Mitomaniya  

 

NAPOLEONLA BAĞLI DOĞRU BİLİNƏN YANLIŞ

 

 

Bir neçə gün əvvəl Ermənistan mətbuatında gedən "Əliyev Ərdoğan işğal edilmiş erməni şəhəri Şuşaya gəliblər" başlıqlı yazıya rast gəldim.

 

Siyasi tərəfini qoyaq bir kənara, əslində, bu başlığın kökündə ciddi psixoloji patologiya dayanır. Deməli, başqasının torpağını vəhşicəsinə zəbt edir, illərlə həmin ərazilərdə  daş üstə daş qoymur, yağmalayır, bütün vandallıqları törədir bir-birini əvəz edən 28 ildə özlərinə aşılayır, beyinlərinə yeridirlər ki, bu torpaqlar ulu babalarına məxsusdur. Ən dəhşətlisi isə uydurduqları bu yalana özlərini necə inandırır necə qapdırırlarsa, şüurlu ya şüursuz şəkildə qurban psixologiyasına bürünərək ərazinin həqiqi sahiblərini işğalçı adlandırırlar. Əlbəttə, burada manipulyasiya, obsesiya, ən başlıcası mitomaniya var. Tarix boyu uydurulan yalanlara inanma halları çox olub. Xüsusilə bir-birinə düşmən ölkələr ya liderləri, ya xalqı, ya da ərazisi ilə bağlı ağlasığmaz fərziyyələr uydurub, zaman keçdikcə buna sadəcə özlərini deyil, bütün dünyanı da inandırmağı bacarıblar.

 

Mitomaniya ilə bağlı xeyli misallar çəkmək olar. Amma bu yazıda bu sindromun ən böyük qurbanlarından olan fransız hərbi siyasi lideri Napoleonu Bonapartdan söz açacağam. Napoleon boyuna görə qurban saymaq olar. Çünki hələ dünyanın yarıdan çoxu imperatorun boy kompleksi olduğuna inanır bununla bağlı hekayələr, rəvayətlər, dedi-qodular uydurduqca uydururlar. Məsələn,  guya Napoleon at minməyi sevmirmiş. Boyu qısa olduğu üçün at belinə qalxarkən çətinlik çəkir, buna görə dostları onu ələ salırmış. Hətta bir gün dözə bilməyib "Müharibə başlayanda ata necə minəcəksən? Boyun o qədər balacadır ki, sən ata minənə qədər savaş sona çatacaq", deyib gülüşməyə başlayırlar. Bu məqamda Napoleonun səbri daşır "Narahat olmayın! Müharibə başlayanda ata minməyəcəm. Mən ata minəndə müharibə başlayacaq" deyə dildən-dilə dolanan əfsanəvi cavabı verir. Təbii ki, doğruluğuna çox da inanmasam da, verdiyi cavab ilə boyu deyil, qədər uca olduğu gözlər önünə sərilir. Ümumiyyətlə, Napoleon yaşadığı hərbi, siyasi, eşq həyatı, savadı, zəkası, hazırcavablığı, praktikliyi ilə həmişə hər dövr insanını valeh etməyi bacarıb. Boy məsələsinə gəldikdə isə bunun doğruluq payı yoxdur. Sadəcə, illər ərzində eynən ermənilərin etdiyi kimi, bu yalan o qədər böyüdülüb, şaxələndirilib, həqiqət kimi sırınıb ki, üstəlik, psixologiyada "Napoleon sindromu" deyə özünə yer etməyi bacarıb. Belə yerdə deyirlər, bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi. Əslində, Napoleon Bonapartın boyu yaşadığı dönəmə görə qısa deyildi. Hətta XlX əsrdə yaşayan ortalama bir fransız kişisindən hündür sayılırdı. O dönəmdə Fransada kişilərin boyu 164, Napoleonun boyu isə 169 sm idi.

 

Əslində, Napoleon Bonapartın boyunun qısa olması ilə bağlı iddialar ingilis propaqandasının məhsuludur. Britaniyada aparılan bu qara piarın əsl məqsədi böyük fatehə uşaq boyu biçərək, xaraktercə onu kiçiltmək, bəsitləşdirmək, nüfuzdan salmaq, ovuc içinə sığacaq qədər xırdalaşdırmaq idi. 1805-ci ildə ingilis karikaturaçı Ceyms Qillrayın məşhur "Qısa Napoleon" karikaturası ilə həqiqət tamamilə dəyişir Bonapart beyinlərə  "bəstəboy" kimi həkk olunur. Ölmədən əvvəl Napoleonun "Qillray Avropanın bütün ordularından daha çox zərbə vurdu mənə" dediyi bildirilir.

 

Napoleonun həkimi François Karlo Antommarkhi heyəti tərəfindən 1821-ci ildə otopsiya zamanı imperatorun boyu 5/2 olaraq qeydə alınıb. 5 fit, 2 inç, yəni 1,5748 santimetr. Fransızların istifadə etdiyi bu ölçü vahidi ingilislərlə eyni adda, fəqət fərqli uzunluqlarda olub.  Bu da tarixə damğa vuran böyük yanlışın daha da alovlanmasına təkan verib. Aparılan ən son araşdırmalarda isə Napoleonun boyunun 169 santimetr olduğu bir daha təqdiqlənib. Fransalı tarixçilər onun boyu ilə bağlı hər hansısa bir kompleksinin olmadığını, bütün iddiaların ingilislərin uydurması olduğunu açıqlayıblar. Ona qalsa ingilislər, Napoleon dünyanı fəth edərək diqqətləri fiziki görkəmindən yayındırıb, əməllərinə yönəltmək istədiyi üçün böyük savaşlara girib deyirlər. Təbii ki, bu, heç bir məntiqə sığmayacaq qədər absurddur.

 

Son dövrlərdə kifayət qədər balacaboy liderlər gördük. Məsələn, Silvio Berluskoni 1.65, Nikol Sarkozi 1.65, Dmitri Medvedev 1.63 metrdi, yəni Napoleondan daha qısa. Təbii ki, bütün bunların elə də əhəmiyyəti yoxdur. Əgər qarşında səndən nifrət edən nəinki bir xalq, hətta bir tək insan belə varsa, səni dondan-dona, cilddən-cildə sala bilər. Vay o günə ki, bir dönəm gələ, uydurulmuş yalan dünya həqiqəti kimi tarixə keçə, bax, əsl fəlakət odur. Digər həqiqət isə budur ki, mitonamiya adi görünən, amma tarixin belə axışını dəyişə biləcək gücdə olan bir xəstəlikdir.

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.23.