Sözə və dövlətə xidmət
ənənəsi
Birinci
Qarabağ savaşında köhnə Sovet ordusunun
yardımı ilə Ermənistan Azərbaycanın gözəl
guşələrindən biri olan Kəlbəcər rayonunu
işğal etdi; dağların dağ təbiətli,
vüqarlı insanları amansız taleyə boyun əyərək
30 ilə yaxın öz cənnətlərini tərk edib Azərbaycanın
çeşidli bölgələrinə səpələndilər
və ya yad ölkələrə üz tutdular. Alınmaz qala saydığımız dağlar
düşmən əlinə keçdi. Lakin Kəlbəcərin
başqa alınmaz qalaları da var - saz və söz
qalaları... Bu torpaqlarda doğulan Söz
daşdan, kərpicdən hörülmüş hər cür
qaladan və ya kilsədən yüz qat daha uzun
ömürlüdür, ölməzdir.
İşğal günlərində Göyçə, Kəlbəcər
mahalının yetişdirdiyi böyük söz
ustalarının qiymətli irsi - vətən, mərdlik,
gözəllik, qəhrəmanlıq tariximiz haqqında
qoşmalar, ruha güc verən saz havaları
torpaqlarını itirmiş insanlara mənəvi dayaq oldu. Xalqın bir
gözü Murovda, Dəli dağda idisə, bir gözü
Aşıq Ələsgər, Dədə Şəmşir
sözündə və sazda idi.
Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri
doktoru, professor Jalə Əliyevanın "Müqəddəs
ocağın yadigarları" kitabı bu ölməz sənət
ocağının davamçılarına həsr edilib.
Jalə Əliyeva özü də başqa bir
yaradıcı insanın, Azərbaycanın tanınmış
şairi, mədəniyyət xadimi, gənclik dostumuz Nurəngiz
Günün yadigarıdır. Gözümüzün
qabağında böyüyüb, boya-başa çatıb.
Uşaqlıq illərindən öz iti zəkası,
sözə, sənətə bağlılığı ilə
diqqətimizi cəlb edib. Filoloqdur, şərqşünasdır.
Tələbliklə vidalaşdığı ildən bəri Bakı
Dövlət Universitetində çalışır, klassik Azərbaycan
ədəbiyyatı və türk poeziyası üzrə
tanınmış mütəxəssislərdən biridir, 13
il Türkiyənin Azərbaycandakı səfirliyində
çalışıb, III, IV, V, VI
çağırışlarda Milli Məclisin deputatı
seçilib və öz seçicilərini ləyaqətlə
təmsil edir.
Füzuli
yaradıcılığını dərindən bilən Jalə
xanım yeni əsərində, təxminən elə
Füzuli dövründən başlayaraq Göyçə, Kəlbəcər
mahalında boy atıb yüksələn, neçə-neçə
saz-söz ustası yetişdirən tanınmış bir nəslin
- Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının Azərbaycan
mədəniyyəti tarixində tutduğu yeri və bu
ocağı sönməyə qoymayanların
yaradıcılığını dəyərləndirir.
Kitabın
əsas qəhrəmanı bu nəslin bizim müasirimiz olan
şair övladlarından Cavid Qənbəroğludur; lakin
kitabda onunla paralel, uzun illər Azərbaycanda müxtəlif vəzifələrdə
çalışmış, ölkəmizin inkişafı
üçün əməyini əsirgəməmiş, xalq
arasında el ağsaqqalı kimi tanınan Qənbər Şəmşiroğlunun
yaradıcılığı da təhlil edilir.
Kəlbəcər torpağından, onun gözəlliklərindən,
təbii zənginliyindən söz açan müəllif yeri
gələndə tarixə də müraciət edir, yer-yurd
adlarının etimalogiyasını araşdırır, nəhayət,
Qarabağ savaşlarında dağıdılmış
yurdlarımızın faciəli günlərini
xatırladır.
Kəlbəcərin
gözəl təbiətinin, zəngin sərvətlərini təsvir
edərkən, onun tarixindən söz açarkən, məncə,
Jalə xanım, kitab yazılarkən hələ əlimizdə
olmayan rayona hər bir qələm əhlinin duyduğu vətəndaşlıq
borcunu verməyə çalışmışdır, yəni
torpağımızın bu gözəl guşəsi, müvəqqəti
olaraq işğal edilsə də, hər daşı, hər
qayası, çayları, meşələri, zirvələri
ilə hafizəmizdədir; yaddaşımızın
işğalı mümkün olmayan bir
ucalığındadır, əlçatmaz və
unudulmazdır.
