Badalağı milli xalqım.
Ömür tab et, zaman sına
Nə vaxt düşər məcrasına
Bu milyonlu, minli xalqım?..
Ömrünün son aylarıydı, Buynuza getdim ki, onu ziyarət eləyim. Qızı Yaqutla, nəvələriylə bir yerdəydilər. Taclı virusa baxmayaraq, lap o cavanlığımızdakı kimi kəllə-kəlləyə toqquşub görüşdük. Yaqut ha əlləşirdi əlindəki qaşıqla ona yemək verə, heç cür mümkün olmurdu. Bu yerdə köməyə mən gəldim. Qədim zarafatlarımızdan birini işə salıb ani əl hərəkətimlə, himcimlə ona xatırlatdım. Yadındaymış sən demə. Solğun üzünə təbəssüm qondu, dodaqlarını güclə aralayıb mənim xətrimə qızının əlindəki yeməyi qəbul elədi. Vidalaşmazdan öncə Xalq şairi fəxri adına layiq görülməsi münasibətiylə özüm şair olmasam da, dözməyib ona həsr elədiyim bir şeiri Yaquta verib dedim ki, mən gedəndən sonra oxuyarsan ona, qoy keyfi durulsun...
Az sonra xəbər tutdum ki, yeni yaşının tamam olmasına 3 gün qalmış, 2021-ci il may ayının 7-də vəfat edib. Mayın 8-də özümü hövlnak Buynuza yetirdim. Dostlarım məndən qabaq gəlmişdilər dəfn mərasiminə. Yazıçı Seyran Səxavət, Simran Həsənov, millət vəkilləri Sabir Rüstəmxanlı, Novruz Aslan, Tahir Kərimli... Məzarı başında danışmaq, ürəyini boşaltmaq istəyənlərin sayı-hesabı yox idi. Mənə də söz verildi, jurnalist İntiqam Mehdizadə olaraq qədim dostuma vida kəlmələrimi dilə gətirdim. Daha sonra uzun illər boyu xalqımızın şairi sandığımız, bu yaxınlardasa ölkə Prezidenti İlham Əliyevin sərəncamıyla rəsmən Xalq şairi fəxri adına layiq görülmüş sevimli şairimizi onun daim böyük məhəbbətlə vəsf elədiyi Canəli dağının ətəyindəki qəbiristanda uyuyan anasının, can yoldaşı Zöhrə bacımızın yanındaca torpağa tapşırdıq. Doğma, narahat ruhlar qovuşdu.
Allah o dünyanı versin əziz qardaşım, böyük şairim. Adamsız, kimsəsiz, arxa-dayaqsız kimi gəlsən də, qalib kimi tərk elədin bu dünyanı. Ruhuna rəhmətlər olsun, xoşbəxt şairim. Bu, qanundur, qarşıda daha bir tanışlıq məqamı gözləyir bizi. Ya gec, ya da tez. Bunusa tək Allah bilir. Ya qismət.
23 may 2021
İntiqam Mehdizadə
525-ci qəzet.- 2021.- 18 iyun.- S.13.