"Mənim kiçik
nağılım": gənc yazarın uğurlu hekayəsi
Bu dəfə müzakirəmizin predmeti gənc yazar
Müşfiq Şükürlünün "Mənim
kiçik nağılım" hekayəsidir.
Müşfiqin uğuru hekayədə insan ruhunun dərinliklərinə
enmək cəhdidir. Məncə, onun cəhdi alınıb.
Gənc bir müəllifin belə mürəkkəb
mövzuya girməsi məni təəcübləndirdi. Bəs siz nə düşünürsüz?
Müzakirənin ideya müəllifi və moderatoru
Əsəd Cahangir.
Nadir
Yalçın: Yaxşı, təsirli hekayədir. Əsas odur ki, bədii cəhətdən gözəldir,
əhvalat deyil, "hekayə" janrının
haqqını verib. Uğurlu hekayə
adlandırmaq olar. Yeni uğurlar!
Səfa Rəşid:
Məncə, Müşfiqin yaradıcı ruhu onun
potensialının yüksək olmasından xəbər verir.
Epitetlər, təşbehlər hekayəni daha
zövqlü edir. Uğurlar arzu edirəm
İradə
Aytel: Layihənizdə gənclərə yer verilməsi
çox xoşuma gəldi. Müəllifin dili,
təsvirləri yerli-yerindədir. Bir məsələ
var ki, zövqlə
oxumadım. Əvvəla, övladın
dünyaya gəlməsi prosesi burada yazılan kimi deyil.
Uşaq doğmaq o qədər uca, ali,
müqəddəs anlardan ibarətdir ki... Bu
anı qələmə almaq elə də asan deyil. Həm də o anı yaşamayan, orada iştirak belə
etməyən birisi tərəfindən. Övlad
dünyaya gətirmək ağrılıdır, əzablıdır,
lakin sevgi doludur, xoşbəxtlik gətirir... İstəməzdim
müqəddəs ana adı, müqəddəs anlar belə
göstərilsin. Yeddi aylıq bir körpənin
diliylə qələmə alınan hadisələr məntiqi
baxımdan da qəbuledilməzdir. Əsər
ya romantik, fantastik olmalıdır, ya da inandırıcı.
Bu, hansı idi, bilmədim...
Allahşükür
Ağa: Müəllif bədii predmeti düzgün seçib. Fikirlər inandırıcıdır. Bu baxımdan uğurlu hekayədir. Təbriklər,
Müşfiq!
Almaz
Ərgünəş Bəyazid: Ümumiyyətlə, mücərrədliyi
xoşlamıram. Lakin onu çox məharətlə
çatdıran olsa, bəyənirəm. Bir
körpənin ana bətnindən doğuluşu və bir
neçə ay yaşamını təsvir etmək
üçün psixoloji biliyə malik olmalısan. Muəllif hamının bildiklərini təsvir edib.
Sujet xətti yoxdur. Nə demək
istədiyini bilmədim.
İlham
Əzizov: Janr olaraq hekayədirmi, bilmirəm. Amma
yazı olaraq mükəmməldir.
Şəfəq
Abdullayeva: Çox duyğulu hekayədir. Oxuduqca
duyğulandım...
Əyyub
Qiyas: Müşfiq ananı qadın kimi sevməyi çox
gözəl verib. Əslində, əksər oğlanların ilk sevgisi
elə anadır. Bu mətnin konsepsiyasında yeddi ay
yaşamış uşağın hekayəsi var, qalan 4
mamaça qadın nəyə xidmət edir? Ləyəndəki
su və ananın ayaqlarını silmək nəyə
lazımdır? Bu hekayə
üçün bu təsvirlər artıqdır. Hekayə
daha uğurlu ola bilərdi o halda - cəmi yeddi ay yaşamış körpənin
dramaturgiyasına çox yer ayrılsaydı. Mətn
kimi uğurlu mətndir, ədəbiyyat kimi
çatışmayan cəhətləri var.
Xəyyam
Rəfili: Hekayə elə bil
başqa hekayənin, ya da romanın bir parçasıdır. Bəzən yazar beynində qurduğu hekayəni əlaqəsiz
abzaslarla mətnə köçürür. Ümid edir ki, oxucu əlaqələri özü
quracaq. Burda da eyni halı müşahidə
elədim. Detallar, predmetlər, hadisələr,
xüsusən sonluqda əlaqənin
qırıldığı yerlər var.
Zaur Ustac:
Mücərrədlik müəllifin demək istədiyinin
çox utancverici mətləb olmasından qaynaqlanır. Məncə, özü də yaxşı bilir ki,
demək istədiyini çatdıra bilməyib. Gənc yazarın qaldırdığı
kasıblıq kimi sosial problem qabarıq görünür və
psixoloji, əxlaqi problemləri arxasınca gətirir. Ən maraqlısı odur ki, müəllif bunu
birbaşa göstərməsə də, oxucu görə
bilir. Əsas çatışmazlıqlar: süjetin
olmaması, artıq və şit təsvirlər, zamanın itməsi,
natamamlıq. Müsbət cəhət sosial
problemlərin qabardılması, mənəvi yoxsulluğun təqdim
olunmasıdır. Ümidverici məqam: müəllifin
axtarışda olmasıdır.
