Acı taleli qız
(Əvvəli ötən
şənbə sayımızda)
Haqq-hesabı aparmaq üçün rəqəmlər
icad edildi. Roma rəqəmləri bir neçə xırda və
iri ədədlərdən ibarət olduğundan çox yer
tuturdu. Köməyə hindlilərin
sıfırı və onluq rəqəm sistemini icad etməsi
çatdı. Bu on ədədlə istənilən
ən iri hesabı da kiçik yer tutmaqla yazmaq olurdu. Hindlilərin rəqəm sistemini Şərqə ərəblər
gətirmiş və onlardan Avropaya keçmişdi. Lakin indiyədək bu işarələr səhvən
ərəb rəqəmləri adlanır.
Qədim insan hansı yerdə məskunlaşırdısa,
hansısa bir iqlim və təbii şəraitə
düşürdüsə, orada sərəncamında olan
bütün vasitələrdən istifadə etməyə
çalışırdı. Quru yolu çəkmək
böyük zəhmət və xərc tələb etdiyindən
su nəqliyyatından geniş istifadəyə can
atılırdı, həm də həmin nəqliyyat növləri
xeyli təkmilləşdirilirdi. Finikiyalılar,
karfagenlilər, qədim yunanlar gəmi düzəldilməsində
xeyli irəli getmişdilər. Dənizlərlə,
okeanlarla üzmək onlara başqa xalqlarda əlaqə
yaratmağa, ticarəti genişləndirməyə
böyük köməklik göstərmişdi. Qədim romalılar isə ilk dəfə b.e.ə.
III əsrdə quru yol kimi paytaxtdan cənuba gedən Appi yolunu
çəkdikdən sonra, şimala doğru da yol tikdilər.
Sonra isə işğal etdikləri ölkələrdə
geniş quru yollar çəkməyə başladılar.
Avropanın müasir yol şəbəkəsi qədim
romalıların qitəni çalın-çarpaz kəsən
yol sisteminə əsaslanır.
Yerli şərait adamların təsərrüfat əşyası
düzəltməsində, tikinti işləri görməsində
yaxşı mənbə rolunu oynayırdı. Şərqdə
və Avropada daşdan, obsidiandan bıçaqlar, cərrahiyyə
vasitələri düzəldildiyi halda, Çində əksər
ərazilərdə daş olmadığından, kəsici alətlər
bol bambuk ağacının gövdəsindən düzəldilirdi.
İnsan təbiətin şıltaqlığından,
soyuqdan, qızmar istidən qorunmaq üçün
özünə yollar arayırdı. İnsanın
yaşayış şəraiti də getdikcə daha əlverişli
və rahat olurdu. Ovidinin yazdığı
kimi, ibtidai insan ağacların altında, yarpaqların
üstündə yatırdı, sonradan özünə
mağaranı və digər yaşayış məkanlarını
tapdı. Odun kəşfi təkcə
insanı soyuqdan mühafizə etmirdi, həm də onun köməyi
ilə əti və digər qida maddələrini bişirməklə
onların daha faydalı olmasına nail olurdu. Baxmayaraq ki, Afrikadakı efioplar və masayilər indi
də mal ətini, yaponlar və çinlilər isə
balığı çiy-çiy yeməyi pəhrizlərində
saxlayırlar. Eskimosların, digər
Şimal xalqlarının dəniz heyvanlarının ətini
çiy şəkildə yeməsi isə sərt iqlimdə,
onlarda olan vitaminlərin və qidalı maddələrin odun təsirilə
itirilməsinin qarşısını almaq məqsədini
güdür. Onların ərazilərində
işləməyə gedənlər öz mətbəxlərinə
üstünlük verdikdə, sağlamlıqlarına ziyan
vurub, fəsadlarla üzləşirlər. Görkəmli etnoqrafların yazdığı kimi,
hər bir yerdə yerli əhalinin istifadə etdiyi qida
növü və onun hazırlanması, geyindiyi paltarlar ən
əlverişli yaşayış növü hesab olunur. İndi heç bir sintetik paltar və dəri
ayaqqabı şimal xalqlarının geyindikləri xəz
çuxaları, ayaqlarını soyuqdan qoruyan untaları əsasən
əvəz edə bilmir. Ona görə də yerli əhali
kimi paltar geyinənlər və qidalananlar iqlimin sərtliyindən
daha az əziyyət çəkməklə,
öz sağlamlıqlarını qoruya bilirlər.