Sonra bu duyğuları müəllif Qənbər Şəmşiroğlunun,
Cavid Qurbanovun şeirlərindən gətirdiyi misallarla davam
etdirir.
Dədə Şəmşirin övladlarının
yaradıcılığı artıq aşıq şeirindən
yazılı ədəbiyyata keçid mərhələsidir. Yəqin onlar
da saz çalıb, şeirlərini saz havalarına kökləyə
bilirlər. Lakin görünən budur ki,
aşıq şeiri üslubunda yazsalar da, onların şeirləri
daha çox müasir poeziya ilə eyni ruhu daşıyır.
Jalə Əliyevanın kitabı üç bölməyə
ayrılıb.
"Əyri olan bu dünyada, çətinmiş
düz yaşamaq"; "Mən səndən öyrəndim,
şeiri, sənəti"; "Dərya, dərya olmaz,
dalğalanmasa". Bundan əlavə,
akademik Teymur Kərimli kitaba "Baxt məni bu yerə qonaq
göndərdi" adlı geniş, tutumlu və səmimi bir
ön söz də yazmışdır.
"Müqəddəs ocağın yadigarları"
kitabında Dədə Şəmşirin oğlunun və nəvəsinin
ədəbi portretləri ilə yanaşı və bu iki
insanın simasında, yığcam şəkildə
bütün Kəlbəcərin canlı portretinin
yardılması mövzunun öz ruhundan irəli gəlir. Xalqın
bağrından qopan və ömrü boyu xalqa xidmət
etmiş adamlar haqqında başqa cür yazmaq mümkün
deyildir, onların dəyərini yalnız doğulub
boya-başa çatdıqları mühitlə, təbiətlə,
o mühitin insanları ilə birgə dəyərləndirməsən,
portretləri tamamlanmaz.
Bu mənada kitabda Ağdaban faciəsinin, Kəlbəcərin
yetişdirdiyi qələm sahibləri haqqında bilgilərin
yer alması ata - Qənbər Şəmşiroğlu ilə
oğul - Cavid Qənbəroğlunun şeirlərinin ruhunu
hiss etmək olmaz.
Şəmşir ocağının övladlarından
söz açarkən, şəcərənin adı bəlli
ilk böyüyü Şeyx Miskin Abdalı xatırlamamaq olmaz. Jalə
xanım haqlı olaraq nəzərlərini o uzaq tarixə,
Şah İsmayıl Xətai dövrünə çevirir və
o vaxtdan ta bu günün Kəlbəcərinə uzanan yolu incələyir.
Jalə
Əliyeva - Bioqrafiya.com
Miskin Abdal on beşinci yüzildə Göycə
mahalında anadan olmuşdu. Babaları Ərdəbil
Səfəvi ocağının etibarlı dostları,
müridləri kimi Göycədə, Azərbaycanın qərb
bölgələrində təriqət təmsilçiləri
olaraq faliyyət göstərmişlər. Bəlkə elə buna görə Miskin Abdal sonralar Səfəvi
sarayına gəlmiş, Şah İsmayıl Xətainin
silahdaşlarından biri olmuşdu. 500 ildən
sonra yenə onun nəslindən olan insanlar - Cavid Qurbanovun
timsalında Azərbaycan dövlətçiliyinə xidmət
edirlər. Təxminən 20 nəsil
bir-birini əvəz etmiş, lakin Azərbaycan-türk
sözünə, saza, dövlətə böyük eşq dəyişilməmiş,
atadan-övlada keçə-keçə
yaşamışdır.
Miskin
Abdaldan üzü bəri uzanan saz-söz silsiləsinin zirvələrindən
olan Ağdabanlı Aşıq Qurban və onun oğlu
Aşıq Şəmşir - Azərbaycan aşıq sənətini
zənginləşdirmiş, ozan-aşıq ədəbiyyatının
demək olar ki, bütün növlərində söz
qoşmuş, onlarla saz havasının mahir
ifaçısı olmuş, el arasında əsl ustad və
müdrik ağsaqqal kimi şöhrət qazanmış,
öz "bulaq" və "ocaq"ları ilə məktəbə
çevrilmişlər.
