Hər kəsin öz Əsədi
GÖRKƏMLİ
SÖZ ADAMI, DOSTUM ƏSƏD CAHANGİRİN 55
İLLİYİNƏ
Allahın yaratdığı hər şey gözəldir. Amma bu gözəlliyi
görmək və təsdiq etmək yalnız
seçilmişlərə aiddir. Uşaqlıqda
oxuduğum hansısa bir şeirdə deyildiyi kimi, "sir-sifəti
gözəl olan gözəl olmur, gözəlliyi duyan adam gözəl olur". Gözəllikdən
ilhamlanıb onu əbədiyaşar sözə çevirməyi
yalnız seçilmişlər, sevilmişlər bacarır.
Müstəqillik dövrü ədəbi mühitimizin ən
parlaq simalarından biri olan Əsəd Cahangirdən Tanrı
öz sevgisini əsirgəməyib. Ədəbiyyatı həyatının
mənası hesab edən Ə.Cahangir ədəbi cameədə
bu gün daha çox tənqidçi kimi tanınsa da, nəsrdə,
poeziyada da kifayət qədər uğurlar əldə edib.
O, "Söz", "Səs", "Dəmirbaşlar"
kimi məşhur esselərə, "O Adam",
"Namaz", "Xarıgülnar" kimi orijinal poemalara
imza atıb. Təsadüfi deyil ki, Xalq
yazıçısı Elçin bu günlərdə "Mədəniyyət"
kanalındakı çıxışında Ə.Cahangiri sadəcə
bir tənqidçi kimi yox, müstəqillik
dövrünün yetirdiyi, hərtərəfli istedad malik
"görkəmli söz adamı" adlandırdı.
Şairlərdən Elxan Zal Qaraxanlı Ə.Cahangir
haqqındakı məqaləsini "İstedadın janrı
yoxdur", Vəli Qaraçaylı isə ona həsr etdiyi
şeirini "Sərhədləri aşan adam"
adlandırıb.
Ə.Cahangir ədəbiyyat və incəsənətimizə
dair məqalə, portret, resenziya, müsahibə, icmal və
sair kimi ən müxtəlif janrlarda qələmə
alınan, ümumi sayı 300-ü keçən
yazının müəllifidir. O, söz adamlarından incəsənət
xadimlərinə, musiqiçilərdən teatr xadimlərinə,
filosoflardan elm adamlarına qədər onlarla insanı
onların öz "dillərində" dinləmiş, amma
öz dilində təhlil və
təqdim etmişdir. Oxucular İsa Muğanna, Sabir Əhmədli,
Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi
Xəzri, Məmməd Araz, Anar, Vaqif Səmədoğlu,
Elçin, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Bayatlı
Odər, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya,
Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Məhluqə
Sadıqova, Lütfü Məmmədbəyov, Süleyman
Ələsgərov, Həsənağa Turabov, Həsən Məmmədov,
Səyavuş Aslan, Hacıbaba Bağırov, Rasim Balayev, Kamal
Xudaverdiyev, Amaliya Pənahova, Şəfiqə Məmmədova,
Yaşar Nuri, Zərnigar Ağakişiyeva, Əminə
Yusifqızı, Şükufə Yusupova, Vaqif
İbrahimoğlu, Hüseynağa Atakişiyev, Bəhram
Osmanov, Nurəddin Mehdixanlı, Telman Adıgözəlov, Bəsti
Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova,
Səidə Quliyeva, Sara Qədimova, Rübabə Muradova, Mirzə
Babayev, Əlibaba Məmmədov, Habil Əliyev, Ramiz
Mirişli, Arif Babayev, İslam Rzayev, Zeynəb Xanlarova, Elmira Rəhimova,
Ramiz Quliyev, Səkinə İsmayılova, Mənsum
İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və digər
çoxsaylı tanınmış isimlərin sənət
dünyasına həm də Əsəd Cahangirin qələmində
bələd olmuş, onları və daha neçə-neçə
sənətkarı həm də Ə.Cahangirin özünəməxsus
təqdimatında sevmişlər.