Köçəri xalqlar da paltar kimi saxladıqları
malın dərisindən istifadəyə üstünlük
verirdilər.
1607-ci ildə Virciniyada ilk amerikan
koloniyasının qubernatoru olmuş Con Smit öz kitabında
yazır ki, o, əsir düşdükdə qul kimi İstanbul
bazarında varlı bir qadın tərəfindən satın
alınmışdı. Bu sahibə Conu
indiki Rusiya ərazisindəki Noqay əyalətində yaşayan
və taxıl becərməklə məşğul olan
qardaşına hədiyyə kimi göndərmişdi. O
yazır ki, yerli adamlar paltar kimi iki qoyun dərisindən istifadə
edirdilər, birini şalvar kimi ayaqlarına, digərini isə
üst paltarı kimi bədənlərinə geyinirdilər.
Köçəri xalqların evləri də yox idi, araba onlar
üçün ev rolunu oynayırdı,
uşaq burada dünyaya gəlir və sonra da adamlar
ömrü başa çatanda ölürdülər. Ona görə də onlarda vətən hissi də
yox olur, çünki nə doğulduqları, nə də
öldükləri yer bilinmir, axı düzənliyin
ünvanı da olmur.
Qədim insan öz həyatını qaydaya salmaq
üçün daim təbiətlə mübarizə
aparırdı. İndi isə təbiətə
müdaxilənin mənfi nəticələri nəzərə
alınmaqla, onun azaldılması, yoxa çıxması vəzifəsi
qoyulur. Müasir insan təbiəti daha yaxşı
anlamağa can atsa da, ona ziyan vurmaqda davam edir. Dünyanın
oksigen rezervuarı sayılan Braziliyadakı Amazonka
selvasında meşələrin qırılmasının
böyük təhlükə yaratmasına baxmayaraq,
Braziliyanın dövlət siyasəti isə öz cinayətkar
laqeydliyi ilə buna, əslində, şərait yaradır.
İnsanlar üçün təbiət az
qala peyinə çevrilmişdir, axı əkinçi
yüksək məhsul almaq üçün torpağa peyin
verir. Təəssüf ki, insan təbiət
üzərində ağılsız ağalığına
son qoymaq istəmir, bu isə dünyanı fəlakətə
apara bilər.
İndiki dünya və adamlar qədim dünyadan, orta əsrlərin
adamlarından xeyli dərəcədə fərqlənirlər. Keçmişdə
nadir istedadlar, dahilər meydana gəlmişdi, onlar elmə və
praktikaya nəhəng töhfələr vermiş,
ayrı-ayrı ölkələrin geniş və sürətli
inkişafına şərait yaratmışdılır.
Lakin kütləvi savadsızlıq əhalinin əksəriyyətinin
əqli inkişafına maneçilik törətməklə,
onların ümumi tərəqqi prosesinə
qoşulmasının qarşısını kəsmişdi.
Xristofor Kolumb Amerikanı xəzinələr ölkəsi
kimi kəşf etmişdi. Onun ümidi
doğrulmasa da, dünya bütövləşdi, daha da
genişləndi. Renessans
avropalıların şüurunu çox saydakı buxovlardan
azad etdi, sitayiş edilən bir çox bütlərdən
imtina edildi, çünki onlar biliyin ölümcül
düşməni idi.
Bəşəriyyətin ümumi tərəqqisinə
demokratiyanın inkişafı böyük köməklik
göstərdi. Demokratiyanın beşiyi qədim
Yunanıstan, daha dəqiq deyilsə, qədim Afinadır.
XVIII əsrdə böyük fransız mütəfəkkiri
Şarl Monteskye Britaniya hakimiyyət sistemini müşahidə
etdikdən sonra, hakimiyyəti sui-istifadədən
uzaqlaşdırmaq üçün onun üç qanada -
qanunvericilik, icra və məhkəmə qollarına
bölünməsini nəzəri cəhətdən əsaslandırdı.