Aşıq Şəmşir Dədə Qorquddan
başlanana böyük sənət yolunun sonuncu nəhənglərindən
idi. Düzdür onun məşhurlaşmasında Səməd
Vurğunla görüşü ciddi rol oynamışdır; o
vaxt Səməd Vurğun doğrudan da dünyaca adı olan
böyük şair kimi məşhur idi. Onun
Aşıq Şəmşirlə deyişməsi dillərdə
gəzirdi. Lakin Aşıq Şəmşir
də özü-özlüyündə elə Səməd
Vurğunla çiyin-çiyinə dayanan bir şair idi.
Bunu isbat etmək üçün onun uzun sənət
yoluna göz yetirmək kifayətdir. Dədə
Şəmşir təkcə gəraylıları,
qoşmaları, deyişmələri ilə məşhur
deyil; aşıq ədəbiyyatının demək olar ki, bütün
şəkil və ölçülərində, biri-birindən
maraqlı əsərlərin müəllifidir. Yurdu ermənilər tərəfindən
yandırılanda bir çox əlyazması itib-batıb.
Buna baxmayaraq, qalan əsərləri də bir xəzinədir.
Dədə Şəmşirin Azərbaycan mədəniyyətinə
verdiyi başqa bir xəzinə də onun ifasında vaxtilə
radioda lentə alınmış və qorunub, saxlanılan 70-dən
yuxarı saz havasıdır. İfa etdiyi
havaların adlarını da özü deyib, yoxsa unudulub gedərdi.
Aşıq sənəti həm Quzey, həm Güney Azərbaycanda
xalqın taleyində çox önəmli, son dərəcə
mühüm yer tutur, xalqımızın ruhunun, kimliyinin,
varlığının canlı abidəsi olaraq yaşayır
və inkişaf edir.
Nə nə
yaxşı ki, Miskin Abdaldan başlanan böyük sənət
yolu Dədə Şəmşirlə qırılmır;
oğlu Qənbər Şəmşiroğlunun, nəvəsi
Cavid Qənbəroğlunun yaradıcılığında
davam etdirilir və yəqin ki, onlarla da qırılmayacaq. Bu saz, söz ağacı bundan sonra da neçə-neçə
əsrlərə boy atıb, mədəniyətimizi yeni-yeni
adlarla zənginləşdirəcəkdir.
Jalə
Əliyevanın monoqrafiyasında həm Miskin Abdalın, həm
də Ağdabanlı Aşıq Qurbanın, Aşıq Şəmşirin
- yaradıcılıqları yığcam şəkildə
gözdən keçirilir; bununla yanaşı, onlara el
içində şöhrət qazandıran yüksək mənəvi
keyfiyyətlərdən, onların Şəmşirin öz
sözü ilə desək, "ağıl dəryası",
"söz ümmanı", "halal mayasına haram
qatmayan" parlaq şəxsiyyətlər olması
ardıcıllıqla təhlil edilir.
Beləliklə, müəllif öz əsas qəhrəmanı
Cavid Qənbəroğlunun ədəbi, istimai-siyasi fəaliyyətə
başlamazdan öncə hansı böyük tarix
yaddaşından, hansı böyük mənəviyyat məktəbindən
dərs aldığını göstərmiş olur.
Könül,
aşiq isən, dolan, yorulma,
Hey
başına, ayağına vətənin.
- deyən Dədə Şəmşirin bu
sözləri ilə tərbiyələnmiş
övladların böyük Vətən sevgisini başa
düşmək çətin deyil, bu yolu davam etdirmək
onların mənəvi borcudur. Onlar bu yolu öz
ocaqlarının ruhuna uyğun ləyaqətlə davam etdirirlər.
Bu varislik Cavid Qurbanovun misraları ilə sərrast ifadə
edilmişdir.
Gülü
çəmənindən, barı
bağından,
Eşqi
ürəyindən, qarı dağından,
Saf, təmiz
ilqarı etibarından,
Yolumu
izindəın almışam, Dədə!
Jalə Əliyeva həm Qənbər Şəmşiroğlunu,
həm Cavidin yaradıcılıqlarını
çağdaş ədəbi-tənqidin tələbləri
səviyyəsində təhlil etmişdir.