Yubilyarın
ünlü yazıçılarımızdan İsa
Muğanna haqqında "Xoşbəxtlik karvanının
sarvanı", S.Əhmədli haqqında "Kitabi-Dədə
Sabir", Anar haqqında "Platondan Anara qədər",
Elçin haqqında "Əbədi düşüncələr",
Afaq Məsud haqqında "Yoldan başqa yol yoxdur", məşhur
teatr xadimlərimizdən Ağasadıq Gəraybəyli
haqqında "Səhnəmizin knyazı, kinomuzun bəyi",
Lütfü Məmmədbəyov haqqında "İlahi
tamaşanın aktyoru", Kamal Xudaverdiyev haqqında
"Şöhrət... və unudulmayan aktyor", Amaliya Pənahova
haqqında "Mahnı dağlarda qalmadı", Vaqif
İbrahimoğlu haqqında "Vay, dədəm, vay", Bəhram
Osmanov haqqında "Bəhramnamə", musiqi sahəsinin
sevilən isimlərindən Zeynəb Xanlarova haqqında "Səhnəmizin
sultanı", Mənsum İbrahimov haqqında "Məcnunun
Məcnunu", Nəzakət Teymurova haqqında
"Qarabağın maralı" və digər
çoxsaylı məqalələri ədəbiyyat və incəsənət
adamlarına dair müstəqillik dövründə yazılan
ən yaxşı portret və təhlili yazılar
sırasına daxildir.
Ə.Cahangirin
yenilikçi məzmunu ilə seçilən və geniş
rezonans doğuran yazıları, xüsusən də,
postmodernizmə dair "Yeni əsrin ibtidası" silsilə
məqalələri son 20 ildə ədəbi-bədii prosesin əsas
istiqamətinin müəyyənləşməsində həlledici
rol oynayıb. Yeni ədəbi nəslin
yaradıcılığının tədqiqi və təbliğində
də Ə.Cahangirin xidmətləri əvəzsizdir. O,
redaktoru və tərtibatçısı olduğu, AYB-nin
hazırladığı "Körpü" (2004), Azərbaycan
Tərcümə Mərkəzinin hazırladığı
"Yeni səs" (2016) və Heydər Əliyev Fondunun
hazırladığı "Gənc
yazarların vətənpərvərlik mövzusunda şeirlər
toplusu" (2017) antologiyaları
ilə bərabər, neçə-neçə gəncin
kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.
Ə.Cahangirin ədəbi-bədii fəaliyyətinin
daha bir yönü filoloji, bədii və siyasi ədəbiyyatın
tərcüməsi işidir. Aleksandr Dugin, İrina Adelgeym,
İlya İlin, İrina Nikitina, Daniel Andreyev və digərlərindən
elədiyi elmi və siyasi, Con Patrik, Artur Rembo, Robert Minnullin və
çağdaş amerikan şairlərindən elədiyi bədii
tərcümələr bunlara örnəkdir. Bu
gün olduqca aktual olan qondarma "erməni
soyqırımı" problemini ifşa edən "Erməni
genosidi: mif və həqiqət" kitabının ruscadan ana
dilimizə tərcüməsi də Ə.Cahangirə aiddir.
Onun bir sıra yazıları rus, gürcü,
türk, özbək və sair dillərə çevrilərək
müvafiq ölkələrdə işıq üzü
görüb. O, Moskvada dərc
olunan "Drujba narodov" jurnalının Azərbaycan ədəbiyyatına
həsr olunmuş xüsusi sayında (2006, 3) milli ədəbiyyatımız
haqqında "Qloballaşma, yoxsa millilik: dilemmadan
çıxış yolu nədədir?" adlı geniş
icmalla çıxış edib. AYB rəhbərliyinin təklifi
ilə Türkiyənin Tokat şəhərində
keçirilən "Yaşıl irmaq şeir şöləni"nin (2004), Mədəniyyət Nazirliyinin təklifi
ilə Gəncədə keçirilən ümumrespublika teatr
festivalının (2009) iştirakçısı olan
Ə.Cahangir festival barədə "Bir çarə var ancaq
- yeniləşmək" adlı silislə yazılarla mətbutada
çıxış edib.
Görkəmli söz adamı olan Ə. Cahangirin ədəbi-bədii
fəaliyyəti dövlətimiz və Azərbaycan
Yazıçılar Birliyi tərəfindən yüksək
qiymətləndirilib. 1999-cu ildə Ümummilli lider Heydər
Əliyevin və 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları
ilə yazıçılar üçün nəzərdə
tutulan Prezident təqaüdünə Əsəd Cahangir də
layiq görülüb. O, Qarabağ probleminə həsr
olunmuş "Səs" (1999) essesinə görə AYB-nin təsis
etdiyi "İlin tənqidçisi" adını
almış, sufi-mistik məzmunlu "Namaz" (2007)
poemasına görə Beynəlxalq Cəlaləddin Rumi Poeziya
müsabiqəsinin qalibi olub. Ə.Cahangirin
"Kim yatmış, kim oyaq" esselər və məqalələr
kitabı Azərbaycan Yazıçılar Birliyinin təsis
etdiyi Yaşar Qarayev (2012) və Mədəniyyət Nazirliyinin
"Qızıl kəlmə" mükafatına (2013) layiq
görülüb.