Sara
Selcan: Müşfiq bəyin qələmini sevirəm. Hekayədə qadının əzabları real
çatdırılır. Amma bəzi
artıq detallar da var. Düzünü deyim ki, hekayə tam
açılmamış qalır. Oxucuya
aydın olmur ki, körpə öldü, ya başqa qadına
verildi. Məncə, bu da ədəbiyyata
yad deyil. Böyük yazıçıların da belə
naməlum sonluqlu hekayələri var. Məsələn,
İsa Muğannanın "Zəhər" hekayəsi
Nazilə
Gultac: Nağıla bənzər hekayədə bir körpə
oğlanın diliylə gənc bir qadının bədbəxtliyi,
sevgisiz qurulan ailənin dağılması, onun körpəsini
də götürüb sevdiyi şəxsin yanına getməsi
təsvir olunur. Burda bir insanın şəxsində
iki obraz var -qadın və ana obrazı. Qadın
olaraq, sevgisinin ucbatından, bəlkə də xəyanətinin
təzahürü olaraq, başqa evə sığınan
şəxs analıq hissini unutmur. Körpə
isə narahat olur, ona yad gələn yerdə
ağrıyır. Yazıçı
bununla bildirmək istəyir ki, ana qucağı da ana bətni
kimi qutsaldır. Qadın ilk öncə ana
adını uca tutmalıdır. Yoxsa doğulan uşaqlar ya bədbəxt
olur, ya da erkən ölürlər. Başqa nağıllardan
fərqli olaraq burda göydən üç alma
düşmür, bir körpə mələk olub göyə
uçur. Yazıçı demək istəyir
ki, insanın ruhu yalnız öləndə dinclik tapır.
Sara
İbrahim: Hekayə körpə ruhun dilindən nəql olunur.
Yəqin ki, müəllif göylərdən
yerdəkilərə xitabla nələrisə anlatmaq istəyir
bu ruhun diliylə, amma nəyi, bunu tam anlada bilmir. Mətndə
bəzi uyğunsuzluqlar var, məsələn, ata körpəyə
yaxınlaşıb, barmağını onun dodağına
toxundurur, amma bir az sonra beşiyə
yaxınlaşıb, tülü qaldırır və
uşağı ilk dəfə görür.
Bahəddin
Salman: Müşfiqin nəqletmə bacarığı
çox gözəldir. Bu səbəbdən də
mətni birnəfəsə oxudum. Hekayənin
ideyası böyük sevgi sayılan "ana" obrazı
üzərində qurulub. Məncə,
Müşfiq hekayəni daha da inandırıcı edə bilərdi.
Çünki onda bu yaradıcılıq
potensialı aşkardır.
Turan
Novruzlu: Çox sevirəm bu
hekayəni. Elə ona görə də
Türkiyə türkcəsinə
uyğunlaşdırmışam. "Mənim kiçik
nağılım" yeddi ayında ruh olub göyə çəkilmiş,
mələyə çevrilmiş bir körpənin qısaca
ömrünün xatirələridir, yəni bəzi hissələrdə
zaman və məkan təzadları əslində, elə yeddi
aylıq körpənin danışıq dilinə uyğundur,
nələrisə sonradan xatırlayıb danışanda elə
bu cür olur. Gənc yazarın körpənin
dünyaya gələrkən canında duyduğu
ağrıları ifadə etməsi sadəcə möhtəşəmdir.
İlk dəfə "Mənim kiçik
nağılım"da oxudum və fərqinə vardım ki,
doğulan körpə də ana qədər ağrı
çəkir. Hekayədə yeddi aylıq oğlanın
anasına vurğunluğu və qısqanclığı,
atasının onunla ilk görüşü çox gözəl
ifadə olunub. Yazı dili adamı yormur,
axıcıdır və bir xoşuma gələn məqam da
odur ki, hekayə layla ilə başlayır və layla ilə də
sonlanır.
Nihat Pir:
Təhkiyə peşəkarcasınadır. Yorucu
deyil, söz sözü, cümlə cümləni çəkir.
Amma bu mətn, fikrimcə, hekayə deyil. Cəhd demək istəməzdim, çünki
yazının peşəkarlığı cəhd
sözünü insafsız qılır. Amma
istənilən halda, ilk iki abzas belə, Müşfiqin
potensialını açmağa kifayət edir.
Əsəd
Aslanoğlu: Bu hekayənin ilk oxucularından olsam da, yenə
zövqlə təkrar oxudum. Ananın təsviri
çox gözəldir. Müşfiqin
cümlələrini redaktə etmək çətin olur.
Duyğu tərəfini zədələməmək
üçün orijinalda qalması yaxşı olar. Həm də öz aurası var bu mətndə.