Jalə Əliyevanın kitabının uğurlu cəhətlərindən
biri Cavid Qənbəroğlunun yaradıcılığına
böyük bir nəslin canlı, inkişafda olan
budaqlarından biri kimi baxması, aşıq ədəbiyyatına
xas olan varislik mövqeyindən təhlil etməsidir. Aşıq məktəblərinin
şəyird ənənəsi ailə içində də
davam etdirilmiş, oğul atanın, ata babanın şəyirdi
olmuşdur.
Bu sənət
ötürücülüyü ənənəsini Cavid Qənbəroğlunun
qələmində belə səslənir:
Sənətdə
qazandın şanı, şöhrəti,
Sənə sərvət oldu xalq məhəbbəti.
Mən səndən
öyrəndim şeir, sənəti,
Hər kəlmə başında gəlirsən, baba.
Biz Ağdabanlı Şair Qurban və Aşıq Şəmşir
yaradıcılığında - bütövlükdə
Ozan-Aşıq sənətinin həm mövzu dairəsini, həm
aşıladığı mənəvi dəyərləri, həm
də yüzildən yüzilə ötürülən
mükəmməl poetikasını, söz estetikasını
işləmişik. Bu böyük yol Şəmşir
ocağının digər yetirmələrinin
yaradıcılığında da davam etdirlir. Yüksək
əxlaqi dəyərlər, yurda bağlılıq,
ocağa-kökə sayqı, böyük-kiçik,
ustad-şəyird yerini bilmə, haqq və ədalət
uğrunda hər cür fədakarlığa hazır olmaq,
halallıq, nəhayət dünyanın "məhvəri"
olan sevgi...
Aşıq
poeziyasının yazılmamış qanun səviyyəsində
olan bu xüsusiyyətləri Cavid Qənbəroğlunun da
yaradıcılığında davam etdirilir:
Tufan
qopdu, çadır qaldı çətənsiz,
Ruha
dönüb dolaşıram bədənsiz,
Oba
köçdü, ellər qadlı Vətənsiz,
Dilim gəlmir
deyim yoxsan, Vətən! Ox!
Mövzuya bu yöndən yanaşan Jalə xanım
tez-tez Qənbər Şəmşiroğlunun yolunu davam etdirən
Cavid və Cabirin xalq məhəbbətini klassik xalq
poeziyası ilə paralel və ya müqayisəli şəkildə
incələyir.
İşğal altında olan yurdlar, əlimiz
çatmayan dağlar - Şəmşir ocağının
yetirmələrinin əsas mövzularından biridir. Jalə ata və
övladlarının bu qisimdən olan yazılarına kitabda
geniş yer vermişdir.
Qənbər
Şəmşiroğlunun bu misraları övladlarının
yaradıcılığında da əks-səda verir:
Əsirlikdə
sızıldayır, göynəyir,
Ünüm yetmir qulağına dağların.
Jalə
Əliyeva bu müqayisəni belə yekunlaşdırır:
"Dədə Şəmşirin ocağından boy verən,
Azərbaycan ədəbiyyatının ideya-estetik dəyərlərindən
qaynaqlanan, köklü ənənələrdən pöhrələnən
poeziya sözün həqiqi mənasında vətəninə,
xalqına, onun inkişafına və gələcəyinə
xidmət edən, böyüməkdə olan nəslə
doğru yolu göstərməyi bacaran bir poeziyadır və
inanırıq ki, bu yaradıcılığın ömrü
sözün, sənətin ömrü qədər
olacaqdır".
Vətən nisgili bir çox hallarda Cavid Qənbəroğlunun
- insan, dünya, ömrün qısalığı
haqqında, aşıq poeziyası ənənələrinə
bağlı didaktik-fəlsəfi şeirlərinin
yaranmasına səbəb olmuşdur.
Kitabda
şeirlərin təhlilindən çıxarılan nəticə
də maraqlıdır: "Cavid... həyəcanlarını,
üzüntülərini, kədərini, sevincini yazır. Bu yazılarda o, olduğu kimidir. Həssas,
kövrək, sadə, dinləməyi bacaran, köməyə
çatan, sevindirməyə tələsən, dost dediklərinə
sonuna qədər dost olan, sevdiklərinə, torpağına
bir sədaqət andı içən Kişi. Cavidin
şeirləri onun könül
pıçıltılarının ağ vərəqlər
üzərindəki inikasıdır".