Ə.Cahangir
"Qədim türk ədəbiyyatının linqvistik
poetikası" (2001), "Ağ saç, qara saç"
(2006), "Nəğməli
yarpaqlar" (2010) "Kim yatmış, kim oyaq" (2012),
"Erməni genosidi: mif və həqiqət" (2012),
"On üçüncü gecə" (2016) kimi orijinal və
tərcümə olmaqla 6 kitabın və xeyli sayda poema və essenin müəllifidir. Onun 2001-ci ildə işıq üzü görən
"Qədim türk ədəbiyyatının linqvistik
poetikası" kitabı Azərbaycanda Mahmud
Kaşğarlının "Divanü lüğat it
türk" əsərinə həsr olunmuş ilk monoqrafik
araşdırmadır. O, Azərbaycan
Yazıçılar Birliyinin 2004-cü ildə keçirilən
qurultayında poeziya, 2014-cü ildəki qurultayında
dramaturgiya üzrə məruzə edib. Respublikada
ilk ədəbi-tənqid jurnalı
"Körpü"nün də, ilk teatr jurnalı
"Teatral"ın da baş redaktoru da Ə.Cahangir olub.
O, "Mədəniyyət" kanalında yayımlanan "Məclisi-üns"
musiqili-ədəbi proqramının daimi
iştirakçılarından biri kimi klassik bədii irsimizin
təbliğində fəal və ardıcıl iştirak etməkdədir.
İstər elmi-publisist, istərsə də bədii
yaradıcılığında Azərbaycan dövlətçiliyi
Əsəd Cahangirin əsas mövqeyi, milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği başlıca məqsədidir. Ümummilli lider Heydər
Əliyevin yubileyinə həsr olunmuş "Möhtəşəm
məktub", Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevaya dair "Çiyninə
Pikassonun göyərçinləri qonub" və Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
şeir yaradıcılığından bəhs edən "Dərin
hisslərdən doğulan poeziya" kimi esse və məqalələri
bunun bariz ifadəsidir...
Ə.Cahangirin bir ziyalı, vətəndaş, insan kimi
mövqeyi aydındır. O, müsahibələrinin birində
deyir: "Mənə elə gəlir ki, hər bir qələm
adamı qloballaşma, yaxud millilik dileması önündə
qaldığımız bir zamanda öz yolunu müəyyənləşdirməlidir.
Bəziləri qloballaşmanın, digərləri
milliləşmənin tərəfdarlarıdırlar. Amma mənim düşüncəm budur ki, hansısa
tərəfə meyl etmək həqiqətdən sağa,
yaxud sola sapmaq deməkdir. Həqiqət isə
bunların ikisinin ortasındadır. Biz
ancaq milliliyə qapılıb qalmamalıyıq, kənara
çıxmalı və oradan özümüzə baxıb
daha dəqiq qiymət verməliyik. Yəni
özümüzü dünyanın fonunda dərk etməliyik.
Mənim bir tənqidçi, bir vətəndaş, bir insan
kimi mövqeyim budur"
Bu,
Ə.Cahangirin təkcə istedadlı, intellektual bir tənqidçi,
bir ədəbiyyatçı kimi deyil, bir insan kimi də
öz vətəndaşlıq borcunu dərindən dərk
etməsindən xəbər verir. Hansı sahədə
olursa-olsun Əsəd Cahangir üçün bir əsas meyar
var - həqiqət. Onun haqqında
yazdığı əsərə münasibəti sənətə,
ədəbiyyata, haqqa söykənir. "Tənqidçi
obyektiv olmalıdır!" prinsipi Əsəd Cahangirin əsas
prinsipidir. Məhz bu üzdən: "Məni bu
dünyada qoyacağım iz yox, o dünyada qarşılayacaq
üz düşündürür" - deyə müsahibələrinin
birində deyir.
Ə.Cahangir haqqında çox yazmaq olar. Mən bu yazımda onun
haqqında demək istədiklərinin az
bir hissəsini qələmə aldım. Əslində,
qələmə almadım, onun bu dünyadakı yerini
axtarmağa çalışdım. Və, deyəsən,
tapdım da, amma yalnız öz düşüncələrimə
görə... Çünki hər kəsin öz Əsədi
ola bilər. Bu, mənim ilk dəfə 30 il öncə universitetdə tanış
olduğum, sonra müxtəlif mətbu orqanlarda
yazılarını oxuduğum,
çıxışlarını ekrandan, efirdən izlədiyim,
tanışlığımızın dostluğa,
dostluğumuzun əməkdaşlığa çevrildiyi
Əsəd Cahangirdir.
Ömrünün
55-ci baharına xoş gəldin, dostum!
55 yaşın mübarək, Əsəd Cahangir!
Etibar MURADXANLI
525-ci qəzet.- 2021.- 18 iyun.- S.12.