Amerika Birləşmiş Ştatlarının
bani-ataları dövləti yaradarkən onun təməlinə
sarsılmaz demokratiya prinsiplərini qoydular və onlar ABŞ
Konstitusiyasında öz əksini tapdı. XX əsrin birinci yarısında totalitar dövlətlər
çoxluq təşkil etsə də, demokratiyanın
qarşısı alına bilmədi. İki
dünya müharibəsi demokratiyaya ağır zərbə
vursa da, onu inkişaf yolundan döndərə bilmədi.
Demokratik dövlətlər xeyli sosial-iqtisadi tərəqqiyə
nail oldular. Demokratiya elmin inkişafına da
geniş şərait yaratdı. Hələ XIX əsrin
ortalarında fransız A.Tokvil ABŞ təcrübəsinə
əsaslanaraq yazırdı ki, "Demokratik prinsip... elmlə məşğul
olanların sayını nəhəng dərəcədə
artırır… Demokratiya şəraitində
sosial şərtlər və institutlar adamları elmin bilavasitə
və faydalı praktiki nəticələrini tədqiq etməyə
itələyir. Bu tendensiya təbii və zəruridir".
Həqiqi elmlə məşğul olanların
miqdarının həndəsi qaydada artması elmi kəşflərin
sayını artırır, onun nailiyyətlərinin daha
böyük və geniş olmasına şərait yaradır. Demokratiya
siyasi prinsip kimi təkcə dövlətin idarə edilməsinə
sağlam təsir göstərmir, həm də cəmiyyətin
hərtərəfli inkişafına yol açır.
XVII əsrdə baş verən Elmi inqilab isə modern
elmin meydana gəlməsinə səbəb oldu,
astronomiyadakı əsaslı yenilik geosentrizmin heliosentizmlə
əvəz olunması ilə nəticələndi. Təbabətdə, kimyada
irəliləyişlər baş verdi. Elmi metod meydana gəldi. Renessans
Elmi inqilaba əhəmiyyətli köməklik göstərdi.
Elmlə dinin mübahisəsi orta əsrlərdən
ciddi problem xarakteri daşıyırdı və bunu həll
etməyə, inancla biliyi barışdırmağa
böyük mütəfəkkirlər cəhd göstərmişdi. Hələ XII əsrdə
İbn Ruşd (Averroes) və Moisey ben Maymon və ya Maymonid,
onların hər ikisi Kordobada yaşamışdı,
inancı və biliyi barışdırmaq problemləri ilə
maraqlanırdı. Beş əsr sonra isə fransız Blez
Paskal daha kəskin mövqedən çıxış edir,
deyirdi ki, insanlar zəif məxluqlardır, çox hallarda öz hissləri vasitəsilə
aldadılırlar. O, belə qərara gəlmişdi ki, din
biliyə zidd deyildir: "Əgər biz bilik prinsiplərinə
zor etsək, bizim dinimiz mənasız olacaqdır və ona
güləcəklər". O deyirdi ki, "Ürək
öz biliklərinə malikdir, bundan isə biliyin xəbəri
yoxdur".
Əsrlər boyu elmə, biliyə hücumlar edilsə də,
xoşbəxtlikdən elm öz inkişafını
dayandırmadı, əksinə, daha geniş fəaliyyətə
keçib, bəşəriyyətin inkişafı
üçün yeni geniş üfüqlər açdı.
XVIII əsrdə Sənaye inqilabından sonra texnika,
texnologiya daha sürətlə inkişaf etməyə
başladı.
Buxar maşını xeyli əvvəl icad
edilmişdi. XIX əsrdə isə daxili
yanma mühərriki ilə işləyən avtomobil meydana gəlmişdi.
Avropa və Amerika irəli hərəkət
edib, XIX əsrdə artıq sıçrayış edərək,
yeni kəşflərə yol açdı. İnsan yerdə hərəkət etməklə
kifayətlənməyib, səmaya da hücum etməyə
başladı. XX əsrin əvvəllərində
təyyarələr və dirijabllar, almanlar onu tsepellin
adlandırırdılar, meydana gəldi. Təyyarələr
mülki məqsədlərlə yanaşı, daha çox hərbi
məqsədlər üçün istifadə edildi. Raketlərin ixtirası kosmosun fəth edilməsinə,
Aya uçuşlara yol açdı. Kompüter
ixtira edildi, internet adlı bütün dünyanı əhatə
edən, sərhədlərin mövcudluğuna məhəl
qoymayan nəhayətsiz sosial şəbəkə yarandı.