Jalənin
kitabı bizə Cavid Qurbanovun gənclikdən bəri
yazdığı şeirləri izləmək və bu
şeirlərin bədii havasında illər uzunu yanaşı
yol gəldiyimiz köhnə həmkarımızı, köhnə
millət vəkilini, müxtəlif vəzifələrdə
çalışmış dostumuzu daha yaxından tanımaq,
onun mənəvi dünyası və poetik aləmi ilə
tanış olmaq imkanı verir.
Jalə xanımın təqdimatından bəlli olur ki,
Aşıq Şəmşir ocağında doğulub
boya-başa çatmaq Cavidə elə möhkəm xarakter,
yüksək insani keyfiyyətlər verib ki, bunu həyatın
sınaqları, enmələri-qalxmaları dəyişdirə
bilməz.
Kitabda şair Cavid Qurbanovun
yaradıcılığı, ruh-mənəviyyat aləmi ilə,
Azərbaycan Milli Məclisindəki deputatlıq fəaliyyəti,
yol-nəqliyyat sistemində, yüksək vəzifə sahibi
kimi, gördüyü işlər
qarşılaşdırılır, paralel şəkildə dəyərləndirilir.
"Dərya dərya olmaz dalğalanmasa"
bölümündə müəllif, haqlı olaraq, Cavidin -
bir insan, söz adamı, vətəndaş kimi ata-baba
ocağında aldığı tərbiyəni, yüksək
insani keyfiyyətlərini öz ictimai-siyasi fəaliyyətində
də qoruyub saxladığını vurğulayır. Kamil insanı
vəzifə dəyişə bilməz, əksinə, insan vəzifəyə
yeni özəlliklər qazandırar.
Aşıq Şəmşir Mədəniyyət Mərkəzində kitabın təqdimatı zamanı - bu məsələni xüsusi vurğulamışdım. Məmur, vəzifəli deyib hamıya bir gözlə baxmaq olmaz. Qarabağsız yaşadığımız 30 il çoxları üçün sınaq oldu. Qaçqın və köçkün taleyi çoxlarını çətin imtahana çəkdi.
Cavid Qurbanov millətin dərdini, acı taleyini görüb yaxasını kənara çəkmədi, kabinetlərdə gizlənmədi, köksünü dərdlərə sipər elədi, əsir yurdlarımız üçün ağladı, o yollarda didərgin düşənlərin yaralarına məlhəm olmağa çalışdı, alnını qırışdırmadan, üzünü turşutmadan xalqın üzünə çıxdı, onun qapısına üz tutanlara imkanı daxilində kömək elədi. Kəlbəcərlilər arasında bunun yüzlərlə şahidi var. O, dövlət vəzifəsinin şərəfini, məsuliyyətini yüksək tutaraq - öz imkanlarını xalqdan əsirgəmədi, işsizlərə, imkansızlara əl uzatdı, xalqın xeyrindən-şərindən kənarda qalmadı, tələbələrin, işsizlərin himayədarı oldu.
Bu mənada Cavid Qurbanov bir vicdanlı, xalqa yanan ictimai-siyasi xadim örnəyidir. Ona məmur deməyə dilim gəlmir, o, məhz dövlət xadimdir; xalqına ləyaqətlə xidmət edən, ən ağır problemlərə də öz şair qəlbinin həssaslığı, sevgisi, canıyanalığı, nəhayət, vətəndaş qeyrəti ilə, Şəmşir ocğının təəssübkeşliyi ilə yanaşan şəxsiyyətdir.
Buna görə də hansı işdə çalışıbsa - o işə hörmət gətirib, özü gənc olduğu illərdən istedadlı gənclərə himayədarlıq etməyi, onları irəli çəkməyi bacarıb.
Bu gün Azərbaycan Dəmir Yollarının sürətli inkişafı, yüksək texniki təchizatı dediyimizin təsdiqidir.
Jalə Əliyeva həmişə
dövlətə, dövlətçiliyimizə bağlı
olan, dövlətin inkişafı üçün
gücünü, bacarığını əsirgəməmyən
bir insan haqqında yazmaqla formalaşmış vəzifə
sahibi şablonunu qırır, oxucuya yeni tipli, zəngin mənəvi
aləmi olan, milli ənənələrimizi qoruyan, ləyaqətli
bir ziyalı obrazı təqdim edir.
Sabir
RÜSTƏMXANLI
525-ci qəzet.- 2021.- 19 iyun.- S.16.;17.