Almaz
Ərgünəş Bəyazid: Kişilər elə
yanğı ilə təsdiqləyirlər ki, sanki bu
başlarına gəlib. Gənc bir oğlan bu
prosesi yaşaya bilməz.
Nəzakət
Kərimova-Əhmədova: Almaz Ərgünəş Beyazid,
tamamilə doğru dediniz... Rəylərə baxıram...
mücərrəd fikirlər... çaşqın ifadələr...
olmazdımı hekayə bu günün maraqlı hadisələri
ilə bağlı yazılaydı... Nəyə
və kimə lazımdı belə mübahisəli məsələlərlə
vaxt aparmaq?
Əsəd
Cahangir: Almaz xanım, istedad yaşamadığını da
yazmağı bacarmaq deməkdir. Yaşadığını
hamı yazır.
Almaz
Ərgünəş Bəyazid: Əsəd Cahangir, istedad
yaşamadığını yaza bilmək deyil hələ. Yazarkən
yaşamaqdır... O gənc o ağrını harda
görüb? Gümanlarla yazıb, eşitdiklərini
yazıb.
Əsəd
Cahangir: Almaz xanım, sizin dedikləriniz cism qatındadır və
realizmdir. Müşfiq isə ruh qatında
yazıb və modernə iddialıdır. Bu
qatda gənc, qoca olmur. Onun ruhuna
doğuş ağrıları yabançı deyil. Çünki ruh olaraq bu təcrübəni nə
zamansa yaşayıb. O, bu ağrını
yaddaşında dünyaya gətirib. Onu
yazıçı olmağa sövq edən ruhun dumanlı,
axıracan dərk olunmayan sezgilərini yazıya almaq cəhdidir.
Zaur Ustac:
Əsəd müəllim, oxşadır... Ancaq orijinal deyil... Hələ bu yöndə özünü tapmaq
üçün çox yol keçməlidir. Bu qəbildən
başqa dillərdə o qədər yazılar var ki, hətta
“google” tərcümə yazısına oxşayır...
Əsəd
Cahangir: Əgər doğrudan da oxşadırsa, eyni
duyğunu yaşayan hansısa əcnəbi müəllifdə
özünü görüb demək. Biz hər
yerdə özümüzü axtarırıq, başqaları
bizim üçün güzgüdür. O güzgüdə
özünü görmək üçün gözün
açıq olmalıdır. Məncə,
Müşfiqin gözü açıqdır. Amma hələ idrakı tam açılmayıb.
Gördüklərini yorumlamaqda problemi var.
Fatimə
Əlihuseyn: Bəlkə də, müəllif bəzi və
bir çox mətləbləri açmağı lazım
bilməyib və bir ailə faciəsini ancaq bu qədər
duyğu yükü ilə sığdırıb hekayəyə...
Etibar Yaqubov: Mürəkkəb mövzudur. Bu kimi mürəkkəb mövzunun altına girmək özü də bir cəsarət tələb edir. Müşfiq Şükürlünun gözəl, düşündürücü təsvir vasitələri var. O, oxucuya sadə bir işarə ilə hadisənin kökünü göstərə bilib. Yazarın gələcəyini işıqlı və perspektivli hesab edirəm.
Adilə Nəzər: Mən bu hekayəni oxumuşam. Təhkiyə çox gözəldir. Bədii dil güclüdür, hətta bəzi məqamlarda əsərin dramını ikinci plana keçirir. Əsərdə ailə dağılmalarından əziyyət çəkən uşağın fəryadını duyuruq. Müəllif bununla cəmiyyətdə ən çox yayılan bu problemə diqqət çəkməyə çalışıb. Və əsərdə zamanın gedişi gah hərəkətlərin istiqamətinə əsaslanır, gah da əks tərəfə dönür. Bu da ruh aləmindəki zamana uyğunlaşdırılıb yəqin ki... Bəyəndim.
Varis Yolçiyev: Müşfiq
Şükürlünün "Mənim kiçik
nağılım" hekayəsini təəccüblə
oxudum. Gənc yazıçının bu qədər yetkin
proza sərgiləməsini alqışlayıram. Bədii ədəbiyyat
məhz öz bədii ifadə vasitələri ilə bədii
ədəbiyyat olur, söz oyunu, fikir dolayılığı,
məcazlar, gerçəkliklə təxəyyül
hüdudsuzluğunun kombinəsiylə səciyyələnir.
Müşfiq bu qaydaları gözəl mənimsəyib. Onun
mövzusu da qeyri-adi, mesajı da hikmətlidir. Odur ki,
Müşfiqin hekayəsinə adi "obıvatel"
gözü ilə baxanlar ona həqiqi dəyər verə bilməzlər.
Peşəkarlar isə ciddi tənqidə cəhd etməsinlər,
yazarın yaşını nəzərə alsınlar. Gənc
nasirə uğurlu yaradıcılıq arzulayıram.
525-ci qəzet.- 2021.- 19 iyun.- S.20.