İnsanlar total informasiya, təbliğat
tufanına məruz qaldı. XX əsrin ən
böyük nailiyyətlərindən biri kino sənətinin
inkişaf etməsi, televiziyanın Yer kürəsinin
bütün guşələrini əhatə etməsi oldu.
Ona görə də ötən əsri
elmi-texniki inkişafına görə, bunu çox
düzgün olaraq elmi-texniki inqilab adlandırırdılar və
heç bir əvvəlki əsrlə, hətta minilliklə
onu müqayisə etmək olmaz. Təkcə
Kaliforniyadakı Silisium vadisinin ağlasığmaz elmi-texniki
nailiyyətləri, dünyaya elmi kəşflər ixracı əvvəlki
hansısa bir əsrdə mümkün ola
bilərdi? Burada dünyanın ən
böyük telekommunikasiya şirkətləri fəaliyyət
gəstərir. Təsadüfi deyildir ki,
Kaliforniya ştatı ümumi daxili məhsul istehsalına
görə dünya dövlətləri arasında 7-ci, 8-ci
yeri tutur.
Bəşəriyyət heç vaxt əldə etdikləri
ilə kifayətlənməmiş, sabaha, gələcəyə
daha böyük ümidlər bəsləmişdir. Ona görə
də elmin, texnikanın, iqtisadiyyatın inkişafı daim
yüksələn xətlə davam etmişdir. XVII əsr Elmi inqilab əsri olsa da, XVIII əsr Sənaye
inqilabı kimi tarixi bəzəsə də, sonrakı
dövrlər daha böyük kəşflərlə və irəliləyişlərlə
əlamətdar olmuşdur. Qeyd etdiyimiz
kimi, XX əsrdə yerdə hərəkət edən insan təyyarə
və helikopterlərlə göyə qalxa da, bununla kifayətlənməyib,
kosmosu tədqiq etməyə girişmişdir. 1957-ci ildə SSRİ-də bəşər tarixində
ilk dəfə kosmosa süni peyk buraxılmış, 1961-ci
ildə insanın kosmosa ilk uçuşu baş vermişdir.
Amerikanlar bu sahədə geridə
qaldıqları ilə razılaşmayaraq, Aya uçuş
proqramını həyata keçirərək, 1969-cu ildə
göndərdikləri astronavtlar ilk dəfə Ayın səthinə
enmişdilər.
XXI əsrin iki onilliyi ən yeni texnologiyaların -
komüterlərin, mobil telefonların, ümumilikdə rəqəm
iqtisadiyyatının daha ciddi inkişafı ilə əlamətdar
olmuşdur. Mars planetinin geniş tədqiqatı nəzərdə
tutulur. ABŞ-ın iş adamı İlon Mask isə
indiki gerçəklikdən gələcəyə qaçmaq
arzusu ilə yaşamaq yolunu seçmişdir. Bu,
dünyəvi qaçışdır və "Tesla"
şirkəti də məhz onun əsasında qurulmuşdur.
Şirkət hələ birbaşa gəlir gətirməsə
də, onun kapital dəyəri sürətlə artır,
çünki adamlar gələcəyi satın almağa
üstünlük verirlər. Şirkətin
sahibi Marsın nüvə bombardmanına tutulmasını təklif
edir. Bu vaxt Yer üzünün
bütün nüvə potensialı Marsın
yaşayış üçün yararlı olmasından
ötəri istifadə ediləcəkdir, orada həyat
üçün şərait yaradılacaqdır. Belə bir fikir vardır ki, bəlkə də on ildən
sonra İlon Mask Marsda insan koloniyası yaradacaqdır. Bu vaxt artıq Marsdakı kosmik aparat barədə
deyil, qırmızı planetə getmiş adamlar barədə
danışılacaqdır.
(Ardı
var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 19 iyun.- S.22.